Səsi ilə sevilib, cinsi orientasiyası ilə gündəmə gələn müğənninin HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Tabloid.az

Səsi ilə sevilib, cinsi orientasiyası ilə gündəmə gələn müğənninin HƏYAT HEKAYƏSİ

Publika.az məşhur sənət adamlarının həyatı ilə bağlı silsilə yazıları davam etdirir. Bu həftə sizə Türkiyənin gəlmiş-keçmiş ən güclü səslərindən birinin – Zeki Mürenin həyat və yaradıcılığı barədə araşdırmamızı təqdim edirik.

O, 1931-ci il dekabrın 6-da Türkiyənin Bursa şəhərinin Hisar bölgəsində Kaya və Hayriye Mürenin ailəsində dünyaya gəlmişdi. Atası Kaya Müren taxta-şalban taciri, anası isə evdar qadın idi.

Çox çəlimsiz uşaq olduğundan ailəsi onu 11 yaşında sünnət etdirmişdi. Amma çəlimsizliyinə rəğmən, çox istedadlıydı. İbtidai siniflərdən müəllimlərinin diqqətini çəkən Zeki orta məktəb tədbirlərinin baş qəhrəmanıydı. Həyatında ilk rolu – çobanı da məhz həmin tədbirlərdən birində oynamışdı.

… Bursada başladığı orta məktəbi İstanbulda, Boğaziçi liseyində tamamlayır. Elə məhz İstanbula gəlişi onun daha geniş tamaşaçı auditoriyasına tanınmasına səbəb olur. Amma nə qədər güclü səs sahibi olsa da, milyonların sevgisini qazansa da, Zekinin orientasiyası hər zaman onun sənətindən daha böyük müzakirə obyekti idi. Bu barədə bir qədər sonra…

İstanbulda “Devlet Güzel Sanatlar Akademiyası”nın məzunu olan Zeki hələ tələbəlik illərindən müəllimlərin və bir çox mütəxəssislərin diqqətini özünə çəkə bilmişdi. Amma onun bir üstünlüyü var idi ki, hələ Bursada yaşayarkən solfecio dərsləri almış, müəyyən musiqi biliklərinə yiyələnmişdi. 1949-cu ildə Boğaziçi liseyində oxuyanda məşhur kinorejissor və ssenarist Arşavir Alyanakın atası Agopos Efendidən dərin biliklər öyrənməyə müvəffəq olmuşdu.

Ardınca isə daha bir musiqi bilicisi Şerif İçli ilə müxtəlif əsərləri məşq edib, Refik Fersan, Sadi İşılay, Kadri Şençalar kimi ustadlardan bəhrələnmişdi.

1950-ci ildə Zeki Mürenin həyatında yeni bir səhifə açılır. O, tələbə ikən TRT İstanbul radiosunun təşkil etdiyi müsabiqədə 186 nəfər namizəd içərisindən qalib ayrılmağı bacarır və cəmi bir il sonra – 20 yaşında ilk radio konsertini verir. Təbii ki, bu konsert onun müsabiqədə qazandığı uğurun bəhrəsiydi. Zekinin bu konserti dinləyicilər tərəfindən yetərincə bəyənilmişdi. Simasını tanımasa belə, minlərlə insan artıq bu səs sahibinə pərəstiş edirdi. Bundan sonra silsilə radiokonsertlər verən Zekinin şöhrəti gündən-günə artırdı. Təxminən 15 il davam edən radiokonsertlərin ardınca türk tamaşaçısı bu sehirli səs sahibinin simasını da görmək imkanı qazandı. Zeki Mürenin yaradıcılığına nəzər salanda 600 disk və kasetinin işıq üzü gördüyü diqqət çəkir. Mürenin tamaşaçıya təqdim olunan ilk mahnısı isə Şükrü Tunarın ”Bir muhabbet kuşu” bəstəsi olur.

1955-ci ildə - 24 yaşında Zeki Müren ilk böyük mükafatını alır. Sənətçi “Manolyam” adlı mahnısına görə Türkiyədə ilk dəfə təsis edilən “Qızıl val” (Altın Plak) mükafatını qazanır. O, Türkiyə tarixinə ən çox konsert verən sənətçi kimi də düşüb. Hətta onun bir ildə yüz konsert verdiyi vaxtlar olub. Çox güman ki, bu rekord yaxın illərdə də təkrarlanmayacaq. Çünki bir sənət adamının ildə 100 konsert verməyi üçün fantastik dərəcədə sevilməsi lazımdır. Təsəvvür edirsinizmi, 365 gündə 100 konsert…

Zeki Müren təkcə gözəl səs sahibi deyildi. O, yaddaqalan mahnıların müəllifi, şair və aktyor kimi də yetərincə sevilirdi. Yaradıcılığı ərzində 200-dən artıq mahnı bəstələmiş, 18 filmə çəkilmişdi. İlk bəstəsini isə 17 yaşında yazmışdı. “Zehretme hayatı bana cananım” misrasıyla başlayan mahnı onun karyerasında yetərincə dəyərli yerə malikdir.

“Şimdi uzaklardasın gönül hicranla doldu”,”Manolyam”, “Bir demet yasemen”, “Gözlerinin içine başka hayal girmesin” isə Zeki Mürenin ən sevilən bəstələrindən hesab olunur.

Sənətçinin aktyor kimi ilk sınağı isə 23 yaşına təsadüf edir. 1954-cü ildə çəkildiyi “Beklenen Şarkı” film böyük ajiotaj yaradır və müəlliflərinə böyük məbləğdə pul qazandırır. Məhz bundan sonra Zeki Müren növbəti film təkliflərini qəbul edir və beləliklə, ard-arda 18 filmə çəkilir. Maraqlı məqamlardan biri isə budur ki, o, çəkildiyi bütün filmlərin musiqisini özü yazırdı.

1955-ci ildə isə Zeki Müren özünü teatr aktyoru kimi də sınayır. “Arena” Teatrında səhnəyə qoyulan ”Çay ve Sempati” tamaşasında baş rol ona həvalə olunur və sənətçi bu sınaqdan da üzüağ çıxmağı bacarır. Bu arada qeyd etmək lazımdır ki, sənətçinin şeirlərindən ibarət "Bıldırcın Yağmuru” adlı kitabı da işıq üzü görüb.

Onun başqa bir marağı isə rəssamlıqla bağlı idi. Hətta deyilənlərə görə, gənclik illərində Zekinin rəsm sərgiləri də keçirilib.

Ötən əsrin 70-ci illləri Zeki Mürenin karyerasının pik dövrünə təsadüf edir. Onun hər çıxışı türk tamaşaçısı üçün bir bayram idi. Getdiyi hər yerdə az qala ölkə başçısı kimi qarşılanırdı. Amma 1980-ci illərdən etibarən Zeki Mürenin səhhətində problemlər yaranmağa başlayır. Əvvəlcə ürəyindəki fəsadlar, ardınca isə şəkər xəstəliyi onun yaradıcılığına da təsirsiz ötüşmür. Sənətçi uzun müddət Bodrumdakı evinə qapanır və heç yerə çıxmır.

1996-cı il sentyabrın 24-də “TRT İzmir” kanalı ondan yaradıcılıq gecəsinin keçirilməsinə razılıq ala bilir. Bu, əfsanəvi səsin fiziki ömrünün sonuncu günü olur.

Məhz həmin gecədə ona ilk dəfə səhnəyə çıxarkən oxuduğu mikrofon təqdim edilir. Deyilənə görə, sənətkar çox həyəcanlanır və özünü pis hiss edir. Bütün Türkiyə mediası bu konserti izləyirdi. Çünki Zeki Müren son altı ildə, demək olar ki, heç yerdə görünmürdü, heç kimlə ünsiyyət qurmurdu. Amma səs həmin səs idi.

Bəlkə də, bu cümlələr şablon səslənəcək, amma səhnədə, öz sevdiyi işlə məşğul olduğu anlarda dünyasını dəyişmək hər sənətçiyə nəsib olmur…

1996-cı il, 24 sentyabr, saat 20:59. “TTR İzmir” telekanalının qrim otağı. Zeki Müren özünü pis hiss edir və bütün mətbuat bu mənzərəni canlı izləyir. O, öldüyünü hiss edərək Tanrıya yalvarır: “Burda olmasın, nə olar”. Və gözlərini əbədi olaraq yumur...

Xəbər bir andaca Türkiyəyə yayılsa da, heç kim əfsanənin öldüyünə inanmaq istəmir. Amma nə yazıq ki, milyonları sarsıdacaq bu xəbər gerçək idi…

Zeki Müren yazının əvvəlində qeyd olunduğu kimi səsi qədər, xarici görünüşü və geyimləri ilə də diqqət çəkirdi. Əksər səhnə geyimlərini özü dizayn edirdi, saç düzümünə şəxsən diqqət yetirirdi. O, həmçinin Türkiyədə musiqi heyətini vahid geyim formasında səhnəyə çıxaran ilk sənətçidir. Yəni, ona qədər müğənniləri müşayiət edən amsambl üzvləri yeknəsək və çox zövqsüz geyinirdilər. Bu dəbi məhz o gətirdi.

Zeki Mürenin özəl həyatına gəlincə, o, heç vaxt ailə qurmayıb. Səbəbi isə, şübhəsiz ki, cinsi orientasiyasıyla bağlıdır. Düzdür, o, bu barədə danışmağı sevmirdi və heç danışmırdı da. Amma səhnəyə gəldiyi ilk illərdə adi geyim tərziylə digərlərindən fərqlənməyən Müren sonradan davranışları və libaslarıyla orientasiyasını özü büruzə verirdi. Belə demək mümkünsə, özü orientasiyasının müzakirə edilməsinə səbəb olurdu. Amma biseksual olduğunu da danmırdı. Qəribədir ki, bütün bunlara rəğmən, Mürenin adı zaman-zaman müxtəlif qadınlarla da hallandırılıb. Hətta nə qədər paradoksal və maraqlı olsa da, sənətçinin türkiyəli bir kişi deputatla (söhbət Zeki Mürenin gəncliyindən gedir - İ.V.) sevgili olduğu da iddia edilib.

Onun bu haqda verdiyi nadir açıqlamalardan:

“Hər zaman ən yaxşı sənətkarlar biseksuallar olub”

Türkiyənin tanınmış jurnalistlərindən olan Aziz Üstel isə yazırdı ki, Müren biseksual olduğunu ilk dəfə məhz ona etiraf edib.

Digər bir versiyaya görə isə, onun həyatı boyunca yalnız bir sevgilisi olub – Mustafa. Amma təbii ki, bütün bunlar versiyalardır və əsl həqiqət 1996-cı ildən torpağın altındadır.

Sənətçi vəsiyyətində bütün əmlakını Türk Eğitim Vakfi (TEV) və Mehmetçik Vaqfına vəsiyyət etmişdi. 2013-cü ilə qədər ən azı 2251 tələbə TEV-dən təhsil təqaüdü alıb.

Ölümündən sonra sənətçinin son illərini yaşadığı ev Türkiyənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zeki Mürenin ev muzeyi kimi fəaliyyət göstərir. 2000-ci il iyunun 8-dən fəaliyyətə başlayan ev muzeyi hər gün yüzlərlə Zeki Müren pərəstişkarının təsəlli yeridir.

Sonda telejurnalist İlqar Vəlioğlunun sənətçinin ev muzeyindən çəkdiyi fotoları təqdim edirik.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm