• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Barat Şəkinskayanı acar knyazı ilə nə bağlayırdı? – FOTOLAR

Barat Şəkinskayanı acar knyazı ilə nə bağlayırdı? – FOTOLAR

Beynəlxaq Mətbuat Mərkəzində əfsanəvi aktrisa, xalq artisti Barat Şəkinskayanın yüzilliyinə həsr olunmuş “Bərəkətli ömür” adlı xatirə gecəsi keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Milli Mədəniyyətin Təbliği” ictimai birliyinin sədri, təşkilatçı Jalə Cəfərova aktrisanın keçdiyi ömür yolundan, oynadığı obrazlardan danışıb. Bildirib ki, Barat xanım hələ 1937-ci ildə sovet hökumətinin sənətkarlara qarşı apardığı repressiyalar zamanı bir neçə həmkarının həyatını xilas edib:

“Halbuki həmkarlarını müdafiə etdiyi üçün onun özünü zindana ata, işgəncələr verə bilərdilər... Hələ sağlığında onun haqqında bir neçə kitab yazılmışdı. Özünün üstü bozarmış bir dəftərçəsi var idi. Sonradan həmin dəftərçədəki xatirə qeydlərini kitab şəklində nəşr etdirdi. Ancaq təəssüf ki, kitabda onun dəftərçəyə qeyd etdiklərinin hamısı əksini tapmadı. Bunun da bəlli səbəbləri vardı”.

Tanınmış teatr rejissoru, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət isə bildirib ki, B.Şəkinskaya yetərincə ağrı-acılı həyat yaşasa da, bütün çətinliklərə sinə gərməyi bacarıb. “Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Barat xanımın yüzilliyində onun barəsində xatirələrimi bölüşəcəyəm” deyən rejissor əfsanəvi aktrisanı özünə ana bildiyini söyləyib:

“Onun oğlu Elçin Məmmədovla dost idik. Elçin məndən bir yaş böyük idi. Allah həm Barat xanıma, həm də Elçinə rəhmət eləsin... Uşaqlıqda bəstəkar Mobil Babayev də bizimlə qonşuluqda yaşayırdı və tez-tez mənim üstümə cumurdu, dalaşırdıq. Zəif olduğuma görə Elçin həmişə məni müdafiə edirdi. Yəni, Barat xanımın ailəsi ilə belə yaxın idik. Barat xanım həmişə səhnəmizin ən gözəl xanımı olub. O qədər yaxın idik ki, sirlərimi bir anama, bir də Barat xanıma danışırdım. Divanda oturub saatlarla məni dinləyirdi. Halbuki hər adamı dinləməyi xoşlamırdı”.

Azərpaşa Nemət B.Şəkinskayanı güclü yaddaşa və mütaliəyə malik aktrisa kimi səciyyələndirib. Qeyd edib ki, aktrisa ara-sıra Tofiq Fikrət və Hüseyn Caviddən parçalar səsləndirərmiş:

“Hüseyn Cavid həm mənim atamın, həm də Barat xanımın müəllimi olub. 1937-ci ildə baş verənləri gözləri ilə görüb”.

Rejissor aktrisanın rəfiqəlik etdiyi məşhur xanımlar barədə də danışıb:

“Leyla Bədirbəyli, Şövkət Ələkbərova və Barat xanım çox yaxın rəfiqə idilər. Tez-tez görüşür, bir-birinin evinə gedib-gəlirdilər. Bir dəfə məni də dəvət etdilər. Əvvəlcə, onlarla ünsiyyətdən sıxılırdım. Amma sonradan bu sıxıntı böyük zövqə çevrildi. Harasa gedəndə mənə zəng edirdi ki, gəl, məni apar. Oğlu kimi ərk edirdi. Zarafatla deyirdim ki, niyə Elçinə demirsiniz, onda “QAZ 24”dür, daha geniş və rahatdır, məndə isə “Jiquli”. Deyirdi ki, sən üzüyolasan, Elçin isə çılğındır. Çox gözəl əl qabiliyyəti var idi. Onun bişirdiyi plovdan da yemişəm. Bir də qarabağlılarda qara xəngəl olur. O xəngəli qara undan hazırlayırlar. Barat xanım çox gözəl qara xəngəl bişirirdi”.

Azərpaşa Nemət qeyd edib ki, hər kəsin öz Barat Şəkinskayası var. Kimsə onu filmlərdəki, tamaşalardakı obrazlarına, bir çoxları isə real həyatdakı xarakterinə görə sevirdi:
“Onu sevməmək mümkün deyildi. Çünki çox qayğıkeş, qonaqpərvər xanım idi. Hər dərd-sərini ona deyib, məsləhət ala bilərdin”.

Tanınmış aktyor, xalq artisti Hacı İsmayılov isə aktrisanı Tanrının Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə verdiyi ən şirin nağıl adlandırıb:

“Bizim hamımızı bu tədbirə yığan bir sənətin sirridir, bir möcüzədir. Barat Şəkinskaya Tanrının Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə verdiyi ən şirin bir nağıldır. Təsadüfi deyil ki, bizim Teatr Xadimləri İttifaqının buraxdığı, Barat xanıma həsr olunmuş audiodiskin adı da “Şirin nağıl”dır. Barat xanım deyəndə insanın gözləri önünə gözəllik, incəlik, xanımlıq, təkrarolunmaz obraz gəlir. Təəssüf ki, bəzən gözəl sənətkarlarımızın hansı nəsildən olduğunu bilmirik. Mən də cavan olanda elə bilirdim Barat xanım bizim Şəkidəndir. Çoxları da mənim kimi düşünürdü. Barat xanım İbrahim xanın nəslindəndir. İbrahim xanın xanımlarından biri acar knyazı Abaşidzenin bacısı olub. İbrahim xan Zəngəzur mahalının Şəki kəndini onlara bəxş etmişdi. Ona görə də bu nəsildən olanların hamısının soyadı Şəkinskaya gedir. Barat xanım da bu nəslin nümayəndəsidir. Məncə, ad insanın taleyini həll edir. İnsanlar talelərini yox, tale insanları seçir. Barat, yəni "bərat "sözü ərəbcədən tərcümədə bədirlənmiş ay deməkdir. O paklıq və təmizlik rəmzidir. Ən gözəl bədirlənmiş ay isə şaban ayında olur. Çünki şaban ayında Həzrəti Məhəmmədə “Quran” nazil olub, həmin ayda onun qızı Fatimənin toyu olub, 12-ci imam Mehdi Sahib Əz Zaman dünyaya gəlib. Barat xanım da məhz belə bir gündə dünyaya gəldiyi üçün həyatı da gözəl olub”.

Hacı İsmayılov Şəkinskayanın gəncliyində oynadığı rollarını görmədiyi üçün təəssüfləndiyini dilə gətirib. Xalq artisti əlavə edib ki, buna baxmayaraq, o, aktrisanın oynadığı bir neçə tamaşaya, o cümlədən “Nişanlı qız”, “Vaqif”, “Nazirin xanımı”na canlı baxmaq imkanı qazanıb. Hətta onunla eyni səhnəni də paylaşıb:

“Onun səsi adamı tərpədirdi. Azərbaycanda yeganə aktrisadır ki, dövlət radiosunda uşaqlar üçün uzun illər nağıllar danışıb. Neçə-neçə uşaq o nağıllara qulaq asa-asa böyüyüb. Mən 1970-ci ildə teatra gələndə “Nazirin xanımı” tamaşasını oynayırdı. Deməli, əri gedir, qayıdanda nazir kimi qayıdır. Orada Barat xanım deyir ki, ərim evdən çıxanda dılğırın biri idi, indi nazir kimi qayıdır. Mənim nazir ərim.... Çoxu elə bilir ki, Barat xanım o roldan sonra teatrdan gedib. Bu, belə deyil. Çünki 1976-cı ildə Məmmədkamal Kazımov bizim teatrda Seyfəddin Dağlının “Kölgələr pıçıldaşır” tamaşasını qoydu. Mən o tamaşada Barat xanımla oynayırdım. Həmin tamaşada Barat xanımın teatrdakı sonuncu rolunu - idarənin xadiməsi Ayna xanımı oynayırdı. Bir neçə epizodda qarşılaşmışdıq”.

Hacı İsmayılov qırx il öncə Barat Şəkinskayanın ona verdiyi bir məsləhəti bu gün də xatırladığını və ona əməl etdiyini söyləyib:

“Həmin tamaşada Əliağa Ağayev də oynayırdı. Əliağa müəllim də zarafatcıl idi, həmişə mənimlə olduğu yerlərdə zarafat edirdi. Barat xanım bunu hiss etmişdi. Teatrda Tofiq Kazımovun kabinetinin yanından səhnəyə çıxış var idi. Orada dayanmışdıq. Birdən qayıtdı ki, oğlum, sən hələ cavansan, Əliağa Ağayevə baxma, o, sənətkardı. Sən hələ sənətkar deyilsən, səhnədə qeyri-ciddi olmaq olmaz, özünü bir az yığışdır. Bunu deyəndə, doğrudan da, mənə təsir etdi. Ondan sonra ehtiyat elədim və o sözlər indiyə kimi mənim yadımdadır. İndi də səhnəyə çıxanda çalışıram ki, zarafat etməyim”.

Xalq artisti Barat Şəkinskayanın teatrla yanaşı, Azərbaycan kinosuna verdiyi töhfələrdən də danışıb:
“Onun Azərbaycan teatrında verdiyi töhfələrlə yanaşı, Azərbaycan kinosunda da xidmətləri misilsizdir. Belə işlərin sayı çox olsa da, ikisini deyəcəyəm. 1955-ci ildə Tofiq Tağızadə “Görüş” filmini çəkib. Orada Barat xanım Şövkəti, Əliağa Ağayev isə Şıxəlini oynayıb. Yadınızdadırsa, evdə üç uşaq bir-biri ilə dava edə-edə “vermirəm, “vermirəm” deyir. O üç uşaqdan biri Əliağa Ağayevin qızı Gülçin Ağayeva, biri Barat xanımın oğlu Elçin Məmmədov, üçüncüsü isə rəhmətlik Ceyhun Mirzəyevdir. Allah həm Ceyhuna, həm Elçinə rəhmət etsin. Həmin film o qədər uğurlu oldu ki, bir il sonra Hüseyn Seyidzadə “O olmasın, bu olsun”u çəkəndə həm Barat xanımı, həm Əliağa Ağayevi dəvət etdi və gözəl tandem yaratdılar. Elə sənətkarlar var ki, səhnəyə gəlir, həyatını səhnədə keçirir. Bəziləri unudulur, bəziləri onilliklərlə yaşayır. Barat xanım o sənətkarlardandır ki, hələ də yaşayır və yaşayacaq”.

Ardınca rejissor Ağakişi Kazımov, xalq artistləri Rafiq Əzimov, Məleykə Əsədova, teatrşünas Məryəm Əlizadə çıxış edərək aktrisa barədə maraqlı faktlar səsləndiriblər. Tədbirin sonunda aktrisanın qızı Solmaz Şəkinskayaya “Milli Mədəniyyətin Təbliği” ictimai birliyi adından xatirə hədiyyəsi təqdim olunub. S.Şəkinskaya təşkilatçılara və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR