Əməkdar artist: “Qızım əxlaqsızlıq etməyib, sadəcə...” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Qızım əxlaqsızlıq etməyib, sadəcə...” - FOTOLAR

Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Firəngiz Babayevanın Publika.az-a müsahibəsi

- Firəngiz xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- 20 Yanvar hadisələri ilə bağlı “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa hazırlanıb. Dünəndən etibarən onu oynayırıq. Əslində, bu tamaşa repertuarımızda var idi. İndi yeni quruluşda hazırlanıb.

- Tamaşanın müəllifləri kimlərdir?

- Rəhmətlik Ələddin Əliyevin pyesidir, quruluşunu isə xalq artisti Amaliya Pənahova verib. Mənimlə yanaşı, teatrımızın Əfqan Soltanov, İlqar Musayev, Gülsabah Quliyeva, Mahirə Yaqubova, Elxan Rza, Toğrul Rza, Rafiq İbrahimov, Tofiq Bayramov, Zülfiyyə Məmmədova, Zülfiyyə Qurbanova kimi aktyor və aktrisaları bu tamaşada rol alıblar. Qarşıdan Xocalı soyqırımının 23-cü ildönümü gəlir. Bir neçə gün öncə bir tamaşa-kompozisiyanın ssenarisi Amaliya xanıma təqdim olunub. İndi həmin tamaşanı hazırlayacağıq. Özüm yeni monotamaşa üzərində işləyirəm. İnşallah, yaxın vaxtlarda həmin səhnə əsəriylə tamaşaçı qarşısına çıxacağam.


- Müəllif kimdir?

- Orxan Bahadırsoyun pyesidir, “Varlı dilənçi” adlanır. Çox gözəl və qeyri-adi əsərdir. Bu, mənim yaradıcılığımda da bir ilk olacaq. Tamaşa təxminən bir saat çəkəcək. Bunu fərdi qaydada, özüm hazırlayıram. Bir rejissorla səhnəni də qurandan sonra, yəqin ki, monotamaşalar festivalına çıxaracağam.

- Seriala, filmə çəkilirsinizmi?

- Heç birində yoxam, kim nə çəkir, bilmirəm. Son çəkildiyim seriallar “Qız yükü” və “Toy gecəsi” idi. Hər iki seriala eyni vaxtda çəkilirdim. Ondan sonra heç yerə dəvət almamışam.

- Peşəkar aktrisa eyni vaxtda bir neçə seriala çəkilməməlidir axı...

- Bu, sizin fikrinizdir?

- Bir neçə aktyordan da belə eşitmişəm. Məsələn, Türkiyədə bir seriala çəkilən aktyor digərinə çəkilə bilməz.

- Siz bizi Türkiyə ilə eyni tutursunuz? Bizim aktyor və aktrisalar heç də onlardan zəif deyillər. Amma gəlin onların aldığı qonorarla bizim aldığımızı müqayisə edək. Mən üç-dörd serialdan aldığım pul onların bir serialdan aldığından azdır. Mən ATV-nin seriallarında çəkilmişəm. Ümumiyyətlə, “aktyor eyni vaxtda iki filmə, seriala çəkilə bilməz” fikri doğru deyil. Bu, aktyorun potensialından asılıdır. Əgər aktyorun, aktrisanın gücü varsa, hər rolun dəyərini, qiymətini bilirsə, niyə də oynamasın?

- Yeri gəlmişkən, qonorar barədə soruşum. Sizcə, hansı məbləğdən aşağı qonorara seriala, filmə çəkilmək olmaz?

- Biz serial çəkilişlərinə yenicə başlamışıq. Çox istərdim ki, seriallarda bizim aktyorların bir çəkiliş gününə ən azı 150 manat versinlər. Bunu peşəkarlar üçün deyirəm. Amma bəzən aktrisalardan eşidirəm ki, onlar əlli manata da çəkilirlər. Şəxsən mənə 75 manat da təklif ediblər. Demişəm ki, başınıza dönüm, inciməyin, mən ömrümü, həyatımı bu sənətə ona görə həsr etməmişəm ki, gəlib uşaqlarla eyni məbləğdə qonorar alım. Belə təkliflər olub, sağollaşıb çıxmışam. Əgər mən onlara lazımamsa, dediyim pula razı olub çəkəcəklər. Yox, əgər sadəcə çəkmək xatirinə dəvət edirlərsə, kimi istəsələr, dəvət edə bilərlər.

- Çəkildiyiniz seriallardan nə qədər alırdınız?

- Yaxşı məbləğə çəkilirdim və dediyim qonorarla razılaşmışdılar.

- Söhbət hansı məbləğdən gedir?

- Məbləği deməyək. Yəni, mən aşağı məbləğə çəkilmirəm və çəkilmərəm də.

- Minimum qonorarınız 100 manat idi?

- Yox, yüz manata çəkilməmişəm, ondan yuxarı idi.

- Bəs indi sizi seriala dəvət etmirlər?

- Bir dəfə haradasa oxudum ki, dövlət seriallara ayrılan pulu dayandırıb, artıq sırf sponsor filmləri çəkiləcək. Sponsorlu seriallarda da sponsor kimi deyirsə, onu da çəkirlər. Hazırda ATV-də “Günahkar” adlı serial gedir. O gün bir seriyasına baxdım, bir nəfər peşəkar aktyor görmədim. Bəlkə də, maliyyəyə görə kimi gəldi çəkiblər.

- Yəni o serialda bir nəfər peşəkar aktyor yoxdur?

- Bəli, yoxdur.

- Amma etiraf edək ki, bəzi seriallarımıza peşəkarları, tanınmışları çəkirlər, amma iş uğursuz alınır...

- Mənim çəkildiyim “Toy gecəsi”, “Məhkumlar”, Qız yükü” seriallarına baxmısınız?

- Baxmışam.

- Siz jurnalistsiniz, mən də aktrisa. Mənim rollarım uğursuz idi?

- Rollarınız normal ola bilərdi, amma serialların hər üçü zəif idi.

- Özündə məsuliyyət hiss edən aktyor harada çəkilməyindən asılı olmayaraq, canını-qanını qoymalıdır. Eybi yox, qoy heç olmasa, deməsinlər ki, Firəngiz də düşdü o birilərinin axınına, gör nə gündə oynadı.

- Siz düşünürsünüz ki, “Qız yükü” peşəkar, səviyyəli serial idi?

- Mən demirəm peşəkar idi, özümə cavabdeh adamam. Özünüz çox gözəl bilirsiniz ki, bu saat Azərbaycanda peşəkar serial yoxdur.

- Mənə görə, peşəkarlığa daha yaxın “Pərvanələrin rəqsi” serialı olub.

- İlk serialımız olduğuna görə sizə elə gəlib. Ancaq peşəkarlığa bir az yaxın serial “Qisas” idi. Orada bir çoxları, o cümlədən Zemfira Abdulsəmədova, Cavanşir Hadiyev, Vəfa Babayeva gözəl oynamışdılar.

- Yəni qızınız Vəfa Babayeva...

- Bəli, amma qızım olduğuna görə demirəm. Onlar daxili hissiyyatla oynayırdılar. “Pərvanələrin rəqsi”nə pis deyə bilmərəm. Sadəcə, ilk serialımız olduğuna görə...

- (sözünü kəsirəm – İ.V.) İlk deyil, ondan əvvəl neçə seriallar çəkilmişdi. Sadəcə, yaddaqalan ilk serial idi.

- Bəli, ondan əvvəl 8-10 seriyalıq seriallar olmuşdu. Amma bu miqyasda ilk serial idi deyə, yadda qaldı. Orada Mətanət Eres, Ramiz Novruz, Anar Heybətov kimi peşəkar aktyorlar çəkilmişdilər. Ona görə deyirəm ki, peşəkar aktyor olan yerdə peşəkar iş də olur.

- Qızınız barədə bir neçə sual vermək istərdim. Adətən, sənət adamları övladlarının onların yolunu davam etdirməsinə icazə vermirlər, çətinlikdən uzaq tutmağa çalışırlar. Bilmək istərdim ki, qızınız Vəfa Babayevanın aktrisa olmağı sizin istəyinizdir, yoxsa özünün?

- Bu sənətə gələndə atam məndən üz döndərdi. Anam isə normal yanaşırdı. Atam deyirdi ki, aktrisa olan qızı qəbul edə bilmərəm, ya da sənətdən uzaqlaşmalıdır. Sonra mənim Rusiyadakı qardaşım gəldi və aktyorluq fakültəsinə qəbul olunduğumu bildi. Dedi ki, bacım burada oxuyacaq və sənətini davam etdirəcək. Aktyor, aktrisa olmaq o demək deyil ki, sən əxlaqsızlıq edirsən. Bilirsiniz o zaman aktrisa qızlar haqda nələr deyirdilər? Amma indi valideyn uşağının qolundan tutub gətirir Mədəniyyət və İncəsənət Universitetinə. O zaman bizim ağır xasiyyətli kişilərimiz var idi. Rayonda da hərə bir yandan deyirdi ki, filankəsin qızı getdi aktrisa oldu. Ona görə atam istəmirdi. Mən də dedim ki, atam məndən üz çevirsə də, ölənə kimi bu sənətin ardınca gedəcəyəm.

- Hansı bölgədən söhbət gedir?

- Xaçmaz rayonu.

- Mən aktyorları əxlaqsızlıqda suçlaya bilmərəm...

- O zaman belə deyirdilər. Camaatın ağzında bu söz-söhbət gəzirdi. Amma mən aktrisalarımızın tamaşalarına baxırdım, özlərini də əla aparırdılar.

- Bəs camaat niyə elə deyirdi?

- Avam camaat idi də. Deyirdilər, səhnəyə çıxıb kiminləsə qucaqlaşdısa, vəssalam. O zaman camaatı başa salmaq olmurdu ki, bu, səhnədir. Axı siz məni səhnədə görürsünüz və həyatda o deyiləm. Allaha şükür, indi insanlarımız müasirləşib. Hamı bilir ki, bu, aktrisadır, bu, səhnədir.

- Vəfanı özünüz bu sənətə yönləndirdiniz?

- Mən onu heç yerə yönləndirməmişəm. O, teatrda böyüyüb. Əvvəlcə Sumqayıt, sonra da Bələdiyyə Teatrında. İlk dəfə rəhmətlik Yusif Muxtarovla Amaliya Pənahova onu “Ölülər” tamaşasında səhnəyə çıxarıblar. Həmin tamaşadan sonra gəldi ki, ana, mən də aktrisa olacağam.

- Onda neçə yaşı var idi?

- 9 yaşı vardı. Mən övladın istəyinə qarşı gedə bilmərəm. Əgər bu onun istəyidirsə, o, bu sənətdə həqiqətən sözünü deyə biləcəksə, niyə də olmasın?

- Qızınızın “Qisas” serialında oynadığı səhnələr müəyyən söz-söhbətə səbəb oldu. Həmin məqamda ona dəstək olurdunuz?

- Mən bilirdim ki, onun oynadığı səhnələr söz-söhbətə səbəb olacaq. Çünki romanı, sonra isə ssenarini oxumuşdum. Qızıma demişdim ki, bu sənətin çox ağır yolları var. Əgər sən ona sinə gərə biləcəksənsə, get. O da mənə demişdi ki, mənim haqqımda pis söz yazacaqlarsa, nə edəcəksən? Dedim ki, bir vaxtlar məni də çox baltalayıblar. Qızım aktrisa kimi səhnədə oynayıb, həyatda əxlaqsızlıq etməyib.

- Vəfanı aktrisa kimi bəyənirsiniz?

- Qızım olduğu üçün demirəm, amma, onun təbiiliyini çox bəyənirəm. Sadəcə, bir minusu var ki, arıqlamalıdır (gülür) . Arıqlasa, çox gözəl bir aktrisa olar. Çünki Vəfanın daxili aləmi var.

- Vəfanın sənət aləmindən olan bir insanla ailə qurmasını istərdinizmi?

- Mən sənət adamıyla ailə qurmamışdım və heç də uğursuz olmayan ailəyə sahib idim. Gözəl qızım, məni başa düşən həyat yoldaşım. Kimsə nəsə deyəndə, deyirdi ki, ona heç kim söz deyə bilməz, sənətidir. Mənə dəstək olurdu. Yoldaşım rəhmətə getməsəydi, yəqin ki, indi başım təkcə uşağımı böyütməyə qarışmazdı. O da mənə dəstək olardı.

- Yoldaşınız neçənci ildə vəfat edib?

- 2004-cü ildə - Vəfanın 11 yaşı olanda dünyasını dəyişib. Bir ana üçün tək uşaq böyütmək nə deməkdir, onu bilirsiniz. Ona həm ana, həm ata oldum. Bütün işləri, müəyyən film təkliflərini arxa plana atdım, qızımla məşğul oldum ki, onu böyüdüm. Tək qoyub gedə bilmirdim. O ki qaldı qızımın aktyorla ailə qurmasına, münasibətim normaldır. Əgər sevib quracaqsa, qursun. İstəyirəm ki, övladım xoşbəxt olsun. Qızımın həyat yoldaşı fəhlə, aktyor, yaxud bir başqa peşənin sahibi ola bilər.

- Hazırda çalışdığınız Bakı Bələdiyyə Teatrı ilə bağlı belə fikirlər var ki, yaradıcı mühit istənilən səviyyədə deyil, premyeralar gec-gec olur.

- Onu kim deyirsə, deməli, çəkilib kənarda duran aktyor, aktrisadır. Bizim teatrın işləri var. Ötən mövsümün sonunda “Diaqnoz D” tamaşası, ondan sonra Amaliya xanımın məşhur polşalı rejissor Zanussi ilə hazırladığı tamaşanın premyerası oldu. Həmin tamaşada Amaliya Pənahova baş rolda oynayırdı.

- Teatrınızın keçmiş aktyoru Ramin Şıxəliyev bu fikirləri saytımıza müsahibəsində səsləndirmişdi.

- Ramin bizdə işləmir və qələt edir o sözləri deyir. Çox böyük səhv edir... Ramin öz işlədiyi teatrın binasına və bizim binaya baxsın. Siz də bir gün gəlin baxın. Ümumiyyətlə, binası olmayan teatrıq. Neçə illərdir elə şəraitdə işləyirik ki, orada heç kim işləyə bilməz. Divarımız dörd yerdən çatlayıb, binamız qəzalıdır. Hətta mən truppa müdiri işləyəndə sənədə qol çəkmişəm ki, burada işləmək təhlükəlidir. Dəfələrlə nazirliyə də müraciət etmişik ki, bizə bir yer verin. Belə ağır və təhlükəli şəraitdə, ölümlə üz-üzə dayanıb ortaya nəsə çıxara biliriksə, bu, bizim qəhrəmanlığımızdır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm