“Qanlı Yanvar”ın gücü nədədir? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Qanlı Yanvar”ın gücü nədədir? – FOTOLAR

1898-ci ildən bu günədək Azərbaycanın film tarixində onlarla tarixi-qəhrəmanlıq filmləri çəkilib. Onların arasında yetərincə uğurluları da olub, nisbətən uğursuzları da, ortababları da.

İki gün öncə isə film tariximizin daha bir tarixi-qəhrəmanlıq filmi - “Qanlı Yanvar” təqdim olundu. Özü də çox da uzaq olmayan tarixlə bağlı. Təbii ki, ilk baxışdan bir filmin ərsəyə gəlməsi o qədər də çətin görünməyə bilər. Amma rejissor Vahid Mustafayevin dediyi kimi, 63 gün ərzində belə bir mövzuda film çəkmək kimi ağır yükün altına girmək sözün əsl mənasında məsuliyyət idi.

Filmin süjet xətti, baş verən hadisələr, şübhəsiz ki, çoxlarınıza məlum olduğundan bu barədə geniş yazmağa, məncə, lüzum yoxdur. “Qanlı yanvar”ın süjet xətti barədə qısaca onu demək olar ki, burada bütün hadisələr reallığı özündə tam əks etdirib. Sovet qoşunlarının əliyalın xalqın üzərinə silahlı hücumu, həmin anlarda insanlarımızın bir-birinə qarşı davranışları, xalqın bir anın içində yumruq kimi birləşməsi, dindarından ateistinə, mülki sakinindən zabitinə qədər hər kəsin bu haqsızlığa – bir dövlətin öz vətəndaşına qarşı törətdiyi ağılasığmaz cinayətlərə – göz yummaması bütün detallarıyla tamaşaçıya təqdim olunur.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, “Qanlı yanvar” 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam barədə ilk və hələlik, yeganə bədii filmdir. Bəli, buna qədər bir neçə sənədli film ərsəyə gətirilsə də, 25 il ərzində sırf Yanvar hadisələri ilə bağlı bədii film çəkilməmişdi.

Reportaj janrında çəkilən və 145 epizoddan ibarət “Qanlı yanvar” törədilmiş qətliamın, gec də olsa, dünyaya çatdırılması üçün, bəlkə də, ən ideal vasitədir. Əvvəla, ona görə ki, filmin əvvəlində titrlərdə ekran işinin real hadisələr əsasında çəkildiyi qeyd olunur. Digər tərəfdən, çəkiliş komandasının beynəlxalq olması “Qanlı Yanvar”ın təbliğatı baxımından çox önəmlidir. Çünki bu filmdə rol alan Leyn Deyvis Amerikada və bütün dünyada, Nebahat Çehrə Türkiyədə və türk dünyasında, Yuri Baliyev Rusiyada və keçmiş postsovet ölkələrində yetərincə məşhurdurlar. “Qanlı Yanvar”ın milyonların sevimlisi olan bu aktyor və aktrisaların filmoqrafiyasında yer alması, doğrudan da, təqdirəlayiqdir. Təsadüfi deyil ki, artıq, Türkiyə mətbuatı filmə böyük yer ayırıb. Çox güman ki, Rusiya və Qərb mediası da “Qanlı Yanvar”a laqeyd qalmayacaq. Bir rus aktyorun sovet imperiyasının törətdiyi qətliamı özündə əks etdirən ekran işində rol alması, üstəlik Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhu qarşısında baş əyməsi bilirsinizmi nə deməkdir? Həmin aktyor rəsmi şəxs olmasa belə, bu törədilən qətliamın günahını dərk etməyə bərabər bir jestdir ki, bunu da “Qanlı Yanvar” filminin rejissoru Vahid Mustafayev bacarıb.

Filmin aktyor-aktrisa heyətindən söz düşmüşkən, Mehdi rolunu canlandıran Azər Aydəmir, Nəcəf Nərimanoviç obrazını canlandıran Faiq Mirzəyev və digərləri öz rollarının öhdəsindən böyük məharətlə gəliblər.

Filmin bir çox ölkələrdə nümayiş olunma və Azərbaycanı nüfuzlu Beynəlxalq Film festivallarında təmsil etmə perspektivi isə sözün əsl mənasında uğurdur.

“Qanlı Yanvar”ın təqdimatından sonra isə kino mərkəzinə təşrif buyuranların simalarını görmək yetərli idi: hər kəsin üzündəki ifadə, bəzilərinin zalı gözüyaşlı tərk etməsi isə Vahid Mustafayev və komandasının 63 günlük əziyyətinin hədər olmadığını bir daha sübut edirdi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm