• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Aktyor: “Həyatda yaxşı adam rolunu oynamaqdan zəhləm gedir”

Aktyor: “Həyatda yaxşı adam rolunu oynamaqdan zəhləm gedir”

“Caniklər ardımca...”... Artıq şərhə ehtiyac yoxdur. Teatrdan azacıq anlayanlar göydə tutdular ki, söhbət sevilən aktyor İlham Namiq Kamaldan gedir.

Bəli, bu gün səhnəmizdə və kinoda saysız-hesabsız obrazlar yaradan aktyorun, xalq artistinin ad günüdür. Sevilən sənətkarımızı doğum günü münasibətilə təbrik etməzdən öncə “Youtube”-də onun oynadığı rolları və gülüş dolu səhnəcikləri nəzərdən keçirdim.

“Əhsən o günə, mən bu qoca arvadı aldım,

Çəkdim onun nazını, öz qayğıma qaldım,

Pis gözdən uzaq, boynuma gözmuncuğu saldım,

Eşqim coşub, arvad, olub Əsli-Kərəməm mən…

Arvad sarıdan, ay kişilər, bəxtəvərəm mən”.

Aktyorun ifasında təbəssüm dolu parodiyalarını seyr etdim. Eyni pozitiv əhvali-ruhiyyə ilə xalq artisti ilə əlaqə saxladıq.

Aktyor doğum günü təəssüratlarını Publika.az-la bölüşdü.

- Ad gününüzü hansı əhvali-ruhiyyə ilə qarşılayırsınız? Görün ayağınız necə ruzuludur ki, qar da yağır…

- Elə buna görə də əhvali-ruhiyyəm çox yüksəkdir. Mən həmişə fikir vermişəm, yanvarın 9-da qar yağır. Təki qar yağsın, çünki qar həm də məmləkətin sağlamlığı deməkdir. Qar yağan kimi epidemiyalar ölür və insanlara sağlam ruh gəlir, bundan gözəl nə ola bilər? Xəstə insanın əhvali-ruhiyyəsi də yaxşı olmur. Qar isə sevinc gətirir.

- Qar həm də özü ilə sürprizlər gətirir…

- Sağlamlıq elə ən gözəl sürprizdir. Ad günümdə özümlə birgə sürprizlər də gətirirəm. (gülür)

- Bəzi adamlar var ki, doğum gününü adi, bəziləri də qeyri-adi gün kimi qeyd edir. Bəs siz necə, ad gününüzü bayrama çevirməyi xoşlayırsınız?

- Allahın mənə qismət etdiyi bütün günləri bir-birindən fərqləndirmirəm, hər günümü gözəl qarşılayıram. Bu günü də, hər zaman olduğu kimi, adi və gözəl günlərdən biri kimi yaşayıram.

- Sirr deyilsə, gününüzü necə planlaşdırmısınız?

- İndi bu qarlı havada sevinə-sevinə işə gedirəm, dərs dediyim Mədəniyyət və İncəsənət Universitetində imtahanım var, tələbələr məni gözləyir.

- Bəs ad gününuzü qeyd etməyəcəksiniz?

- Axşam ailəm, uşaqlarımla yığışıb qeyd edəcəyik.

- İlk təbriki kimdən aldınız?

- Səhər saat yeddidən artıq təbrik axını başlayıb. Mən axı şamaxılıyam, durmadan Şamaxının Sarıtorpaq məhəlləsindən telefon zəngləri, təbriklər alıram. Mesajların sayı-hesabı yoxdur. Allah bilir, “Facebook” səhifəm də təbriklərdən dolub-daşır.

- Bəs ilk hədiyyəni kimdən aldınız, ya hələ də gözləyirsiniz?

- Onu deməzlər.(gülür)

- Ümumiyyətlə, hədiyyə sevənsiniz?

- Nədir, olmaya, mənə hədiyyə vermək fikrindəsən?..

- Hələ bilim görüm, nə xoşlayırsınız…

- Hədiyyə vermək fikrin varsa, deyim...

- Əslində, siz bizə o qədər gözəl rollar hədiyyə etmisiniz ki, onun qarşılığında sizə nə hədiyyə etsək, kiçik görünəcək…

- Çox sağ olun.

- Hansı yaşınızı daha çox sevmisiniz?

- Bütün yaşılarımı sevmişəm, bir yaşımdan ta bu yaşıma qədər. Elə bir yaşımdan özümlə söhbət edirəm, danışıb-gülürük.

- Elə bir adam varmı ki, ad gününüzdə onu yanınızda görmək istəyirsiniz?

- Allah kimi qiymət edibsə, hamısı yanımdadır.

- Elə bir obraz olubmu ki, oynamaq istəmisiniz, amma qismət olmayıb, içinizdə nisgil kimi qalıb?..

- Məni bütün istədiym rollarla təmin ediblər, oynamışam, istər teatrda, istərsə də kinoda. Ən gözəl rollarda çıxış etmişəm. Belə də ki, mən niyə hansısa rolun həsrətini çəkməliyəm, o obraz arzulasın ki, kaş məni İlham oynasın.

- Özünüzdə ən çox bəyəndiyiniz xüsusiyyət hansıdır?

- Dostlarım da, məni tanıyanlar da bilir ki, sözü üzə deyənəm. Həyatda yaxşı adam rolunu oynamaqdan zəhləm gedir.

- Bəs silib atmaq istədiyiniz xüsusiyyətiniz hansıdır?

- Heç biri. Niyə silim atım ki? Hər bir adam özünü müqəddəs sayır və təbii ki, özündə bir qüsur da görmür. Mən də eləyəm.

- Yaxşı, bəs cəmiyyətdə, insanlarda sizi ən çox qıcıqlandıran nədir?

- Yalan, ikiüzlülük, sədaqətsizlik. Birmənalı şəkildə insanlardan yalan, riyakarlıq görəndə qıcıqlanıram. Dürüstlüyü çox sevirəm və belə insanları dəyərləndirirəm.

- Yaşınız üstə yaş gəlsə də, maşallah, həmişəcavan aktyorumuzsunuz…

- Məncə, bu məqamda “maşallah” deməyimiz yetər.

- Gözdən-nəzərdən qorxmursunuz ki?

- Əsrlərdən bəri əcdadlarımız bədnəzərdən qorxublar. Əgər onlar göz-nəzərin olduğunu qəbul edibsə, deməli, bədnəzər var.

- Bəs bundan necə qorunursunuz?

- Heç vaxt qorunmağa çalışmamışam. Məni qoruyan yuxarıdakıdır – Allah. İnsanın özü-özünü qoruması ilə iş bitmir, gərək adamı Allah qorusun.

- Arzularınızı bilmək maraqlı olardı, Allahdan özünüzə nə arzulayırsınız?

- Yalnız sağlamlıq. Cansağlığı olan yerdə hər şey düzəlir.

- Bəs yaradıcılıqda?

- Artıq teatrlarda islahatlar aparılır, yeniliklər var. İstəyirəm ki, keçmiş bünövrəni qoruyub saxlamaq şərti ilə yeni islahatlar aparılsın. Çünki teatrımızın gözəl bünövrəsi olub.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR