Əməkdar artist: “Ermənilər məni sevdiklərindən evlərinə dəvət edirlər” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Ermənilər məni sevdiklərindən evlərinə dəvət edirlər” – FOTOLAR

O, Azərbaycan musiqisinin ən önəmli təbliğatçılarındandır. Son illər isə bu istiqamətdə gördüyü işləri sadalamaqla bitməz. Türkiyədə də yetərincə məşhurdur.

Hətta bu ölkənin bir sıra böyük sənətkarlarını müşayiət edib. Amma qardaş ölkədə qazandığı uğurlara rəğmən, vətəninə bağlı biridir. Bu yaxınlarda aldığı əməkdar artist fəxri adı isə, heç şübhəsiz ki, öz zəhmətinin haqq etdiyi bəhrəsiydi.

Beləliklə, Publika.az-ın suallarını Türkiyədə yaşayan məşhur balaban ustası, əməkdar artist Əlixan Səmədov cavablandırır.

- Əlixan bəy, əvvəlcə Əməkdar artist fəxri adı almağınız münasibətilə sizi təbrik edirəm və təəssüratlarınızı bilmək istəyirəm.

- Hər kəsə öz təşəkkürümü bildirirəm. Hər şey sizlər və Azərbaycanımız üçündür.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- İnşallah, gələn ay Türkiyənin dövlət televiziyasında proqramım başlayacaq. Həftədə bir gün canlı yayımla efirə çıxacağıq. Sənətçi qonaqlarımız olacaq. Balaban orkestrimin kiçik bir heyəti hər zaman bu verilişdə mədəniyyətimizi təmsil edəcək. Həmçinin 2015-ci ildə xalq artisti Brilliant Dadaşova ilə iş birliyimizin nəticəsi olan CD işıq üzü görəcək. Çox gözəl mahnılarımızı daha gözəl bir şəkildə musiqisevərlərə təqdim edəcəyik. Artıq “Balaban 9” adlı albomumun da hazırlamağa başlamışam. İnşallah, 2016-cı ildə o da işıq üzü görəcək.

- Bəs Azərbaycanda nə zaman konsert verəcəksiniz?

- Bildiyiniz kimi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Biz də İstanbuldakı baş konsulumuz Həsən Zeynalovun təşəbbüsü ilə 30 dekabrda bir araya gələcəyik. Bu gecənin musiqi məsələlərinə məsul şəxs kimi məşqlərə davam edirəm. Bundan başqa, dekabrın 27-28-də, yanvarın 1-2-də Azərbaycan Türkiyə Dərnəklərinin rəhbərləri – Sefer Karakoyunlu, Hikmet Elpin təşkil edəcəyi tədbirlərdə iştirak edəcəyəm. Orada balabanımla balaca bir konsert verəcəyəm.

- Bütün bunlar çox gözəldir. Bəs Azərbaycandakı pərəstişkarlarınızı nə zaman sevindirəcəksiniz?

- Azərbaycanda konsert vermək deyəndə, yaralı yerimə toxunursunuz. Mən ölkəmdə konsert verməyə hər zaman hazıram. Sadəcə, təşkilatçılarımız bu mövzuda bir az tənbəldirlər. Sağlıq olsun, bir gün bu işləri də öz öhdəmə götürüb, buradakı təşkilatçılarımla Azərbaycanda konsert verəcəyəm. Azərbaycanın bir çox yerlərində konsert vermək fikrim var. İstəyirəm xalqımız balabanın nələrə qadir olduğunu canlı-canlı görsün.

- Türkiyədə sonuncu dəfə nə vaxt solo-konsert vermisiniz?

- Hər il Türkiyənin müxtəlif şəhərlərində konsertlərim olur. Bu barədə məlumatlar mütəmadi olaraq www.alihansamedov.com ünvanında yerləşdirilir. Hətta bəzi konsertlərlə bağlı məlumatları sayta qoymağa vaxtım olmur. Türkiyədəki sənətçi dostlarımla tez-tez konsertlərlə iştirak edirik. Məsələn, gələn il yanvarın 27-də və martın 21-də İstanbulun ən böyük konsert salonlarından olan ”CRR”də solo konsertim olacaq.

- Bildiyimə görə, həmin konsertə Azərbaycandan da dəvətli musiqiçilər var…

- Əlbəttə, olur. Buradakı orkestrimin bütün musiqiçiləri türklərdir. Ancaq mütəmadi olaraq Azərbaycandakı musiqiçi dostlarım da orkestrə qatılır və daha da yaxşı nəticə əldə edirik. Məsələn, onlardan tanınmış klarnet ifaçısı Zahid Qubadlının, qarmon ifaçısı Rafiq Əsgərovun, xalq artisti Brilliant Dadaşovanın, Günel Zeynalovanın adlarını çəkə bilərəm. Orkestrimizə yeni daxil olan Günay Aksu da bundan sonra hər zaman yanımda olacaq.

- Əlixan bəy, sizcə, Azərbaycanda türk sənətçilərə bu qədər maraq, qayğı varkən, niyə bizim sənətçilər orada istədikləri yerə gəlib çıxa bilmirlər? Türk tamaşaçısı bizim müğənniləri niyə qəbul etmir?

- Bu barədə çox danışmışıq. Türkiyədə 80 milyona yaxın insan yaşayır. Bu insanlara xoşları gələn bir şeyi verdiyiniz zaman sizi başlarına tac edəcəklər. Amma ortaya qoyduğunuz məhsul onların zövqünə uyğun deyilsə, hər gün efirdə olsanız da, sizə baxan olmayacaq. Məsələ burasındadır ki, bizim sənətçilərimiz Türkiyədəki sənətçilərlə yarışa girmək istəyirlər. Məncə, ən böyük xəta da elə buradadır. Bu günə qədər hansı televiziya proqramında olmuşamsa, məndən ancaq Azərbaycan mahnıları istəyiblər…Demək istədiyim odur ki, öncə öz mahnılarımızı, musiqimizi təbliğ et, tanınandan sonra türk mahnıları da oxu. Yəni, sənin öz xəttin, öz cığırın olmalıdır. Yoxsa, gəlib burada min sənətçinin yanında min birinci olmaq heç bir mədəniyyəti ucaltmaz. Türkiyədə belə bir misal var: “Tereciye tere satmak”.

- Yəni, onları öz musiqiləri ilə təəccübləndirmək olmaz…

- Əlbəttə. Məsələn, dünən bir televiziya çəkilişində oldum. İnanın ki, bütün proqram bizim mahnılarla davam etdi. Mən heç tanımadıqları bir musiqi alətini – balabanı tanıtdım. Həm də sözsüz və sadəcə, musiqilərlə. Çox yaxşı da qarşıladılar, həvəslə dinləyirlər. Çünki ilk albomum ancaq Azərbaycan əsərlərindən ibarət idi.

- Türkiyədə ermənilər də yaşayırlar və bildiyimə görə, onların arasında balaban ifaçıları da var. Həmin ermənilərlə rastlaşırsınızmı və sizi görəndə reaksiyaları necə olur?

- İnanın ki, tez-tez qarşılaşıram onlarla. Şəkil çəkdirmək, CD-yə imzamı almaq istəyirlər. Qamış balabanla bağlı suallar verirlər. Evlərinə qonaq dəvət etmək istəyənlər də olur. Hər zaman nəzakətlə “xeyr” cavabı verib, yola salıram. Ən maraqlısı odur ki, balabanı öz adıyla çağırırlar (gülür).

- Amma bu dəvətlər sizə qarşı təxribat da ola bilər…

- Mən elə şey düşünmürəm. Amma üzlərindəki sevgidən anlaşılır ki, çox sevdiklərindən dəvət edirlər. Təxribat olsa, anında başa düşərəm. Artıq insan sərrafı olmuşam.

- Düşünürsünüz ki, ermənilər hansısa azərbaycanlını, türkü sevə bilərlər?

- Tarix boyunca onların ən böyük səhvi sevməməkləri olub bəlkə də - sevməsələr də, sevirmiş kimi görünürlər.

- Sizdən öyrənmək istəyən ermənilər olur?

- Öyrənmək deyəndə ki, indiyə kimi erməni tələbəm olmayıb. Amma suallar verirlər, cavablandırıram.

- Nə zamansa Azərbaycana dönmək, işlərinizi burada davam etdirmək barədə düşündünüzmü?

- İki həftə əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektor Fərəh Əliyevanın təşəbbüsüylə ustad dərslərinə qatıldım. Balabana könül vermiş müəllim və tələbələri ora dəvət etmişdik. Təcrübələrimi onlarla paylaşdım. Belə qərara gəldik ki, balabansevər gənclər üçün universitetdə bölmə açaq. Özüm şəxsən İstanbuldan gəlib arada dərslərə qatılacağam.

- Dövlətimiz sizə fəxri ad verdi. Ümumiyyətlə, hazırda Azərbaycanda sənətkarlara böyük diqqət və qayğı var. Birdəfəlik Azərbaycanda yaşamağı düşünürsünüzmü?

- Mənim hər zaman belə bir fəlsəfəm olub ki, harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanımızı yaşadım. Bilsəm ki, Azərbaycanda yaşasam, bu, daha da gözəl olacaq, niyə də olmasın ki? Önəmli olan harada yaşamağım deyil. Mədəniyyətimiz üçün harada bir iş görə bilsəm, orada da yaşayıb yaradaram.

Türkiyədən başqa, bir çox Avropa ölkələrində yaşamaq imkanım olub. Amma mən burada qalmağa üstünlük verdim. Çünki mənim iki vətənimdən biridir.

- Azərbaycandan dinlədiyiniz, zövq aldığınız sənətçilər kimlərdir?

- Təbii ki, dinlədiklərim var. Sadəcə, ad çəkməyərək belə deyim, Azərbaycan ruhunu daşıyan musiqilərimizi ifa edənləri çox dinləyirəm. Digərləri ruhumu oxşamır desəm, yalan olmaz.

- Kimlərdir həmin sənətçilər?

- Dediyim kimi xalq mahnılarımızı oxuyan hər kəs (gülür). Bir az da duyğusal olduğum üçün mənə həmin mahnılar çox təsir edir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm