Türkiyənin ən şıltaq manekeni: “Ərimdən doya bilmirəm”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin ən şıltaq manekeni: “Ərimdən doya bilmirəm”- FOTOLAR

Bir anda ailə həyatı quraraq karyerasını yarıda saxlayan, bütün həyatını dəyişən Türkiyənin ən şıltaq manekeni, aktrisa Bade Süalp yerli mətbuata maraqlı açıqlamalar verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Ailə həyatı qurdunuz, ana oldunuz və uzun müddət çəkilişlərdən uzaqlaşdınız. Bu müddət ərzində sizi sevənlər çox darıxdı. Yeni həyatınıza öyrəşə bilmisinizmi?

- Yenidən doğuldum, yeni bir həyata qədəm qoydum. Artıq evli və uşaqlı bir qadınam. Ancaq işimə geri qayıtmaq istəyirəm. Əslində, ailə qurduğum ərəfələrdə bəzi işlər görürdüm, ancaq hamiləlik dövründə sənətimdən bir az uzaqlaşmalı oldum. Hamilə vaxtı istirahət etmək istədim, körpəmlə birlikdə də dincəldim. İndi həyatın ritmini yenidən tutmaq istəyirəm.

- Hamilə olduğunuzu öyrəndiyiniz zaman nə hiss keçirdiniz? Sizin üçün sürpriz oldu?

- Əslində, sürpriz də deyə bilərik. Hamilə qalmaq istəyirdim, amma yenə də bir az sürpriz oldu. İlk an həqiqətən çox fərqli duyğu yaşadım. İçində bir canlının olduğunu söyləyirlər, ancaq sən onu hiss etmirsən. Bir anda həyatına diqqət etməli olduğun çox şey daxil olur. Bətnindəki canlı öz varlığını hiss etdirdikcə sanki ürəyin yerindən çıxacaqmış kimi hisslər keçirirsən. Hərəkət etməyə başladığı vaxtlar həqiqətən xüsusi bir körpü qurulur aranızda.

- Hamiləlik dövrünü necə keçirdiniz?

- Rahat idim. Mən onsuz da heç bir yerdə duran deyildim. Hədsiz enerjili olduğuma görə “amandır, bu qədər qaçma, yerimə” deyənləri çox da dinləmədim.

- Övladın Azurla qarşılaşma anın necə oldu?

- İkimiz də ağlayırdıq. Sonra bir-birimizə baxıb susduq. Çox gözəl bir duyğudur. Həqiqətən, hər qadının yaşamağı lazımdır bu hissi.

- Analıq hissini necə izah edərsən?

- Çox qəribə imiş. Müqəddəs və tərifi mümkün olmayan bir haldır mənə görə. Azur dünyaya gəldiyi vaxt onu mən dünyaya gətirməmişəm kimi hiss etdim bir an. Çünki içimdəydi, sonra bir anda mənə aid bir parça kimi çöldə oldu…

- Necə anasınız? Tez təşvişə qapılan, ya sakit?

- Bir az tez təşvişə düşürəm. Ancaq özümü bu məsələdə cilovlamağa çalışıram. Çünki oğlan övladı böyüdəcəyəm. İstər-istəməz həssas davrandığım hallar olur. Ancaq təəssüf ki, həyat belə deyil. Onu həyatda başına gələ biləcək hər cür hadisəyə hazırlamaq üçün, dinamik, güclü xarakter olması üçün çox da lüzumsuz yerə narahat olmuram. Düzdür, amma elə hallar olanda içim-içimi yeyir, o ayrı məsələ…

- Hələ çox balacadır və qorunmağa ehtiyacı var. Bu cür davranmağınız çox normaldır.

- Elə bu hiss belə edir məni. Böyüklər “o, hələ körpədir, nə başa düşür” desələr də, mən onun hər şeyi anladığına inanıram. Azura kitab oxuyuram, mahnı oxuyuram. Aktrisa təhsili alarkən bədənimi hər şeyi yenidən kəşf edən yeni doğulmuş uşaq kimi araşdırmışdım. O, indi həqiqətən sıfırdan başlayır. Hər şey onun üçün çox təzədir. Hər şeyi həyəcanla yaşatmağa çalışacağam, görüm nə qədər bacarıram.

- Ana olduğunuzu ilk dəfə nə vaxt hiss etdiniz?

- Hamilə ikən uşaq sizə aid bir orqan kimidir. Sonra sizdən ayrılır. Bir anda hamı onu görə bilir. İçində olarkən əlini tərpətdiyi zaman belə, sadəcə, sən hiss edirsən. Yuxu kimi qəribəydi… Hamilə qalan mən idim? Hamiləlik dövrünü yaşayan mən idim? O körpə mənim bətnimdə idi? Həqiqətən, tərifi olmayan möcüzəvi haldır bu. Əslində, indiki ağır rejimimdən analığın nə olduğunu adlandıra biləcək, izah edə biləcək qədər dönüb baxa bilmədim keçmişə. Ancaq yaşadığım hər hissi yığıb saxlayıram. Gündəlik tuturam, izah etməyə çalışıram. Sabah o biri gün sənətə də faydalı olacağı üçün hər şeyi qeyd edərək gedirəm.

- Nə dəyişdi həyatınızda?

- Yüz illərdir insan oğlu dünyaya uşaq gətirir, ancaq bunu kənardan baxınca anlaya bilmirsən. Misal üçün, uşaqları olan dostlarıma “Gəlin bir qəhvə içək” dediyim vaxt “övladım gecə yatmayıb, narahatdır, vaxtım yoxdur” deyirdilər. “Narahatdır, yəni nə olsun?” deyirdim. İndi onların o halını çox yaxşı qavrayıram.

- Bir dostum həyat yoldaşı üçün “ana olduğu gün qadın oldu və böyüdü” demişdi. Bu ifadəni sizin üçün də işlətmək olarmı?

- Bəli, həmişə şıltaq qız uşağı kimi idim. Bu, ruhumda var. Ancaq övladımı düşündüyüm vaxt bir pərdə enir. Bir az diqqətli oluram. Bəlkə, bir az böyüdükdən sonra onunla həyatın uşaq olmaq qismini yaşayaram. Ancaq indi bir az güclü olmaq məcburiyyətindəyəm. İçimdə qeyri-iradi müdafiə mexanizmi işə düşür. İlk vaxtlar qanadlarını açıb balasını qoruyan bir qartal kimi idim. Hər halda, o duyğu zamanla keçib gedir. Yoxsa uşaq da sıxılar, “bəsdir” deyər.

- Əmizdirmə hissi sizə necə təsir bağışladı? Bəzilərinin xoşu gəlmir, bəziləri isə bu prosesi çox sevir.

- Bəli, çox çətindir, ancaq eyni zamanda da gözəl bir duyğudur. Oğlumla baş-başa qalıb bu hissi yaşamaq çox xoşdur. Bu duyğu, həqiqətən, mənə sevinc bəxş elədi.

Ancaq çətinlikləri də var. Ona görə də yeni ana olanları bir az anlamaq lazımdır. Çünki həqiqətən çətindir, insanın duyğuları tamamən alt-üst olur. Bir anda heç olmayan bir şey var olur, bir anda var olan qarnın yoxa çıxır. Həmin dövrdə uşağını əmizdirmək istəməyən anaları çox eşitdim, ancaq mən zövq alıram. Yorulduğum vaxtlar olur, gecə yerimdən qalxmaq, həqiqətən, çox çətin olur mənə, ancaq əsla “bəsdir, artıq əmizdirməyəcəm” deyə düşünmürəm. Canımı dişimə sıxıb davam edirəm.

- Azurla bağlı xəyallar qurmağa başladınızmı?

- Təbii ki. Hələ hamilə qaldığım vaxtlardan bəri qohum-əqrəbadan eşitdiyim məlumatlara əsasən “bu məktəbə getsin”, “belə etsin”, “bunu etməsin” deyə hər şeyi beynimdə dizayn etdim. Ancaq həyat, əlbəttə, belə olmur. Belə deyək, hesabladığın bugünkü şəraitə uymur.

- Biz övladınızı sizə oxşatdıq, ancaq siz atasına oxşadığını deyirsiniz. Hamı belə düşünür?

- İndi, deyəsən, heç kimə oxşamır. Üzdə 50-50-yə deyirlər. Bəzən baxırıq görək rəngi mənə oxşayırmı, ancaq rəngi də mənə oxşamır. Azur hər kəsdən bir şey alıb, inşallah, hamının gözəl xüsusiyyətlərini birləşdirib.

- Formanızı necə geri qazana bildiniz?

- Hazırda uşağa süd verdiyim üçün çox diqqət yetirmirəm. Südümün çox olması üçün çox enerji tükətməməyə, idman etməməyə çalışıram. Südümün çox olması üçün böyüklər nə desə, yerinə yetirirəm. Oğlumu əlimdən gəldiyi qədər ana südü ilə böyütmək istəyirəm. Mən hamilə ikən cəmi 13-14 kiloqram kökəlmişdim, çünki çox hərəkət edirdim. Əslində, itirdiyim çəki də öz-özünə getdi deyə bilərəm. Hələlik, xüsusi heç nə etmirəm.

- Azur adını kim seçdi? Bir xatirəsi varmı?

- Mən seçdim. Hamiləliyimin son aylarında Yunanıstanda gəmi səyahətində idik. Oturarkən bir anda ağlımdan Azur adı keçdi. Haradansa bir yerdən oxuduğumu xatırlamıram. Malkoçdan “Azur nə deməkdir?” soruşdum. Bildiyi bütün mənalarını söylədi. Daha öncə düşündüyümüz adlar var idi və “həmin ada sahib olanların tipi necədir” deyə hər ada sosial media prizmasından baxırdıq. Hətta “yaraşıqlı kişilərin adları nədir”, onlara belə baxdım. Axmaq bir proses idi həqiqətən. İnsanların adlarının onlar üzərində təsiri olduğu söylənir axı həmişə, oğlumun adının mənası buludsuz səma deməkdir. İnşallah, həyatında heç bulud olmaz, heç bir maneə olmadan hər zaman aydın səma görər.

- Həyat yoldaşınız ata kimi sizə kömək edir?

- Kişilər emosionallıqdan çox praqmatik olurlar. Biz daha çox emosionallıqla boğuşarkən onlar bizim həyatımızın asanlaşdıran tərəfinə çevrilirlər. Həyat yoldaşım da mənə dəstək verir…

- Kişilər uşaqları qucağına almağa çəkinir adətən. Sizdə vəziyyət necədir?

- Bizdə, çox şükür, elə deyil. Təcrübəli davranır. Çəkinmədən alır qucağına, götürüb gedir. Əslində, analar daha çox narahat olurlar. “Amandır, başı geri getməsin, elə tutma, belə tut…”. Mən də bir az bunu edirəm.

- Uşaqdan sonra sanki qadınla kişi arasında əvvəlki eşqdən bəhs edilmir. Sizin evliliyiniz, ya da eşqiniz hansı səviyyədədir?

- Çox qısa müddətdə evləndik. Biz uzun-uzadı gəzib əylənərək, nişanlı qalaraq evlənmədik. Bir-birimizi tanıdıq, bir ay sonra evlənib bal ayına çıxdıq, bal ayından döndük, mən hamilə qaldım. Mən hələ həyat yoldaşımdan doymamışam, doyub-doymayacağımı da bilmirəm. Həmişə belə eşqlə davam edərik yəqin ki. Məsələn, evə qayıdıb onu görmək istəyirəm hazırda. Uşağıma başqa cür aşiqəm, yoldaşıma başqa cür…

- Evlilik fədakarlıq istəyirmi?

- 30 il tək idim. Öz həyatımı qurmuşdum. Evləndikdən sonra iki nəfər bir bədən olur. Başqa bir ailə ilə öz ailəndən gördüklərini sintez edib yeni bir həyat qurursan. Bu, asan iş deyil. Misal üçün, sənin xoşladığın yeməklə həyat yoldaşının xoşladığı üst-üstə düşmürsə, o yeməyi artıq həftədə bir dəfə yeməyə başlayırsan. Beləliklə, qarşılıqlı fədakarlıq bu vaxt çox mühümdir. İşin içinə fədakarlıq girdiyi vaxt tarazlıq olur. Ancaq bunu söyləyə bilərəm ki, həyatda qadının üzərinə daha çox iş düşür. Yuvanı, həqiqətən, dişi quş qururmuş.

- Həyatınızın hansı mərhələsindəsiniz?

- Uşaqlığımdan bəri empatiyası inkişaf etmiş biri olduğum üçün həyatı anlayaraq böyümüşəm. Bəlkə də, içimdəki uşaq buna görə yox olmur. Yəni uşaqlığınızın dadını çox çıxarmadığınız vaxt o uşaq həmişə uşaq olaraq içərinizdə bir yerdə qalır. Doymadım o halımdan. Misal üçün, Azurla birlikdə böyüyürəm hazırda. Benjamin Button kimiyəm, film məndə geriyə doğru gedir.

- Çəkilişlər üçün darıxırsınızmı?

- Çox. Yəni işin içərisində olarkən “belə yorucudur, elə yorucudur” deyə şikayətlənirik. Həmişə “qurtarsa, evə gedib yatağıma uzanaram” deyə düşünürük, ancaq o yatağa heç uzanmaq olmur. Məsələn, hazırda hamı “get yat, istirahət et” deyir, ancaq mənə həmin vaxt enerji gəlir və əsla yatıb istirahət edə bilmirəm. Yəni istər analıq et, istər başqa şey et, insanın xəyalı həmişə “ayaqlarımı uzadıb, istirahət edim” olur.

- İşə yenidən qayıtmağı nə vaxt düşünürsünüz?

- Serialların ağır qrafikinə görə hazırda ağlımda dəqiq tarix yoxdur. Bəlkə, ağır rol olmasa, ola bilər. Ya da qonaq oyunçu ola bilərəm. Bu çəkilişi həyata keçirərkən gördünüz ki, çətin olmasına baxmayaraq, öhdəsindən gələ bilirəm. Öhdəsindən gələrəm, həqiqətən, çəkilişlər üçün darıxmışam.

- Həyatınız üçün əhəmiyyətli sıralama etsəniz, ilk beşliyə indi nələr girər?

- Ailə ilk sıradadır. Deyəsən, bu barədə heç düşünməmişəm.

- Düşünürəm ki, siz indi hər şeyi yenidən planlaşdırma mərhələsindəsiniz…

- Əslində, bəli… Heç nədə gözüm yoxdur, ancaq bir yandan da acgözlük halındayam, hər şey olsun istəyirəm. Analığı yaşayarkən digər şeyləri də qaçırmamaq üçün narahatlıq keçirirəm. Amma bir yerdən başlamaq lazımdır. Mən də sizinlə başladım bu gün, inşallah, ardı gələr. Çünki mən işləmək üçün yaradılmışam. Boş dura bilmirəm. Kilometrlərlə gəzirəm, yerimdə dayanmıram, bu cür enerjim var. Üstəlik, daha yeni başlayıram. Gaye Sökmenlə görüşdüm, artıq yeni adresim onun agentliyidir. Yeni başlanğıc edirəm. Bade Süalp kimi yenidən doğuluram!

- Yeri gəlmişkən, yenidən üzünüzü moda dünyasına çevirirsinizmi?

- Onu da düşündüm. Ağlımda bəzi şeylər var, ancaq hələlik təkbaşına girişəcəyim bir vəziyyətdə deyiləm. Uşağım hələ balacadır. İndi ancaq yarımştat işləyə bilərəm. Bu çəkiliş məni çox cəsarətləndirdi. Bundan sonra daha asan olacaq. Misal üçün, dünən gecə həyəcandan yata bilmədim, yenidən addım atmaq, həyəcanlanmaq gözəl hissdir. “Səhnə tozunu udduqdan sonra səhnəni tərk edə bilməzsən” deyirlər, deyəsən, həqiqətdir.

- Maqazin dünyasının sizi rahat buraxmasına görə sevinirsinizmi?

- Rahat buraxıldığımı çox düşünmürəm. Hər nə qədər yeni proyektlərdə iştirak etməmiş olsam da, bu işdəki dostlar bir yolla xəbər mövzusu tapdılar. Şikayətçi deyiləm, çünki bu sektorda işləyirsənsə və məşhursansa, bu, qaçınılmazdır. Ona görə də indiyə kimi hər şəraitdə onların suallarını cavablandırmağa çalışdım. Ancaq təbii ki, artıq evləndiyim üçün bir az rahatam, onunla-bununladır deyə ad çıxarma ya da yalan-yanlış xəbər servis olunmur. Eyni zamanda mən onları, həqiqətən, sevirəm. Buna görə də qaçış zamanı qan-tər içərisində qalsam belə, dayanıb suallarına cavab verirəm. Ancaq həyat yoldaşım maqazin mediasına çox alışqan deyil. Onsuz da, davamlı harasa tələsdiyimiz üçün ərimin yanında onlara çox vaxt ayırmıram. Ancaq yalnız olduğum vaxtlar onlara həmişə açığam.

- Moda dizaynı oxudunuz, aktrisalıq etməyə başladınız, bu sahədə uğurlu karyeranız var, ancaq davamlı yenilik axtarışındasınız… Heç “bəsdir axtardığım, olmaq istədiyim yer buradır” dediyiniz olurmu?

- Hər şey planım xaricində cərəyan etdi. Təbii ki, hədəflərim var. Həyatıma daxil olan problemlərlə bu hədəfə doğru irəliləməyə çalışıram. Əlbəttə, bu yolda onların bir qismini yolda sovururam ki, uçmayım, ya da yıxılmayım… Əslində, tarazlıq qurmağa çalışıram. Yaxşı ana, yaxşı həyat yoldaşı olmaq istəyirəm. Aktrisalığın dadı damağımda qaldı, hələ bunda çox həvəsliyəm. Ancaq moda ilə bağlı da nəsə etmək istəyirəm. Yəni tək bir hədəfim yoxdur. Bunların hamısını eyni vaxtda görmək lazımdır. Biri olmadan digəri olmaz. Yəni mən mən olmaram. Əslində, bütün hədəflərim “mən”imi təşkil etməklə bağlıdır. Hədəfdə mən varam, xoşbəxt mən…

- Ətrafınız sizi ən çox nə üçün tənqid edir?

- Hər şeyi çox ürəyimə salıram. İçimdəki fırtınanı çölə çox göstərmirəm. Buna görə mənə əsəbiləşirlər.

- Əsəbiləşdiyinizi hiss etdirmirsiniz?

- Çox yox. Bir dağarcıq hesabım var, yığıb-yığıb sonra daşa bilirəm. Bəzən də ağlayaraq boşaldıram ürəyimi. Bu aralar emosionalam bir az. Hamiləlik, analıq… Elə bir prosesdir ki, sən sən deyilsən əslində. Dönüb baxdığım zaman kimisə qırdığımın fərqinə varıram. Bir də, deyəsən, “yox” deməyin “y”si gəldi mənə. Ancaq hələ “y” mərhələsini keçə bilməmişəm…

- Məsələn, sizi əsəbiləşdirib özünüzdən neçə çıxara bilərik?

- İnad edərək. Əlbəttə, kimsə mənimlə inadkarlıq edə bilər, ancaq onun bir formulu var. İnad etdiyi mövzunu izah etməsi lazımdır. Niyə elə olduğunu açıqlaması lazımdır. Əgər izah etmədən inadkarlıq göstərirsə, qıcıq oluram.

Çevirdi: Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm