Aygün Kazımova sənətkarları qəzəbləndirdi: “Bunlar erməniyə də satılarlar” – SORĞU
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova sənətkarları qəzəbləndirdi: “Bunlar erməniyə də satılarlar” – SORĞU

Dünən Azərbaycan ordusu üç əsgərini itirdi. Belə bir gündə telekanallar da, sənət adamları da işlərindən qalmadılar. Ən çox qınaq hədəfi olan isə xalq artisti Aygün Kazımova idi. Sənətçi üç şəhid verdiyimiz gün 44 yaşını qeyd etməkdən vaz keçmədi.

Publika.az bir qrup sənətkarın sözügedən məsələ ilə bağlı mövqeyini öyrənib.

Xalq artisti Arif Babayev deyir ki, Azərbaycan ordusu hər dəfə şəhid verəndə bir neçə gün özünə gələ bilmir:

“Biz şəhidlərimizin xatirəsini əziz tutmalıyıq. Hər kəs bu ağrını, bu itkini ürəyində hiss etməlidir. Biz gənclərə nümunə olmalıyıq. Bilmirəm kim necə edir, neçə yaşın keçirir. Bəlkə də, onun ad günüdür, qadındır... Mən şəxsən bir qarabağlı kimi o ağrını ürəyimdə çox pis keçirirəm. Həmin gün gecə səhərə qədər yata bilmirəm. Axı bunlar insandırlar, cavan oğlandırlar. Vətən yolunda mübarizə aparmağa bütün cavanlar da, yaşlılar da hazır olmalıdır. Amma belə məsələlər insanı ağrıdır. Sizin bu zənginiz də mənə toxtaqlıq oldu. Çünki iki-üç gündür çox həyəcanlıyam”.

Xalq artisti Flora Kərimova isə göz yaşlarını saxlaya bilmədi:

“Mən vətəndaş kimi deyə bilərəm ki, hayıflar olsun bu vətənə ki, onlara karyera üçün lazımdır. Onlar yalnız öz ciblərinə və bazarlarına işləyirlər. Bəlkə də, Aygünün xəbəri olmayıb (düşünür)... Mən onun tərəfini saxlamıram. Amma hər halda, təxirə salmaq olardı. Aygünü birtəhər başa düşə bilərəm, ora gələnləri isə başa düşmürəm. Deyək ki, Aygün xərc çəkib, restoran müdirindən utanıb, təxirə saldıra bilməyib. Bəs ora gedənlərin vicdanı hardadır?.. Oğul, bunların vecinə də deyil ki, Azərbaycanda nə olub, nə olmayıb. İnanıram ki, sabah bunların işləri hansısa düşməndən keçsə, o düşmənə də baş əyərlər. Ona görə özümü öldürürəm ki, vətəndaşlıq ayrı bir məfhumdur, pul qazanmaq, evinə əşya almaq, prestijli evdə yaşamaq deyil. İnsanda hissiyyat, heysiyyət olmalıdır. Bu, vətənindən üz döndərməkdir”.

Sənətkar deyir ki, əsgər analarının yasda olduğu bir vaxtda belə bir mərasimin təşkil olunması başadüşülən və qəbulolunan deyil:

“Allah eləməsin, o şadyanalıq edənlərdən biri də mən olsaydım, evdə gözümü çıxarardılar ki, sən nə edirsən? Ancaq bunların nə övladları düşünür, nə özləri. Çox hirsləndim, çox söz deyə bilərdim. Yenə də deyirəm ki, vətən bunlara reklam üçün, varlanmaq üçün, şəxsi məqsədlərinə görə lazımdır. Vətən bunlara qazanc mənbəyidir. Onlara nə Allah tərəfindən, nə insanlar, nə şəhid anaları tərəfindən halallıq var. Bundan qorxsunlar, insanların tənəsindən, nifrətindən qorxsunlar.

Bir mətbuat konfransı keçirin, biz də öz sözümüzü deyək. Bunların ürəyi yalandan döyünür. Bunlar yalan üstündə həyatlarını, fikirlərini, vətənə münasibətlərini qurublar. Mən həmişə deyirdim ki, erməninin burada burnu görünsə, ona da satılarlar. Nə Xocalı, nə başqa matəm günlərimiz yadlarında deyil. Ancaq toy olsun, pul olsun. Sonra da ayıb-ayıb utanmırlar, efirdə deyirlər ki, mənim beş otağım var, İstanbulda evim var. Utanmırsınız?.. Burnunuzdan tökülsün. Bax bunu mən deyirəm. Hər şeyi itirmiş, karyerasını vətənə qurban vermiş bir insan kimi deyirəm. Zarıldaya-zarıldaya vətən haqda oxuyanda o dünyanı görüb gəlirəm. Mən onlara haram edirəm, qarğış edirəm. Vətən sənə corab deyil ki, ayağına dartıb geyinəsən. (ağlayır) Mən hər şeyimdən keçdim. Yəni, bunu etmək olar da. Nədən qorxursunuz? Onsuz da hamınız özünüzü biabırçı vəziyyətə qoymusunuz. Heç olmasa, yalandan da olsa, bir fikirləşin, insanların, millətin nifrətindən qorxun. Torpağın qarğışı pis olur”.

Xalq artisti Qəndab Quliyeva da təkcə Aygün Kazımovanı deyil, telekanalları da qınayır:

“Bəlkə, Aygün bilməyib, yadından çıxıb. Vallah, nə deyim. Amma bilirəm ki, belə bir gündə şadyanalıq etmək olmaz. Xalq artistləri gərək, hər bir şeyə diqqətli olsunlar. Bir dəfə də bir xalq artistiylə bağlı belə hadisə olmuşdu. Əgər bilmədən edibsə, bu, başqa məsələ. Amma sən dedin, mən indi eşitdim ki, şəhid vermişik. Bütün günü efirə baxmaq olmur axı. Allaha and olsun, elə adamlar elə toylar edirlər ki. Elə bu bədbəxt artistlərin adı çıxıb. Bəs başqalarını niyə demirsiniz? Elə pullu adamlar elə məclislər keçirirlər...

20 Yanvarda şaxsey vurduq, səhəri gün yenə televiziyaların hamısında konsert gedirdi. Heç olmasa, qoyaydılar üç gün keçəydi də... Yaxşı, mən Aygünü qınayıram. Bəs televiziyalar niyə şadyanalıq edirlər? Mən əsəbi adamam, danışıram, pis adam oluram, danışmayanda da içim yanır”.

Xalq artisti Yalçın Rzazadə hesab edir ki, belə məsələlərdə hərənin öz mövqeyi var:
“Siz məndən soruşun ki, sənət necədir, mədəniyyət necədir? Söhbət mənim mövqeyimdən gedirsə, deyirəm ki, şəhid vermək ağır şeydir. Bunun anası, atası, qardaşı, bacısı var. Mən Aygünü tanımıram axı. Belə tanıyıram ki, müğənnidir. Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Emin Sabitoğlu, Cahangir Cahangirov barədə soruşun... Onlar mənim profilim deyil ki, barələrində danışım”.

Əməkdar artist Baloğlan Əşrəfov isə hesab edir ki, belə məsələlərə çox ciddi yanaşmaq lazımdır və bu, hər kəsin vətəndaşlıq borcudur:

“Onlar bizim vətənimizi qoruyur, sabitliymizi təmin edirlər. Ad günü bir gün gec keçirilsə, dünya dağılmayacaqdı ki. Dünəndən evimdə olmuşam, heç yana da getməmişəm. Elə hesab edirəm ki, onlar mənim balalarımdır. Ay qardaş, həmin üç əsgər gedib kiminsə həyətindən toyuq oğurlayanda ölməyiblər e. Onlar bizim vətənimizi qoruyublar, vuruşublar. Onun içində mənim uşağım da, sənin qardaşın da ola bilər. Belə şeylə lağlağı olmaz”.

Xalq artisti Canəli Əkbərov isə neytral qalmağa üstünlük verir:

“Nə bilim, vallah, mən onların işinə qarışmıram. Amma şəhid vermək çox böyük dərddir”.

“Belə bir gündə o cür şadyanalıq lazım idimi” sualına isə sənətkar belə cavab verir:

“Hərənin bir mədəniyyəti var, hərə bir ürək sahibidir. Şəhid vermək həm ölkə, həm millət, həm də valideynlər üçün çox ağır işdir. Amma vətən yolunda getməyin özü də bir şərəfdir”.

Tanınmış müğənni Əli Mirəliyev isə həm telekanalları, həm də sənətçiləri qınayır:

“Dünəndən Rusiyanın telekanallarına baxıram. Titrlərdə yazırdılar ki, Aəzrbaycan əsgərləri 17 ermənini öldürüb, biizmkilərdən də üç nəfər şəhid olub. Sonra da axşam çevirib bizim telekanallara baxıram ki, kefdədilər, özləri üçün çalıb-oxuyurlar. Səncə, Əlibaba Məmmədov, Arif Babayev belə şeyləri edərdilərmi? Əlbəttə, etməzdilər. Belə tədbirləri, şadyanalığı gədə-güdələr edirlər. Onlar xalq artisti deyillər, xalqın nifrətini qazanmış insanlardır. Kimlərinsə köməyi, xahişi, yaxınlığı ilə fəxri adlar alıblar. Azərbaycan dilində oxuya bilməyənlər necə xalq artisti ola bilər? Aygün Kazımova, ümumiyyətlə, oxuyan deyil. İnternetdə görmürsən, içib ağzına gələni danışır, söyüş söyür. Bəs beləsi nə etməliydi ki? Elə də olmalıydı da...

Xalq artisti olan adama “Kubinka”da altı bıçaq zərbəsi vurmurlar. Bunları xalq yox, ayrı-ayrı məmurlar sevir. Fəxri adları da ona görə alırlar. Biz musiqimizə də, torpağımıza da laqeydik”.

Xalq artisti Mələkxanım Əyyubova isə düşünür ki, hər kəs özünə cavabdehdir:

“Mən şəhid ailələrinə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qalan şeylərlə mənim işim yoxdur. Hərə özünə cavabdehdir, hər kəs öz vətənpərvərliyini göstərir”.

Xalq artisti Mənsum İbrahimov bütün sənət adamlarını belə günlərdə diqqətli olmağa çağırır:


“Hamımız diqqətli olmalıyıq, hamımızın övladı var da. Hazırda atəşkəs olsa da, müharibə rejimində yaşayırıq. O oğullar da bizim uğrumuzda şəhid olublar. Ordunun arxasında xalq dayanmalıdır. Bəs Türkiyə ordusu niyə güclüdür? Çünki ordunun arxasında xalq dayanıb. Ordu xalqla birlikdə güclü olur. Bu, mənim vətəndaş kimi mövqeyimdir”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm