• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ərlərinin bədbəxt etdiyi qadınla ispan maçosunun sevgi hekayəsi – Hollivud məşhurları

Ərlərinin bədbəxt etdiyi qadınla ispan maçosunun sevgi hekayəsi – Hollivud məşhurları

Onları nikahı göylərdə kəsilmiş cütlük hesab edərdilər. Heç kim ispan əsilli maço Antonio Banderas və amerikalı ulduz Melani Qriffitin nikahlarının möhkəmlyinə və onlar arasında sevginin azalacağına şübhə etmirdi. “Bizim tərcümə” layihəsi Antonio və Melani cütlüyünün sevgi hekayəsini təqdim edir.

Antonio ehtiraslı temperamentinə aldanıb, ürəyinin səsini dinlədi. O zaman beyni sanki fəaliyyətini dayandırmışdı. Və budur, bu yaxınlarda mətbuatda belə bir başlıqlı elan yerləşdirildi: “Antonio arvadı Melanini boşayır!”. Doğrudanmı, ailə dueti sona çatdı?..

Melani qarderobundakı bütün geyimləri dəyişdi və qəfildən sarı rəngə üstünlük verməyə başladı. Əvvəlcə Antonio buna fikir vermirdi.

- Doğurdanmı, indi mən müsbət enerji saçıram? - Melani sual dolu nəzərlərlə Antonionun gözlərinə baxdı.

- Səndən həmişə ətrafa işıq saçır, - Antonio cavab verdi.

Sonra isə Melani evdəki bütün pərdə, yataq dəsti, dəsmal və salfetləri dəyişməyə başladı. Hər şey sarı rəngdə idi. “Qoy günəşi evimizə buraxaq!”-Melani belə deyirdi. Antonio gülümsəyərək buna çox da əhəmiyyət vermirdi: onun fikrincə Melani həmişəki kimi yenə də öz ampluasında və yaxşı əhval-ruhiyyədədir. Lakin bir gün səhər yeməyində Antonionun qarşısına qoyulan boşqabda ağı olmadan bişirilmiş iki yumurta sarısının ona qəmli gözlərlə baxması ona qəribə gəldi, axşam yeməyində isə aktyoru sarıkökə batırılmış cücə gözləyirdi. Antonio narahat olmağa başladı. Qısası, bundan sonra bütün yeməklər də yalnız sarı rəngdə idi: qızılı düyü, sarı çay, banan, yemiş, balqabaq...

Antonio ürəyinə pis fikirlər gətirmək istəmirdi. Bəlkə, Melani yeni kitaba aludə olub və ya sağlam həyat tərzi haqda yeni məlumatlar əldə edib? Arvadı suallardan qaçırdı. Sonradan məlum oldu ki, bütün bunlar onun təxəyyülünün məhsuludur. Elə bu vaxt Antonio, həqiqətən də, qorxuya düşdü. O, bir müddət əvvəl Melaninin etdiyi söhbəti xatırladı:

- Bilirsən, qorxuram ki, öhdəsindən gələ bilməyəm. Mənim xəstəliyim... mənim nə haqda danışmağımı, yəqin ki, bildin...”

Antonio söhbətin nədən getdiyini çox gözəl anlayırdı. Axı Antonio və Melani illər öncə qalib gəldikləri azarı unutmaq üzrə idilər. İndi isə bunu ört-basdır etmək mümkün deyildi. Demək, xəstəlik tam keçməyib. İllərlə gizləndikdən sonra zəif yer taparaq sonra yenidən üzə çıxıb və qəfil zərbə vurmağa hazırlaşır...

Hələ on üç il əvvəl Melani ilə ailə qurmağa hazırlaşanda Antonioya deyirdilər:

- Sən müqəddəssən, ya dəli olmusan? İndi onunla uşaq kimi dayəlik edəcəksən. Ona bax bir, heç sənə qulaq da asmır...

O vaxt heç kimə sirr deyildi ki, Melaninin 20 yaşında alkoqolizm və narkomaniyadan müalicə olunmaq üçün kursa gedirdi. Qızın dostları günahı onun ərlərində görürdülər: hamıya məlumdur ki, Dom Conson içki düşkünü idi, Stiven Bauer az qala iynə üstündə yatardı. Melani isə onlara, sadəcə, yoldaşlıq edərdi. Beləliklə, hər şey daha da ciddiləşməyə başladı...

Melani Antoniodan onu da gizlətmədi ki, hələ 10 yaşlı qızcığaz olarkən çaxırı limonad kimi içirmiş. “Hiçkokun filmindəki sarışın” kimi tanınan gözəlçə anası Tippi Hedrenlə aktyor olmaq arzusu ilə yaşayan atası boşanarkən qızın 4 yaşı vardı. O vaxtdan etibarən heç kim Melani ilə məşğul olmamışdı.

Melani öz xatirələrində deyirdi: “Mənim sevgiyə ehtiyacım vardı. Spirtli içkilərlə uşaq qorxularımı və özünə inamsızlığımı müalicə edərdim. Onların köməyi ilə cinləri qovmağa çalışırdım”.ş..

Cənubi Afrikada çəkilişlər zamanı Tippi Hedren vəhşi heyvanlarla maraqlanırdı. O, tezliklə öz evinin həyətində yerləşən qəfəsdə şir, pələng, bəbir və puma saxlamağa başladı. Tippi heyvanlara qızından çox qayğı göstərirdi.

Bir gün şir Melaninin üstünə hücum edərək əlini yaraladı. Anası isə qızın üstünə qışqıraraq, heyvanı əsəbləşdirdiyi üçün onu məzəmmət etdi.

Melani Antonioya baxaraq deyərdi: “Mənim ailəm yox idi və mənə elə gəlirdi ki, öz ailəm olduqdan sonra bütün qorxularım yoxa çıxacaq. Ərimin qayğısına qalmaq, uşaqlarıma tərbiyə vermək - mən hər zaman bax bunu istəmişəm! Bu, mənə kinoya çəkilməkdən də vacibdir”.

Doğrudan da, çəkilişlər Melani üçün darıxdırıcı gəlirdi. O, ilk dəfə 9 aylıq olarkən reklam çarxına çəkilmişdi. Erkən yaşdan özünü model kimi sınayan Melani pul qazandığı üçün özünü böyük hesab edirdi. Ona nəzarət etmək heç kimin ağlına gəlməzdi. Və beləcə, Melani sakitcə limonad əvəzinə çaxır içməyə başladı. Melin xəstəliyi uzunsürən və qarşısı alınmaz deyildi. Həqiqətən də, onu içkiyə daha çox ərləri sürüklədi. İş elə gətirdi ki, Melani “İşgüzar qız” filminin çəkiliş meydanına sərxoş vəziyyətdə gəldi. Rejissor əsəbiləşərək onu çəkiliş meydanından qovdu və müalicə kursu keçməyi məsləhət bildi. Beləcə, Melani ilk dəfə olaraq müalicə dispanserinə ayaq açdı...

O, “cinlərinin” öhdəsindən özü gəlməyə çalışsa da, dəfələrlə klinikaya gəlib-getməli oldu. 1995-c ildə Melani həyatının kişisi – Antonio Banderasla tanış oldu.

Melani elə ilk gündən başa düşdü ki, Antonio onun idealıdır. O, hələ qızı Stellanın doğulmasına necə sevinirdi! Stellanın doğuluşu da həyəcanlara səbəb oldu... Amma Antonio yeni doğulan boz simalı, qaralmış dodaqları olan körpənin nəfəs almadığını görəndə bir andaca az qala yerindəcə qurumuşdu.

Lakin indi Antonio 13 yaşlı qızı ilə fəxr edir. Axı Stella doğuş zamanı ölümə qalib gələrək sağlam uşaq kimi yetişdi. Burada əlbəttə, ispan qanı da öz sözünü demiş oldu. Antonio körpəyə anasından çox qayğı göstərirdi. Melani qızına soyuq münasibət göstərir, Antonio isə körpənin bezini dəyişər, ona qaşıqla yemək verərdi. Ər bunu belə izah edərdi: “Melani artıq Aleksandra və Dakota adlı uşaqlarını tərbiyə edib. O, valideyn roluna alışıb. Mənim üçün isə qızım ilk övladım idi. Ona ziyan vuracağımdan qorxurdum. Onunla sanki büllur qab kimi davranırdım”.

Evliliyin ilk illəri xoşbəxt ab-havada keçirdi. Heç kim bədbəxt hadisənin olacağını düşünmürdü. 2000-ci ildə Melani avtomobil qəzasına düşəndə, hamı onun sağ qalmasına sevinirdi. Lakin boyun fəqərəsinin zədəsi ona baha başa gəldi. Ağrılar baş qaldırdı, həkimlər isə ona ağrıkəsici yazdı. Ağrıları kəsmək üçün hər dəfə ona daha artıq dozalı dərmanlar yazılırdı. Uçuruma yuvarlandığını görən Melani öz-özünə dedi: “Vəssalam, mən ağrıya tab gətirəcəyəm və dərmanlar rədd olacaq”. Lakin aptekin qarşısından keçərkən, ayaqları istər-istəməz onu oraya sürükləyirdi. Günah hissini isə köhnə adət-ənənə ilə yumağa başladı: alkoqol. O, artıq, dərmansız və spirti içkilərsiz yaşaya bilmədiyindən bixəbər idi.

Melani xatırlayardı: “Hiss edirdim ki, öz üzərimdə nəzarəti itirirəm. Xəstəlik məni idarə edirdi. Dərmanların aludəçilik yarada biləcəyini həkim mənə deməmişdi”. Antonio onun gözlərini açaraq, aludəçilikdən qurtulması üçün onun müalicəyə ehtiyac duyduğunu söylədi. Və Melani klinikaya getməyə razılıq verdi. Xəstəxanada qalacağı boz günlərə rəng qatmaq üçün Antonio ona hədiyyə verdi: vikodin həbləri görkəmində olan brilyant daş-qaşlarla işlənmiş platin bilərzik. Antonio hamının qarşısında onunla fəxr etdiyini dedi: “Hər kəs həyatında səhvə yol verir. Hətta kino ulduzları da. Əsas odur ki, cəsarətini toplayaraq, onu düzəltməyə çalışasan”...

Onları yalnız bir fakt məyus edirdi: Antonio ikinci dəfə ata olmaq istəyirdi. Amma əbəs yerə...

Melani kədərlənərək deyİrdi: “Əvvəllər istədiyim vaxt hamilə qala bilirdim, indi isə tamam əksi olub”. Melani ərinə ikinci övlad bəxş edə bilmədiyi üçün Antonionu itirməkdən qorxurdu. Hər halda, əri Antonio ondan 3 yaş cavandır, ətrafda isə var-gəl edən bu qədər gözəlçə var...

Melaninin beynində dəhşətli səhnələr canlanmağa başladı: Antonio evə gələrək çamadanlarını yığır, Stellanı öpərək arvadı ilə vidalaşmadan belə qapını çırparaq həmişəlik gedir. Elə bil acığa da Antonioya “Cazibə” filmində çəkilmək təklif olundu. Antonio filmdə bir neçə dəfə seksual Ancelina Coli ilə yataq səhnəsində çəkilməli idi. Melani emosiyalarını ələ ala bilməyərək, çığır-bağır salır, isterika qaldırır, müqaviləni ləğv etməyi tələb edirdi...

Belə məqamlarda, Antonio kənardakıların onların uğursuz cütlük olduğunu dediklərini xatırlayırdı. Bədbin proqnozları astroloqlar da təsdiqləyirdi: Antonio və Melani hər ikisi Şir bürcündən idi. Şirlər arasında sevgi atəşli və ehtiras dolu olur. Eyni zamanda Şirlər eqoist olduğu üçün ilk növbədə özlərini düşünürlər. Ona görə də, aralarında bol dava-dalaş və qalmaqal olur. Elə o zaman ətrafa “yolunmuş şir tükləri” səpələnir. Nə qədər ki, şirlər gəncdir, onlar arasında eşq güclü olur. Əsil bəla isə hisslər soyudanda başlayır. Məsələ ondadır ki, tərəflərdən biri digərinə güzəştə gedib, evdə ikinci dərəcəli rol oynaması ilə barışmalı idi. İlk baxışdan, Melani güzəştə getməli idi. Axı o, qadındır. Antonio isə adi kişi deyil, üstəlik, qanı qaynayan ispandır, kişilik, maçoluq rəmzidir! Lakin hər şey əksinə cərəyan etdi...

Antonio arvadına sevgidən məhrum olmuş və bunu kompensasiya etməyə çalışan uşaq kimi yanaşırdı. Yalnız bir dəfə Melani “Dəlisov Sesil B.” filminin çəkilişlərindən öncə plastik əməliyyata gedəndə Antonio əlini hirslə masaya çırpdı. Melaninin şişmiş dodaqları Antonionu dəhşətə gətirirdi. Axı Antonio üçün Melani sadə bir qız idi, indi isə süni sima onu yadlaşdırırdı...

Antonio sadə simalı qızı 1989-cu ildə Oskar təltif etmə mərasimində görmüşdü. Və görən kimi də bir könüldən min könülə aşiq olmuşdu. Antonio onunla kino çəkilişləri zamanı qarşılaşanadək – düz 6 il ona sevgisini deyə bilmədi. İndi isə Melani ərini heyran qoyan sadə simasını bir anın içində məhv etdi! Bax elə onda Antonio ultimatum göndərdi: bir də Melani belə bir oyun çıxarsa, onda nikahlarına son qoyulacaq...

2008-ci ildə Melani xizəklə sürüşərkən dizindən zədə aldı. O, 3 uğursuz əməliyyat keçirdi. Həkimlər yenidən ona ağrıkəsici yazmalı oldular. Və hər şey yenidən pis yuxu kimi təkrar olunmağa başladı. Melani müalicə almağa başladı, amma xeyri yox idi...

Melani Qriffit və Antonio Banderas 18 il birgə yaşadılar. Şayiələrə görə, onların ailəsini Melanininin xəstəliyindən daha çox qısqanclıq məhv etdi. İspan maçosu son zamanlar özündən 30 yaş cavan qızlarla gözə dəyirdi. Melani ərini kimləsə bölüşməyə razı ola bilməzdi. Boşanmaq ən rahat yol il idi, nəinki xəyanətlərə tab gətirmək...

Arvadından boşandıqdan sonra Banderos arvadı haqda bircə bunları deyib:

“Melaninin aktrisa istedadına hər zaman heyranam. Bizim bir yerdə olub-olmamağımıza baxmayaraq, mən onu sevmişəm, sevirəm və həmişə də sevəcəyəm”.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR