• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rövşən İsax: “20 Yanvar haqqında film çəkmək üçün zaman lazımdır”

Rövşən İsax: “20 Yanvar haqqında film çəkmək üçün zaman lazımdır”

Artıq 25 ildir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirilib. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını öz canını Vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu. Maraqlıdır, 20 Yanvar faciəsi indiyə qədər Azərbaycan kinosunda öz əksini tapıbmı?

Bu sualla rejissorlarımıza müraciət etdik…

Tanınmış kinorejissor Fikrət Əliyev belə bir mövzuda film çəkmək üçün mükəmməl ssenarilərin yazılmasını vacib sayıb: “20 Yanvar faciəsi həm də xalqın müstəqillik qazandığı gündür. O gün haqqında film çəkmək böyük məsuliyyət tələb edir. Həmin ili mən hər zaman kədər və qürurla xatırlayıram. Ata-anama yas tutmadığım halda, 20 Yanvar şəhidlərinə 40 gün yas saxladım. Yadımdadır ki, həmin dövrdə tanınmış həmkarlarımdan biri məni görüb təəccüblə soruşdu ki, nə olub, niyə üzünü saqqal basıb? Mən çox istərdim bu faciəni ekranlaşdırım. Mən həmişə rəhmətlik Ceyhun Mirzəyevi görəndə onu bağrıma basırdım ki, belə gözəl film çəkmisən. Onun çəkdiyi “Fəryad” filmi çox mükəmməl filmdir. Yəqin ki, zaman keçdikcə Qanlı Yanvar hadisələri də ekran həyatı qazanacaq”.

Fikrət Əliyev onu da bildirib ki, tarixi günlərimiz barədə filmlər çəkilərkən rejissorlarımız və ssenaristlərimiz çox məsuliyyətli olmalıdır.

Kinorejissor Əbdül Mahmudbəyovun da cavabı fərqli olub:

“20 Yanvar faciəsi mövzusunda film çəkmək hər oğulun işi deyil. Əvvəlcə belə bir mövzuda film çəkmək üçün zaman keçməlidir, hadisələr öz siyasi qiymətini almalıdır. Ondan sonra ssenaristlər mükəmməl ssenarilər yazmalıdırlar. Düzü-düz, əyrini-əyri. Burda yanlışlığa yol vermək olmaz, çünki tarixi filmlərə zaman-zaman baxılır. Əslində, indiyə qədər bu mövzuda müəyyən qədər filmlərimiz çəkilməliydi. Amma həmin faciənin törəndiyi vaxt kinostudiya, demək olar ki, dağılmışdı, orada film çəkmək mümkün deyildi... Artıq kinostudiya yeni filmlərin çəkilişinə başlayıb. Yəqin ki, rejissorlarımız 20 Yanvar faciəsinə həsr olunmuş filmlər çəkməyə başlayacaqlar”.

Rejissor Rövşən İsaxın bu məsələyə mövqeyi də fərqli oldu: “Düşünürəm ki, tarixi janrda yaxşı film çəkmək, mükəmməl əsər yazmaq üçün zamanın keçməsi lazımdır. Tarixi hadisənin üstündən uzun müddət keçəndən sonra daha peşəkar əsərlər yarana bilər. O cümlədən də filmlər. Fikir verin, İkinci Dünya müharibəsinə həsr olunmuş ən gözəl filmlər nə vaxt çəkilib? Əlbəttə, XX əsrin sonlarında. 1990-cı ildə baş verən bir tarixi hadisə barədə 1992-ci ildə əsər yazıb, mükəmməl film çəkmək mümkün deyil. Mən düşünürəm ki, belə hadisələrə “hündürdən” və uzaqdan baxmaq lazımdır. O halda mükəmməl ekran işləri yarana bilər. Zaman keçdikcə filmlər də çəkiləcək. Vahid Mustafayev bu mövzuda film çəkib, hələ görməmişəm. Allah eləsin, yaxşı film olsun”.

… Kiçik bir araşdırma apardıq və gördük ki, 20 Yanvar faciəsini əks etdirən yalnız bir film var, o da Vaqif Mustafayevin “Qara nişanə” filmidir. Amma bu film də bütövlükdə faciəni əks etdirmir. Bu mövzuya həsr olunmuş yeganə böyük ekran işi Vahid Mustafayevin “Qanlı yanvar” filmidir. Yeri gəlmişkən, dünən həmin film paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində nümayiş olunub.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR