Məşhur musiqiçimiz: “Çempion toyunda da olmuşam, rəis toyunda da” – FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Məşhur musiqiçimiz: “Çempion toyunda da olmuşam, rəis toyunda da” – FOTOLAR+VİDEO

Heç bir fəxri adı yoxdur, heç efirlərdə də, demək olar, görünmür. Amma Azərbaycanda, xüsusən Bakı kəndlərində çox məşhurdur.

Hazırda onu Azərbaycanda ən güclü nağara ifaçılarından biri, bəlkə də, birincisi hesab etmək olur. Təkcə ifasına görə yox, həm də özü demişkən, ifa etdiyi musiqini duya bildiyi üçün.

Beləliklə, Publika.az-ın suallarını tanınmış nağara ifaçısı Gülağa Quliyev cavablandırır.

- Gülağa müəllim, el arasında yetərincə tanınsanız da, haqqınızda o qədər də məlumatlı deyilik.

- 1958-ci ildə Buzovna qəsəbəsində kasıb bir ailədə anadan olmuşam. Atam fəhlə, anam evdar qadın olub, kasıbçılıqla böyümüşük.

- Neçə yaşınızdan bu peşə ilə məşğulsunuz?

- 1969-cu ildə - on bir yaşımda Buzovnada uşaq musiqi məktəbinə getmişəm və beş ildən sonra oranı bitirmişəm. İndi, maşallah, həmin musiqi məktəbi böyüyüb. Mənim musiqiylə bağlı aldığım savad bundan ibarətdir. Nə musiqi texnikumu, nə konservatoriya bitirmişəm.

- Neçə yaşınızdan toylara gedirsiniz?

- Ümumiyyətlə, on iki yaşımdan pul qazanıram. Əvvəlcə iki il qoşa nağara çalmışam. İki ildən sonra başladım nağara çalmağa.

- Hansı ustad sənətkarlardan bəhrələnmisiniz?

- Ustadım böyük pedaqoq Ağası müəllim olub. Həqiqətən, mən o kişinin əlindən çörək yemişəm. Bəhrələnməyə gəlincə, Zöhrab Məmmədovdan görüb-götürdüklərim olub. O, indi yaşlaşıb, 67-68 yaşı var, çox böyük sənətkardır.

- Özünü bir nömrə adlandıran sənət adamları var. Siz özünüzü neçə nömrə hesab edirsiniz?

- O boş söhbətlərdir, hər aşiqin bir dövranı var. Ümumiyyətlə, mən görmədim ağıllı oğlan, böyük sənətkar desin ki, məndən yoxdur. Ayıbdır e...

- Yaxşı, onda sualı belə qoyaq. Sizi hazırda ən güclü beş nağara ifaçısından biri hesab etmək olar?

- Mənim onu deməyə ixtiyarım yoxdur. Bəlkə də, mən beş yüzüncü nağaraçalanam, bu barədə danışmağa ixtiyarım yoxdur. Yəqin, camaat istəyir ki, o boyda Aftandil İsrafilov, Elşad Cabbarov, Sadıq Zərbəliyev, Aşıq Qurbanın nəvəsi Həsənağa məni toylara aparır, insanlar öz məclislərində məni görmək istəyirlər. Şükürlər olsun ki, yaxşı musiqilərin, gözəl sənətkarların şahid olmuşam. İyirmi il Əlibaba Məmmədovun “Humayun” ansamblında işləmişəm. İyirmi il o kişinin əlinin altında nağara çalmışam, ondan bəhrələnmişəm.

- Bəs nəyə görə təkcə toy yolunu seçdiniz, efirə çıxmadınız?

- Mən başqa cür yaşaya bilmədim də. İstəmədim ki, camaatı özümdən asılı vəziyyətə salım. İnsanlarla ünsiyyət qurmaqdan zövq alıram.

- Efirə çıxmaq insanlardan təcrid olunmaq deyil ki..

- Efirə çıxmaq mənimçün önəmli deyil. Mən Azərbaycanın böyük sənətkarlarıyla efirə çıxaram, cavanlarla işləmək mənlik deyil axı.

- İndini nəzərdə tutmuram. Hələ cavan ikən də efirlərə çıxmamısınız. Səbəb nə idi?

- Heç vaxt efirə həvəsim olmayıb. Efirdən tanınmaq istəməmişəm. Onsuz da məni tanıyan tanıyır.

- Çoxları hesab edir ki, hazırda Azərbaycanda sizdən güclü nağara ifaçısı yoxdur...

- Kim deyirsə də sağ olsun, demirsə də. Mən nazlı-qozlu kişi deyiləm, mülayim, yumşaq insanam, camaatla yolagedənəm. Hansı kəndə girsəm, beş sayılan oğlan məni qarşılaya bilir. Bu, mənim üçün dünyadır, hər şeydir.

- İfa zamanı çox emosional olursunuz. Elə olmasa, ifa edə bilməzsiniz?

- Azərbaycan musiqisini hiss edirəm və bu gün bu musiqini nağara ifaçıları arasında mənim qədər bilən olmaz. Söhbət yaşlılardan getmir. Rəhmətlik Səlim müəllim, Zöhrab müəllim, Çingiz Mehdiyev böyük sənətkar olublar. Mən Ağasüleyman rəhmətlik kimi ustad görmüşəm. Adını çəkdiyim bütün sənətkarların öz dəst-xətti olub.

- Təxminən 10-15 il əvvəl sintezator Azərbaycanda daha geniş yayılmağa başladı və sanki nağaraya tələbat azaldı. Sizcə, nağarasız musiqi ifa etmək mümkündürmü?

- Bəli, bir müddət zərb alətlərinə, sintezatora həvəs böyük idi. Allah yaponların canını sağ eləsin, o sintezatoru kəşf elədilər, camaat da ona meylləndi. Amma sonra başa düşdülər ki, Azərbaycana məxsus iki alət varsa, biri nağaradır. Bu alət bütün dünyada lazımdır. Ritmlə nəfəs alırsan, ritmlə danışırsan, çörək yeyirsən. Mənimçün bundan böyük sənət yoxdur.

- Yaşlı sənətkarlar deyir ki, sənətsiz yaşaya bilmərik, sənətdən uzaq düşsək, xəstəlik taparıq. Siz də belə düşünürsünüz?

- Sənətə bağlıyam ki, onu sevirəm də. Onu qız kimi sevmək, tumarlamaq lazımdır. Yıxıl onunçun, ölsün səninçün. Rəhmətlik Hacıbaba Hüseynov demişkən, onsuz da ömrümüzün sonuna qədər öyrənə-öyrənə gedirik.

- Hacıbaba Hüseynovu müşayiət etmisiniz?

- Bəli, onunla çox toylarda olmuşuq. O, başqa kişi idi.

- Artıq 57 yaşınız var. Yaş öz sözünü deyirmi? Yəni ifa zamanı yorulmağı nəzərdə tuturam.

- Mütləq deyir. Yalandan danışmaq lazım deyil. Sən deyə bilərsən ki, qocalmamışam, onsuz da yaş özünü göstərir. Nağara çalmaq yüngül sənət deyil axı, fəhlə sənətidir. Burada tələblər çoxdur.

- Əsas tələblər nədir?

- Nağara sənəti təkcə nağara çalmaqdan ibarət deyil. Burada incə nüanslar çoxdur. Muğam bilməlisən, qəzəl, rəng, dəramət, mahnı bilməlisən.

- Başqa musiqi alətlərində ifa edə bilirsiniz?

- İki il qoşa nağara çalmışam. Ölürəm pianino üçün, amma bacarmıram.

- Hazırda üzdə olan sənətçilərdən kimləri müşayiət etmək istərdiniz, kimin ifasından zövq alırsınız?

- Teyyub Aslanov, Ehtiram Hüseynov, İlkin Əhmədov, Babək Niftəliyevin ifası ləzzət edir. Mənim hər adamı bəyənməyə ixtiyarım yoxdur. Çünki musiqi bilirəm.

- Mən görmüşəm ki, bəzən yarım saatdan artıq solo ifa edirsiniz. Solo nağaranı maksimum nə qədər ifa etmək olar?

- Əgər cavan olsan, bütün günü. İyirmi beş yaşın var, sənətin budur, ifa et, püxtələş də. İndiki cavanlarda bəzi xüsusiyyətlər heç xoşuma gəlmir. Onlar başa düşmürlər ki, püxtələşmək lazımdır. Sənəti vaxtında öyrənməlisən ki, vaxtında sayılasan, sənətkar olasan.

- Tələbəniz var?

- Bunu qorxmadan deyirəm ki, bütün Azərbaycan məni tələbəmdir.

- Kimləri bəyənirsiniz?

- Yaşı otuza kimi olan cavanlardan Amil var, İlkin var. İlkinin toyunu Aftandil müəllimlə mən çalmışam.

- Məşhurlardan kimlərin toyunu siz çalmısınız?

- Məncə, belə şeylərin əhəmiyyəti yoxdur. Çempion toyu da çalmışam, rəis oğlunun toyunu da. Bu gün də Azərbaycandakı elit toyların əksəriyyətində iştirak edirəm.

- Eşitdiyimə görə, toy sahibinə qiymət demirsiniz, amma toydan iki toyun puluyla qayıdırsınız.

- Məni camaat çox istəyir. Görürlər ki, düz adamam. Pul olmur, nağaramı götürüb çıxıb gəlirəm. Camaatla müharibə etməli deyiləm ki.

- Elə olub?

- Mən elə yaşayıram da. Pulun varsa ver, verə bilmirsənsə, bir manat istəmirəm səndən.

- Nə qədər qonorar sizi qane edər?

- Biz cəmi üç ay qazanırıq, doqquz ay yeyirik. Camaatın kefi nə qədər kök olsa, bizim də kefimiz lap kök olar. Mən heç vaxt 5-10 min istəmərəm, 5-6 yüz manat versinlər, ailəmizi dolandıraq. İyirmi səkkiz otaqlı villa istəmirəm. Evim var, atamdan qalıb.

- Villanız da var?

- Mənim bir dənə kasıb evim var, nə vaxt gəlsəniz, gözüm üstə yeriniz var.

- Bəs bu qırx ildə toylardan qazandıqlarınız hara gedib?

- Özüm üçün yaşamışam, kef eləmişəm, ata-ana hesabına pul xərcləməmişəm. Çünki olmayıb xərcləməyə. Mən öz puluma “qulyat” eləmişəm.

- Övladlarınızın musiqiyə meyllidirlərmi?

- İki qızım var, universitetdə oxuyurlar.

- İstərdiniz musiqiçi olsunlar?

- Qətiyyən olmaz, heç qoymaram da. Övlad niyə musiqiçi olsun ki? İmkanı var, həkim olsun, müəllim olsun.

- Bəs siz niyə musiqiçi olmusunuz?

- Heç peşman da deyiləm. Çünki mən bir dənəyəm, məndən bir də olmayacaq.

- Bəzi musiqiçilər deyir ki, sovet vaxtı yaxşı dolanırdıq. Musiqiçi üçün indi dolanmaq asandır, yoxsa o vaxt?

- İndi pul qazanmaq asandır. Yolunu tutsan, bəzi şeyləri bilsən, pul qazana biləcəksən.

- Məsələn, nələri?

- Elə şeyləri demək olmaz.

- Gənc musiqiçilərin bir çoxları pul qazanandan sonra pis yola qurşanırlar.

- (sözümü kəsir-İ.V.) Hər şey gözəldir, amma ölçüdə. Cavan musiqiçidir, qazanır, xərcləyir.

- Bəziləri alın təriylə qazandığı pulu narkotikə verir. Sizcə, bu, doğrudur?

- Bilirsiniz necədir? Mən də çox pul xərcləmişəm, pul xərcləməyə də ürək lazımdır.

- Cavanlıqda narkotikə pul xərcləmisiniz?

- Əşşi, cavanlıqdı, eləmişik də. Allahdan gizlin deyilsə, bəndədən niyə gizlədim? Amma hər şeyin həddini bilmək lazımdır. Bir adam Allah yolunda bir iş görür və sonra başlayır reklam eləməyə. Gərək yaxşı-pis nə elədinsə, dilə gətirməyəsən.

- Sizi hansı bölgədə daha yaxşı başa düşürlər?

- Bu dəqiqə Bakının, Abşeronun kəndlərində camaat mənə qulaq asır. Mənim oynamaq üçün nağara çalmaq vaxtım keçdi, o limitim bitdi. Daha mənim ”Papaq” çalan vaxtım deyil. Otur, mənə qulaq as, ürəyimi çıxardım verim sənə. Qulaq asmırsansa, pulun da lazım deyil.

- Ancaq dinləmək üçün ifa edirsiniz?

- Yaş dövrü var da.

- Yorulursunuz?

- Mənim yorulmağımın heç nəyə dəxli yoxdur. Qiymət verən yaxşı qiymət versin, başa düşsün. Əlli yeddi yaşında səkkiz rəqqas üçün “Papaq” çalmaq olmaz mənə. Bu 25-30 yaş üçündür. Artıq o yaşım keçib. Mən bu gün təkcə öz kəndimdə bütün toyu çalıram.

- Yarım saatlıq gedirsiniz?

- Qıraq toylar olanda getmirəm. Sağ olsunlar qardaşlar, dostlar ki, məni başa düşürlər, hörmət edirlər. Gedib bir saat, saat yarım ifa edirəm. Əgər ürəyim istəyən oğlandırsa, səhər altıdan gəlib başlayaram ifa etməyə, özüm də ləzzət alaram. Musiqi belədir ki, təbin gəlməlidir. Acmasan, çörək yeyərsən? Musiqinin də təbi, məqamı var. O məqamda oturursan, ifa edib ətrafındakıları da doyuzdurub, yola salırsan. Amma dediklərimi elə yaz ki, camaat məndən inciməsin. Çünki bu yaşıma qədər xalqı özümdən incik salmamışam...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm