“Mən orada Ehtiramı döymüşdüm” - FOTOLAR +VİDEO
Bizi izləyin

Tabloid.az

“Mən orada Ehtiramı döymüşdüm” - FOTOLAR +VİDEO

Efirdə ilk çıxışları böyük səs-küyə səbəb oldu. Hətta bir çox sənətkarlar onu sazı təhqir etməkdə ittiham etdilər. Amma maraqlıdır ki, sazı təhqir etməkdə ittiham olunan həmsöhbətim bu gün, bəlkə də, ən çox toya gedən aşıqdır. Hətta deyilənə görə, onun toy təqviminə düşmək üçün bir neçə ay əvvəldən müraciət etmək lazımdır. Beləliklə, Publika.az-ın suallarını Aşıq Mübariz Camaloğlu cavablandırır.

- Mübariz bəy, yaradıcılığınızda hansı yeniliklər var?

-Yeni mahnılar yazıram, öz bəstələdiyim musiqilər də var. Yaxın vaxtlarda yeni diskim də işıq üzü görməlidir.

- Diskdə öz bəstələriniz yer alacaq, yoxsa ancaq instrumental ifalar olacaq?

- İnşallah, öz bəstələdiyim mahnılar olacaq.

- Səhv etmirəmsə, bəstələrinizin əksəriyyəti ritmikdir.

- Lirik melodiyalar da var, ritmik də. Yaxşı planlarımız var.

- Bəstələrinizi hansı müğənnilər oxuyublar?

- Mahnılarımdan yalnız birini gənc müğənni Sevil İsgəndərliyə vermişəm.

- Qonorar müqabilində?

-Yox, hədiyyə etmişəm. Sənət adamlarıyla yaxın münasibətimiz var. Heç onlardan pul ummuram. Digər mahnılarımı özüm oxuyuram. Deyilənə görə, gözəl səsim var.

- Deyirlər ki, sən həm oxuyub, həm də sazda ifa etmirsənsə, aşıq deyilsən, sadəcə, instrumental ifaçısan. Bu fikirlə razısınızmı?

- Bəli, elədir. Amma mənim ifam da var, oxumağım da. Hələ altı il əvvəl diskim satışa buraxılıb. Orada saz da çalmışam, oxumuşam da. Atam aşıq olub, ustad oğluyam. Məndə ifalarım qeyri-adidir və bu ifalarla tanınmışam.

- Bu sualı mən vermək istəyirdim, siz məni qabaqladınız. Sizcə, qeyri-adi adlandırdığınız ifalar olmasaydı, bu qədər tanınardınız?

- Dediyim kimi, mən qeyri-adi ifalarımla tanınmışam. Ona görə də o ifalarım olmasaydı, bu qədər tanınmazdım. Amma bir məqamı da vurğulamaq istəyirəm. Əgər atam vaxtsız dünyasını dəyişməsəydi, mən ən tanınmış klassik aşıqlardan biri olardım. Yetmiş iki aşıq havasını sonadək bilmədiyimə görə özüm-özümə heç vaxt aşıq deməmişəm. Sadəcə, saz ifaçısıyam.

- Ancaq aparıcılar sizi Aşıq Mübariz kimi təqdim edirlər. Niyə iradınızı bildirmirsiniz?

- Ola bilsin, əlimə saz götürdüyümə görə məni o cür təqdim edirlər. Amma çox yerdə saz ifaçısı olduğumu deyirəm.

- Bu cür ifanız istər bəzi tay-tuş həmkarlarınız, istərsə də yaşlı aşıqlar arasında qıcıq yaratdı. Hətta sizin sazı təhqir etdiyinizi deyənlər də var idi.

- O fikirlər var idi. Amma bir balaca düşünmək lazımdır ki, biz iyirmi birinci əsrdə yaşayırıq. İndi adi bir kostyumu alırsan, köhnəlir, iki aydan sonra gedib təzəsini alırsan. Hər şey anbaan dəyişir. Məni xalq o cür ifayla sevir. İnsanlar məni qəbul etməsəydi, klassik aşıq yoluna keçərdim. Düzdür, mənim həmin ifalarım bəzi təhqirlərə səbəb oldu. Mən də dözdüm-dözdüm, axırda efirlərdə dedim ki, mən özümü aşıq kimi qələmə versəydim, siz haqlıydınız.

- Amma istənilən halda burada sazdan söhbət gedirsə, düşünmürsünüzmü ki, irad bildirənlər haqlı idilər?

- Məsələn, başqa iradlar da var idi. Deyirdilər ki, sazı yerə qoymaq olmaz. Mən o iradları qəbul etdim və bu gün həmin şeyləri etmirəm. Sazla bağlı etdiyim hərəkətlər sinədən yuxarı olur. İndi elə şeylər etmirəm.

- Deməli, o hərəkətlərinizin səhv olduğuyla razılaşırsınız.

- Əlbəttə, səhv idi və hər bir insanın səhvi olur.

- Sosial şəbəkələrdə bir videonuz yayılmışdı. Araq şüşəsi ilə saz çalırdınız. İndi də belə ifa edirsiniz?

- Yox, onlar keçmişdə qaldı. Heç kim məndə elə şey görə bilməz. Onlar mənim coşqumdan yaranırdı.

- Sizin”davamçılarınız” peyda olublar. Xəbəriniz varmı?

- Bəli, bilirəm. Efirdə olanda da deyirəm ki, insan səhvsiz deyil. Mən bunu etdim və keçmişdə qaldı. Bunlar sazı elə vəziyyətə salıblar ki, özüm baxanda nifrət edirəm.

- Özünüzü günahkar bilirsinizmi? Çünki onlar sizdən görüb-götürüblər.

- Əlbəttə ki. Etiraf edirəm ki, mən o səhvi etmişəm. Amma bu gün öz yolumdayam və xalq da məni sevib qəbul edir. Onları sevən yoxdur axı. Onlara baxıram, məni gülmək tutur. Niyə özlərini bu qədər atıb-tuturlar? Nəsə etməyə çalışırlar, amma alınmır.

- Bəlkə də, vaxtilə kimlərsə sizə də gülürdü.

- Ola bilər. Bir insanı hamı sevə bilməz. Amma bilirəm ki, məni sevənlər daha çox olub.

- Həmkarlarınız Namiq Fərhadoğlu və Fəzail Miskinli ilə münasibətlərinizin o qədər də yaxşı olmadığından xəbərdaram. Səbəb nədir?

- Mən gəlib bu zirvəyə çatmışam. Onlar da can atırlar ki, mən olan yüksəkliyə çatsınlar, amma çata bilmirlər. Üzdə olan sənətkarın dalınca danışarlar. Şou aləmində paxıllıq var və bu, bizim qanımızdadır. Mən onların münasibətini paxıllıq kimi qəbul edirəm. Başqa heç nə ola bilməz.

- Zirvədə olduğunuzu bildirdiniz. O zirvəni nə ilə ölçürsünüz? Solo konsertiniz olubmu, televiziyada konsert proqramı ilə çıxış etmisinizmi? Yoxsa zirvə deyərkən, toyların çoxluğunu nəzərdə tutursunuz?

- Solo konsertim olmasa da, bir neçə belə təklif almışam. Sadəcə, çox vaxt Azərbaycanda olmuram deyə, konsert baş tutmayıb. İnşallah, solo konsert vermək fikrim var. Amma bir daha deyirəm ki, ifanı dayandırmadan sazı fırlatmaq bir yenilikdir və mənə məxsusdur.

- Neçə yaşınız var?

- 1976-cı ildənəm, 39 yaşım var.

- Yəqin ki, 10-15 ildən sonra fiziki durumunuz sazla indiki hərəkətləri həyata keçirməyə imkan verməyəcək. Bəs onda tamaşaçı üçün maraqsız olmayacaqsınız?

- Görün nə qədər gitara çalanlar var, amma hansı ölkəyə gedirsən, deyirlər ki, gitaranın şahı Rəmişdir.

- Amma Rəmiş heç vaxt gitaranı o vəziyyətdə ifa etməyib.

- Rəmiş dahi sənətkardır, yaxın dostumuzdur. Amma Rəmiş də gitaranı dizinin üstünə qoyub ifa edib. Toy şənliklərində çox görmüşəm. Zakir Mirzəyev qarmonu döndərib tərsinə çalırdı. Belələrinin sayı çoxdur. Hər bir sənətkarın möhür vuran nömrəsi olur. Mən də o hərəkətləri şou kimi göstərdim. Saz həmişə ayaq üstə çalınıb da. Etdiyim yenilik dünyaya səs saldı, məni Amerikaya qədər dəvət etdilər. Cavanşir Məmmədovun ansamblında işləyəndə Almaniyaya dəvət almışdıq. Orada Samit adlı azərbaycanlı iş adamı var. Həmin konsertdə mənə bahalı bir maşının açarını hədiyyə etdi. Cavanşir Məmmədov Allah şahididir. O adam mənim ifamı xoşlamasaydı, bahalı maşın hədiyyə edərdimi? Təbii ki, yox, ala gözümə aşiq deyildi.

- “Ulduzların döyüşü” layihəsindən sonra meyxanaçı Ehtiramla da münasibətləriniz gərgindir.

- Bu məsələyə yenidən qayıtmaq istəyirəm. Ehtiramın qardaşı münsiflər heyətində oturmuşdu. Amma xalqın gözü tərəzidir. Hamı gördü ki, Ehtiramla döyüşün qalibi mən idim. İnanın ki, ora getməyimə də peşman oldum. Toylarda hər dəfə məni görəndə bu söhbətə qayıdırlar. Hətta idmançı dostlarımız əsəbiləşdilər ki, şouya çevirmədikləri təkcə boks qalmışdı, onu da etdilər.

- Həmin layihədən sonra arada gərginlik oldu?

- Yox, niyə olmalıdır ki? Nə təşkilatçıyla, nə də Ehtiramla problemimiz oldu. Tanıyanlar bilirlər ki, indiyə qədər heç kimlə çəkişməmişəm, dalaşmamışam. Ailəmizdə belə tərbiyə almışam.

- İdmanla məşğul olmusunuz?

- Kulturizmə getmişəm, özüm üçün məşğul olmuşam. O döyüşdən əvvəl iki ay hər gün səhər tezdən durub qaçırdım ki, rinqdə gücümü göstərim.

- Eşitdiyimə görə, sizin toy təqviminizə düşmək bir az qəlizləşib. Belədir, yoxsa şişirdirlər?

- Şükür Allahın verdiyinə. Min şükür.

- Toylara yarım saatlıq proqramla gedirsiniz?

- Elə olur ki, məndən yazdırdığım mahnıları da istəyirlər, saz ifalarımı da. Toyda təxminən bir saatlıq çıxışım olur.

- Məclis sahibindən bir saat üçün nə qədər qonorar tələb edirsiniz?

- Onu deyə bilmərəm. O qədər dost-tanış var ki, kiməsə qiymət deməyə üzüm gəlməz. Tanıyanlardan maraqlana bilərsiniz. Nə deyiblərsə, razılaşmışam, demişəm ki, yoxa lənət, min şükür. Sənəti bir kənara qoysaq, bəlkə də, insanlar məni ona görə çox istəyirlər. Amma bəzən də ev sahibi məndən başqa bir aşıq da istəyir. Zəng vururam, elə qiymət deyir ki, özüm şoka düşürəm. Məndə paxıllıq hissi yoxdur. Məsələn, hansısa toya başqa bir həmkarımı da dəvət etmək istəyiblər, dərhal götürüb nömrəsini vermişəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm