Gələn ay Dövlət Proqramının təqdimatı keçiriləcək
Bizi izləyin

Tabloid.az

Gələn ay Dövlət Proqramının təqdimatı keçiriləcək

Bu gün "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə "Daşınmaz tarix v

Bu gün "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrasına həsr olunmuş müşavirə keçirilib.

Dövlət Proqramı Azərbaycan Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, Tikilən obyektlərin birləşmiş müdiriyyətinin baş mühəndisi Zöhrab Pirimov, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və digər aidiyyəti şəxslər iştirak ediblər.

Ə.Qarayev proqramda əksini tapan müddəaların icrası ilə maraqlanıb, görüləcək işlər barədə tövsiyələrini verib. Qeyd olunub ki, fevral ayının sonuna qədər nazirliyin Mədəni irs şöbəsi və "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu bu istiqamətdə öz təkliflərini hazırlayıb təqdim edəcək. Martın əvvəllərində isə Dövlət Proqramının təqdimatı keçiriləcək.

İclasda müzakirə edilən məsələlərdən biri də tarixi abidələrin pasportlaşdırılması olub. Bu məsələ Dövlət Proqramında əksini tapıb. Ölkəmizdə ilk dəfə beynəlxalq standartlara uyğun olaraq tarixi abidələrin pasportları Azərbaycan dilində hazırlanır. Sovet dövründə 1000-ə yaxın abidənin pasportu rus dilində tərtib edilib. Hazırda 64 abidənin pasportu tam hazırdır, 34 abidə ilə bağlı iş davam edir. Pasport iki hissədən ibarət olacaq. Birinci hissədə abidənin yerləşdiyi ərazi, coğrafi koordinatları və aparılan bərpa işləri haqqında məlumat veriləcək. İkinci hissəsi qeydiyyat vərəqindən ibarət olacaq. Burada Azərbaycan, ingilis və rus dillərində abidənin tarixi, bərpası haqqında məlumat veriləcək. Pasport məlumatları Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdiriləcək.

Pasportlaşma ilə bağlı məlumatları dinləyən nazir bu istiqamətdə müvafiq tapşırıqlar verib.

Toplantıda "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi də müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm