Məleykənin prokuror qayınatası, pul cıran əkizlər, Kamranın klarneti - HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Məleykənin prokuror qayınatası, pul cıran əkizlər, Kamranın klarneti - HƏFTƏBECƏR

Artıq 15-ci həftədir ki, tənqidlər, təhdidlər, təriflər eşidə-eşidə “Həftəbecər”i təqdim edirik. Bu həftənin xəbərləri sırasında prokuror oğlunun Məleykə Əsədovaya eşq elan etməsindən, əkiz bacıların pul cırmasına, Təranə Qumralın dəli kişiləri bəyənməsinə qədər söhbətlər var. Anons etmədiyim xəbərlər isə daha maraqlıdır.

Müğənni Təranə Qumral işlərin heç də yaxşı getməyən vaxtında söz-söhbətə səbəb ola biləcək açıqlama verib. Telekanalların xəbəri mətbuatdan oğurlayıb tamaşaçıya öz dədələrinin malı kimi təqdim etməsinə etiraz olaraq bu açıqlamanın hansı telekanalın hansı verilişində edildiyini yazmıram. Sənətçi deyib ki, sakit, dilsiz-ağızsız, səmirsiz, küysüz, ünsüz, lal-kar, fağır, kirimiş kişiləri bəyənmir. Deyəsən, bu Telli Borçalının “nervili kişiləri sevirəm” söhbətinin nəticələridir, özünü büruzə verir. Təranə xanım ardınca əlavə edib ki, Musanın hayı-küyü var. Yəni, duet ortağı və həyat yoldaşı Musa Musayevi nəzərdə tutub. Sitat:

“Mən kişinin dəlisini sevirəm. Qoyun kimi kişiləri sevmirəm. Kişilərimiz igid olmalıdır. Vuran-yıxan... Musa nə qədər əsəbi olsa da, hətta kimisə öldürməyə qalxsa, Təranənin bir baxışı onun üçün hər şeyə dəyər. Özü deyir ki, mən bütün addımlarımı Təranəyə görə atıram”.

Bax işlərin məhkəmədə olan vaxtı bu açıqlama kimə lazım idi? İndi dəlinin biri durub deyəcək ki, Təranə xanımla sevgili olmuşuq, ay nə bilim nə. Sonra camaatı başa salmaq olmayacaq ki, bu dəlidir. Hamı deyəcək ki, özün demisən dəli kişiləri sevdiyini. Bax belə-belə işlər. Amma öz aramızdı, mən də bunları yazmaqla dəlinin yadına daş salmış oldum ha.

Təxminən 3-4 il əvvəl prodüser Təranə Səmədova bir gənc ifaçını yanına salıb özü ilə tanış-dost redaksiyalara aparırdı ki, bax, bu, mənim işlədiyim müğənnidir, imkan düşdükcə kömək olun, reklam edin. Elə o vaxt bizim redaksiyaya da gəlmişdi. Sözüm onda yox. Hər kəsin ilk addımları olur. Amma bu qızın o vaxtkı davranışları ilə indikinin arasında Əkrəm Əylisli ilə Jirinovski qədər fərq var. Fərq çox olmadı, deyəsən, hə? Olsun yerlə göy qədər fərq.

Deməli, verilişlərin birində Günay prodüser Tolikin “Günayın Aygün Kazımova, Röya, Sevda olmağına hələ çox var” sözlərinə cavab verib. Günayın cavabından əvvəl deyim ki, Aygün Kazımova ilə Röyanın adının ortasına Sevdanın adının soxuşdurulmasını heç cür anlaya bilmədim. Çünki ən azından bu adamın sənətə gəlməyi gözümüzün qabağında olub. İndiyə kimi gördüyü işləri üçə, hətta beşə vursan belə, Aygün və Röyanın bir il ərzində etdikləri deyil. Hərçənd ki nə Aygünə, nə də Röyaya fərqli münasibətim, simpatiyam yoxdur. İndi də keçək Günayın Tolikə cavabına:

"Mən yuxarıdan aşağı baxmıram. Hər zaman yuxarıya baxıram. Sənətdə sevdiklərim də, sevmədiklərim də var. Həmişə başımı aşağı salıb çalışan olmuşam. İşlərimlə adımı təsdiqləmişəm. Amma bu adı qoruyub saxlamaq çox çətindir. Hərdən bezirəm, başımı götürüb getmək istəyirəm.

Geriyə baxanda isə görürəm ki, nə qədər işlər görmüşəm. Əvvəl oxuduğum mahnıları daha çox bəyənirəm, çünki onda əsəbiləşmirdim. Son vaxtlar isə çox əsəbiləşirəm, bu da səsimə təsir edir.

Bu sənətdə Aygün Kazımovanın, Röyanın, Sevdanın öz yeri, sevəni var. Kimin daha məşhur olduğunu, çox sevildiyini biz yox, tamaşaçı deyə bilər”.

Bəli, özü də etiraf edir ki, əvvəl bu qədər əsəbiləşmirdi. Bəs dəyişən nədir? Bax bunu özünüz fikirləşin. Amma Günayla bağlı vəziyyət, doğrudan da, yaxşı deyil. Artıq atasının Günayın səhhəti ilə bağlı ciddi narahatlığı var:

“Hər gün səhər yuxudan duranda ilk işim üzərlik yandırmaqdır. Evi iy bürüyür. Evdəkilər beziblər. Atam deyir ki, sənin başın xarab olub. Amma nəzərdən bu cür qorunduğumu düşünürəm”.

Sənətçinin bu açıqlamasını isə şərh edə bilmirəm:

“Bu günə kimi haqqımda çıxan heç bir xəbərə görə hansısa jurnalistdən nəsə xahiş etməmişəm. Amma bəzən işlədiyim prodüser jurnalistdən hansısa xəbərin başlığını dəyişməyi xahiş edib”.

Keçmiş olsun! Nə yaxşı ki 3-4 il əvvəli xatırlamağa yaddaşımız imkan verir.

Gənc müğənni Aysel Əlizadə kirayə qaldığı halda qazandığı pulları bağ evi tikdirməyə xərcləyir. Elə bil ki mənim ayağımdakı 8 manatlıq cırıq ayaqqabıdır, amma "İphone" (ayfon) işlədirəm. Allah kömək olsun.

Müğənni Şəbnəm Tapdıq bu dəfə elə bir açıqlama verib ki, çətin bir də kimsə ona elçi düşə. Hətta Sərxan Sərxan belə.

Deməli, bir neçə il əvvəl ona elçi gəlibmiş. Yox, belə izah edə bilməyəcəyəm. Sitatı oxuyun:
“Gördüm bir kişi bizə gəlib. Dedim, görəsən, atamla kimdən danışır. Sonra bildim ki, söhbət məndən gedir. Atam deyir ki, qızım sənə getməz. O da deyir ki, o zaman götürüb qaçaram. Götürdüm mətbəxdən bıçağı, girdim içəri. Dedim dur bas bayıra, yoxsa qolumu kəsəcəyəm”.

Ötən həftə xalq artisti, hər kəsin “Moşu” obrazıyla tanıdığı aktyor Valeh Kərimov da rəsmən işsizlər siyahısına qoşuldu. Sənətkar uzun illər işlədiyi Sumqayıt Dövlət Dram Teatrından 70 yaşı tamam olduğu üçün uzaqlaşdırıldı.

Bizim mətbuatın çox maraqlı bir şakəri var. Bir də görürsən ki, 10 il əvvəl hansısa verilişdə deyilmiş söz yenidən gündəm olur. Bekarçılığın üzü qara olsun. Bu dəfə də bu bekarçılığın qurbanı tanınmış şoumen Kamran Həsənli oldu. Saytlar təxminən on il əvvəl Aygün Kazımovanın Kamrana dediyi “get klarnetini çal” söhbətini gündəmə gətirdilər. İndi bu adamın nə günahı var ki, əvvəl musiqiçi olub? Hələ ən maraqlısı bu deyil. Sən demə, müxbir 10 il əvvəl “ölmüş” söhbətə görə K.Həsənli ilə əlaqə saxlayıb.

Xalq artisti Məleykə Əsədova Ginnesin Rekordlar Kitabına düşməyə real namizədlər sırasındadır. Qocalar evində yaşayan 88 yaşlı bir kişi xalq artistinə eşq elan edib. Ağsaqqal deyib ki, Məleykə xanımın gözlərinə məftundur. Ən əsası isə prokuror oğludur.

Axır ki, uzun araşdırmalardan sonra meyxanaçı Namiq Qaraçuxurlunun 36 yaşına kimi subay qalmasının səbəbləri bəlli olub. Artıq xalq bundan sonra rahat nəfəs ala bilər. Məlum olub ki, meyxanaçıya cadu ediblər. Özü də deyib ki, həm maşınında, həm də evində cadu görüb. Ancaq sənətçi özü inanmır ki, subay qalmağı cadu ilə əlaqəli olsun.

Müğənni Xatirə İslam bu həftə tük məsələsiylə gündəmdədir. Deməli, ifaçı lazer epilyasiya aparatının qarşısında şəkil çəkdirib və altından da bu sözləri yazıb:
“Mən həyatımda lazer epilyasiya aparatının nə olduğunu bilmirəm. Sadəcə, salonda istəmədən aparatın qarşısında dayanmışam. Mən tüksüzəm”.

Adama deyərlər ki, nə məcburdu o tükyolan aparatın qarşısında şəkil çəkdirmək? Lap tutaq ki, çəkdirmisən, bəs açıqlamaya nə hacət? Ən maraqlısı budur ki, ifaçının “qarğa məndə qoz var” tipli statusundan qayırılan xəbərin oxunma sayı on mini keçib.

Hər zaman yaşlı, dəyərli hesab etdiyim sənət adamlarını axtarmağı, oxucuya yenidən təqdim etməyi özümə borc bilmişəm. Çünki nə qədər yaşlansalar da, indi gözümüzü yağır edən bir gecəlik “ulduzlar”dan min dəfə maraqlıdırlar. Bu həftə əməkdar artist, bədii qiraətçi Ağalar Bayramovun 61 yaşı tamam olurdu. Bir neçə dəfə sosial şəbəkədə yazdım, ardınca ən azı üç dəfə mobil nömrəsinə zəng vurdum ki, müsahibə almaq istəyirəm. Hər dəfə “tədbirdə” oldu. Ardınca gördüm ki, Ağalar müəllim iştirak etdiyi və edəcəyi verilişlərin anonsunu sosial şəbəkədəki profilində paylaşır. Bəs mən Vəfa Zeynalovanı niyə qınayıram ki, ulduzluq xəstəliyinə tutulub, mətbuata müsahibə verməyi özünə sığışdırmır. Altmış bir yaşlı kişini tapıb sayt üçün müsahibə ala bilmiriksə, ardınca efirdən olan fotolarını paylaşırsa, gəncləri qınamaq olmur. Deməli, bu “xəstəlik” köhnədir, xəstəlik bir şey yoxdur.

Və sonda həftəyə damğasını vuran əkiz bacılardan – Sevil və Sevincdan yazacağam. Əvvəla, onları Azərbaycan səhnəsinə və efirlərinə sırıdığına görə Roza Zərgərlini qınayıram. Ardınca isə Türkiyədəki yarışmanı. Hərçənd ki, bu qızlar indi Roza Zərgərlinin vaxtında onlara etdiyi köməyi dana da bilərlər. Axı şöhrət başgicəlləndirici olur. Sözüm onda yox.

İki gün öncə canlı yayımda milli valyutamız olan manatı cıran və ardınca üzr istəyən bu əkizlər Azərbaycan teleməkanının hazırkı simasıdır. İnanın ki, nə qədər tənqid etsək də, Sevil və Sevinc tamaşaçıyla məzələnən orta səviyyəli ifaçı və elə o səviyyədə aparıcılardır. Məsələn, Nura Suri canlı yayımda açıb ağzını, yumub gözünü. Deyib ki, səkkiz aydır efirə çıxmırmış, başı dinc imiş, öz işləriylə məşğul olurmuş:
“Efirə çıxan kimi başlandı. Aparıcıları başa düşürəm, reytinq üçün müğənniləri sancmaq adət halını alıb, bu birilərinə nə olub? 10 ildir ki, şou-biznes sahəsindəyəm. Bu 10 ildə nə qədər haqsızlıq, paxıllıq ediblər, o qədər mən yüksəlmişəm, güclənmişəm. Allah ruzimi də, məni sevənləri də bol edib. Kişi kimi qazanıb həm ailəmi dolandırıram, həm də sənətimdə irəli gedirəm. Siz hürməyinizdə, mən isə öz işimdə olum”.

Milli Televiziya və Radio Şurası qarışısında təkliflə çıxış etmək istəyirəm. Müsabiqə elan olunsun, heç bir kodeksi, etik qaydaları olmayan bir telekanal yaradılsın. Soyunmaq istəyən, öpüşən, qucaqlaşan, dombalaq aşan, kimisə qucağına almaq istəyən, ağzı ilə kanalizasiyanı səhv salanlar da gəlib orada çıxış etsinlər. Hamı da bilsin ki, bu kanalın funksiyası bundan ibarətdir. Yoxsa, verilişin ortasında bir də görürsən ki, kimsə göydən özünü yerə çırpdı, paçasını araladı. Nə bilim daha nələr, nələr.

Hörmətli oxucular, razısınız? Razı olsanız, yazını oxuyandan sonra paylaşın ki, aidiyyəti qurumlar da oxusun.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm