Ayağı sarıqlı Telli, Nazəninlə Təranənin Fələstin-İsrail münaqişəsi, unutqan Könül, küsəyən Brilliant – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Ayağı sarıqlı Telli, Nazəninlə Təranənin Fələstin-İsrail münaqişəsi, unutqan Könül, küsəyən Brilliant – HƏFTƏBECƏR

Dostlar, bu “Həftəbecər” elə rubrikadır ki, yazanda adama əlli yerdən zəng gəlir, yazmayanda da qalırsan vurnuxa-vurnuxa. Çox düşünüb-daşınandan sonra qərara aldım ki, vurnuxmaqdansa, on birinci dəfə həftə ərzində baş verənləri diqqətinizə çatdırım. Sual oluna bilər ki, bu, sənin işindir, daha oxucuya niyə minnət qoyursan? Xəbərləri oxuduqca özünüz hər şeyi başa düşəcəksiniz...

Aşıq Telli Borçalının “nervili” kişi axtarışı davam edir. Ağlı başında, lal-dinməz yox ha, əməlli-başlı vurub-yıxan. Artıq bununla bağlı bir neçə ölkənin ruhi-əsəb dispanseri ilə danışıqlar davam etməkdədir. Elə bilirsiniz, zarafat edirəm? Özü “Səs verməyin” verilişində deyib. Buyurun, oxuyun:

”Ölürəm “nervili”, ciddi kişilərdən ötrü. Kişi elə olmalıdır ki, onun “blokda” ayaqlarının tappıltısı gələndə mən qapının ağzında “smirna” dayanım. Yoxsa ki, kişinin evə gəlib-gəlmədiyi bilinmirsə, o nə kişidir”.

Hələ elə bilirsiniz, təkcə bununla iş bitir? Hələ qayınana söhbətini də oxuyun, sonra şərh edək: “Ölürəm qayınanadan ötrü. Çünki anamı da çox istəyirəm. Ana özü də axı kiminsə qayınanasıdır. Qayınanamı “Ceyran”ımla yatızdırıb-durquzmalıyam”.

Yadınızdadırsa, yazılarımın birində Tellinin dəli-dolu kişilərə olan rəğbəti barədə bir neçə kəlmə yazmışdım. Rubrikamın mənə verdiyi imkanlardan istifadə edib, xalqıma səslənirəm. Yığışın, bir “nervili kişi” müsabiqəsi keçirin. Özü də seçimi ədalətli edin. Ən “nervili” kim olsa, o da Telliyə evlənmək təklif etsin. Yuxarıdakı sətirləri yaza-yaza bir anlıq vəziyyəti təsəvvür etdim. Təxminən bir il sonra Borçalı qızını efirə çağırırlar. Başı sarıqlı, gözündə qara eynək, ayağında gips oturub studiyada, ləzzətlə ərinin vurduğu zərbələrdən danışır:

- Onun əllərinə qurvan olum. Öyün içif gəlmişdi. İçəri girən kimi nətəər alnımın ortasından bir yumruq nalladısa, tirtap oldum. Düz üç saat sonra təcili tibbi yardım stansiyasında ayılmışam. Hələ də o zərbənin həzzini yaşayıram.

- Telli xanım, həyat yoldaşınız siz döyməyəndə darıxmırsınız ki?

- Ayə, nətər yəni darıxmersan? Özüm gəlif ilişerəm ki, vursun məni. O da bir dözer, iki dözer. Axırda qalxıf çırper məni. Üş dəfə balkondan yerə atıf məni. Üçüncü mərtəvədə qonşunun paltar asdığı ipə ilişif qalmışam...

Bir də bilirsiniz nə düşündüm? Telli qayınanası üçün “Ceyranım” oxuduğu yerdə həmin “nervili” oğlan gəlib sazı Tellinin kürəyində kökləyir. Pəəəh.. Konsert onda olur e. Aşıq necə ruhlanırsa, ard-arda 15-20 mahnı, qonşular yığışıb gəlirlər. “Nervili” bəy də hərdən bir-iki yumruq vurub, aşığı ruhlandırır...

Aktrisa Fidan Axundova şəxsən tanımadığım, ömrümdə bircə kəlmə belə kəsmədiyim, amma buna baxmayaraq, uzaqdan-uzağa həm sənətinə, həm də insanlığına hörmətim olan azsaylı aktrisalardandır. Çünki aktyor və aktrisaların əksəriyyətində peşə xəstəliyi olur, bəzən səhnə ilə real həyatı qarışıq salırlar... Düşünürəm ki, Axundovada bu “xəstəlik” yoxdur. Amma bu həftə verdiyi açıqlama (saytlardan birindən oxumuşam, şəxsən eşitməmişəm) məni xeyli güldürdü. Olduğu kimi təqdim edirəm. Yəqin ki, sizin də kefiniz açılacaq:

"Beş ildir evliyik, amma şükür, bu günə kimi həyat yoldaşım mənə xəyanət etməyib. Övlad istəyirik, bu məsələ üzərində işləyirik. Artıq anlayırıq ki, övlad lazımdır. İnşallah, olar".

“Övlad istəyirik, bu məsələ üzərində işləyirik” nə deməkdir? Məgər bu, qanun layihəsidir? Yoxsa... Hər halda, tanınmış və yetərincə sevilən aktrisanın belə ikibaşlı cümlələrlə gülüş hədəfi olmağı yaxşı hal deyil. Əgər sözügedən açıqlama məhz müxbir tərəfindən belə yazılıbsa, onun redaktoruna dərin - təxminən 1.5-2 metr dərinliyində təşəkkür düşür...

İradə İbrahimova isə “O Ses Türkiye” yarışmasındakı çıxışıyla yenidən mövcudluğunu xatırladan Elnur Hüseynov barədə danışıb. İradə İbrahimovanın açıqlamalarına keçməzdən öncə deyim ki, son günlər kim gündəmə gəlmək, sosial şəbəkədə statuslarının daha çox bəyənilməsini istəyirsə, bu gəncin adının çəkir...

İradə də deyib ki, türklər Elnuru istifadə edib atacaqlar. Əvvəla, bu, müğənninin müğənniyə deyəcəyi söz deyil və heç də etik səslənmir. İkincisi, hələ ki Elnur türklərdən istifadə edir. Sonrasını isə zaman göstərəcək. Yeri gəlmişkən, Elnur bu günlərdə Bakıya gəlib və hava limanında ondan müsahibə almaq istəyən jurnalistə (ATV telekanalı) etiraz edib. Bunun səhv, yaxud doğru olduğunu isə siz bilirsiniz.

Bu günlərdə konfliktoloqlar dünyada ən gərgin situasiyalar yaşayan tərəflərin siyahısını açıqlayıblar. Son hesabatda Nazənin-Təranə məsələsi Fələstin-İsrail münaqişəsini üç pillə qabaqlaya bilib. Konfliktoloqlar bunu onunla izah ediblər ki, Fələstində millət qırılıb qurtardığına görə yəhudilərə cavab verən yoxdur və situasiya xeyli maraqsızlaşıb. Təranə-Nazənin məsələsi isə yenicə qızışıb və hər iki tərəf yetərincə enerjili və pulludur. Ona görə mətbuatın da bu söhbətə biganə qalmadığını nəzərə alan mütəxəssislər düşünürlər ki, yaxın bir il ərzində “razborka” davam edəcək. Artıq məsələyə Nazəninin həyat yoldaşı da qoşulub. Bundan sonra baş verəcəkləri ehtimal etmək üçün Vanqa nənəni də dirildib gətirsən, xeyri olmayacaq. Yaxşısı, məhkəmənin verəcəyi qərarı gözləməkdir. Çünki ortada dəhşətli ittihamlar var...

Həftənin ən yaddaqalan hadisələrindən biri də teleaparıcı Xoşqədəm Baxşəliyeva ilə türk müğənni Doğuşun toyu idi. Məclisdə şəxsən iştirak etdiyim üçün maraqlı təəssüratlarım var. Digər maraqlı və maraqsız təəssüratları bir kənara qoyub onu deyə bilərəm ki, əksər tanınmışlarımız hələ də özlərini apara bilmirlər. Allah üzümüzə baxıb ki, bunlar Hollivud tərəflərə getməyiblər. Yoxsa heç dədələrinə də salam verməzdilər...

Xanəndə Elnarə Abdullayeva əvvəllər ancaq oxuyurdu. İndi həm oxuyur, həm də arabir qalmaqallı açıqlamalar verir. Bu dəfə də maraqlı danışıb:

“Həmişə demişəm ki, bircə dəfə ailə quracam. O da axıra kimi olacaq. Mən bir dəfə də olsun, oğlanla telefonla danışmamışdım. Bu qüruru mənə Allah verib. Bəlkə də, mənim gücüm çatmazdı”.

Ötən “Həftəbecər”də Könül Kərimova barədə bir cümlə yazmışdım. Sonra zəng vurdu, səmimi söhbətləşdik, hətta ondan müsahibə də aldım. Ardınca bir neçə dəfə Könül xanıma zəng vursam da, cavab olmadı. Sağ olsun, görünür, jurnalistlərin maddi durumunun yüksək olmadığını nəzərə alıb, məni xərcə salmaq istəməyib. Toy olmayan aylarda özü mütləq zəng vuracaq. Ya da elə bu yazıdan sonra. Sənətçi bu arada çayxana söhbəti eləyib. Yəni deyib ki, çayxanasının olmağını istəyir:

“İfaçılıqdan əlavə, özümü aparıcı kimi də sınadım. Verilişdəki geyimlərimə çox pul xərcləyirəm. Gözəl geyinməyi xoşlayıram. Bunun üçün də pul lazımdır. Hər zaman başqa biznes barədə düşünmüşəm. Arzum olub ki, xudmani bir çayxanam olsun. Elə bir obyekt olsun ki, rahat oturub, dost-tanışla söhbətləşən, xoş istirahət edəsən“.

Teleaparıcı Günel Hümbətova isə belə getsə, nişanlısını itirəcək. Daha doğrusu, Hümbətova təbiiliyə üstünlük verdiyinə görə nişanlısı ondan imtina edə bilər:

"Son 4-5 aydır, təbiiliyə ifrat dərəcədə önəm verirəm. Saç boyasıdır, makiyajdır, artıq bunlardan istifadə etmirəm. Hətta çəkim də bir qədər artıb. Deyəcəksiniz, yəqin, depressiyadayam, amma yox, çox xoşbəxtəm. Bəs onda niyə belə passivləşmişəm? Deyirlər, həyatlarında durğunluq olan qadınlar özlərinə çox baxırlar, sevildiklərini hiss edən qadınlarda isə arxayınlaşma gedir. Belə olmaz. Belə getsə, nişanlım məni atacaq. Sabahdan gözəllik salonunda, növbə tutsam, yaxşıdır!"

Bu gün də qulağımızın kar olmamaq ehtimalı yoxdur. Çünki yeni bir söz eşitdik. Təbiiliyə görə kimdənsə imtina etmək… Gülməlidir…

Müğənni Günel Məhərrəmova isə haqqında gəzən şayiələrə aydınlıq gətirmək üçün həyat yoldaşıyla oğlunun fotosunu paylaşıb və altından bu sözləri yazıb:

“Bu da uşağımın atası. Ərim gələn kimi oğlum onunla gəzməyə getdi. Haqqımda dedi-qodu edib, məni ləkələmək istəyənlər, diqqətlə baxın. Günah sahibi olmaqdan bezmədiz? Bir yerdəyik. Ayrılmamışıq. Bəziləri kimi o, şəkil xəstəsi olmadığı üçün hər dəfə ərimin görüntülərini paylaşmıram".

Elə-belə qeyd edim ki, müğənni Afaq Aslan Günelin onun sevgilisi ilə görüşdüyünü bildirmişdi. Deyəsən, həmin söhbət məhkəmədə davam edəcək.

Afaq Aslan demişkən, bu xanım 2015-ci ilin Qar qızı olmaq istəyib. Amma fotoları görəndə məndə belə bir təəssürat yarandı ki, geyim çox tələsik tikilıb. Axı adətən, Qar qız uzun ətəkdə-zadda olur. Adam lap Şaxta baba olmaq istədi e...

Mətanət Əsədova çox strateji bir məsələ haqda danışıb. Hətta bu açıqlama ilə bir daha xeyli pərəstişkarının sevgisini qazanıb. Oxuyaq:

“Heç vaxt kişinin ayağını yumaram. Niyə axı mən onun qarşısında alçalım? Heç özümü o yerə qoymaram ki, mənə desinlər ki, ayaq yu. Qadının özündən çox şey asılıdır. Atam xəstə olanda ayaqlarını yumaq istədim, amma o icazə vermədi. Dedi ki, ay Mətanət, nə mənim, nə də gələcəkdə həyat yoldaşının ayağını yu. Olmaz! Qurban olum ona, məni vaxtsız tərk elədi, düzdür, amma dedikləri hələ indiyə kimi qulağımda sırğadır”.

Atasının vəsiyyətidir, qınamaq olmaz. Bir tərəfdən baxanda düz deyir də. Əgər kişi 40 dərəcə qızdırmadan yanırsa, qadın niyə onun ayağını isti suya qoymalıdır ki? Zəhmət çəkib xəstələnməzdi. Şükür məsələhətinə…

Xalq artisti Brilliant Dadaşova isə dolayısıyla mətbuatı qınayıb. O mətbuatı ki bir zamanlar Dadaşovanın məşhurlaşmasında böyük pay sahibi olub. Oxuyaq:

“Özümdən danışdılar, bəs etmədi, indi oğluma keçiblər. Aman-zaman bir oğlum var. Elə ola bilər ki, mən onu toysuz, sakit evləndirim? Mən yeganə uşağıma xınayaxdı, paltarbiçdi, böyük toy edəcəm. Bacılarım ərə gedəndə onların beş toyu olub: kiçik nişan, böyük nişan, xınayaxdı, paltarbiçdi, axırda da toy. Mən də oğluma bu cür edəcəm. O toyda qol qaldırıb sındıra-sındıra oynayacam. Ola bilməz ki, mənim oğlumun toyu səs-küysüz keçsin. Yazıq uşağımı evləndirdilər. Kim kimin övladına nə arzulayırsa, onun öz uşağına qismət olsun”.

Brilliant xanım sənətkardı, yetərincə də sevilir. Amma bu cür açıqlamalarla daha çox sənətə yenicə gələn müğənniləri xatırladır. Brilliant xanım, məncə, mətbuatı bu qədər qınamağınız heç doğru deyil. Yadınızdadırsa, 8-9 il əvvəl adınız bir çox məsələlərdə hallandı, hətta yaşınızı azaltdığınız deyildi, amma o zaman da, bu gün də mətbuat sizi “vurmadı”. Elə bilirsiniz, bu barədə yazmaq olmazdı?

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm