Ad gününü qeyd edən Hacı İsmayılov: “Xanımım xəstəxanadadır, hədiyyə verə bilmədi”
Bizi izləyin

Tabloid.az

Ad gününü qeyd edən Hacı İsmayılov: “Xanımım xəstəxanadadır, hədiyyə verə bilmədi”

Bu gün xalq artisti, sevilən aktyor Hacı İsmayılovun ad günüdür. 71-in kürəyini yerə vuran sənətkarımızı biz də təbrik etdik. Fürsət varkən, doğum gününün təəssüratlarını da bölüşdük.

Publika.az-a danışan aktyor vaxtilə arzuladığı, amma oynamadığı rollardan da danışdı.

- Hacı müəllim, ad gününüzdə əhvalınız necədir?

- Hələ ki yaxşıyam.

- Özünüzə təmtəraqlı ad günləri keçirməyi xoşlayırsınız?

- Təmtərağı heç sevmirəm. Yalnız bircə dəfə özümə təmtəraqlı ad günü keçirmişəm, o da 60 yaşımda. Heç 70 yaşım olanda belə təmtəraqlı məclis etmədik.

- Mən elə bilirdim, sizin hələ 70 yaşınıza çox qalıb, maşallah, maşallah!

- (gülür) Doğrudan deyirsiniz?

- Əlbəttə…

- Zəlimxan Yaqubun misraları yadıma düşdü:

Hələ ki cavanam budur təsəlli,

Baxan saçımdakı qaradan bilir.

Ömür hardan başlayıb, özümə bəlli,

Harda qurtaracaq, Yaradana bəlli.

Yəqin, ruhum cavandır, buna görə. Həm də xarakterin də təsiri böyükdür. Mən indiyə qədər ömrümü doya-doya yaşamışam. Heç vaxt heç kimin ayağından çəkməmişəm, badalaq vurmamışam, paxıllıq etməmişəm. Qibtə etmişəm, amma paxıllığım olmayıb. Həyata müsbət baxışım iç dünyamı da dəyişib.

- 71 yaşınız tamam olur. Ömrünüzün hansı mərhələsinə qədəm qoyursunuz?

- Müdrikliyin ikinci onilliyini yaşayıram. Hafiz Şirazi deyib ki, insan ömrünün 30 ilini öyrənir, 30 ilini gəzir-dolanır, 30 ilini də öyrəndiklərini başqalarına öyrədir. Aqillər isə insan ömrünün 60-80 yaş arası davam edən 20 ili kamillik dövrü sayırlar. Deməli, mən kamillik dövrünün ikinci onilliyini yaşayıram.

- İndiyə qədər oynamadığınız, ürəyinizdə qalan rollar olubmu?

- O qədər belə rollar olub ki… Arzu eləmişəm o rolu mən oynayım, amma rejissor başqa aktyora verib. Əslində, bundan inciməmişəm də. Çünki belə hesab eləmişəm ki, əsas olan rejissorun seçimidir, o, kimə məsləhət bilibsə, həmin rolu ona da verib. Amma bəxtimə o qədər gözəl rollar düşüb ki, buna görə özümü xoşbəxt aktyor sayıram. Elə təkcə Mustafa rolu kifayətdir.

- Yeri gəlmişkən, heç sizə rolunuzun adı ilə müraciət edənlər olur?

- O qədər… Çox vaxt adımı demirlər, “Mustafa müəllim” deyə müraciət edirlər.

- Özünüzü şanslı aktyor sayırsınız?

- Əlbəttə, sayıram. Şanslıyam ki, bəxtimə belə gözəl rollar düşüb. Elə aktyorlar var ki, uzun illər səhnədə olmalarına baxmayaraq, nə fəxri adları var, nə də yadda qalıblar. Mən xalq tərəfindən sevilirəmsə, layiqli qiymətimi almışamsa, qismətimə belə gözəl rollar düşübsə, çox şanslıyam.

- Ad gününüzdə ilk hədiyyəni kimdən aldınız?

- Dünən oynadığım “Qürbətdən gələn məktub” adlı tamaşadan sonra bir jurnalist xanım mənə yaxınlaşıb təbrik etdi və gül bağışladı. Bu gün də Aktyorlar evində mənə hədiyyə verib təbrik etdilər.

- Bəs xanımınız?

- Xanımım xəstəxanadadır, hədiyyə verə bilmədi. Amma oğlum və qızım axşam məni təbrik edəcəklər.

- İndiyə qədər ən çox hansı yaşınızı sevmisiniz?

- 60 yaşımı. Heç özüm də bilmirəm niyə. Həmişə deyirdim ki, mən XX əsrin adamıyam. Arzulayırdım ki, bir gün də olsa, XXI əsrin adamı olum. Qismət oldu, XXI əsrin iki gününü yaşadım. O vaxtdan hələ 15 il də keçir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm