“Kişilər gözünün qurudunu öldürmək üçün xəyanət edir” – MÜSAHİBƏ - FOTOLAR/VİDEO
Bizi izləyin

Tabloid.az

“Kişilər gözünün qurudunu öldürmək üçün xəyanət edir” – MÜSAHİBƏ - FOTOLAR/VİDEO

Azərbaycanlı məşhur: “Kişilər buna görə sevdiyi qadına xəyanət edir” –FOTOLAR+VİDEO

Gözəl mahnı həm də gözəl şeirlərdən yaranır. Bəlkə elə mahnının uzun ömürlü olmasının əsas səbəblərindən biri də mənalı mətndir. Həmsöhbətim ən məşhur hitlərin söz müəllifi, şairə Könül Nazimqızıdır. 70-dən artıq musiqinin söz müəllifi olan Könül xanımla ilin başlanğıcında söhbətləşdik. Müsahibim ötən ili o qədər də uğurlu il saymadı, amma uğursuz kimi də dəyərləndirmədi.

- Arxada qoyduğumuz 2014-cü il yadınızda necə qaldı?

- 2014-cü il mənim üçün elə də uğurlu il olmadı. Amma 2014-cü ili uğursuz il də saymıram. Türkiyədə keçirilən nüfuzlu şeir müsabiqəsində mükafat aldım, bir diskim işıq üzü gördü, şeirlərimə mahnılar yazıldı və s.

- Disk təqdimatınızda 2015-ci ilin həyatınızda çılğın il olacağını vəd etdiniz… Vədinizi unutmamısınız ki?

- Mən verdiyim sözə hər zaman sadiqəm. Bəli, yeni romanım işıq üzü görəcək. Avtobioqrafik romanımda həm öz həyatım yer alacaq, həm də ətrafımdakı insanlar. Bir şeirlər kitabım da işıq üzü görəcək. Eyni zamanda, sözlərimə bəsətələnmiş yeni mahnıları sevənlərimin ixtiyarına verəcəyəm.

-Yeri gəlmişkən, eşitdiyimə görə, məşhur türk bəstəkarlarından biri ilə işbirliyniz baş tutub. İnşallah həmin mahnını nə vaxt eşidə biləcəyik?

- Çox yaxında. Bu barədə geniş danışmaq istəmirəm, həmin layihənin təqdimat mərasimi olacaq. 2015-ci ildə artıq tənbəlliklə vidalaşacağam və əvvəlki hitlərimin davamı olaraq sözlərimə bəstələnmiş yeni mahnılar eşidəcəksiniz.

- Sözlərinizə bəstələnmiş musiqilər gündəmdə olsa da, nədənsə sizi efirlərdə, tədbirlərdə az-az görürük. Səbəb nədir?

- Mən şou-biznes adamı deyiləm, yəqin, buna görə. Müğənni deyiləm ki, gündəmdə olum və özümə toy tutum. Yaxud da, aktrisa deyiləm ki, dəqiqəbaşı efirə çıxıb, özümü reklam edim. Mən yaradıcı adamam, öz dünyamın sakiniyəm. Mənim əvəzimdən şeirlərimə bəstələnmiş musiqilər, yaxud da yazdığım yazılar danışır.

- Yetmişdən artıq şeirinizə bəstələnmiş musiqilər var ki, hamısı da məşhur müğənnilərin ifasında hitə çevrilib. Mənə çox maraqlıdır - niyə Azərbaycanda hər yerdə yalnız bəstəkarın adı çəkilir, amma söz müəllifi kölgədə qalır?Amma başqa ölkələrdə belə deyil. Hər halda, gözəl mahnı həm də gözəl mətnin hesabına yaranır. Sizcə, bu paxıllıqdan irəli gəlmir ki?

- Bu gün adam var ki, mahnını oxuyur, amma söz müəllifi Səməd Vurğunun adını çəkmir. Səməd Vurğunun adını qeyd etməyən adam Könül Nazimqızının adını çəkəcək? Mən heç kimə durub deyə bilmərəm ki, mahnını ifa edəndə mənim də adımı çək. Əgər o şəxs adımı qeyd etmək istəmirsə, ona deməyin nə mənası var? Durub kiməsə yalvarası deyiləm… Adımı çəkməyən həmin adamların minnəti olsun ki, mənim sözlərimə yazılmış musiqiləri ifa edir.

- “Allahı sevərsən, ayrılma məndən”. Xalq artisti Faiq Ağayevin ifasında hit olan bu mahnı çox sevilir. Çoxmu "Allahı sevərsən, ayrılma məndən" söyləmisiniz?

- Ümumiyyətlə, mən sevdiyim insanları itirməkdən çox qorxuram. Şükür Allaha sevdiklərim və mənə əziz olan insanlar yanımdadır, mənimlədir. Amma aramızda ötəri soyuqluq yaransa belə, həyəcan keçirirəm. Səksəkədə yaşayan adamam. Bir dəfə sevdiyim insanla aramızda ötəri soyuqluq yarandı və bu şeir doğuldu. Bundan öncə isə atam üçün bu adda bir şeir yazmışdım. Həmin ərəfədə atam ağır xəstə idi. Gözəl bəstəkarımız Nailə Mirməmmədli mənə dedi ki, gəl bu şeiri sevgi nəğməsinə çevirək. Elə həmin vaxt yeni bir şeir yazdım və nəticədə bu gözəl mahnı yarandı. Əslində “Allahı sevərsən, ayrılma məndən” iki insana həsr olunub - atama və sevdiyim insana.

- Belə başa düşdüm ki, yaşadıqlarınızı şeirlərinizə köçürmüsünüz?

- Bəli… Xalq artisti Nazpəri Dostəliyevanın ifasında səslənən "Bağışla sevgilim" mahnısı da bu silsilədən olan mahnılardandır. Faiq Ağayevin oxuduğu "İtirdin" də həyatımın hansısa anında yazılmış şeirdir. Düzdür, başqalarının taleyini də şeirə köçürdüyüm zamanlar olur. Məsələn, bir dəfə bir qız öz acı həyat hekayəsini mənə danışdı. Deməli, oğlan qızla evlənmək məqamında motosikldan düşür və dünyasını dəyişir. Çoxdan olmuş bir hadisə idi. Həmin oğlanın qəbri işğal olunmuş torpaqlarımızdadır. Belə bir məzmunda şeir doğuldu ki, yəni sən ölmüsən, mən sənin məzarın üstə gəlib, gül də qoya bilmirəm.

- Ən kədərli ovqatınızda öz şeirinizə yazılmış hansı musiqini dinləyib zövq alırsınız?

- “Ayrılma məndən”, “İtirdin” kədərli anlarımda dinlədiym musiqilərdir. Özü də “İtirdin”i Elçin Hüseynovun, “Ayrılma məndən”i isə Faiq Ağayevin ifasında eşitməyi çox sevirəm.

- Dolça bürcündənsiniz. “Dolçalar” sevgi dolu insanlar olur…

- Mən sevgisiz ölə bilərəm. Sevgisiz çirkinləşib, maraqsızlaşıb, pis günə qala bilərəm. Sevmədiyim anları həyatımdan saymıram. Mən özümə doğma bildiyim və ürəyimin içinə doldurduğum insanları itirməkdən çox qorxuram.

- Qorxan gözə çöp düşər deyiblər.

- Maşallah, bu məndə baş verməyib. İnşallah heç vaxt da baş verməz.

- Təbii ki, bu sevginin də qarşılığını gözləyirsiniz?

- Əlbəttə. Qarşılıq olmasa, o sevgini hiss etməsəm, həmin insanı sevə bilmərəm axı. Mənə soyuqluq göstərən insan mənim üçün həmin andaca yox olur.

- Sevdiyni bir anın içində itirmək - hər şey bu qədərmi asandır?

- Əslində asan deyil. Adam var ki, bir anın içində dünyalar qədər sevdiyi insanı qoparıb ata bilər. Amma mənim üçün belə deyil. Çox əziyyət çəkirəm, sadəcə, qırılıram həmin adamdan.

- Bəs qarşı tərəfə nəyi bağışlamazdınız?

- Ən cüzi hörmətsizliyi. Bəzən deyirlər ki, sevmədiyin adama onu sevmədiyni hiss etdirmək istəyirsənsə, ona biganə ol. Amma sevən insan heç vaxt biganə ola bilməz. O mütləq sənə dəyər verməlidir. Sənə dəyər verməyən, sevgini qiymətləndirməyən insanı necə sevmək mümkündür? Amma bağışlamağı da bacarıram. Ola bilər, o insanın vaxtı yoxdur, problemləri çoxdur. Onu bağışlayaram. Bir var səhlənkarlıq, bir də var saymazlıq.

- Qarşı cinsdən ən çox gözlədiyniz nədir?

- Dəlicəsinə, çılğın bir sevgi. Hər an onun yadında olum, varlığına hopum. Yağış yağanda, günəş çıxanda, nə bilim, külək əsəndə - hər zaman məni xatırlasın.

- Çox eqoistsiniz?

- Haradasa eləyəm. Mən sevdiyimi hər an düşünən insanam. Öz münasibətim qarşılığında da bunu istəyirəm.

- “Dolçalar”ın sevgisi qarşı tərəfin sevgisindən güclü olur. Çox vaxt buna görə də əziyyət çəkirlər…

- Onu düz deyirlər. Amma dolçalar xaraktercə rəngarəngdirlər. Sanki bir yox, bir neçə qadındırlar. Buna görə də, çox maraqlı və qeyri-adi olurlar. Onlarla darıxmaq mümkün deyil. Hər an qarşınıza yeni, maraqlı bir qadın obrazında çıxırlar. Dolça bürcündən olan xanımların bəxti həmişə gətirir ki, neyləsələr də, sevdiyi kişi hər zaman hərlənib-fırlanıb axırda onun yanına qayıdır. Adiləşməyən, baxımlı, əlçatmaz, şirin, maraqlı, duyğulu qadın olur dolça bürcündə doğulan qadınlar. Çoxları onlara həsəd aparır.

- Sevgini nə bitirə bilər?

- Biganəlik və xəyanət. Sevdiyin insandan bir dəfə, iki dəfə biganəlik görürsən, axırda bezirsən. Bir də ortada düzlük olmalıdır. Əgər iki insanın münasibətində dürüstlük yoxdursa, o münasibətin sonu olmayacaq. Səmimiyyət mütləqdir. Dolça bürcünün insanlarında bu səmimiyyət çox güclüdür. Buna görə də hər zaman qarşı cinsdən səmimiyyət umurlar.

- Amma alimlər sevginin müəyyən zaman daxilində bitdiyini deyirlər. Güya, sevgi üç il, beş il sonra başa çatır…

- Yalan söhbətdir. Sevgi izah olunmayan və elmi kəşflərə sığışmayan bir duyğudur. İnsanın öz anasına, atasına, doğmasına olan hissi bitə bilər? Yox! Hətta dünyasını dəyişəndən sonra belə, ata-anası üçün burnunun ucu göynəyir. Alimlər o qədər robatlaşıb ki, sevgiyə də belə yanaşırlar. Hisslər necə tükənə bilər axı? Mən razıyam, ehtiras bitə bilər, amma sevgi yox. Ehtirasın da sevgiylə heç bir əlaqəsi yoxdur. Sevməsən xəyanət eləmək də çətin deyil. Sevəndə bir baxışı da özün üçün xəyanət hesab edirsən. Düşünürsən ki, filankəsə ehtirasla baxdım, aman, sevdiyimə xəyanət elədim. Əsil sevən və sevilən qadın xəyanət etməz. Belə bir bayatı da var:

Əzizim baxtı yarım,

Baxtımın taxtı yarım,

Üzündə göz izi var,

Sənə kim baxdı yarım?

Görün nə gözəldir, yəni bir yad baxışa da yarını qısqanır…

- Nədənsə, Azərbaycanda yalnız qadının xəyanəti xəyanət sayılır. Kişilər bu məsələdə “aydan arı, sudan durudurlar”. Bəs sevən kişi necə, xəyanət etməlidirmi?

- Kişi xəyanət edir, amma bu xəyanəti sevərək etmir. Kişilər gözünün qurudunu öldürmək üçün xəyanət edir. Axırda liman sən olursan. Hansı qadının yanına getsə də, yenə də yanına qayıdır.

- Mənə çox maraqlıdır, xobbiniz, əyləncəniz varmı?

- Kişi əyləncələrini çox sevirəm. Ova getməyi, ov etməyi xoşlayıram. Bir dəfə ovda dərəyə necə yıxıldımsa, iki ay ayağım gipsdə qaldı. Ondan sonra ovla sağollaşmışam. Amma ovu çox sevirəm. Deyilənə görə, silahla da yaxşı davranıram.

- Özünüzü dəbi diktə edən xanım sayırsınızmı?

- Dəbi sevirəm, izləyirəm, amma tamamən dəbin əsirinə çevrilmirəm. Mənə nə yaraşırsa, onu da geyinirəm. Bu dəbdədir deyib, nə gəldi geiynmirəm.

- Kimin zövqü ilə hesablaşırsınız?

- Yalnız özümün. Çünki bilirəm mənə nə yaraşır.

- Eifrdə olduğunuzdan kilolu görünürsünüz. Maraqlıdır, bəzən xanım bir qədər kilolu olur, amma bu ona çox yaraşsa da, arıqlamaq istəyir. Niyə?

- Mənə də deyirlər ki, belə yaraşır. Əslində kilolu da deyiləm. Sadəcə mənim sümüyüm iridir. İdmanla çox məşğul oluram və idmanı atan kimi kilo alıram, idmana başlayan kimi çəki atıram. Hər halda, kilo atmaq uğrunda mübarizəm davam edir, amma hələ ki, nəticə əldə edə bilmirəm.

- Elə bir qida varmı ki, onu menyunuzdan çıxarmısınız?

- Yox. Əslində mən şirniyyatı çox xoşlayıram və yeyirəm də.

- Mətbəxlə aranız necədir?

- Deyim ki, hər şeyi mükəmməl bacarıram, yalan olar. Amma son üç-dörd ildə öyrənmişəm. Amma ürəyim istəyəndə mətbəxdə olmağı xoşlayıram.

- Nəyə düşkün xanımsınız?

- Yeni çıxan telefonları çox sevirəm. Ən yeni çıxan telefon modeli birinci məndə olmalıdır. Ümumiyyətlə, yeni texnologiyanın məhsullarını - televizor, kameranın vurğunuyam.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm