Şinyonu düşən müğənni və ya nağayracuğaaa? - HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Şinyonu düşən müğənni və ya nağayracuğaaa? - HƏFTƏBECƏR

Təxminən bir həftə iş olmasa da, bunun bizim “Həftəbecər”ə dəxli yoxdur. Çünki iş günləri olmasa da, işsizlik deyildi. Xüsusən də sənət və şou-biznes aləmində.

Bəyanat verənlər də var idi, cəzaçəkmə müəssisəsində konsert proqramı ilə çıxış edən də, ərə gedən də, maşın alan da. Bəri başdan deyim biləsiniz ki, yazının sonunda sizə beş gün ərzində sosial şəbəkələrdəki müşahidələrimi də təqdim edəcəyəm...

Xalq artisti İlhamə Quliyeva növbəti dəfə çox sərt danışıb. Deyib ki, at üstündə bir nəfər oturar. O da Koroğlu. Koroğlu da kim olar sizcə? Oxuyun:
“Koroğlu isə mənəm. Atımın üstündə oturmuşam. O at üstə oturmaq istəyənlərə mən “kor kişinin övladı” deyirəm. Onlar mənim qarşımda belə bir şərəfə layiq deyillər. Qabağımda heç kim at oynada bilməz, yerlərini bilsinlər”.

İlhamə xanım çıxışının növbəti hissəsində özlərini nömrələyən sənət adamlarına da ismarış yollayıb. Deyib ki, bu şou-biznesdə nömrə bir ondan sonra gəlir. Dəqiq bilmirəm, bu ismarış kimə idi, amma bildiyim odur ki, şou-biznesdə özünü nömrələməyən çox az adam var. Hələ kateqoriyaları demirəm. İlhamə Quliyevadan sitat:

“Deyirlər, hamı İlhamə Quliyevadan qorxur. Xeyr, sadəcə, mənə hörmət edirlər. Efirdən mənfi mesaj göndərəndə müğənnilərin çoxu özünü sığortalayır, mənə zəng edirlər. Deyirlər, yuxuda görmüşdük, siz kraliçasınız, baş tacısınız. Mən gözəl xanımam, çirkin deyiləm. Mənə baxanda insanlar yaşamaq istəyirlər. Ona görə də yaşayıram və yaşadıram”.

Quliyeva ən sonda çox vacib bir məqama toxunub. Deyib ki, bir dəfə ticarət mərkəzində bir müğənnini başqasının həyat yoldaşı ilə görüb. Onu orada döyüblər, sürüyüblər, axırda qadının başındakı şinyon dözməyib və özünü yerə atıb. Sonuncu cümləni isə bu çıxışın pik nöqtəsi adlandırmaq olar. Diqqətlə oxuyaq:

“Başqasının yoldaşı ilə gəzən döyülər də, söyülər də”.

Bu məntiqlə şou-biznes aləmindəki qadınların doxsan faizini bir otağa, əgər otağa sığışmasalar, bir idman zalına doldurub döymək, söymək lazımdır...

Yəqin ki, qohum-əqrəbanızdan, dost-tanışdan çoxları olub ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovu öz xeyir işlərində görmək istəyiblər. Amma əksəriyyət bilir ki, bu cütlük belə məclislərə getmir və ancaq ildə iki dəfə verdikləri konsertlə kifayətlənir. Şəxsi qənaətimdir ki, əsl sənətkar xalqa nə qədər yaxın olmalı olsa da, elə məhz toyxana bəzi hallarda sənətkarı ucuzlaşdırır. Məsələn, Zeynəb Xanlarovanı digər həmkarlarından həmişə bu cəhəti fərqləndirib. Halbuki zamanında qeyri-rəsmi milyonçular bu xanımın onların şad günündə iştirakı üçün varidatlarının yarısından belə keçməyə hazır idilər. Amma nə qədər sevilən sənətkar olsan da, toylarda neqativ hallar qaçılmazdır. Elə “Bu şəhərdə” komandasının prodüseri MüşfiqAbbasov da bu barədə danışıb:

“Müğənni şou-proqrama gedir, mahnı oxuyur. Bu, əladır, ona uyğundur. Amma şou-proqrama getmək bizim janrımıza uymur, olmaz. Gedib çıxış edəcəyik, kimsə orada oturub “rumka-rumkaya” vuracaq, çəngəl-bıçaq səsi aləmi götürəcək... Hələ 200 qram içdikdən sonra sifarişlər verməyə başlayırlar. Elə bil müğənni kimi mini-disk qoyacağıq. Başa düşmürlər ki, bu, səhnəcikdir. Bu cür halları həmkarlarımızın çıxışı zamanı çox görmüşük. Ona görə də heç vaxt dəvətləri qəbul etmirik”.

Doğrudur, əvvəldə qeyd etdim ki, sənətkar bacardıqca toyxanadan uzaq olmalıdır. Amma ortada başqa bir nüans da var. Deməli, biz özümüzü apara bilmədiyimiz üçün bəzən sənətkarları məclislərimizdə görməkdən məhrum oluruq.

Müşfiq bəy “Instagram” “xəstəsi” olan gənc müğənni Günay İbrahimli barədə də danışıb:

“Müğənnilər arasında “Instagram”dan istifadə çox yayılıb. Amma Günay İbrahimli xəstədir. Onun müalicəyə ehtiyacı var. Onunla Moskvaya gedəndə gördüm. Qız hara gedir, nə edir, çəkib paylaşır. Onun şəkillərini yan-yana qoyanda gün ərzində nə etdiyini bilmək olur: hara getdi, nə geyindi, nə yedi...”

Kamran Həsənli isə bütün məsələləri həll edib və indi də başlayıb milli mətbəximizdən danışmağa. Deyib ki, Azərbaycan mətbəxini sevmir. Çünki bizdə yağlı, quru yeməklər çoxdur, masaya çörəyi çox qoyuruq. Bütün dünyada bizim stoldakı çörəyə baxanda dəhşətə gəlirlər. Bizdə duru yemək yoxdur:

“Kimsə məni qınaya bilər ki, düşbərəmiz var. Yox, o, xəmir xörəyidir. Mən sulu yeməkləri olan mətbəxi xoşlayıram. Çörək az yeyilməlidir. İnsan masadan doymadan durmalıdır. Çörəyi doyunca yesən, bir müddət sonra orqanizm məhv olacaq. Siqnal beyinə bir az gec çatır. Biz yeməyi partlayana qədər yeyir, hələ sonda qabın dibindəki yağa da çörək batırırıq. Belə olmaz”.

Əgər bu yaxınlarda Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovu işdən çıxarsalar, heç də təəccüblənmərəm. Çünki doğrudan da, Tahir müəllim son zamanlar mətbuatda az-az görünür, məsləhətlər vermir. Kamran Həsənlidən fərqli olaraq... Düşünməyin ki, bütün bunları kinayə ilə yazıram. Əsla. Doğrudan da, Kamran bəyin dedikləri həqiqətdir. Tahir Əmiraslanovu isə ancaq yağın-filanın reklamında görə bilirik. Kulinariya Mərkəzinə rəhbərlik edən şəxs mütəmadi çıxışlar etməli, xalqı maarifləndirməli, nəyin yeməli, nəyin yeməməli olduğunu açıqlamalıdır.

Bilmirəm, bu xanımın bəxtindəndir, yoxsa özü qəsdən belə edir. Harada bir əndrəbadi, xoşagəlməz, hadisə baş verirsə, teleməkanda müzakirəsində mütləq onun adı hallanır. Mətanət Əliverdiyevanı nəzərdə tuturam. Yox, bu dəfə şpaqat açmayıb. Bu dəfə onun aparıcısı olduğu “Gündəlik” verilişində xarici müğənnilərdən biri özünə yer tapa bilməyib. Ha fikirləşib, fikirləşib, axırda gəlib oturub verilişin digər qonağı, teleaparıcı Samir Bayramlının qucağında. O vaxt dədəmə dedim ki, imkan ver, gedim televiziyada işləyim. Dedi yox e, elə qəzetdə yaz-poz, beş-on manatını qazan. Yoxsa indi hansısa sayt jurnalisti bu cümlələri mənim barəmdə yazırdı...

Biz çörəkverən xalqıq. Baxmayaraq ki, içimizdə işverənlər, torbatikənlər, cibə və girilməsi qadağan olan bir çox yerlərə girənlər var. Amma doğrudan da, əgər bizim 20-25 yaşlı aşığımız “Lexus” alıb sürə bilirsə, hələ bir həmin maşının fotosunu sosial şəbəkədə paylaşırsa, deməli, salamatçılıqdır. Camaat onun kasıbçılıqdan danışdığını deyirsə, şəxsən mən buna da inanmıram. Aşıq Zülfiyyənin oğlu Babəki deyirəm. Təzəlikcə ailə həyatı quran Babək bu dəfə avtomobilini təzələyib...

Bayram günlərində məndə belə bir təəssürat yarandı ki, Azərbaycanda ciddi müğənni qıtlığı var. Hətta bu qıtlıq böhran həddindədir. Çünki hansı kanala baxırdınsa, Nadir Qafarzadə oxuyurdu. Elə ona görə də bayramı rus kanallarında nümayiş olunan cizgi filmləri ilə yola verdik. Amma indi baxıram ki, Nadir Qafarzadə bayramda təkcə oxumaqla kifayətlənməyib, səmimi etiraflar da edibmiş:
“Bir-iki dəfə olub ki, falçı yanına getmişəm. Falçının işi-peşəsi söz deyib pul almaqdır. Daha məni heç nə təəccübləndirə bilməz.

Mən falçı yanına getsəydim, indi haralarda olardım. Vaxtilə getmişəm, indi getmirəm. Çünki pulumu alıb aldadıblar”.

Sitatı diqqətlə oxudunuz? Deyir ki, falçı yanına getsəydim, indi haralarda olardım. Aydındır?..

Aygün Kazımova isə köhnə-təzə prodüseri Toliklə yenidən işbirliyinə başlayıb. Bu barədə Tolik məlumat verib. Deyib ki, Kazımovayla işləməyimin Elton Hüseynəliyevlə işbirliyinə dəxli olmayacaq:

“Bu da bizim Aygün Kazımovayla sizə deyəcəyimiz xəbər. Bu gündən Aygün xanımla işbirliyinə başlayırıq. Elton həmişə mənimlədir, bu il bizim ildir. Məni tanıyanlar bilir, boş-boşuna danışmıram. Əgər deyirəmsə, eləyirəm, ona görə gözləyin. Yeni işlər, yeni layihələr, konsertlər və sairə"...

Rəqsanə tənqid etdiyim sənətçilərin “onluğ”unda Elza Seyidcahandan sonra ikinci yerdədir. Hətta bəzi həftələrdə həmin onluqda ilk pilləni də əldə saxladığı olub. Amma onun bayram günü yeniyetmələrin cəzaçəkmə müəssisəsində konsert verməsi əksər həmkarlarına nümunə idi. Afərin! Rəqsanə xanım, elə ona görə “tapıçka”da olan fotonuzu sayta vermədim də. Elə bilirsiniz məhkəmədən qorxduğuma görə bu barədə heç nə yazmadım? Bilirəm ki, əyninizdə yalnız və yalnız “tapıçka” olan fotonuzu sizi istəməyənlər mənə göndəriblər. Narahat olmayın, sayta verməyəcəyəm, amma xidməti zərurət səbəbindən özüm bir neçə dəfə baxmışam...

Günel Hümbətova var idi ha, aparıcı. Yadınıza düşmədi? İcazənizlə xatırladım. “Maşın şou”nun sonuncu buraxılışında açıq-saçıq paltarlar geyinirdi, Roza Zərgərliylə söz güləşdirirdi. Hə, bax o qız bu günlərdə Amerikada ailə həyatı qurub. Özü də Las-Veqasda. Bu xəbəri onun pərəstişkarlarına çatdırmaq nə qədər ağır olsa da, Günel artıq seçimini edib. Deyib ki, birdəfəlik efirdən gedirəm. Nağayracuğaa?..

Səməd Səmədov isə üstüörtülü şəkildə deyib ki, yaşı 68 olsa da, hələ də özünü qoca hiss etmir:

“Nəvəm Amerikada dünyaya gəldi. Buna görə də həyat yoldaşımı bir aylığa Amerikaya göndərdim. Özüm də burada bir ay subay yaşadım. İstədiyim kimi yedim-içdim, bir sözlə, kef elədim.

Amma o qayıtdıqdan sonra bir daha əmin oldum ki, həyat yoldaşı başqadır. Hər bir evə xanım gərəkdir”.

Səməd müəllim, nəvələriniz çox olsun, xanımınız da tez-tez Amerikaya getsin. Siz də yeyin, için, kef eləyin...

İndi isə əvvəldə söz verdiyim kimi, müşahidələrim barədə bir neçə kəlmə. Bayram günlərində sosial şəbəkələr, xüsusən də “Facebook” böyük bir mətbəxi xatırladırdı. Kim nə yedi, nə içdi, ağzını nəylə sildi, nəylə “zakuska” elədi... hamısı “Facebook”da idi. Ötən illə müqayisədə məni məyus edən bir məqam var idi. Bu il Şahdağa gedənlərin sayı xeyli azalıb. Bu, həm daxili turizm baxımından xoşagələn hal deyil, həm də görünür, camaat bir balaca kasıblayıb. Yoxsa qalstuklu daydaylar, “kabluk”lu qızlar, telli qaqalar bizi Şahdağ gözəlliklərini görməkdən məhrum etməzdilər. Etiraf edim ki, mən də bir şəkil paylaşmışdım. Sizcə, nə?..

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm