Əsərlərdən daha uğurlu alınan filmlər
Bizi izləyin

Tabloid.az

Əsərlərdən daha uğurlu alınan filmlər

Adətən, sevdiyimiz əsərlərə çəkilən filmləri izlədikdə müəyyən qədər məyus oluruq. Elə kitablar var ki, onlar çəkilən filmlərdən qat-qat effektlidir. İstedadlı yazıçı oxucu üçün yeni dünya yaradır və onu kitab boyu bu dünyaya səyahətə aparır. Bəzi rejissorlar öz filmlərində bu dünyanı yaratmağa müvəffəq olur, bəziləri isə yox.

Kult.az adme.ru-nun seçiminə görə, əsasında çəkildiyi əsərlərdən daha təsirli alınan filmləri təqdim edir:

1. “Forrest Qamp”, ( 1994 )

Çoxları hesab edir ki, Uinston Qrumun eyniadlı əsəri əsasında çəkilən film kitabın özündən daha uğurlu alınıb. Robert Zemekisin rejissorluğu ilə çəkilən bu filmdə siz artıq saf, zəif xarakterli, gücsüz və qorxaq obrazı görmürsünüz. Filmin sonlarına yaxın bu “axmaq” obraz artıq izləyicidə özünə qarşı simpatiya hissləri oyadır.

Film bütün dünyada bir fenomenə çevrilib. Üstündən 20 il keçməsinə baxmayaraq, hələ də ən çox izlənilən və sevilən filmlər siyahısında özünə yer alır.

2. “Benjamin Bottonun qəribə hekayəsi”, (2008)

Frensis Skott Fitsceraldın 10 səhifəlik hekayəsi əsasında çəkilən “Benjamin Bottonun qəribə hekayəsi”nə Devid Finçerin rejissorluğu ilə yeni nəfəs verilib. Frensisin möhtəşəm ideyası Finçerin dühası ilə birləşdikdə 10 səhifəlik hekayə ikinci dəfə doğuldu.

Sözügedən film müəllifin cavabsız qoyduğu suallara cavab tapmağa köməklik göstərir.

3. “İt ürəyi”, (1988)

Mixail Bulqakovun kitabı, sözsüz ki, şedevrdir. Kitab əsasında çəkilən filmin əsas üstünlüyü isə aktyorların ifalarının möhtəşəmliyindədir. Aktyorlar rollarını o qədər məharətlə ifa edirlər ki, yazıçının təsvir etdiyi bütün duyğuları bu filmdə tapmaq olar.

4. “Şouşenkdən qaçış”, (1994)

“Şouşenkdən qaçış” kitabı Stiven Kinqin əsəridir. Əsərin süjet və təsvirləri nə qədər mükəmməl olsa da, onun eyniadlı ekran əsəri insanı daha çox cəlb edir. Kinematoqrafiyanın şedevrlərindən biri hesab olan bu film “mütləq baxılmalı olan kino” və “kino tarixinin ən yaxşı filmi” adlarına layiq görülüb.

5. “Möhtəşəm Getsbi”, (2013)

Frensis Fitsceraldın hekayəsi, şübhəsiz ki, möhtəşəmdir. Amma eyniadlı film sujetə daha çox rəng qatır və kitabı daha yaxşı başa düşməyə köməklik göstərir. Filmi izlədikdə qəhrəmanları daha yaxşı qavraya və hiss edə bilirsən.

6. “Baharın on yeddi anı”, (1973)

Yulian Semenovun kitabını Tatyana Lioznova 12 seriyalı bir filmə çevirməyə müvəffəq olub. Lakin kitabın seriyalarla uzanması heç də onun effektinə mənfi təsir göstərmədi. Əksinə ekranlaşdırılan bu kitabın filmi daha çox marağa səbəb oldu. Aktyorların professional ifası kitabı izah etməyə, xarakterləri daha aydın dərk etməyə köməklik göstərdi.

7. “Boyalı fata”, (2006)

Moemin kitabında süjet əsasən, baş qəhrəman Kittinin üzərində qurulub. Romanda bütün diqqət xanımın yaşadığı hadisələrə, keçirdiyi duyğulara yönəlib.

Eyniadlı film isə romandan müəyyən qədər fərqlənir. Burda söhbət məhəbbətdən və nifrətdən gedir. Filmdə baş rolları yaraşıqlı aktyor Edvard Nortonla, aktrisa Noami Uotz canlandırır.

8. “Çənələr”, ( 1975 )

1975-ci ildə Stiven Spilberqin romanı əsasında Piter Bençli eyniadlı filmi çəkir. Bu film bir çox rekorda imza atır və ən çox qazanan filmlər arasında birinci olur.

Filmin yaşada bildiyi həyəcan və narahatlıq duyğularını kitabda yaşaya bilməyənlər mütləq bu filmə baxsınlar.

9. “Vampirlərlə müsahibə”, (1994)

“Vampirlərlə müsahibə” filmi olduqca həssas, qəlbə toxuna bilən bir filmdir. Eyniadlı kitab əsasında çəkilən film əsərindən daha çox tanındı və sevildi. Filmin və əsərin sonluqları bir-birindən tamamilə fərqlənir. “Hansı sonluq daha yaxşıdır?” deyə düşünəndə, seçim etməkdə çətinlik çəkirsən.

10. “Görüş yerini dəyişmək olmaz” , (1979)

Qeyd etmək lazımdır ki, Vaynerin əsərinin ekran əsəri çox uğurlu alınıb. Kitabda olan dialoqlar, demək olar ki, sözbəsöz filmdə təkrarlanır. Rus kinematoqrafiyasının kultuna çevrilmiş “Görüş yerini dəyişmək olmaz” filmi 1979-cu ildə Stanislav Qovoruxinin rejissorluğu ilə ekranlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm