İlhamə Quliyeva ilə Nuri arasında “Sevgi nağılı” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlhamə Quliyeva ilə Nuri arasında “Sevgi nağılı” – FOTOLAR

Xalq artisti İlhamə Quliyeva ilə Nuri Sərinləndirici Yeni il öncəsi “Sevgi nağılı” adlı duetlərinə çəkdirdikləri klipin təqdimatını etdilər.

Publika.az-ın məlumatına görə, İlhamə Quliyevanın yeni klipi Rusiyada çəkilib. Dediyinə görə, Nuri ilə duet oxumaq onun öz istəyi olub: “Nurinin səsini çox bəyənirdim. Çox gözəl səs tembri var. Özünün də mədəni bir insan olduğunu bilirdim. Çox ağır təbiətli adamdır. Mən də ölürəm belə ağır təbiətli insanlardan ötrü. Onun yaradıcılıq məsələləri üzrə direktoru Lamiyə xanıma dedim ki, mən Nuri ilə duet oxumaq istəyirəm. O çox təəccübləndi. Hətta bu istəyimi Nuriyə deyəndə o da inana bilməyib. Beləcə duetimiz ərsəyə gəldi. Rusiyada mükəmməl bir klip ortaya çıxardıq. Mən Nurinin tərəf müqabili Ceyndən də razılıq aldım. Soruşdum ki, Ceyn, məni qısqanmırsan ki? Cavab verdi ki, yox”.

O, eyni zamanda gələcək planlarından da danışdı. Heç vaxt duet ifaçısı olmadığını bəyan edən xalq artisti Nuri ilə ikinci layihəsinə hazırlaşır. Bu mahnının bəstəkarı isə Novruz Aslan olacaq. Novruz bayramı ərəfəsində duetin hazır olacağını deyən İlhamə xanım hələ bir neçə layihə ilə də sevənlərini təəccübləndirəcək.

Maraqlıdır, İlhamə xanım hansısa xanım həmkarı ilə duet oxumaq istərdimi?

Röyanın səsini bəyəndiyini deyən xalq artistinin cavabı belə oldu: “Dedim axı, mən duet ifaçısı deyiləm. Yalnız səsini bəyəndiyim müğənnilərlə duet oxuyuram. Hərdənbir bağda sevdiyim gülü qoparıram. Amma Röyanın səsini çox bəyənirəm. Onunla duet oxuya bilərdim”.

Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən teleaparıcı və rejissor Lamiyə Ələkbərqızı da bu duetdən danışdı: “İlhamə xanımın Nuri ilə duet oxuma ideyasını eşidəndə təəccübləndim və sevindim. Söz və musiqisi Faiq Erola məxsus olan “Sevgi nağılı” mahnısını seçənə qədər bir neçə bəstəkar öz əsərlərini bizə təqdim etdi. Uzun müzakirələrdən sonra komanda olaraq bir araya gəlib, bu duetin yazılmasını lazım bildik. Yekdilliklə qərar verdik ki, “Sevgi nağılı” mahnısına klip çəkdirib təqdim edək. İstəyimizə çatdıq. Bu gün klipi üzə çıxardıq”.

Klip Moskvada böyük bir yaradıcı heyət tərəfindən ekranlaşdırılıb. “Ostankino”da çalışan peşəkar komandanın zəhməti sayəsində İlhamə xanımla Nuri aktyor kimi də öz bacarıqlarını ortaya qoyublar.

Tədbirdə Nuri Sərinləndirici də təəssüratlarını bölüşüb. İlhamə Quliyeva kimi sənətkarla duet oxumağından məmnun qalan müğənni buna görə özünü xoşbəxt hiss etdiyini bildirib. Yeri gəlmişkən, İlhamə xanım Nuriyə dəstək olduğunu da deyib: “Nuri, heç kim sənə gözün üstə qaşın var deyə bilməz. Sənə söz atan, yolunu kəsmək istəyən insanlar qarşılarında məni görsünlər. Amma yox, hamı səni çox istəyir, səsini, mahnılarını dinləyir”.

Cəvahir Səlimqızı

Fotolar:Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm