“Yandım Allah” deyə bağıracaq biri varsa, o dəli də mənəm”
Bizi izləyin

Tabloid.az

“Yandım Allah” deyə bağıracaq biri varsa, o dəli də mənəm”

Publika.az populyar müğənni Sılanın Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Ən çox nə zaman mahnı sözləri yazırsınız?
- Konkret vaxtı olmur. Ancaq deyə bilərəm ki, hisslərimin qarışıq olduğu vaxtlarda yaza bilmirəm. Mən yazmaq üçün mütləq sakitləşməliyəm.

- Konsertdən əvvəl mütləq etməli olduğunuz nə isə varmı?
- Kulisdə çox vaxt keçirməyi xoşlamıram. Mütləq dəstəmlə söhbət edirəm, olub bitən nə varsa, danışıb-gülürük. Səhnəyə çıxmamışdan əvvəl dua edib ondan sonra çıxıram.

- Əhvali-ruhiyyəniz yaxşı olmayanda nə ilə təsəlli tapırsınız?
- Ruh halı dəyişkən biriyəm. Heç vaxt mənfi aurada qalmıram. Ya sözlə, ya sazla bir yolunu tapıb, vəziyyətdən çıxıram. Bir də gəzintiyə çıxıb mənfi enerjini üzərimdən atmağa çalışıram.

- Sevdiyiniz adam xəta edərsə, münasibətini bitirərsiniz, yoxsa ikinci şans verərsiniz?
- Hər kəs xəta edə bilər. Edəcəyi xəta mənim yaxşılığıma vəsilə olacaqsa, qarşı tərəfin tezliklə bağışlaram. Bu, həyatıma buraxdığım, dost, tanış, qohum və s. hamı üçün belədir.

- Bir kişiyə olan sevginizə görə onun üçün mahnı yazmısınızmı?
- Mən sözlərdən təsirlənirəm.

- İlk görüşdə nə geyinməyə üstünlük verirsiniz?
- Əsas məsələ olduğun kimi görünməkdir. Heç vaxt geyinmədiyiniz bir paltarı həmişə geyinmış kimi görünməyin mənası yoxdur. Bu, çox sıxıcı görünər. İlk görüşdə özünü düzgün ifadə edə bilmək üçün söhbət etmək önəmlidir. Söhbət ikinci planda qalarsa, münasibət davam etməz.

- Bəyəndiyiniz insanda diqqətini çəkən ilk şey nədir?
-
Ağıl.


- 10 il öncəki Sıla ilə indiki Sıla arasında nə fərqlər var?
- 10 il fərq var. Əvvəl daha sərt idim, indi yumşaldım. Baxdım ki, həyat başqa cürdür. Özüm özümə dedim ki, “Sükanı dəyişmək lazımdır. Başqası olmağı da bacar, əyil, yumşal bir az”.


- Bədəninizdə neçə döymə var?
- Kürəyimdə, boynumda, əlimdə, ayağımda. Məncə, azdır.


- İlk dəfə qazandığın pulla nə etmişdiniz?
- Ailəmə hədiyyə almışdım.


- Həyatda ən böyük qorxunuz nədir?
- Vaxtından əvvəl olan ayrılıqlar.

- Kişilərdən başqa qadın fanatlarınızın da sayı çoxdur. Bunu nə ilə əlaqələndirirsiniz?
- Təxmini olaraq hamımızın başına müxtəlif vaxtlarda eyni şeylər gəlir. Bəzisi dilə gətirə bilmir, bəzisi ən yaxını və ya yanındakı ilə bölüşür. Kobud-kobud danışacaq, əsəbiləşəndə “yandım Allah” deyə bağıracaq, sevincini hayqıracaq birisi varsa, o dəli də mənəm. Düzdür, mən də bunu ancaq yazaraq edə bilirəm, yoxsa təmkinli biriyəm. İnsanlar özlərinin söyləyə bilmədiklərini dilə gətirən adamları sevirlər.

- Gözəllik sirlərinizi bizimlə bölüşə bilərsinizmi?
- Elə böyük sirrim yoxdur. Çəkimə diqqət edirəm. Gəzintiyə ara vermirəm. Cildimi təmiz saxlayıram, əl-ayaq barmaqlarıma qayğı göstərirəm. Təmizlik və baxımlı olmaq hər qadın və kişinin həyatında vacibdir.


- İdmanla aranız necədir?
- Yaxşıdır. Həyatımın hər mərhələsində yaxşı olub. Piyada gəzməyi sevirəm. Zehnimi açır.


- Davamlı pəhriz saxlayanlardansınız, yoxsa yeyib kilo almayanlardan?
- Ölçülü davrananlardan. Ölçünü bir az aşsam, o saat özümü cilovlayıram.


- Yemək bişirməyi sevirsinizmi? Ən yaxşı hansı yeməyi bişirirsiniz?
- Çox sevirəm. İki ildir marağım artıb. Çox şeyi yaxşı bacarıram. Bircə şirniyyatla aram yoxdur.


- Boş vaxtlarınızda ən çox nəyi etmək sizin üçün xoş olur?
- Sevdiklərimlə birlikdə olmaq, film izləmək. Həyatımın tempini azaltmaq.


- Sosial media ilə aranız necədir?
- İşimə görə yaxşı olmaq məcburiyyətindəyəm.


- Sıla sevgi münasibətində necə biridir?
- Bilmirəm. Hər halda, yaxşı biridir.


- Bu günədək özünüz üçün etdiyiniz ən yaxşı şey nədir?
- Özümü günahımla və savabımla qəbul etmək.


- Hansı tərz musiqilərə qulaq asırsınız?
- Ruh halıma görə dəyişir. Bəzən yumşaq, incə, bəzən sərt, depressiv, bəzən də yüksək templi.


- “Kaş” dediyiniz hallar varmı?
- “Belə etsəydim” dediyim hallar var. Ancaq bu, indiki yaşım və ağlımla baxdığım üçündür. Həmişə məntiqli və ağıllı olmaq olmur. Büdrəyəcəksiniz ki, böyüyəsiniz.

- Evlənib ailə qurmağı düşünürsünüzmü?
- Düşünürəm. Xeyirlisi nədirsə, o olsun. Bu da zamanla öyrəndiyim və inandığım sehrli sözlərdəndir.


- Səhərlər yuxudan nəşəli, yoxsa gərgin oyanırsınız?
- Əsəb pozacaq şəkildə nəşəli oyanıram.


- Sizin çox məsafəli davranışınız var. Bu nə ilə bağlıdır?
- Xarakter. Həmişə belə olmuşam. Məni sonradan tanıyanlar çox təəccüblənirlər. Ancaq bunu xüsusi olaraq etmirəm. Bu ticari bir davranış deyil. İnsanlara alışmaq üçün zamana ehtiyac var. Öncə bir az gözləyib öyrənməyi sevirəm. Sonra təbii olaraq hər şey yoluna düşür, divarlar yıxılır.


- Ancaq bu xarakterə tərs bir sənətlə məşğulsunuz…
- Səhnədə belə deyil. Konsertdə çox rahat şəkildə əlaqə qura bilirəm. İzləyicilər bunu anlamırlar. Onsuz da mahnılar məsafəni aradan qaldırır. Yazı prosesi də məlum məsələdir - mənlə mən arasında. Bir də bir-birinə bağlı olmağa alışdığımız üçün fərqli görünür.


- Populyar kültür və maqazin dünyası ilə də məsafə saxladığınız hiss olunur…
- Sevmirəm maqazini. Demək istəyirəm ki, lazımi şouya həmişə açığam. Ancaq özəl həyat, çox açıq bir həyat tərzi... yəni özümü çox göstərməyi sevmirəm. Demək istədiklərimi onsuz da mahnılarımla deyirəm. O qədər maraqlı olduğunu düşünmürəm. Mən də maraqlanmıram heç.


- Başqasıyla heç maraqlanırsız?
- Mən insanlara baxmağı sevmirəm. Bura bir kafe olsa, sizə baxaram. Ancaq Armağan Çağlayan kimi deyil, naməlum biri kimi baxaram. İnsanları seyr etməyi sevirəm, onların reaksiyalarını, necə cavab verməklərini, necə aşiq olmaqlarını, kimə aşiq olmaqları ilə maraqlanıram… Bu da bir sənət deformasiyasıdır.


- Mənə müasir Yıldız Tilbe kimi görünürsünüz. Özünəməxsus oxuma tərzi olan, şou biznesi yaxşı bilən…
- Bizim belə bir mahnıya ehtiyacımız var deyə heç vaxt masaya oturmadıq. Heç vaxt gitaranı bunun üçün əlimizə almadıq. Həmişə içimizdən nə gəldisə, onun arxasınca getdik. Məhz bu da insanı azad edən şeydir. Başqası yaxşı şey deyil.

- Türkiyədə yaşananlarla maraqlanırsız? Siyasətdən qaçdınızmı?
- Mümkün deyil qaçmaq. Yaşadığınız torpaqlarda nə olursa, maraqlanmaq məcburiyyətindəsiniz. Mən bir az siyasətdən uzaq durdum, çünki siyasətlə məşğul olan bir ailədən çıxmışam. Mənim iki babam da – biri Ədalət, digəri Demokrat Partiyasından idi - millət vəkili olub. Hətta biri Yassıada məhkumlarından olan Muzaffer Balabandır. Atam uzun illər siyasətlə maraqlandı. Millət vəkili olacaqdı, az qalmış əl çəkdi. Dolayısı ilə, biz nə vaxt bir yerdə oturub söhbət etsək, söhbət əvvəl-axır siyasətin üzərinə gəlir. Qaçmaq olmur. Həmçinin son zamanlar o qədər çox şey yaşandı ki, biganə qalmaq mümkün deyil...


- Kənardan baxanda sizin sosial-demokrat ailədən gəldiyinizi düşünürdüm. Bəlkə də, yazdığınız tvitlərə görə elə görünür.
- Ola bilər. Bir az sosial demokratam.


- Əslən izmirlisiniz?
- İzmirliyəm. Dənizlidə doğulmuşam, atam Dənizlidən, anam İzmirdəndir. Orta məktəbi Dənizlidə oxudum. Sonra fransız dili sevdasına görə İzmirə oxumağa getdim. Universitet üçün də İstanbula gəldim.


- Musiqi dünyasında ilk dəfə kimlərlə tanış oldunuz?
- İstanbula ilk gəldiyim il fransız ədəbiyyatı fakültəsinə daxil oldum. Çünki konservatoriyaya qəbul ola bilmədim. Bir az musiqidən küsdüm. Fransız ədəbiyyatı ilə davam edərəm deyə düşündüm. Ancaq ilk il çox ağır oldu. Evdə gizli mahnı yazıb oxuyurdum. Bir dostum Bilgidə mahnı oxuyurdu, ona danışdım. “Bir pianoçu dostum var. Çox yaxşı anlaşacağınızı düşünürəm. Sənin kimi dəlidir bir az. Onun yanında işlə, gör necədir” dedi. Demir Durukan, indi çox yaxşı bir musiqiçidir. Vyanadadır. Onun yanında işləməyə başladıqdan sonra çox həvəsləndim. Sonra Bilgidə Caz Vokala daxil oldum və rəhmətlik Nuket Ruacanla işləməyə başladım. Çox şablon səslənə bilər, ancaq həqiqətən, səhnə tozu udmaq lazımdır. Sonra... liseydən tanıdığım Cem Öcal o vaxtlar Kənan Doğuluyla işləyirdi. O, məni Kənan Doğuluyla tanış etdi. Çox şeyi də o zaman öyrəndim. 200o-ci ildən ilk albomumun çıxdığı 2007-ci ilədək Kənan Doğulunun vokalisti oldum. Onun mənə çox köməyi oldu.


- Populyar kültürdən uzaq durursunuz. Bəs çıxan albomları alırsınızmı? Seriala baxırsınız?
- Musiqidə maraqlandıqlarım olur, onları izləyirəm. Televizorla heç əlaqəm yoxdur. İki-üç ildir televizor izləmirəm. Sadəcə film izləyəcək həyat tərzim var. Televizoru çıxardım evdən.


- Sizə gəlsəm, bir kanal izləmək istəyirəm desəm, imkansızdırmı?

- Bəli. Ancaq internetdən aça bilərik.


- Çox maraqlıdır. Mən bir jurnalist kimi, heç belə insanların olduğunu düşünməmişdim.

- Çıxardım, çünki hər dəfə baxanda bir az daha bağlılıq olduğunu gördüm. Filmə baxmağı çox sevirəm, bol vaxtım olanda izləyirəm. Türk ədəbiyyatına marağım böyükdür. Dəhşətli Hakan Günday fanatıyam. Andeqraund ədəbiyyatından çox xoşum gəlir. Mən “Daha”nı çox bəyəndim, “Az”ı da bəyənmişdim.


- Evdə televizor olmayınca çatışmamazlıq hiss etmirsiniz?
- Yox, hiss eləmirəm. Lazım olanda internetdən baxıram.

- Hər gün qəzet oxuyursunuz?
- Oxuyuram. İnternetdən oxuyuram. Səhər oyandığım vaxt ilk olaraq qəzetləri gözdən keçirirəm.


- Türkiyədə ən yaxşı müğənni kimdir?
- Çox var. Misal üçün, Tarkan yaxşı sənətçidir. İbrahim Tatlısəs, Kibariyə, Minə Kosan, Kubat çox yaxşı sənətçilərdir. Hiss etdinizsə, çox fərqli yerlərdən saydım. Yıldız Tilbə çox yaxşıdır. Kenan Doğulu ilə işlədiyim vaxt Bodrumda bir axşam Yıldız Tilbə gəldi. Kənan onu səhnəyə dəvət etdi. Səhnədə bir mahnı söylədi, sanki dizlərimin bağı çözüldü.


- Siz də mənim kimi kiçik bir yerdə doğulub böyümüsünüz. Mən bunun insana çox faydasının olduğunu düşünənlərdənəm. Böyük şəhərdə böyüsəydim, bəlkə, buralara gələ bilməzdim…
- Əlbəttə, çox önəmlidir. Hər zaman bir addım irəlini xəyal edirsiniz.

- Twitter-ə çox aludəsiniz?
- Elə idim. Ondan da uzaqlaşdırdım özümü. Baxdım ki, oxuyacağım iki səhifəni davamlı təxirə salıram. Beləcə kitablar baş ucumda qalır. Bir az “Instagram”a yönəldim. Düzdür, orada da çox insan izləməlisiniz, ancaq o daha təmiz bir mühit kimi gəlir mənə…


- Sizin uşaqlığınızda olmasa da, mənim uşaqlığımda “long play” var idi.
- Anamla atamın bütün “long play”ləri məndədir. Çox sevirəm valdan musiqi dinləməyi. Çox gözəl səs gəlir, heç nəyə bənzəməz. Val bir az köhnədirsə, lap gözəl olur. Atamın vallarından da bir az icazəsini alıb oğurladım. Ferdi Özbeğen, Zeki Mürən və s.. Yəni olması lazım olan kimi.


- Üç il sonra musiqi sektoru harada olacaq?
- Tamamilə elektron müstəviyə keçəcəyik, bu, artıq məlumdur.

- CD də tapa bilməyəcəyik?
- Taparıq, üç ilə qədər taparıq. Ancaq ondan sonra böyük ehtimal başqa şeylər olacaq. Tamamilə elektron olacaq hər şey. Mən bir albomla maraqlandığım zaman itunes-da baxıram. Çox diqqətimi çəksə, gedib CD-sini alıram. Mənim də ilk ora müraciət edirəm. Çox qəribə vəziyyətdir bu. Bir yandan da buna üzülürəm, yəni necə olar ki, maddi olaraq əlimizdə heç nə qalmır?

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm