Əməkdar artisti həmkarları döymək istədilər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artisti həmkarları döymək istədilər – FOTOLAR

Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımovun “Gündəlik Teleqraf” qəzetinə müsahibəsi Akademik Milli Dram Teatrının aktyorlarının qəzəbinə səbəb olub.

Qəzetin redaksiyası ilə əlaqə saxlayan əməkdar artist Əli Nur bildirib ki, “Azdrama”nın gənc aktyorları Nicat Kazımovu döymək istəyirlər. Vəziyyətin yetərincə kritik olduğunu nəzərə alıb, Publika.az olaraq Əli Nurla görüşdük.

- Əli müəllim, əməkdar artist Nicat Kazımovun ”Gündəlik Teleqraf” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə etiraz olaraq redaksiyamızla əlaqə saxlamısınız. Etirazınız nə ilə bağlıdır?

- Bütün jurnalistlərə, mətbuat xadimlərinə tək bizim yox, hamının böyük hörməti var. Mətbuat və jurnalistlər dördüncü hakimiyyət sayılır. Onlar, həqiqətən, toxunulmazdır. Jurnalistika ən qaranlıq, kölgəli məqamlara şəffaflıq, aydınlıq gətirən bir peşədir. Ona görə biz sevinirik ki, jurnalistlərimiz dövlət xadimləriylə yanaşı, sənət adamlarıyla da yaxınlıq edirlər. Sənət adamlarına ən əziz insanlar sırasında jurnalistlər də var. Bu, sənətin ayrılmaz hissəsidir. Çünki mədəniyyət sahəsində baş verən hər bir hadisəni mətbuat işıqlandırır. O ki qaldı sualınıza, bu gün səhər (dünən – red.) işə gələndə gördüm ki, bizim cavan aktyorlar əsəbidirlər. Məşqə girmək istəyirdim. Soruşdum ki, nə olub, niyə əsəbisiniz? Dedilər ki, Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov bizim teatrın ünvanına belə nalayiq sözlər işlədib. Deyib ki, orada kişi yoxdur. Birincisi, Nicat Kazımov mənim tələbəm olub, dörd il ona dərs demişəm. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində oxuyub və səhnə danışığından tələbəm olub. Həmişə onu sakit, qabiliyyətli tələbə kimi görmüşəm. İkinci tərəfdən, o, Akademik Milli Dram Teatrına dəvət alıb. Akademik Milli Dram Teatrı bütün teatrların şahıdır, anasıdır. Bu, dünyada belə də qəbul olunur. Akademik, milli və dövlət adı teatra boş yerə verilmir.

- Bu yerdə xatırladım ki, Nicat Kazımov “Azdrama”da kişi yoxdur” deməyib. Deyir ki, arxamca danışanların kişiliyi çatmır.

- Kim onun haqqında danışır axı? Siz bilirsiniz ki, vaxtilə teatrımıza Aleksandr Tuqanov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi adamlar rəhbərlik edib, böyük bir aktyor nəsli yetişib. Onların yetişdirdiyi aktyor nəsli hər zaman seçilib. Məsələn, Mehdi Məmmədov Ədil İsgəndərov haqda maraqlı sözlər yazıb. Deyir, Ədil İsgəndərovun böyüklüyü ondandır ki, hər bağda olan ən ətirli çiçəyi dərib, “Azdrama”da buket bağlayıb... Əvvəl bu teatra seçilib gəlirdilər. Özü də həmin illərdə “Azdrama”ya başqa teatrdan rejissor gəlmirdi. Çünki hər teatrın öz rejissoru var idi. İndi gənc rejissorlara etimad göstərilir, bizim teatra dəvət olunurlar və bu, yaxşı prosesdir. Bizim cənab prezidentin gənclər haqqında nəhəng planları var. Məqsəd ondan ibarətdir ki, bütün sahələrdə, o cümlədən teatrda gənclərə böyük yer verilsin. Çünki yaşlı nəslin yerinə gəncliyin gəlməsi labüddür.

- Eşitdiyimə görə, sizin dediyiniz aktyorlar Nicat Kazımovu döymək istəyiblər...

- İndi onu da açıqlayacağam. Akademik Milli Dram Teatrında işləmək üçün Mədəniyyət və Turizm Nazirliyi gənc aktyor və aktrisalara, rejissorlara şərait yaradıb. Bu, nazirliyin böyük humanistliyidir. Direktor İsrafil İsrafilov xeyirxah iş görür ki, gəlin, tamaşalarınızı qoyun, özünüzü göstərin. Nə qədər Mərahim Fərzəlibəyov, Oruc Qurbanov, Azərpaşa Nemətov, Bəhram Osmanov haqda danışmaq olar? Bunlar öz işlərini görüblər, tamaşalar qoyublar. SSRİ və dünya mətbuatında da haqlarında yazılar yazılıb. İndi gənc rejissorların yetişməsi lazımdır. Teatr rəhbərliyi də gənc rejissorları o məqsədlə dəvət edib. Nicat Kazımov “Azdrama”da dörd tamaşa qoyub. Deyəcəklərim Nicat Kazımovun simasında bütün gənc rejissorlara aiddir. Akademik teatr eksperiment yeri deyil və ora eksperiment rejissoru dəvət olunmur.

- Sizcə, Nicat Kazımov dediklərinizin hansına aiddir?

- O, eksperiment rejissorudur. Nicat Kazımov akademik teatr səviyyəli rejissor deyil. İngilis rejissor Dikkers 1964-cü ildə “Otello” tamaşasını qoydu və bütün dünyanı o tamaşayla gəzdi. 1965-ci ildə də gəlib Moskvada iki tamaşa oynadılar. Həmin tamaşanın biletləri qızıl pula satılırdı.

- Bütün bunlar aydındır. Sizin narazılığınızdan danışaq. Nicat Kazımov deyir ki, bir vaxtlar Tofiq Kazımov “Azdrama”ya gələndə də gənclərə, yeniliyə üstünlük verib. Bunu qəbul etməyənlər teatrdan uzaqlaşıblar. Amma İsmayıl Olmanlı, Hökumə Qurbanova, Nəcibə Məlikova kimi sənətkarlar onun yeniliklərini qəbul etdilər...

- Xeyr, qələt eləyir Nicat Kazımov, başını da daşa vurur. Tofiq Kazımovun “Azdrama”da qoyduğu ilk tamaşa şedevr oldu. Tofiq Kazımova böhtan atmayın. Ədil İsgəndərov ilk tamaşasıyla ortaya şedevr qoydu. “Polad qartal” tamaşası hətta Moskvada da bəyənildi və o, teatra baş rejissor təyin edildi. Eləcə də Mehdi Məmmədov.

- Siz indi haqında danışdığınız tamaşalara baxmısınız?

- Hamısı haqqında oxumuşam, bilirəm. Deyək ki, cavan rejissor gəlib “Malıy teatr”da tamaşa qoydu. Tamaşanın bileti sərasər üç il satıldı.

- “Azdrama”da tamaşalarının bileti satılmır?

- Satılır... Amma gənc rejissor gəlib burada tamaşa qoyursa, akademik səviyyədə qoymalıdır, özfəaliyyət səviyyəsində yox. Gənc rejissor tamaşa qoyanda teatr kollektivi, mətbuat xadimləri oturub onu təhlil etməlidirlər ki, bu tamaşanın dəyəri nədir, zəif cəhətləri hansılardır.

- Əli müəllim, sizcə, Nicat Kazımovun qoyduğu tamaşaların zəif cəhəti nədir?

- Akademik Milli Dram Teatrında hər bir aktyor ifası, hər bir tamaşa hadisə olmalıdır.

- Sizcə, bu mümkündür?

- Bəli, mümkündür. Çünki orada mükəmməl aktyor truppası var. Onlara yol göstərən rejissor lazımdır. Bizim Azərpaşa Nemət kimi rejissorumuz var ki, qoyduğu tamaşalar hadisə olur. Xahiş edirəm, bunları yazasan. Oruc Qurbanov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov var. Amma bunlar yaşlanırlar axı, indi gənclik gəlməlidir. Biz də gənc olmuşuq da.

- Müsahibələrinizin birində demişdiniz ki, “Azdrama”ya YUĞ teatrından özfəaliyyət səviyyəsində aktyorlar gətirilir. İndi də deyirsiniz ki, mükəmməl aktyorlarınız var, rejissor yoxdur. Hansı fikrinizdə daha səmimisiniz?

- Mən YUĞun artistlərini demirəm. Onların oynadığı “Nadir şah” idi də. Nə tamaşaydı o? Həmin tamaşa dərnək, özfəaliyyət səviyyəsində idi, tamaşanı da, əsəri də hörmətdən salırlar. Çünki rejissorun estetikası onun rol bölgüsüdür.

- Nicat Kazımov deyir ki, köhnə üslubda işləyən aktyorlardır. Bəlkə, siz də müasirləşəsiniz?

- ( çox əsəbi tərzdə - İ.V.) Ayə, Nicat Kazımov qələt edir, başını da daşa vurur. O, xarici saytlardan tamaşaya baxıb “kopirovat” eləyir. Nicat Kazımov intellektual səviyyədə rejissor ola bilməz. Ora gələn gənc rejissorların akademik səviyyədə tamaşa qoyması mümkün deyil.

- Siz hansı gənc rejissorun adını çəkə bilərsiniz ki, qoyduğu tamaşa hadisə ola bilər?

- Teatrın rəhbəri YUĞ teatrından, Gəncə və Sumqayıt teatrlarından rejissorlar gətirir də.

- Siz özünüz gənc rejissorlardan kimi daha güclü, intellektual görürsünüz?

- Rejissorun birinci işi tamaşanın formasını, plastikasını tapmaq, ali ideyanı qurmaq, işığı, musiqini, bütün mizanları tənzimləməkdir. Rejissorun gücü sözsüz mizanlardadır. Kompozisiya olmalıdır.

- Özünüz son dəfə nə vaxt tamaşa oynamısınız?

- (düşünür) Bu ayın əvvəlində oynamışam. Siz mənim fikrimi dağıdırsınız e... Məsələn, baletə baxın, orada kompozisiya olur. Teatrda da rejissor tamaşanı kompozisiya kimi qurmalıdır. Baletdə aktyorlar iki saat çıxış edirlər və tamaşaçı da onları alqışlayır. Rejissor da tamaşanı elə qurmalıdır, onun güclü fantaziyası olmalıdır. Tamaşaçı rejissorun fantaziyasına inanmalıdır ki, alqışlasın.

- Son dəfə nə vaxt ürəyinizdən tikan çıxaran tamaşa oynamısınız?

- Elə oynadığım bütün rollarda tikan çıxardıram. Gənc rejissorların məşqində otururam. Bir-iki dəfədən sonra deyirəm ki, qardaş, belə tamaşa olmaz. Bu teatrın səhnəsində elə tamaşa qoymalısan ki, tamaşaçı aylarla o tamaşanın təsirindən çıxa bilməsin. Yaxşı tamaşada pis aktyor da yaxşı görünür. Pis tamaşada dahi aktyor acizdir, zəifdir. Çünki teatr rejissor sənəti deməkdir. Baletdə baletmeyster, teatrda rejissordur. Rejissor o qədər bilməlidir ki...

- Sizcə, Azərbaycanda ən güclü rejissor kimdir?

- Bir Vaqif Abbasov var idi, Bakıda da, Moskvada da rejissorluq oxumuşdu. O, Şəki teatrında işlədi. Təəssüf ki, onu “Muskomediya”ya gətirdilər və bir-iki ildən sonra dünyasını dəyişdi. Bir var rejissor, bir də var quruluşçu rejissor. Quruluşçu rejissor öz sənətini mükəmməl bilən adamdır. Azərpaşa Nemətov, Oruc Qurbanov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov quruluşçu rejissorlardır. Digərləri, sadəcə, rejissordur, quruluşçu rejissor deyillər. Quruluşu olmaqdan ötrü bu sənətin bütün sirlərini – aktyorla, musiqiylə işləməyi, mizanları verməyi bilməlisən. Tamaşaçı hər mizana heyran olmalıdır. Bir rejissor dostum var, deyir, cavan rejissor gəlib mənə dedi ki, siz necə edirsiniz, iki saat tamaşa ərzində tamaşaçı gözünü səhnədən çəkə bilmir. Deyir, mən onu bir günə öyrənməmişəm, qırx ilə gəlib bu səviyyəyə çıxmışam.

- Söhbət kimdən gedir?

- Oruc Qurbanovdan.

- Deyəsən, teatrın axırıncı iclasında dava düşüb. Bu dəfə narazılıq nədən idi?

- İclas deyildi, Yeni il təbrikiydi. Bütün bunlar narazılığa gətirib çıxarır da. Mən 43 ildir səhnədəyəm, 67 yaşım var. Bir var ayğır atla dünyanı fəth edirsən, bir də var qarğı atı minib çapırsan. Biz qarğı atla işləyə bilmirik. Məsələn, Nicat Kazımov gəlib mənimlə nə işləyə bilər? Eləcə də digər gənc rejissorlara oturub rejissor sənətindən dərs deyərəm.

- Rejissorluğu belə yaxşı bilirsinizsə, rəhbərliklə danışın, özünüz bir tamaşa qoyun.

- Mən yox.

- Niyə?

- Azərpaşa, Mərahim, Bəhram, Oruc ola-ola, mən tamaşa qoya bilmərəm.

- Amma Ramiz Novruzun quruluş verdiyi bir neçə tamaşa var.

- O, Ramiz Novruzun öz işidir.

- Ramiz Novruzun qoyduğu tamaşaları bəyənirsiniz?

- Onun işinə qarışmıram. Rejissor sənəti oyun-oyuncaq deyil. Başqa teatrlarda eksperiment etmək olar, “Azdrama”da yox. Burdakı hər tamaşa bomba kimi partlamalıdır.

- Sonuncu dəfə “Azdrama”da nə vaxt bomba kimi partlayan tamaşa olub?

- Siz bir az məni konfliktə çəkirsiniz.

- Konfliktə çəkmirəm, işlədiyiniz teatr haqda soruşuram.

- “Azdrama”da yaxşı tamaşalar olub.

- Yaxşı tamaşa başqa şeydir. Siz hadisə olan, bomba kimi partlayan tamaşadan danışırsınız. Mən də soruşuram ki, sonuncu dəfə elə bir tamaşanız nə vaxt olub? Özü də “konfliktə çəkirsiniz” deyəndə ki, siz özünüz yetərincə konfliktə meylli insansınız. Həm rəhbərliklə, həm də bəzi aktyorlarla konfliktləriniz olub.

- Konfliktdən niyə qaçmalıyam ki? Mən cavan rejissorların teatra gəlməsini alqışlayıram. Amma onlar buna layiq olsunlar.

- Əli müəllim, əgər sizə verdiyim suala konkret cavab vermirsinizsə, cavan rejissoru tənqid etmək, ondan nəsə gözləmək də doğru deyil. “Azdrama”da hadisə olan tamaşa nə vaxt olub?

- Mənim xoşuma gələn tamaşalar var.

- Hansılardır?

- Adlarını çəkərəm sonra... (düşünür) Axı söhbət rejissordan gedir.

- Tamaşanı da rejissor qoyur...

- Məni qane edən teatrımıza layiq olan...

- (sözünü kəsirəm – İ.V.) Həmin dörd rejissorun adını çəkəcəksiniz?

- Bəli.

- Yəni, bu rejissorların tamaşaları sizin üçün hadisədir?

- Hadisə deyəndə ki, bunlar normal tamaşa qoyurlar. İşlərini bilirlər, oturub danışmaq, işləmək maraqlı olur. Bunlardan öyrənirsən.

- Elçin Murad (fotoqrafımız –İ.V) da normal fotoqrafdır, amma hər çəkdiyi foto hadisə deyil. Mən də soruşuram ki, son dəfə hadisə olan tamaşanız hansı olub?

- (gülümsəyərək mənə əl uzadır -İ.V.) Yəqin ki, inşallah, “Azdrama”da hadisə olacaq .

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm