• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Avropa Şurası bilsə ki, Əhəd Abıyev heyvana insandan aşağı baxır...”

“Avropa Şurası bilsə ki, Əhəd Abıyev heyvana insandan aşağı baxır...”

Tanınmış müğənni Elza Seyidcahan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin onun haqqında səsləndirdiyi fikirlərə reaksiya verib.

Publika.az-ın məlumatına görə, E.Seyidcahan lent.az-a verdiyi açıqlamada Ə.Abıyevin sözlərinin ona pis təsir etdiyini deyib:

“Dünəndən telefonlarım susmur. Bir çox jurnalistlər mənə zəng vurur, amma susdum. İndi düşünürəm ki, niyə susmalıyam? Sözümü deyəcəm. Xahiş edirəm ki, məni səhv başa düşməsinlər. Əgər sözümü deyə bilmirəmsə, onda nə adıma, bəstəkarlığıma, ailəmə layiq əməkdar artistəm. Hər bir insan millət vəkili olmağı arzulayar. Adi bir vətəndaşa da sual versən “millət vəkili olmaq istəyirsən?”, cavabı “bəli” olacaq. Nə qədər ağılsız olasan ki, “yox” cavabı verəsən”.

E.Seyidcahan əlavə edib: “Azərbaycanın sayılıb-seçilən millət vəkilləri, ziyalıları, sənət adamları ilə birgə tədbirlərdə, səfirliklərdə, diasporlarda konsertlərdə iştirak etmişəm. Bir sözlə onlarla müxtəlif tədbirlərdə iştirak etmişəm. Həmin adamlardan biri desin ki, Elza utandırıcı hərəkət edib. Olmayıb! Hər zaman öz yerimi bilmişəm. İndi mən xalqa sual verirəm: “Mən əl tutulası xanım deyiləm?” Əgər əl tutulası xanım deyiləmsə, biz sənət adamlarına tədbirlərindən sonra siyasət adamları, ziyalı şəxslər bizə çox sağ ol deyir, sənətimizə dəyər verirlər”.

E.Seyidcahan bildirib ki, bəziləri bu mövzunu çox şişirdib: “Jurnalist mənə sual verdi ki, “Qarşıdan seçkilər gəlir, incəsənət aləmində bir çox sənətçilər var ki, millət vəkili olub. Sizin millət vəkili olmaq fikriniz varmı?” Mən də cavab verdim ki, belə bir fikrim olmayıb, amma biz sənətimizlə vətənimizi təmsil ediriksə, bu millət vəkili kimi bir şeydir. Mənim danışıq qabiliyyətimi hər zaman alqışlayıblar. Hətta bir neçə il öncə seçkilər ərəfəsində təbliğat-təşviqat kampaniyası idi, mənə təklif etdilər ki, sən də bizimlə gəl, sən yaxşı danışa bilirsən. Biz səni gələcəkdə millət vəkili kimi görürük. Mən də bu sözləri utancaqlıqla qarşılamışam. Hətta mənə dedilər ki, “gələn həftə başqa bir rayonda olacağıq, bir xalq artisti var, o, danışa bilmir, siz bizimlə gəlin, danışarsınız”. Mən də razılaşdım. Bunu özümə borc bildim. Mənə elə gəlir ki, mənim söylədiyim açıqlama çox şişirdilib. Millət vəkillərimizi, siyasət adamlarımızı qınamıram. Bəlkə də jurnalist elə sual verib ki, onlarda bu cür cavab veriblər. Biz xalqın, siyasət adamlarının alqışları ilə bu yerə çatmışıq”.

Ə.Abıyev söylədiyi “Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram”, - sözlərinə E.Seyidcahanın cavabı konkret bu cür olub: “Mən Əhəd müəllimi real həyatda görməmişəm. Məndən yaşca böyükdür. O, deyir ki, mənə salam versə gedib, əlini, üzünü yuyacaq. İndi mən demək istəyirəm ki, onu harda görsəm, əlindən, üzündən öpəcəyəm. Öpəcəyəm ki, getsin əl-üzünü 88% paltar sabunu ilə yusun. Doğurdan da onun əl-üzü çoxdan yuyulmalı idi, yuyulsun. O, mənim əlimdən tutmaq istəmir, amma mən onun əlindən tutacağam. Başqa dövlətlər bu məsələyə necə baxar?

Mənim günahım varsa, hörmətli millət vəkilləri bu işimə baxsınlar. Bu nə qədər doğrudur ki, bəstəkar ittifaqının üzvi, əməkdar artist və Azərbaycanın qeyrətli analarından birini bu cür təhqir olunur. Mən də bir ana, bir bacıyam. Yəqin ki, Əhəd müəllimin ailə üzvləri arasında anası, bacısı var. Məni anam halal zəhməti ilə böyüdüb. Xalqımıza 4 qız, layiqli övladlar böyüdüb. Mən bu sözləri Əhəd müəllimə yaraşdırmadım. Çünki o, Azərbaycanın ziyalısı, icra başçısıdır”.

E.Seyidcahan Ə.Abıyevin “Elza Seyidcahan bu sözü özündən uydurub. İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir. Həm də axı Elza deputatlığa layiq namizəd deyil. O, getsin heyvanlara mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi var?!”- , sözlərinə də münasibət bildirib: “Avropa Şurası bilsə ki, bizim bir ziyalımız, məmurumuz heyvana insandan aşağı baxır, onlar özləri bizə dırnaq içərisində baxarlar. Heyvanda Allahın yaratdığı canlılardır. Bu günləri dövlətimiz təbiətin, ekologiyanın, ətraf-mühitin qorunmasına dəstək olur. Mən də bu yolda gələn sənətçilərin birincisiyəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR