21-ci əsrin Leyli-Məcnunu – TƏƏSSÜRAT + FOTOLAR
Bizi izləyin

Tabloid.az

21-ci əsrin Leyli-Məcnunu – TƏƏSSÜRAT + FOTOLAR

Zaman çox şeyləri dəyişə, çox şeylərin üstündən xətt çəkə bilər, birgə sevgidən savayı. Bəlkə də, bu, yeganə hissdir ki, əsrlər ötsə də, sevgi nə dəyişir, nə köhnəlir, nə də təravətini itirir. Bir mahnıda deyildiyi kimi: “Dünya köhnə dünyadır, sevgiləri təzədir”. İndi deyəcəksiniz, yəqin, bu qızın romantik damarı tutub. Əslində, lirik-romantik notlara köklənməyimin səbəbi var.

Həftəsonu yolumu Opera və Balet Teatrından saldım. Dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşasının növbəti premyerasına baxıb, həm ruhumu təzələdim, həm zövqümün pasını atdım, həm də həftəboyu canımı sıxan problemləri və yorğunluğu çıxarıb, günün dadını çıxarmağa çalışdım. Sağ olsunlar, gənc muğam ifaçıları Elnur Zeynalov və Arzu Əliyevanın gözəl ifaları sayəsində bu fürsəti qazandım.

Melomanlar yaxşı bilir ki, zaman-zaman bu opera səhnəsinə hansı müqtədir sənətkarlar Leyli və Məcnun qiyafəsində çıxıb, musiqinin diliylə əsl aşiqliyin nə demək olduğunu anladıblar.

Düzdür, yaşım imkan vermədiyi üçün bir çoxlarını canlı-canlı izləyə bilməsəm də, səhnədə çox Leylilər və Məcnunlar görmüşəm. Bir məqamı da vurğulayım ki, Məcnun sarıdan səhnəmiz o qədər bol olmasa da, Leyli sarıdan bəxtimiz həmişə gətirib. Elə təkcə xalq artisti Mənsum İbrahimovun azı 7-8 Leylisi olub. Uzun müddət Məcnun qıtlığı yaşayan opera səhnəsinə 2000-ci illərdə gənc xanəndə Səbuhi İbayev gəlib. Ayağı da düşərli olub ha! Çünki ondan sonra yeni Məcnunlar tanıdıq - İlkin Əhmədov, Elnur Zeynalov. Ən maraqlısı budur ki, hər yeni ifaçı səhnəyə yeni nəfəs gətirə bilib. Bax buna deyərəm yenilik...

Elnur və Arzu barədə danışmazdan öncə qeyd edim ki, hər bir Leyli və Məcnun özünəməxsusluğu ilə seçilib. Elə gördüyüm Leyliləri və Məcnunları misal gətirmək istəyirəm. Səhnədə öz sözünü çoxdan deyən Mənsum İbrahimov hər zaman mükəmməl Məcnunu ilə Leyliləri valeh edib. Səbuhi İbayev gənc və çəkingən obrazı ilə təbii və saf Məcnun obrazı yaradıb. Təyyar Bayramov əsl aşiq obrazı, İlkinsə çılğınlığı ilə özünü sevdirib.

Gəlib çatdıq Elnur Zeynalova… Adətən, ilk dəfə səhnəyə çıxan Məcnun bir qədər həyəcanlı olur, amma Elnurda bu həyəcanı görmədik. Özünəəminliyi, təmkini və ən əsası fərqli səs tembri ilə zaldakıları anındaca ələ alan gənc xanəndənin sənət sevgisi Leyli sevgisinə necə qarışmışdısa, sanki gözlərindən ildırım çaxacaqdı. O, əsl aşiq idi – qarşılıq gözləmədən Leylisini sevən dəli bir aşiq. Bu aşiqlik onun bütün vücudunu necə sarmışdısa, tamaşaçını da çəkib dinməz-söyləməz öz dalınca aparırdı. Hiss olunurdu ki, ustad sənətkar Arif Babayev, Mənsum İbrahimovdan bəhrələnib, amma öz Məcnunu yaradıb. Təbii ki, tərəf müqabilindən də çox şey asılıdır. Tamamlama olanda səhnədə hər şey gözəl olur...

Bu mənada, Arzu Əliyeva da ondan geri qalmırdı. Bu dəfə çox cəsarətli bir Leyli ilə qarşılaşırdıq. Hətta buna şaşırdıq da. Yeri gəlmişkən, indiyə qədər səhnədə gördüyüm Leyliləri xatırlamaq istəyirəm. Səkinə İsmayılovanın əzəmətli, Nəzakət Teymurovanın ürkək, Gülüstan Əliyevanın çılğın, Gülyaz Məmmədovanın utancaq, Aygün Bayramovanın biçarə Leylisinin ardınca səhnədə yeni bir Leyli görürdük – daha cəsarətli, daha özünəgüvənli Leyli. Yeni Leylini müasir dövrümüzün Leylisi kimi də qiymətləndirmək olardı. İfalara gəlincə, hər iki gənc xanəndənin ifası, səs tembri hər kəsi valeh edirdi. Səhnədə faktura da çox önəmlidir. Hər iki xanəndənin fakturası daxili aləmlərini açmaqda həm də bir açar rolunu oynadı. Təpədən-dırnağa Leyli və Məcnun olan iki aşiq yalnız alqışa layiq idi. Bu mənada, tamaşa, sənətçilərin diliylə desək, tutdu. Elə bunu onlara ünvanlanan alqış sədaları da təsdiq etdi. Odur ki, həm Arzuya, həm də Elnura demək istəyirəm ki, opera səhnəsinə gətirdiyiniz yeni nəfəsə görə, bu alqışlar sizlərə halaldır!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm