Ramiz Novruzdan İTTİHAM: “Direktorlarımız teatra obyekt kimi baxıblar”
Bizi izləyin

Tabloid.az

Ramiz Novruzdan İTTİHAM: “Direktorlarımız teatra obyekt kimi baxıblar”

Akademik Milli Dram Teatrının aparıcı aktyorlarındandır, tamaşaçı tərəfindən yetərincə sevilir. Elə tədbirlərin birində müsahibəmiz zamanı pərəstişkarların bir neçə dəfə söhbətimizi “bölərək” şəkil çəkdirmək istəyi də bunu təsdiqləyir.

Yeri gəlmişkən, müsahibənin belə təmtəraqlı girişi sizi aldatmasın. Düşünməyin ki, söhbət ərzində sənətkar nə deyibsə, hamısı ilə razılaşmışam. Gedişatda yetərincə mübahisəli və müzakirəli məqamlar olub. Beləliklə, Publika.az xalq artisti Ramiz Novruzla müsahibəni təqdim edir.

- Ramiz müəllim, yaradıcılığınızda hansı yeniliklər var?

- Akademik Milli Dram teatrının aktyoru kimi mənə etimad göstərildi və Eduardo de Filipponun “Silindr” əsərini tərcümə edib, tamaşaya qoydum. Etimad üçün rəhbərliyə təşəkkürümü bildirirəm.

- Amma rejissor kimi bu, ilk işiniz deyil. “Hələ sevirəm deməmişdilər” tamaşanız da var idi...

- Yox, onu yazmışdım, bu isə sırf tərcümədir. Həmin tamaşaya Bəhram Osmanov quruluş vermişdi. Elə ona görə ürəklənib mənə həvalə etdilər, həm tərcüməni, həm də quruluşu öz üzərimə götürdüm. Bu yaxınlarda “Nadir şah” tamaşasını hazırladıq və orada Nadir şah obrazını oynayıram. Yanvarın 22-də tamaşanın premyerası olacaq. Həmçinin teatrın bədii şurasına seçildim. Bu da mənim üçün bir yenilikdir.

- Teatrın bədii şurasında sizdən başqa kimlər var?
- Bəstəkar Siyavuş Kərimi, rejissor Azərpaşa Nemətov, teatrşünas Məryəm Əlizadə, teatrımızın direktoru İsrafil İsrafilov, xalq artisti Bəsti Cəfərova bədii şuranın üzvləridir. Şurada teatrın aktyorlarından iki nəfər təmsil olunur - mən və Bəsti xanım.

- Bəzi aktyorlar düşünürlər ki, aktyor aktyorluğunu etməlidir. Çünki rejissorluq çox qəliz məsələdir. Siz isə bu cür ağır yükün altına girmisiniz.

-Təbii ki, rejissorluq qəliz məsələdir və bununla yanaşı bir elmdir. Amma aktyor müəyyən yaşa çatır, özündə o gücü, təcrübəni hiss edəndə tamaşa qoymaq istəyir. Yəni mütləq deyil ki, rejissorluq diplomun olsun. Elələri də var ki, onlarda bu alınmır. Əgər alınmırsa, artıq dayanmağı bacarmalısan.

- Yəni 35 yaşlı aktyorun təcrübəsi tamaşa qoymağa kifayət etməz...

- Yəqin ki, kifayət etməz. Ümumiyyətlə, rejissor 45 yaşdan sonra kamilləşir. Hətta rejissorluğu qurtarmış olsa belə. O vaxta qədər isə kamilləşmə dövrü gedir. Ən böyük, dahi rejissorlarımız, o cümlədən Mehdi Məmmədov ən gözəl tamaşalarını 45 yaşdan sonra qoyublar.

- O zaman sabah sizi bir film, yaxud serial çəkən görsək, təəccüblənməyək?

- Yox, serial və film də ayrı elmdir.

- Amma film və serial sahəsində də təcrübəniz var.

- Təbii ki, həm teatrda, həm serialda təcrübəm var. Amma bunlar hamısı çətin işlərdir. Məsələn, arzum var ki, “Hələ sevirəm deməmişdilər”in ssenarisini hazırlayım.

- Bəs narahat deyilsiniz ki, sonra dramaturqlar sizi qınayarlar?

- (gülür) Məni artıq dramaturq kimi də qəbul ediblər. Çünki üç pyesim olub. Rejissor kimi də kollektiv, o cümlədən peşəkarlar qəbul etdilər. Amma həqiqi, diplomlu rejissor olsam da, danışanlar danışacaq. Təki yaxşı alınsın. Belə bir deyim var. Deyir ki, bütün janrlar yaxşıdır, darıxdırıcı janrdan başqa. Təki özün öz zənnini aldatmayasan.

- Bu yaxınlarda teatrda Nicat Kazımovla bağlı söz-söhbətlər oldu. Əslində nə baş vermişdi?

- O barədə mən də eşitdim. Onun fikirlərini teatrda ayrı cür yozdular. Mən sonra Nicatın müsahibəsini oxudum. Çünki elə şeylərə inanan deyiləm. Oxudum və gördüm ki, Nicat ““Azdrama”da kişi yoxdur” deməyib. Kimsə onun dalınca danışıb, Nicat da cavab verib. Bunun əsla teatra dəxli yoxdur. Sadəcə, bəzi maraqlı adamlar bunu belə yozdular ki, guya teatrın ünvanına deyib. Nicat o əxlaqın yiyəsi deyil ki, onların dediyi ifadələri işlətsin.

- Deyirlər ki, Nicat akademik səviyyədə rejissor deyil. Qırx ilə yaxın teatr təcrübəniz var və mənə sizin baxışınız çox maraqlıdır.

- Ona qalsa, 95 faiz rejissorlar akademik səviyyədə deyillər. Akademik nədir, bilsələr, görərlər ki, rejissorların 95 faizi həmin çərçivədə deyil.

- Sizcə, teatrda baş rejissora ehtiyac varmı?

- Olmalıdır, amma yolu olan baş rejissordan söhbət gedir. Məsələn, Tofiq Kazımovu niyə baş rejissor seçdilər? Ona görə seçdilər ki, bu adam özü ilə teatra yeni nəfəs gətirdi. 60-cı illərin monumental teatr anlamını qırıb, yeni yol gətirə bildi.

- Həm də gəncləri teatra cəlb etdi.

- Baş rejissor yalnız ştat kimi mövcud olmalı deyil. Onunu ideyası və məqsədi olmalıdır ki, teatrı hara aparıram.

- Bir az da konkretləşdirsək, Akademik Milli Dram Teatrında baş rejissora ehtiyac varmı? Yəni o zərurəti hiss edirsinizmi?

- Bu dəqiqə “Azdrama”da axtarışlar, islahatlar gedir. Ciddi deyirəm. Bizdə studiya açılıb. Gələcəkdə orada müəyyən gənclər teatra cəlb olunacaqlar. Azərbaycanın bütün teatrlarında olan gənc, yaşlı rejissorların hər birinə şans verilib və verilir də.

- Sizcə, akademik teatrda eksperiment etmək, kimlərəsə özünü göstərmək imkanı yaratmaq olar?

- Hər bir teatrda eksperiment etmək olar. O, boş söhbətdir. Teatrın xəmiri elə yoğurulub ki, burada axtarışlar, eksperimentlər, yeniliklər olmasa, mümkün deyil. Elə bir aktyor yoxdur ki, oynamaq istəsin, imkan yaradılmasın.

- Gözümü açandan “Azdrama”da bir neçə rəhbər dəyişikliyini görmüşəm - Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadov və indi də İsrafil İsrafilov. Amma heç vaxt bu qədər səs-küylü olmamışdı. Nə baş verdi axı birdən-birə?

- Çünki o vaxt onlar heç bir səs-küy də salmırdılar.

- Yəni?

- Heç bir axtarış yox idi. Yüz otuz ildə bir dəfə də olsun, teatrda “yeni bir şey edək” deyib ideya verən olmayıb. Köhnə qaydalar ənənəyə çevrilmişdi.

- Biz niyə hər dəfə yeni gələn rəhbəri tərifləyirik, gedəndən sonra da deyirik ki, iş görmürdü?

- Şəxsən məndə elə olmayıb ki, hər gələni tərifləyim. İsrafil İsrafilov sənətşünaslıq elmləri doktorudur, teatr elmini bilən adamdır. Digərləri isə əvvəllər ya idarəçilikdə zəif olublar, ya digər məsələlərdə. Adlarını çəkmək istəmirəm. Amma bu vaxta kimi bir çox direktorlarımız teatra yalnız obyekt kimi baxıblar. Yəni tikinti olan yerdə toz da olmalıdır.

- İndi sizə verəcəyim sualı xalq artisti və “Azdrama”nın aktyoru kimi deyil, peşəkar bir teatr adamı kimi cavablandırmağınızı istəyirəm. Bəllidir ki, teatrdaxili çəkişmələr var və burada tərəflər rəhbərliklə bəzi aktyorlardır...

- (sözümü kəsir - İ.V.) Çəkişmə deməzdim, o, cığallıqdır.

- Sizcə, Əli Nur, Nurəddin Mehdixanlı, Elxan Quliyev haqlıdır, yoxsa rəhbərlik? Yoxsa sizin kimi neytrallığını qoruyanlar?

- Yox, mən neytrallığı da qorumuram, onların fikirlərinin çoxu ilə razı da deyiləm və onlara qoşulmuram. Nə istədiklərini bilmirəm və özləri də konkret demirlər.

- Adını sadaladığım aktyorlarla tay-tuşsunuz. Bu barədə onlarla bir həmkar söhbətiniz olubmu, maraqlanmısınızmı, nədən narazılıq edirlər?

- Söhbətlərimiz olub və bəzi şeylər mənə çatmayıb. Mən axtarışların, yeniliklərin tərəfdarıyam və bunlara normal baxıram. Dəqiq bilmirəm, axı nə istəyirlər. Filan tamaşa repertuardan niyə çıxarılıb, filan aktyor niyə işdən çıxıb...

- Bəzi aktyorlar isə deyirlər ki, cavan rejissor dəvət etmə, eksperiment aparma...

- Niyə dəvət etməsinlər? Baş rejissor təyin olunanda Tofiq Kazımovun 28, Ədil İsgəndərovun 27 yaşı vardı. Bunlar gənc rejissorlardan niyə qorxurlar axı? Axtarış ona görədir ki, bəlkə, on gəncin içərisindən bir yaxşısı çıxdı.

- Bir neçə gün öncə əməkdar artist Əli Nurla müsahibəmiz oldu. Məsələn, o deyir ki, Nicat Kazımov mənə nə öyrədə bilər axı? Yəni onu rejissor kimi qəbul etmir.

- Nicat qədər təcrübəsi olan rejissorlar Əli Nura heç nə öyrətməli deyillər. Əli Nur indiyə kimi nə öyrənibsə, öyrənib. Bundan sonra nə öyrənəcək? (gülür) Sən peşəkar aktyorsan. Səni niyə öyrətməlidirlər? Əksinə, sən peşəkar aktyor olaraq ona kömək etməlisən.

- Əvvəllər hər 5-10 ildən bir istedadı ilə rezonans yaradacaq aktyor meydana çıxırdı. Məsələn, 90-cı illərdə Elşən Rüstəmov, sonralar Anar Heybətov “meydana çıxdı”. Amma fikir verirsinizsə, son 5-10 ildə belə istedadlar gözə dəymir.

- İstedadlar var, teatrın mətbəxində olsanız, görəcəksiniz. Məsələn, Hikmət Rəhimov istedadlı, hərtərəfli bacarığı, plastikası, boy-buxunu olan aktyordur. Ramin Şıxəliyev var. Rövşən Kərimduxtu da bu siyahıya əlavə edə bilərik.

- Rövşən Kərimduxtun istedadlı olması şübhəsizdir, amma artıq onun 46 yaşı var.

- Amma Rövşən teatrda olan gündən deyirlər ki, istedadlı gənclər yoxdur. Sərdar Rüstəmov da istedadlıdır. Studiyaya maraqlı uşaqlar gəlirlər. Artıq ümidverici 3-4 nəfər var.

- Amma, məncə, yenə də o qıtlıq hiss olunur.

- Bu, artıq teatrın problemi deyil. Azərbaycanda aktyorluq çörəksiz peşələr siyahısında olduğuna görə çox valideynlər övladlarını bilərəkdən qoymurlar. Türkiyədə 50 yerə 50 min nəfər sənəd verir və seçim imkanı da genişdir. Amma burada 15 yerə 13 nəfər sənəd verir. Məcbur olub ikisini də kənardan salırsan.

- Bir serialda polis polkovniki, digərində də zəngin bir insan obrazlarını canlandırmısınız. Amma təxminən eyni, oxşar obrazlardır - imkanlı, zəngin... Niyə sizə tam fərqli, məsələn, imkansız və haqsızlığa qarşı mübarizə aparan birinin obrazını yaratmağı həvalə etmirlər?

- Mən ancaq Rövşən İsaxın seriallarına çəkilmişəm. Özüm də seriala çəkilmək həvəsində deyiləm. Rövşən yeni bir iş başlayıb.

- Yeni serialda da eyni tipli rol olsa, imtina edəcəksiniz?

- Mən hesab etmirəm ki, “Pərvanələrin rəqsi” və “Sonuncu fəsil” seriallarındakı obrazlarım eynidir.

- Məsələn, hər ikisində ailədaxili konflikt var...

- Təbii ki, bu, həyatdır. Amma birində amansız, sərt polis rəisi, digərində ailəsevər insanı canlandırıram.

- Amma ikisində də sərtlik var.

- Birində oğluna qarşı sərt ata obrazıdır.

- Və son olaraq: bu il 60 yaşınız tamam olur. Yubileyiniz hansı formada qeyd olunacaq? Teatrda hər hansı tədbir nəzərdə tutulubmu?

- O barədə fikirləşməmişəm. Başımı aşağı salıb işimi görürəm. Xəbərim olmayıb ki, nə vaxt əməkdar artist oldum, nə vaxt xalq artisti. Bir də eşitmişəm ki, fəxri ad veriblər. İnsan başını aşağı salıb, işini vicdanla görürsənsə, gec-tez bəhrəsi olur. Heç nə üçün mübarizə aparmaq lazım deyil.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm