• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Sevgilim oldu, indi də ən yaxın dostumdur”

“Sevgilim oldu, indi də ən yaxın dostumdur”

Publika.az Türkiyənin məşhur modeli Didəm Soydanın müsahibəsini təqdim edir:

- Qadınlar, adətən, qadınları bəyənməzlər, ancaq sən istisnasan…

- Ona görə ki, mən qadınları narahat edəcək qədər gözəl deyiləm. Məni gördükləri vaxt “Aaa, o qədər də gözəl deyilmiş ki. Yekə burnu var, başı da böyükdür. Dodaqları da incədir” deyirlər. Qüsurlarımı görüncə rahatlayırlar. Ona görə də mənimlə daha rahat münasibət qura bilirlər...

- Yox, bir daha nələr! Türkiyənin ən gözəl bədəni olan qadınısan. O saydığın şeylər qüsur deyil. Özü də mən yalnız gözəllikdən bəhs etmirəm, səndə fərqli enerji və etirazçı görünüş var.

- Təşəkkür edirəm.

- Necə oldu ki, model olmaq istədiniz?
- Universitetdə oxuyarkən İstiqlal prospektindəki “Diesel”də işləyirdim. Bir gün Ümit Ünal girdi mağazaya, alış-veriş edib getdi. Saat yarım sonra təkrar gəldi və məndən “Dəfiləmə çıxarsan?” deyə soruşdu.

- Sən nə dedin?
-
Ağlıma gələni sayaqladım. “İşimi itirmək lüksüm yoxdur. İstirahət günümlə üst-üstə düşərsə, niyə olmasın?” dedim. Sonra təbii ki, nə dediyimin fərqinə vardım. İstirahət günümü dəyişdirib dəfiləyə çıxdım. O, ilk dəfiləm idi, sonra ardı gəldi.

- Neçə yaşında idin?
- 19.

- “Diesel”də işləmək hardan çıxmışdı…
-
Universitetdə oxuyurdum, öz xərcliyimi özüm qazanmaq istəyirdim. Maraqlıdır ki, mən həyatda nə istədiyimi həmişə bilmişəm. Bir şeyi arzu edərkən belə kainata, tanrıya “bunu istəyirəm” dedim. Olub-olmaması önəmli deyil, mənim istəyim açıq idi. 18 yaş yarımımda "İstiqlal"da gəzərkən yan-yana düzülmüş bütün mağazalar içərisində oranı gözüm tutmuşdu.

- Niyə?
- Gördüm içəridə qızılı saçlı bir uşaq var. Umut idi o, Umut Eker. Sonradan sevgilim oldu, indi də ən yaxın dostumdur. Mən də bütün üzü pirsinqli, qısasaçlı bir qız idim. İçəri girdim. Özümdən əmin şəkildə əlimi masaya qoyub “Salam” verib, “Mən burada işləmək istəyirəm” dedim. Gülərək “Yaxşı görək!” dedilər. Mağaza müdiri də gəlmişdi. Ancaq mənim qərarlı davranışım xoşlarına gəldi, məni işə götürdülər.

- Bu cür özünəinam hardandır?

- Anamdan! Anam nə istədiyini həmişə bilib. O da öz işinə mənim başladığım kimi başlayıb. Atam tekstil işiylə məşğul imiş o vaxt. Osmanbeydə mağazası, hətta binası varmış. Anam isə məktəbi yeni bitirmiş bir qız imiş, iş axtarırmış. Atamgilin mağazasını bəyənib, özündənəmin şəkildə içəri girib “Burda işləmək istəyirəm” deyib. Onu da işə götürüblər. Dörd ay sonra da atamla evləniblər.

- Anlaşılan, maraqlı bir ailədir. Dəqiq haralıdırlar?
-
Anam Bolqarıstan əsilli. Atam albaniyalı. Mən uşaqkən atamın qohumlarının hamısı orda idi. Biz də yayda üç ay Albaniyaya gedib orada qalardıq.


- Albaniyalılar inadkardırlar?
- Ooo, həm də necə. İnadkar və qərarlıdırlar. Ancaq mən sevirəm bu xüsusiyyətlərini.

- Sən kimə oxşamısan?
-
Atama. Kişiyə oxşayan bədən cizgilərim ona bənzəyir. Anam eynən Gülşen Bubikoğludur. Uşaqkən ona heyranlıqla baxardıq, yəni ki, o qədər gözəldir.

- Uşaqkən model olma arzuların var idi?

- Yox. Mən oğlan uşağı kimi idim. Heç əlaqəm yox idi elə şeylərlə. Orta məktəbdə həndbol oynayırdım. Sonradan dörd il Pertevinyalda profesional şəkildə oynadım. İdmana davam edib, idman akademiyasında irəliləməyi düşünürdüm. Modelliklə bağlı ağlımda heç nə yox idi. Həyatım boyunca sinfin ən zəif, ən çəlimsiz və arıq qızı idim. Heç kimlə qol-qola girib bağçada gəzə bilmirdim, çünki hamısından uzun idim. Sinəm də taxta kimi idi. Məktəbin son sinfinə qədər üzünə baxmırdılar. Nə oldusa, məktəbdən sonra oldu. Sonra qədər öz sözünü dedi, Ümit Ünal məni dəfiləyə çıxardı.

- Ümit Ünal nə gördü ki, səni seçdi?

- Məncə, bir anderoidə oxşamağım diqqətini çəkmişdi. Üzümün hər yerində pirsinq vardı. O, məndə həm qız, həm oğlan uşağı gördü. Onun dəfiləsindən sonra Hakan Yıldırımın dəfiləsinə çıxdım, sonra Özlem Süerin. Hamsı möhtəşəm modelyerlerdir. Anlayacağın qədərilə, mənim üçün çox sürətli bir başlanğıc oldu.

- Səncə, sənin fərqin nədir?

- İşimi görərkən müdhiş dəyişiklik olur məndə. Deyəsən, bundan qaynaqlanır.

- Necə?
-
Sən indi məni burda gördüyün vaxt deyə bilərsən ki, “aaa bunda bir şey yox imiş!” Ancaq sən gəlib məni bir də podiumda görməlisən. Məsələn, dünən biri “Az öncə Didem Soydanı gördüm. Heç də gözəl deyilmiş. O qədər sevindim ki!” deyə tvit yazıb. Amma məni podiumda görərkən təsirlənməməsi mümkün deyil. Çünki mən orada başqa bir adama çevrilirəm. Məni mən edən də bu dəyişiklikdir. Mən əslində utancaq biriyəm, ancaq podiumda utanmıram, məndən başqa biri çıxır. İşimi də çox yaxşı görürəm, baxış bucaqlarını əzbər bilirəm. Çünki işləyirəm. Güzgünün qabağında az qala bir il əl hərəkətini məşq elədim. Əl necə durur? Yeriyərkən necə durur, pozadaykən necə durur? Bunları bilmək bizim işimizin bir parçasıdır.

“Ədalətsizlikdən utanıram”

- Bu gün Türkiyədə yaşamaqdan razısan?
- Yox. Hətta utanıram.


- Nələrdən utanırsan?
- İdarə şəklindən utanıram. İqtidarın insanlara qarşı hal və davranışlarından, xitab şəklindən, bərabərsizlikdən, ədalətsizlikdən, hər şeydən utanıram.


- Bir qadın kimi ən çox üzüldüyün nədir?
- Qadın cinayətləri, qadına qarşı edilən zorakılıq. Qadının ikinci sinif kimi qarşılanması. Hər təbəqədən qadına güclü təzyiq var bu ölkədə. Kişilərə baxırsan, öz kişi dostlarımız da daxildir buna. Saçını belə darama ehtiyacı duymadan həyatlarını sürdürürlər, bir də sevilirlər. Halbuki biz həm anaları kimi qoçaq ev qadını, həm “Victorias Secret” manrkeni qədər seksi, həm də işimizdə professor qədər bacarıqlı olmaq məcburiyyətindəyik. Onların tək məsuliyyəti işə gedib-gəlməkdir.

“Düşmənlik belə ağılla olmalıdır”

- Kate Moss və dünyaşöhrətli başqa manekenlərin şahanə şəkilləri var. Çılpaq, ancaq inanılmaz dərəcədə estetik. Həyata keçirməyi arzuladığın, ancaq ölkənin getdikcə mühafizəkarlaşdığı üçün əl çəkdiyin proyektlərin varmı?
-
Yox. Olsaydı, “GQ” qapağına çılpaq şəkildə çəkilməzdim.


- Ailənin reaksiyası necə oldu o qapaq şəklinə?
-
“Afərin, nə yaxşı ki, eləmisən!” demədi heç kim. “Qızım, bədənin necə də gözəldir” də demədi. Ancaq sənətimə hörmət edirlər. Bu işi görə bilmək üçün çox çalışdığımı bilirlər. Nə deyirlər-desinlər, istədiyim kimi edəcəyimi bildikləri üçün də bir söz demirlər. Ancaq təbii ki, əmimi, dayımı və rəhmətlik atamı da düşünürəm. “Gözəl şəkildir! Nə gözəl açmısan bədənini” deyəcəklərini düşünmürəm. Ailəmdən utananlar olub, ancaq bunu mənə heç vaxt hiss etdirməyiblər.

- Bu sənətin ən pis cəhəti nədir?
- Hər hansı şou xəbər səviyyəsinin altına düşmək. Elə bir səviyyə var. Səndən xəbərsiz xəbər hazırlanır, bax bu, pisdir. Özünü qorumaq istəyirsən. Çünki haqqında çıxan bəzi xəbərlərin içində ağıl yoxdur.

- Səninlə bağlı bu cür xəbərlər çıxıbmı?
- Əlbəttə. 11 ildən sonra Canla (Bonomo – red.) sevgiliyəm deyə işim xaricində xəbərlər çıxdı. Ancaq həqiqətə uymayan, içərisində məntiq olmayan xəbərlər. Bəzən düşünürəm ki, yaxşı, düşmənlik edirlər-etsinlər, ancaq bu, heç olmasa, ağılla olsun. Axmaqlıq qədər məni narahat edən heç nə yoxdur.

7 manatlıq paltarla...

- Stil ikonu namizədliyinə geyindiyim paltar 7 manatlıq paltar idi. Xüsusilə elə istədim. Mənə görə gözəl paltar idi, ancaq mən geyindiyim üçün də elə idi. Yəni belə bir mesaj da var: “Paltarı onlar da geyinir, biz də. Amma biz geyindiyimiz vaxt başqa olur. Onsuz da başqa cür göstərə bildiyimiz üçün bu işi görürük. Ona görə də biz modelik, onlar yox…”

- Niyə “Fashion Week”də iştirak etmədin?
- Bəli, iştirak etmədim. Ancaq bu, qətiyyən boykot, ya da etiraz deyildi. Şəxs və qurumlarla da əlaqəsi yox idi. Tamamilə sistemlə bağlı idi. Mən o sistemin içərisində yer almaq istəmədim.

- Sistemdə tənqid etdiyin şey nədir?
- Bu: Dünyanın hər yerindəki “Fashion Week”lərdə xarici ölkələrdən qızlar gəlib işləyirlər. Bunda da heç bir problem yoxdur. Biz də illərdir dəfilələri yarı xarici, yarı türk edirik. Bizim genetikamız onsuz da bu sənətə çox uyğun deyil. Ona görə də xarici modellərə ehtiyac duyuruq.

- Sən bu “Fashion Week”də düz 13 defiləyə çıxa bilərdin. Ancaq hamsını hədər etdin…

- Bəli, çünki sistem xətası var və mən də buna diqqət çəkmək istədim. Xarici modellər o qədər ucuz qiymətə çıxmağa başladılar ki, qiymət aşağı düşdükcə tələb olunan qiymət çox yüksəkdə qaldı. Yanlış anlaşılmasın, mənim qiymətimdə bir problem yoxdur. Ancaq mən rahat olduğum üçün pulumu alıb işimə baxacaq deyildim. Çox gözəl gənclərimiz var, xaricə getsinlər, “Dolce Gabbana”ya çıxsınlar. Mənim bədənim onların yanında heç nədir. Ancaq sistem ucbatından onlar da daha dəfilələrdə iştirak edə bilmirlər.

- Onların yerini ucuz xaricilər tutdu?
- Bəli. Onlar da olsun, ancaq bizimkilər də olsun. “Sənə qalıb?” deyənlər ola bilər, ancaq bəli, bir az mənə qalmış kimi hiss elədim və etiraz elədim. Bu etirazıma çox da dəstək verildi. Bu işin başındakı qurum toplantı keçirdi. Agentliklərindən qəbzlərinə qədər hər şey yoxlanıldı. Bundan sonra keçmişdəki kimi, yarıxarici, yarıtürk model istifadəsinə qərar verildi.

Cinsi baxımdan təmənna bitincə...

- Keçmiş sevgilinlə bu qədər yaxşı dost olmaq çətin məsələdir. Umut Ekerle siz beləsiniz…
- Bəli, inanılmaz dərəcədə yaxşı dostuq. Cinsi baxımdan təmənna olmadığı üçün, o istəkləri vaxtında bitirdiyin üçün çətin olmur. İllərdir bərabər iş görürük. 10-a yaxın böyük markayla işlədik. Güclərimizi birləşdiririk. Mən Umuta ehtiyac duyuram. Özümü onun yanında çox yaxşı hiss edirəm.

- İnsan “Gəncəm, gözələm, ancaq bu sənətin bir həddi var” deyirmi?

- Deyir, ancaq mənim elə qorxum yoxdur. Çünki ticari qabiliyyətimə və tekstil işindəki təcrübəmə güvənirəm. Hazırda bir çox markaya məsləhət verirəm. Ancaq gizli qalmağını istəyirəm. Çünki mənə qıcıq olduqları üçün “Çox pis olub bu iş” deyəcək bir çox insan var. Bir də, bu iş bitsə, heç çəkinmərəm, yenə gedib bir yerdə satıcılıq edərəm...

“Havanı o saat alarlar”

Çox tənqid edən bir ailəm var. Podiumdan enim, “Nə pis yeridin” deyərlər. “Calzedonia” üçün çox zəifləmişdim, “Ay Didem, çox çirkinləşmisən” dedilər. Ya da misal üçün tayt geyinirik axı, çox dəb oldu, nənəm “Yaraşmır o tayt sənin oxlov ayaqlarına” deyir. Bacıma o qədər “burnun dəhşətdir” dedik ki, yazıq qız gedib estetik əməliyat elətdirdi. Belə bir ailədən gəlincə yekəxanalıq etmək ehtimalın yoxdur. O saat havanı alırlar…

Qüsurlarını axtaran gözlər

Podiumdasan, göz önündəsən, əslində, sən bir hədəfsən… Çox sayda göz səni araşdırır. Hamısı sənə bəyəndikləri üçün baxmır. Səndə qüsur tapmaq üçün baxırlar. “Həqiqətən, bədəni elədirmi? Dodaqları incədirmi? Botoksu varmı? Ayaqları arıqdırmı?” Mən bu enerjinin hamısını alıram. Podiumdan sonra da çox yorğun hiss edirəm özümü. Onları püskürdəcək tək şey də orda böyüməkdir… Ulduz olmaqdır. Onsuz da o şəkildə yeriyirsən. Yoxsa səni yeyərlər. Əsla utancaq davranmırsan, podiumda heç kim belə davrananı alqışlamaz. Ona görə də istəsəm də, istəməsəm də, içimdəki həmin digər qadını çıxarmaq məcburiyyətindəyəm. Yoxsa o paltarların hamısı qızıldan və gümüşdən deyil, sadəcə, parçadır. Ancaq onu sata bilməyim üçün bənzərsiz kimi göstərməliyəm. Məni izləyənlərin gözündə də bənzərsiz olmalıyam. Başqa cür mümkün deyil.

“Calzedonia”nın üst səviyyəsi “Victorias Secret”

- Sənin bir də “Calzedonia” dəfiləsi uğurun var. Bunu necə bacardın?

- Türkiyədə öz sahəndə müəyyən bir yerdəsən. Ancaq xaricdə heç kimsən. Heç kim olmaq da çətindir. Burada bir çəkilişə getdiyin vaxt yerin, saatın və edəcəyin şey məlumdur. İstədiyin saç və makyaj sitilini seçə bilirsən. Orda 800 nəfərin arasından seçilib ilk 300-ə düşürsən. Təkrar gözləyirsən, çılpaq qalacaq şəkildə insanların arasında saatlarla gözləyirsən. Seçilməmiş olsam, bir də bunu sınaqdan keçirib-keçirməyəcəyimi bilmirəm. Ancaq işini sevən hər kəs bir üst səviyyəyə çıxmaq istəyər. Beynəlxalq platforma da insanın ruhunu bəsləyən bir şeydir. O professionallığa ehtiyacım var idi. Bunun bir üst səviyyəsi “Victorias Secret”dir. Bu günə qədər “Calzedonia”dan “Victorias Secret” üçün cəmi 10 model çıxıb.

- Səni bir gün “Victorias Secret”də görə biləcəyikmi?

- Çiynimdəki döyməyə görə çətin. Ancaq yenə də bilmək olmaz, mən “Calzedonia” üçün də “Ömür boyu olmaz” demişdim. “Calzedonia”ya indiyə kimi döyməli model çıxmayıb, ancaq məni seçdilər.

- Türkiyədən heç “Victorias Secret” mankeni çıxıbmı?
- Orada yaşasaydılar, çıxardı. Güzide Duran, Çağla Şikel, Sema Şimşek… Gəlmiş-keçmiş bir çox əfsanə var.

Uğurlar

-
Mən müəllim ailəsində böyümüşəm. Babam müəllim, xalam müəllimə, onun həyat yoldaşı müəllim. Bir də Gazi məhəlləsində 60 evlik bir Öğretmenler Sitesində böyüdüm. Öz müəllimlərimlə eyni binada yaşayırdıq. Anamın müəllimi də üst mərtəbədə yaşayırdı. Həmişə nələrinsə öyrədildiyi bir dünya idi. Şikayətçi deyiləm. Nizam-intizamlı olmağımı ona borcluyam. Bir dəfə heç unutmadığım bir şey oldu. Babamla məktəbə getdim. Mən heç vaxt heç kimdən danlaq eşitmədim, döyülmədim. Ancaq babam yerləri silən xalaya “Yorulmayasan (uğurlar)” demədiyim üçün çiynimdən dürtdü. Belə bir şeyə necə diqqət etmədim deyə məndən incidi. Günlərlə özümə gələ bilmədim. Ondan sonra heç vaxt “Uğurlar” deməyi unutmadım...

Tərcümə: Aydan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR