Ülviyyə Könül: “Heç vaxt qızımı şou-biznesə qoymaram” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ülviyyə Könül: “Heç vaxt qızımı şou-biznesə qoymaram” – FOTOLAR

Müsahibim vaxtilə Azərbaycanda çəkilən ən bahalı kliplərin rejissoru Ülviyyə Könüldür. Son illər klip çəkilişlərindən daha çox bədii filmlərin çəkilişinə diqqət yönəldən xanım rejissor nə efirlərdə görünür, nə də çəkiliş meydançalarında. Hətta onun Azərbaycandan köçərək Amerikada yaşadığı barədə də söz-söhbətlər yayılıb. Amma heç də belə deyilmiş.

Publika.az-a müsahibə verən tanınmış rejissor bunu şayiə adlandırdı. Şayiəni yayanların kim olduğuna gəlincə, gəlin özündən eşidək…

- Çoxdandır haradasınız, niyə görünmürsünüz?

- Mən şou-biznesdən bir balaca uzaqlaşmışam. Daha çox ciddi mədəniyyətlə bağlı işlərlə məşğul oluram: böyük filmlər, reklamlar, tədbirlər… Artıq yaşım da o yaş deyil, bir az böyümüşəm.

- Bəlkə, artıq şou-biznes sizi qane eləmir, buna görə?

- Şou-biznes, sadəcə, mənim üçün maraqlı deyil.

- Şou-aləmdəki prosesləri kənardan izləyirsiniz?

- Əlbəttə izləyirəm, hərdən çox maraqlı işlərə imza atan istedadlı cavanları da görürəm. Amma ümumilikdə, şou-biznesin hazırkı vəziyyəti məni qane etmir. Çox maraqsız, çox süni yaradıcılıq işlərinin şahidi oluram. Heç kimə iradım da yoxdur. Bəlkə, şou-aləm özü belə şeyləri diktə edir. Amma zövqsüzlük baş alıb gedir.

- Bəlkə, elə buna görə müğənnilərimiz ortaya fərqli və daha maraqlı iş qoymaq üçün kliplərini Türkiyə, Gürcüstan, Rusiyada çəkdirirlər? Ümumiyyətlə, o klipləri bəyənirsinizmi?

- Əslində, bunlar keyfiyyətli işlərdir, bəyənirəm də. Zövq baxımından da həmin klipləri çox dəyərləndirirəm. Əlbəttə, belə işlər üçün böyük məbləğlər də xərclənir.

- O məbləği özümüzünkülərə verib, Azərbaycanda elə keyfiyyətli kliplər çəkdirmək olmaz?

- Əlbəttə, olar. Amma seçim müğənnilərin özünə qalır. Onları buna məcbur edə bilmərik axı.

- Amma bu da məlumdur ki, müğənnilərə ən bahalı klipləri də elə siz çəkmisiniz.

- Cəkmişəm e, amma əcnəbi klipmeykerlərə xərclədikləri o məbləği mən görməmişəm.

- İndiyə qədər ən bahalı klipi hansı müğənniyə çəkmisiniz?

- Xalq artisti Aygün Kazımovaya çəkmişəm, amma hansı mahnısına, bu yadımda deyil.

- Hansı qiymətə? Mən bilən, o vaxtlar kliplər 3 min civarında çəkilirdi.

- Elə təxminən o məbləğə də ona klip çəkmişdim. Ümumiyyətlə, Aygün kliplərinə həmişə pul xərcləyib. Amma bu da bəllidir ki, sənətçilərimiz Gürcüstana gedəndə daha çox pul xərcləyirlər.

- Bu gün hansı müğənniyə klip çəkmək istərdiniz?

- Mən neçə illərdir ki, daimi olaraq iki sənətçi ilə işləyirəm: Faiq Ağayev və Tünzalə Ağayeva. Onlar gec-gec kliplər çəkdirirlər, çəkdirəndə də mənə həvalə edirlər. Bu yaxınlarda Tünzalə xanım üçün bir klip çəkdim.

- İstədiyiniz məbləği verirlərmi?

- Verirlər. Eyni zamanda, əsas odur ki, biz bir-birimizi başa düşürük, fikirlərimiz eyni olur. Mən ağzımı açanda onlar göydə tutur ki, nə demək istəyirəm, yaxud da onların nə istədiklərini söyləməmiş bilirəm. Eyni düşüncəli insanlar olduğumuz üçün də gördüyümüz iş alınır.

- Ülviyyə xanım, doğrudurmu ki, birdəfəlik Amerikaya köçüb, orda yaşamağa qərar vermisiniz?

- Mən Bakıda yaşayıram, sadəcə, mənim bəzi həmkarlarım belə bir yalan xəbər yayıblar ki, guya mən birdəfəlik Amerikaya köçmüşəm. Qızım Amerikada təhsil alır və mən tez-tez onun yanına gedib-gəlirəm. Bakıdayam, heç yana getməmişəm, elə həmin telefon nömrəmi də işlədirəm.

- Şou aləmdən uzaqlaşmağınızın səbəbini bildik, yaxşı bəs efirlərdə niyə görünmürsünüz?

- Açığı, efirlərdən qaçıram. Dəfələrlə verilişlərə dəvətlər alıram, amma heç birinə getmirəm. İstəmirəm ki, məni şou-biznes adamı kimi qələmə versinlər.

- Söz yox ki, sizin reklam olunmağa ehtiyacınız yoxdur, amma etiraf edək ki, efir həm də gündəm deməkdir…

- Razıyam. Amma mən bu dəvətlərdən özüm qəsdən imtina edirəm. Onu da deyim ki, mən heç yerli kanalların çoxunu izləmirəm də.

- Şou-aləmdə dostluq etdiyiniz sənətçilər varmı?

- Tünzalə Ağayeva və Faiq Ağayevlə dostluğumuz var. Gənc müğənni Azad Şabanovla yaxşı münasibətlərimiz var. Mən Azadla birgə bütün yayı bir layihə təqdim etdik, rayonlarımızı qarış-qarış gəzdik. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan “Gələrsən, görərsən” adlı verilişi nəzərdə tuturam. Həmin layihəni işləyəndə yol yoldaşı olduq. Onda olan insani keyfiyyətlərin şahidi oldum və dostlaşdım. Çox səmimi, yerini bilən, qarşısındakına və özünə hörmət edən çox tərbiyəli bir oğlandır.

- “Vəkil”dən sonra nədənsə, böyük ekranda daha filminizi görə bilmirik…

- Elə bu günlərdə mənə “Azərbaycanfilm” kinostudiyasından zəng edib, yeni bir film təklif ediblər. Ssenarini oxuyandan sonra fikrimi bildirəcəyəm.

- Maraqlıdır, növbəti film hansı janrda lentə alınacaq?

- Bu film də komediya janrında olacaq, amma daha çox dramatik-komik janrı əhatə edəcək.

- Qızınızdan heç danışmadınız, Amerikada hansı sahə üzrə təhsil alır?

- Qızım paralel olaraq iki sahə üzrə təhsil alır. Gələcəkdə də iki peşənin sahibi kimi fəaliyyət göstərə bilər: həm rejissor, həm də piar-reklamçı.

- Özünüz onu bu sahələrə istiqamətləndirmisiniz, yoxsa seçimi özü edib?

- Yox, mən heç vaxt onun peşə seçiminə qarışmamışam və qarışmaq fikrində də deyiləm. Özü seçib bu yolu. Ümumiyyətlə, mənim qızım bir çox sahələrə maraq göstərir. Reklam işi, televiziya prodüseri, psixologiya, rejissura – qızımın məşğul olduğu sahələr rəngarəngdir.

- Bəs gələcəkdə necə, ailə qurarkən onun seçiminə qarışacaqsınız?

- Qətiyyən. Peşə seçimi kimi, ailə seçimini də özü edəcək. Əsas olan uşağımın xoşbəxtliyidir.

- Şou-biznes aləminə qatılmaq istəsə, icazə verəcəksiniz?

- Burada qızımı qətiyyən şou aləminə qatılmağa qoymaram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm