• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Stalinin, Rəşid Behbudovun və… Əliağa Vahidin sevdiyi qadın - FOTOLAR

Stalinin, Rəşid Behbudovun və… Əliağa Vahidin sevdiyi qadın - FOTOLAR

Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Əfsanəvi aktrisa 1920-ci ilin bu günündə Bakıda dünyaya gəlib.

Əslən Şəmkirdən olan Bədirbəylinın atası Ağalar kişi polkovnik olub. Ehtiyata buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.

Leylanın uşaqlıq illəri İçərişəhərdə keçib. Sənətə gəlməyində isə anası Bikə xanımın rolu böyükdür.

Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedir, böyük qızı Leylanı da özüylə aparırmış. Elə buna görə də Leyla Bədirbəyli səhnəyə ilk dəfə Dövlət Filarmoniyasında rəqqasə kimi çıxır. Elə ilk ailəsini də 16 yaşında həmkarı Fərəc Cavanşirovla qurur. Bir il sonra isə oğul anası olur.

Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Bədirbəyli 1941-ci ildə 21 yaşında “Azdrama”ya dəvət olunur. Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəyovun böyük rolu olur. Amma bütün bunlar Leyla xanımın ilk evliliyindən sonraya təsadüf edir.

Leyla Bədirbəylini geniş tamaşaçı auditoriyasına tanıtdıran isə “Arşın mal alan” filmi olur. Rza Təhmasib filmi çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Dahi Üzeyir Hacıbəyovun tövsiyyəsi ilə Leyla Bədirbəyli Gülçöhrə roluna təsdiq olunur. Hətta bəzən belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu bildirirlər. Amma istənilən halda, məhz Gülçöhrə rolu Leyla xanımın daha geniş tamaşaçı auditoriyasına tanınmağında böyük rol oynayır. Qeyd edək ki, Leyla xanımın adı bir çox məşhurlarla, o cümlədən Rəşid Behbudov, Əliağa Vahid və İosif Stalinlə də çəkilib.

Aktrisanın ömrünün son illəri isə çox çətin və iztirablı keçir. Əvvəlcə ikinci həyat yoldaşı Kamil Aslanov Ukraynada ağır qəzaya uğrayır və dünyasını dəyişir. Cəmi bir il sonra isə qızı Laləni Bakıda maşın vurur və o da vəfat edir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli günbəgün gözəlliyini itirməyə başlayır. Ardınca isə əsəb xəstəliyinə tutulur. “Azərbaycan gözəli” adlandırılan qadın qısa müddət ərzində elə tanınmaz hala düşür ki, heç kimin onu bu halda görməsini istəmir və heç kimlə görüşmək istəmir.

Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona “İstiqlal” ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR