Mahsunun “Möcüzə” yaradan sevgisi, “Oskar”arzusu və muncuq dişli qızlar - FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Mahsunun “Möcüzə” yaradan sevgisi, “Oskar”arzusu və muncuq dişli qızlar - FOTO/VİDEO

Musiqi ifaçılığına fasilə verib, film çəkilişləri ilə məşğul olan məşhur türk sənətçisi Mahsun Qırmızıgül beşinci filmi olan “Möcüzə”ni Azərbaycan tamaşaçılarına da təqdim edib.

Publika.az-ın məlumatına görə, bu məqsədlə Bakıya təşrif buyuran Qırmızıgül əvvəl media mənsubları ilə görüşüb, sonra isə özünün də rol aldığı filmi üzə çıxarıb. Filmlə bağlı təəssüratlarımızı bölüşməzdən öncə, qeyd edək ki, “Möcüzə” elə tamaşaçılara təqdim olunduğu ilk həftədəcə izlənmə rekordlarını qırıb. Belə ki, qısa vaxt ərzində filmi 642.187 nəfər izləyib.

Elə Azərbaycan tamaşaçıları da filmi böyük maraq və həyəcanla izləyiblər. Həyəcanla söylədim, ona görə ki, gerçək sevgi hekayəsindən bəhs edən film tamaşaçını haldan-hala salmağı bacarıb.

Qeyd edək ki, Mahsun Qırmızıgülün də söylədiyi kimi, filmin süjet xətti real hadisələr üzərində qurulub. Film 1960-cı illərdə İstanbulun qədim kəndlərinin birində baş verən hadisədən bəhs edir.

Əziz adlı bir kişinin beş oğlu var. Onlardan biri əlildir. Buna görə ata çox əziyyət çəkir. Hətta onu necə evləndirəcəyini də özünə dərd edir. Eyni zamanda filmin bir qəhrəmanı da var - müəllim. Şəhərdən kəndə gəlib, müəllimlik fəaliyyəti ilə məşğul olan həmin müəllim əlil oğlanın qayğısına qalır, ona yazmağı-oxumağı öyrədir. Günlərin bir günü kənddə qan davasına səbəb olan hadisə baş verir. Əlil oğlanın atası qan davasının qarşısını alır. Minnətdarlıq üçün qan davasında iştirak edən ailələrdən birinin başçısı Əzizə “Dilə məndən, nə dilərsən” deyə müraciət edir. Ata ondan xahiş edir ki, əlil oğlunu evləndirmək üçün bir qız tapsın. Belə də olur, kəndin ən gözəl qızını əlil oğlanla evləndirirlər.

Ən təsiredici məqam isə filmin finalı ilə bağlıdır. Sonda əlil oğlanla xanımı kəndə gəlir, hamı onların başına toplaşır. Oğlan daha əlil deyil. Bütün fiiziki qüsurları həll olunub, o, yaraşıqlı bir kişiyə çevrilib. Hər kəs ondan soruşur: “Sən əməliyyat vasitəsilə qüsurlarından xilas olmusan?”

Oğlan cavab verir: “Yox, məni bu hala gətirən sevgidir”. Yəni, sevginin gücü, enerjisi fiziki qüsuru olan oğlanı tamamən dəyişir.

Yeri gəlmişkən, Mahsun Qırmızıgül jurnalistlərlə görüşündə ona ünvanladığımız “Belə gənc qalmağınızın sirri nədədir” sualının cavabını da sevgi ilə əlaqələndirmişdi: “İnsanı yalnız sevgi xoşbəxt edə bilər. Mənim filmimdə də sevgi ana xətt kimi keçir. Gerçək bir sevgidən bəhs edən filmimdə də insanlara demək istəyirəm ki, sevin və sevgi sizi büsbütün dəyişəcək”.

Filmdə diqqət çəkən məqamlardan biri də kənd camaatının uzun illər qoruyub saxladığı adət-ənənələrdir. Bu adət-ənənələr film boyu tamaşaçını təsirləndirir. Məsələn, kənd adətlərinə görə, qızlar Quran oxumağı bacarmalıdır, təmizkar olmalıdır və sair. Hətta qızlara elçi düşərkən onların dişlərinə belə baxırlar. Muncuq kimi ağappaq dişləri olan qızlar daha gözəl sayılır.

Qeyd edək ki, filmin ssenari müəllifi də Mahsun Qırmızıgül özüdür. Təbii ki, mükəmməl ssenari filmin uğurunu təmin edir. Amma Qırmızıgül bir qədər fərqli düşünür: “Ssenari mükəmməl olmalıdır, amma əsas olan oyunçuların istedadıdır. Bu filmin ssenarisi gözəldir, amma oyunçular o ssenarini elə gözəl şəkildə tamaşaçıya çatdırıb ki, bu, məni valeh edir. Oyunçunun təqdimatından çox şey asılıdır. Filmi təqdim edən, onu canlandıran aktyorlardır. Bu mənada “Möcüzə”nin uğurunda oyunçuların əməyini xüsusi qiymətləndirirəm. Mən bu filmin “Oskar”a layiq görüləcəyinə də inanıram. Çünki artıq xarici ölkələrdən mənə yazır, filmimin uğurundan danışırlar”.

Belə…

Mahsun Qırmızıgülün təqdimatında daha bir türk filmi Azərbaycan tamaşaçılarına təqdim olundu. Çox gözəl...
“Möcüzə”nin təsirindən, yəqin ki, hələ bir neçə gün qurtara bilməyəcəyəm. Filmin aşıladığı düşüncə, məram məni çox təsirləndirdi. İçimdə arzular baş qaldırdı: kaş ki ölkəmizdə də belə təsiredici, real, bədii cəhətdən mükəmməl filmlər çəkilsin. Biz də öyünə-öyünə həmin filmləri ölkə xaricinə çıxaraq. Ən azı türk qardaşlarımız da baxıb bizə “əhsən!” desinlər. Düşünürəm ki, Mahsun Qırmızıgül də bu uğurumuza görə sevinərdi. Çünki sənətçi Bakıda çoxmərtəbəli binaların yaraşığını vəsf edərkən, belə bir fikir də səsləndirib: “Çoxmərtəbəli, gözəl binaların tikilməsi təqdirəlayiqdir. Buna görə sevinirəm, amma yaxşı olardı ki, bu gözəlliklə bərabər sənət aləmində də dəyişikliklər, irəliləyişlər olsun”.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm