“Nə zamansa çemodan daşıyan olmuşam” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Nə zamansa çemodan daşıyan olmuşam” – FOTOLAR

Tom Henksi köhnə məktəbin aktyoru adlandırırlar. Lakin o, son zamanlar adi oğlandan Amerikan filmlərindəki əsl qəhrəmana çevrilib.

Tom səmimi oğlandır. Onun beynində nə fikir varsa, birbaşa dilə gətirir:

“Hesab edirəm ki, bizim ölkəmiz yaxşıdır. Lakin ultravətənpərvərlik üçün heç bir əsas yoxdur. Amerikalılara məxsus bir sıra keyfiyyətlər var: iradə, inad və hər şeyi əldə etmək üçün canfəşanlıq. Lakin bu, bizi başqa millətlərdən öndə etmir”.

Hollivudda heç kim Tom Henks haqqında pis söz deyə bilməz. Yumorist, zarafatcıl, nümunəvi ailə başçısı, sadiq dost və anlayışlı insan. Tom yaddaşlarda bu cür qalıb. Bir sözlə, heç kim ondan narazılıq edə bilməz.

“Bizim tərcümə” layihəsi məşhur aktyorun fikirlərini təqdim edir:

“Bu yaxınlarda tədbirlərin birində Aleks Bolduinə rast gəldim. O, əla bədən formasında idi və özümü saxlaya bilməyib soruşdum: ”Kişi, sən lap öküz kimi gümrah görünürsən!” O isə mənə cavab verir: “Hə. Hamısı şəkərə görədir. Mən ondan imtina etmişəm”. Mən yenə də özümü saxlaya bilməyib dedim: “Əvvəla, sən mənə öz səsini borca verə bilərsən? Bu dünyanın ən yaxşı səsidir! İkincisi isə, sənin məsləhətinə əməl edib şəkərdən imtina edəcəyəm”...

Bilirsiniz, belə şeylər də olur: köhnə şəkillərə baxırsınız və keçmişiniz yadınıza düşür. Hətta həmin an, həmin dəqiqə nə etdiklərini də xatırlayırsan. Mən öz filmlərimə baxdıqda belə, milyon il bundan qabaq unutduğum hadisələr gözlərimin qarşısından keçir...

Böyük oğlumun hələ 2 yaşı tamam olmamış işsizliklə üz-üzə qalmışdım. Mən çekləri alıb banka təhvil verirdim, lakin nağd pul ala bilmədiyim üçün gözləməli olurduq. Cibimdə 25 dollarla bank növbəsində dayanıb ümidsizliyə qapıldığım həmin soyuq fevral gününü yaxşı xatırlayıram. Onda plan cızmağı qərara aldım. Daha doğrusu, iki plan cızdım. Birincisi: çeki nağdlaşdırım və bəzi borclarımı geri qaytarım. İkincisi: çeki nağdlaşdırım və borcu geri qaytarmadan təhqirlərə məruz qalım”...

Bəzən olur ki, Tom özünü əsl tərs keçi kimi aparır. Maraqlısı budur ki, özü də bu xasiyyətindən xəbərdardır:

“Bəzən çox qəddar oluram. Elə vaxt olub ki, ağzımı açan kimi hər şey puça çıxıb. Sonra isə vəziyyəti yumşaltmağa çalışmışam: “Gəlin eqoist olmayaq və hərə öz fikrini bildirsin”. Əvvəl özümün pis tərəfimi göstərirəm, sonra isə belə bir fraza işlətməklə vəziyyəti qaydasına salmağa çalışıram.

Jurnalistlər məni hər filmdən sonra tərifləməyi xoşlayır. Onlar deyir: “Siz həmişə yaxşı oğlan rolundasınız!”. Filmdə adamın başına atəş açmışam, lakin onlar deyir: “Yox, siz hər zaman xeyirxah qüvvələri təmsil edirsiniz. Atəş açmağa sizi vadar etdilər, buna məcbur idiniz”. Və yaxud, götürək “Yaşıl Mil” filmini. Orada cəllad rolundayam və üç adamı elektrik stulunda “qızartmışam”. “Hə, siz bunu ona görə etdiniz ki, daha yaxşı olasınız”. Jurnalistləri inandırmaq əsassızdır. Rejissorlara da demək istəyirəm ki, qulaq asın, mən bunu bacararam, sadəcə mənə pis rollar verin, məsələn, Betmenin rəqibi olacaq rol. Mən hər şeyə hazıram, sadəcə zəng edin. Lakin əclaflar mənə hələ də zəng etmirlər...”

Tom Henks gündəlik həyatını belə təsvir edir:

“Əvvəlcə, itimi yüngül təpiklə yuxudan oyadıram. Mənim ağ rəngli Kleo adlı çoban itim, bəzən olur ki, məndən tez durub gəlib başımın üstündə dayanaraq sir-sifətimi yalayır. Uşaqlarım isə evdə olmur. 16 yaşlı oğlum internat məktəbdə oxuyur. Elə fikirləşməyin ki, biz onu oraya atıb gəlmişik. Arvadımla ikilikdə qalırıq. Sonra isə dostum Tim Allenlə (aktyor – red.) görüşürəm. Biz çalışırıq tez-tez görüşək, lakin elə olur ki, ildə 7 dəfə görüşürük və həyatda baş verənlər haqda söhbət edirik. Timdə mühəndis beyni var. Kondisionerin düzgün işləməməsi və ya özünün hazırladığı burğu aləti haqda danışacaq. Düz sözümdür, o, elədir...

Bir aktyor kimi həyatımın ən xoşbəxt ilini xatırlayıram: çəkilişlərin birində Denzel Vaşinqtonun kabinetinə daxil oluram və ondan mənim işimi öz öhdəsinə götürməsini xahiş edirəm. Əvvəlcə, ata olma münasibəti ilə onu təbrik edirəm. O, isə məndən soruşur: “Sizə nə olub? Yaxşı görünmürsünüz”. Mən isə ona deyirəm ki, QİÇS virusuna yoluxmuşam. Denzel isə beynində yaranan “birdən mən də yoluxaram” siqnalının təsiri altda məndən bir addım uzağa çəkilir. Mən əlimi uzadıb stolun üstündəki siqareti götürürəm və hiss edirəm ki, Denzel artıq qorxu altındadır və hər an otaqdan qaçmaq üçün fürsət axtarır...

İsraildə maşınla gəzişərkən sürücü mənə tərəf dönüb dedi: “Bax burada Davud döyüşçü Calutu qətlə yetirib”. Mən isə az qala özümü maşından yerə ataraq qışqırdım: “Saxla! Saxla! Tez elə maşını arxaya döndər”...

Meq Rayanla (aktrisa – red.) ilk dəfə görüşərkən onun kim olduğunu tanımadım. Onu qəhvə masası arxasında oturan hər hansı bir axmaq qız olduğunu zənn etdim...

Mənim ilk evliliyim əvvəldən axıra kimi çətin keçirdi. Bu evlilikdə məni yalnız bir şey sevindirir: ondan gözəl iki uşaq peyda oldu...

Anamla atamın ailəmizi dağıtmasını indi anlayıram. Onlar öz rahatlığına görə boşanmadılar. Onlar dəlilik həddinə çatmamaq üçün boşandılar...

“Apollone-13” filminin çəkilişləri zamanı aktyorlar “uçan ürəkbulandırıcı kabinə”yə (uçuş zamanı çəkisizliyi imitasiya edən “Vomit Comet” adlı təyyarə nəzərdə tutulur – red.) düşdülər. İçəriyə daxil olan kimi salonda minlərlə insanın eyni anda ürək bulanması zamanı çıxa biləcək iy diqqəti çəkdi. Biz filmə görə bu qoxuya öyrəşməli idik...

Bəzən qüvvəmi səfərbərlik edirəm. Məsələn, qızı öpməyə çalışanda və itimi hamam otağına aparanda...

Əgər sənin həyatında məhdudiyyət yoxdursa, onda sevincli günlərin də sayı az olacaq. Əgər sən hər istədiyini edə bilsən, məgər bu sənə məmnunluq verər?..

Məktəbdə səfeh idim. Çox ciddi idim. Deyərdim ki, ifrat dərəcədə. Lakin heç zaman çıxılmaz vəziyyətlərə düşməmişəm. Sözə qulaq asan və məsuliyyətli uşaq olmuşam...

Mən daha çox “Forest Kamp” filmindən olan frazanı sevirəm: “Həyat konfet qutusu kimidir. Heç zaman bilmirsən ki, içərisindəki nədir”...

Mən iki dəfə “Oskar” mükafatına layiq görülmüşəm. Lakin vaxtı ikən oteldə yükdaşıyan işləmişəm və tanınmış insanların çemodanlarını daşımışam...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm