Sevda qəzəbləndi: “Aldadıb çağırırlar, gedəndən sonra...”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sevda qəzəbləndi: “Aldadıb çağırırlar, gedəndən sonra...”- FOTOLAR

Tanınmış müğənni Sevda Kazımova efirlərdən gileylidir.

Publika.az-a ürəyini boşaldan xanım sənətçi şou yaratmaq naminə bəzi aparıcıların hər cür ucuz vasitəyə əl atdıqlarını deyir: “Son vaxtlar efirə az-az çıxıram, bunun da səbəbləri var. Bəzən müğənnini aldadıb verilişə dəvət edirlər. Yalandan deyirlər ki, sənət barəsində söhbət olacaq. Amma gedəndə görürsən ki, verilişdə fərqli mövzu barədə danışılır. Əksər hallarda, ucuz şou xarakterli, qalmaqallı verilişlərə üstünlük verirlər. Bəzən canlı yayım olduğu üçün verilişi yarımçıq tərk etmək də olmur.

Eyni zamanda, aparıcıya hörmətsizlik etmək istəmirsən və məcburiyyət qarşısında axıra qədər verilişdə oturmalı olursan. Belə verilişlərdə qalmaqal edib gündəmə gəlməkdən, reklam olunmaqdansa, heç gündəmdə olmamaq daha yaxşıdır. Onsuz da hər sənətçinin öz publikası, sevənləri var. Mən sənətə yeni gələnlərdən deyiləm ki, gündəmdə qalmaq üçün hər çağrılan verilişə gedim və özümü biabır edim. Zamanında qazandığım hörmət mənə bu gün də bəs edir”.

Sənətçi xanım efirdən insanlara əxlaq dərsi keçən bəzi həmkarlarına da diqqətli olmağı məsləhət gördü: “Bir də görürsən, hansısa müğənni efirə çıxıb kiməsə əxlaq dərsi keçir. Mən bunun əleyhinəyəm. Heç kimə ixtiyar verilməyib ki, başqasını təhqir etsin, haqqını tapdalasın. Sən kimsən axı, insanlara əxlaq dərsi keçəsən? Bu haqqı sənə kim verib? Sənətçi özünü elə aparmalıdır ki, gənc nəsil ona baxıb ibrət götürsün. Efirdə qalmaqal edən, reklam naminə ağzına gələni danışan müğənnidən gənc hansı nümunəni götürəcək? Buna görə də hər çağırılan verilişə getmirəm. Qalmaqala sərf etdiyim zamanı və enerjini yaradıcılığıma sərf edirəm”.

Eyni zamanda, Xəzər Televiziyasında yayımlanan “Boyunbağı” adlı serialda rol alan Sevda Kazımova daha bir neçə seriala dəvət aldığını bildirdi: “Hazırda rejissor Elçin Cahangirlinin yozumunda çəkilən “Boyunbağı” adlı serialda oynayıram. Elçin müəllimlə işləmək mənə zövq verir, çünki işinin peşəkarıdır. Bununla belə daha bir neçə seriala da dəvət almışam. Amma hələ ki, qərar verməmişəm. Çünki çəkilişlər öz yerində, mən axı ilk növbədə müğənniyəm. Yeni mahnılar yazdırıram. Məni tanıyanlar bilir ki, kəmiyyətə yox, keyfiyyətə önəm verən sənətçiyəm. Üçgünlük-beşgünlük mahnılar mənlik deyil. İldə bir neçə mahnı yazdırıram. O da hit olur”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm