• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Leylini qadın bilib ona çiçək göndərənlər vardı - FOTO

Leylini qadın bilib ona çiçək göndərənlər vardı - FOTO

“Leyli və Məcnun” operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı “Leyli” rolunda “Miri” kimi qeyd olunub. Sonralar isə o, Ağdamski soyadını götürüb.

Şərq aləminin ilk operası olan “Leyli və Məcnun” operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi...

Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı olub. Elə Üzeyir bəyin istəyi ilə Əhməd bəy Leylini oynamağa başlayıb...

Bu gün səhnəmizin ilk Leylisi - opera sənətçisi Əhməd Ağdamskinin doğum günüdür.

O vaxtlar Azərbaycan səhnəsində qadın aktrisaların olmadığı bir dönəmdə kişi sənətçilərimiz səhnəyə çıxıb, onları əvəzləyirdilər.

Əhməd Ağdamski milli operamızda ilk Leyli obrazının ifaçısı kimi yadda qalıb. Aktyor rolunun öhdəsindən o qədər məharətlə gəlib ki, həmin dövrun məşhur mətbu orqanı olan “Kaspi” qəzetində onun barəsində yazılıb:

“Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar”.

Ağdamskinin çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə, Ağdamski inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınıb. O, qadın rollarını elə artistlik məharəti ilə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi...

O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxıb.

Əhməd Ağdamski 1884-cü il yanvarın 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatra böyük maraq göstərib. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını nümayiş etdirib. 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb.

Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və Xurşudbanu”da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşüb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR