Oğlunun ölümündən xəbərsiz dünyadan köçən azərbaycanlı məşhur - FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Oğlunun ölümündən xəbərsiz dünyadan köçən azərbaycanlı məşhur - FOTOLAR+VİDEO

Mərhum sənətkarımız Yaşar Nurinin bir kəlməsi hər zaman qulaqlarımdadır. O deyirdi ki, yaradıcı insanların iki ömrü olur: ölümlərinə qədər olan və ondan sonra davam edən ömür.

Haqqında söhbət açacağım insan da ölümündən sonra ömrünü davam edən sənətkarlardandır. Musiqilərində yaşayan ölməz bəstəkar Şəfiqə Axundovadan danışacağam. Bu gün onun doğum günüdür. Şərqdə ilk qadın opera bəstəkarı (“Gəlin qayası”- C.S) kimi adını tarixə yazan Şəfiqə Axundova haqqında onu yaxından tanıyan insanlar danışacaq. Amma bir az sonra…

Onunla həmsöhbət olmaq xoşbəxtliyi bir jurnalist kimi mənə də nəsib olub. Dəfələrlə haqqında məqalələr yazıb, ən xoş və kədərli günlərində hal-əhval tutmuşam. Şəfiqə xanım dahi Üzeyir Hacıbəylinin tələbəsi olub. Üzeyir bəylə bağlı bəstəkarın o qədər gözəl xatirələri vardı ki, hər zaman bunu bizimlə bölüşürdü. Xatirələrindən bilirdik ki, Şəfiqə xanım böyük bəstəkarın ən sevimli tələbələrindən olub. O danışırdı ki, həyatının ən çətin dönəmlərində Üzeyir bəy hər zaman dərsdən sonra ona öz evindən gətirdiyi buterbrodlar verərmiş. Hətta müəllimi öz yemək payını da tələbəsinə verib deyərmiş: “Şəfiqə rəngin avazıyıb, ye, özünə gəl, sən güclü olmalısan ki, dərslərin öhdəsindən gələ biləsən”.

Şəfiqə xanım xoşbəxt bəstəkar idi. Hər müğənni onun mahnılarını oxumaq arzusunda idi. Musiqilərində olan həzinlik, canayatımlıq Şəfiqə Axundovanı tez bir zamanda dinləyicilərə sevdirə bilmişdi. Onun mahnıları yalnız Azərbaycanda deyil, Türkiyədə də sevilir. Hətta tanınmış türk sənətçiləri onun mahnılarını sevə-sevə ifa edirlər. Türk musiqisinin kralı İbrahim Tatlısəs onun məşhur “Nədən oldu” mahnısını oxuyub.

Tanınmış bəstəkar, Şəfiqə Axundovanın yetirməsi olan Mətanət Dadaşova ustadı haqqında xatirələrini Publika.az-la bölüşərkən onu həm bir insan, həm də bir sənətkar kimi qiymətləndirir:

“Dahi Üzeyir bəyin yetirməsi olan Şəfiqə xanımın tələbəsi olduğuma görə özümü çox xoşbəxt sayıram. O hər zaman haqqımda deyirdi ki, Mətanət mənim davamçımdır. Mahnılarımı çox bəyənirdi. Şəfiqə xanım paxıllıqdan, qısqanclıqdan uzaq bir insan idi. Sənət adamları arasında paxıllıq hər zaman olub, bəstəkarlar bir-birlərinə qısqanclıqla yanaşıblar. Gərək nə qədər geniş ürəyə sahib olasan ki, başqasının bəstələdiyi musiqilər haqqında yüksək fikir söyləyəsən. Şəfiqə xanım belə ürək sahiblərindən idi. İstənilən tədbirimdə, məclisimdə Şəfiqə xanım gəlib yuxarı başda əyləşərdi. Məni tələbəsi yox, qızı bilərdi. Hər təzə çıxan mahnım barəsində o qədər gözəl fikirlər söyləyərdi ki, ürəyim dağa dönərdi. Bu xanımın iç dünyası o qədər saf, təmiz idi ki, musiqiləri də özünə bənzəyirdi. Onun mahnıları elə bil bulaq suyudur, insanın ruhunu dincəldir.

Şəfiqə xanım gözəl ana idi, yeganə övladı olan Talehi dünyalar qədər sevirdi. Taleh də anası kimi gözəl musiqilər bəstələyib və eyni zamanda, virtuoz pianoçu kimi fəaliyyət göstərib. Heyif ki, dücar olduğu xəstəlik onun yaradıcılığını da ömrü kimi yarıda qoydu. Övladının ağır xəstəliyi də Şəfiqə xanımı çox sarsıtdı. Çünki o, övladı ilə nəfəs alırdı. Həmişə Şəfiqə xanım oğlundan danışır, ona olan sonsuz sevgisini izhar etməkdən yorulmurdu. Elə onu yatağa salan da oğlunun dərdi oldu. Bildiyimə görə, ömrünün sonuna qədər Şəfiqə xanım oğlunun ölümündən xəbərsiz olub. Ailəsi bu itkini ondan gizlədib, çünki həmin vaxt Şəfiqə xanım ağır xəstə yatırdı və həkim nəzarətində idi.

Şəfiqə xanımın son arzusunu yerinə yetirə bilmədiyimə görə özümü bağışlaya bilmirəm. Heç vaxt da bağışlamayacağam. Xəstə yatdığı dönəmlərdə mənə zəng elədi ki, Mətanət, gəl, məni gəzməyə apar. Həmin vaxt mənim də başım qarışıq idi, qızımı itirmişdim. Nəsə, bir müddət keçəndən sonra onun ölüm xəbərini eşitdim, çox sarsıldım...

Şəfiqə xanımın mahnıları sərhəd tanımırdı. Başqa ölkələrin məşhur müğənniləri tərəfindən ifa olunurdu. Bir dəfə mənə dedi ki, Mətanət, İbrahim Tatlısəs “Nədən oldu” mahnımı oxuyub, amma adımı çəkməyib. Buna görə çox pis olmuşdu. Üstündən bir müddət keçəndən sonra yenə də mənə zəng edib dedi ki, bəs İbrahim Tatlısəs Bakıdadır, tədbirlərin birində qarşılaşdıq. Şəfiqə xanım həmin tədbirdə Tatlısəsə yaxınlaşıb oxuduğu mahnının müəllifi olduğunu deyəndə İbrahim çaşıb qalıb. Sən demə, o özü də bu mahnının müəllifinin Şəfiqə Axundova olduğunu bilməyibmiş. Şəfiqə xanım üçün önəmli olan musiqilərinin sevilməsi idi. O, heç vaxt mahnılarını pula satmazdı. Onları sevdiyi, səsini bəyəndiyi müğənnilərə verərdi. Bir görün onun musiqilərini necə böyük sənətkarlar ifa edib. Şəfiqə xanım Şərqin ilk opera yazan qadın bəstəkarıdır, amma özü çox sadə insan idi. Başqası olsaydı, buna görə qürrələnərdi, özünü yuxarıdan aparardı, amma Şəfiqə Axundova hər zaman sadəliyi ilə seçilirdi. Uşaqla uşaq idi, böyüklə də böyük. Onun dəyərini dövlət də verib, bütün ali mükafatlara, fəxri adlara layiq görülüb. Bu gün onun mahnılarını eşidəndə ruhunu da o musiqilərin arxasında hiss edirik. Şəfiqə xanım ruhunu musiqilərinə hopduran bəstəkarlardandır”...

Yaxınları danışır ki, onu yaşadan musiqiləri idi. Şəfiqə Axundova hətta xəstə yatdığı dönəmlərdə belə yaradıcılıqdan ayrı düşməyib. Çox həyatsevər və pozitiv qadın olub. Dünyasını dəyişən günə qədər də mahnılar bəstələyib. Hətta səhhətinin ən ağır vaxtlarında belə xəstəliyə sinə gərərək, doğulduğu Şəkiyə gedib ad günü tədbirlərində iştirak edib.

Ömrünün son illərində gözünün ağı-qarası olan sevimli oğlunu itirən ana hər şeydən bixəbər qalır. Bacısıgil oğlunun ölümünü ondan gizlədirlər. Dəhşətə baxın ki, bir otaqda ağır xəstə yatan Şəfiqə xanım, digər otaqda oğlunun cənazəsinin olduğundan xəbər tutmur. Əzizləri göz yaşlarını içlərində boğurlar ki, xəstə ana bu itkidən xəbər tutmasın. Amma ana ürəyi həssas olur deyirlər. Şəfiqə xanımın ürəyinə damır və o, bacısına deyir ki, Taleh dünyasını dəyişib, məndən gizlədirsiniz. Ölümünə bir neçə gün qalmış Şəfiqə xanım yenə də oğlunun sağ olub-olmadığını dəqiqləşdirmək üçün israrla Talehi soruşub. Amma yenə də bu itkini ondan gizlədiblər. Şəfiqə xanımın ömrünü bir az da uzatmaq üçün xəbəri bir az da yubatmaq istəyiblər.

… Şəfiqə xanım musiqilərinin hamısını sevirdi və onlar arasında ayrı-seçkilik salmırdı. Amma mahnıları arasında “Nədən oldu” mahnısını xüsusilə sevirdi. Bu da təsadüfü deyildi, çünki bu mahnı oğlu Talehin ən çox sevdiyi, pianoda ifa və zümzümə etdiyi mahnı idi. Evlərində qonaq olarkən bu mahnını mənim üçün də ifa etmişdi. Şəfiqə xanım bu mahnını həm də ona görə sevirdi ki, bu, onun taleyinin mahnısı idi. Demək olar ki, bir qadın kimi xoşbəxt deyildi və sevdiyi kişidən çox erkən yaşlarında ayrılmışdı. Bu acı ömrünün sonuna qədər ona bəs eləmişdi. Hər halda, özü belə etiraf edirdi. Hətta övladının atasını o qədər çox sevirdi ki, ondan ayrılandan sonra ikinci dəfə ailə də qurmadı...

Yazımı tamamlayan ərəfədə Şəfiqə xanımın vaxtilə mənə danışdığı bir məqamı da xatırladım. Şəfiqə xanım deyirdi ki, Səməd Vurğun məşhur “Aygün” poemasını məhz ona həsr edib.

Şəfiqə Axundova böyük şairlərimizin gözəl yazılarına dəyən bir bəstəkardır. Hələ onun barəsində, yəqin ki, çox yazılacaq. Amma arzu edərdim ki, bugünkü bəstəkarlarımız da onun kimi bəstələsinlər və nə vaxtsa, onları da belə gözəl sözlərlə yad etsinlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm