Mahsunun 15 yaş kiçik, 10 yaş böyük sevgililəri, azərbaycanlı “eşq”i və… - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mahsunun 15 yaş kiçik, 10 yaş böyük sevgililəri, azərbaycanlı “eşq”i və… - FOTOLAR

Publika.az məşhur sənət adamlarıyla bağlı silsilə araşdırmalarını davam etdirir. Növbəti “Hədəf” Türkiyənin məşhur müğənnisi, eyni zamanda aktyor, rejissor, prodüser kimi bir çox uğurların müəllifi olan Mahsun Kırmızıgüldür.

Türk olmayan Mahsun

Mahsun Kırmızıgül 1969-cu il martın 26-da Diyarbəkirin Han bölgəsinin Vezir kəndində anadan olub. Sənətçinin doğum tarixi ilə bağlı ikinci versiya da var və bu versiyaya inansaq, o, 1968-ci il aprelin 1-də dünyaya gəlib.

Əsl adı Abdullah Bazencir olan zaza kökənli Mahsun Kırmızıgül 22 uşaq atası olan Mahmut Bazencirin ortancıl uşaqlarından idi. Bu arada qeyd edək ki, zazalar Türkiyədə yaşayan etnik xalqlardan sayılırlar və onların özlərinə məxsus dilləri, adətləri mövcuddur. Dünyada ən çox məskən saldıqları yerlər Türkiyə, Almaniya və Amerikadır. Türkiyədə isə Ərzurum, Ərzincan, Elazığ, Diyarbəkir, Aksaray zazaların daha sıx məskunlaşdığı bölgələr hesab olunur.

İlk zərbə atadan

Mahsun Kırmızıgülün anası Fahriye xanımla atası Mahmud bəy rəsmən ər-arvad deyildilər və imam nikahıyla yaşayırdılar. Amma buna baxmayaraq, ilk illərdə münasibətləri yetərincə normal idi. Ancaq Mahsunun kiçik yaşlarında Mahmut Bazencir Fahriye xanımı və ondan olan uşaqlarını atıb Bingölə gedir.

Ofisiant, çayçı, qaçaq mal satan…

Mahsun məktəbli yaşına çatanda ailəsi Vezir kəndindən Diyarbəkirin mərkəzinə köçür və gələcək məşhurun uşaqlığı burada keçir. Kırmızıgül ibtidai və orta təhsilini Diyarbəkirdə alır. Atasının evi tərk etməsindən sonra ailə çox ağır günlər keçirir. Ailənin əsas ümid yeri Mahsunun böyük qardaşıydı. Böyük qardaş müxtəlif işlərdə işləyib, ailəni dolandırırdı. Ancaq günlərin birində o, qəza nəticəsində dünyasını dəyişir. Bundan sonra vəziyyətin daha da ağırlaşdığını görən Fahriye xanım bir kirəmit sexində işə düzəlir.

Artıq Mahsun da yeniyetməydi. Anasının ailəni tək dolandıra bilmədiyini görən Kırmızıgül çiy küftə ustasının yanında köməkçi, çayxanada ofisiant, rəngsaz kimi işlərdə çalışır. Hətta bir müddət qaçaq yolla siqaret sataraq anasına dəstək olur.

İlk uğur

Onun sənətçi kimi ilk uğuru isə “Diyarbakır Karpuz Festivali”nda olur. Kırmızıgülün bu festivaldakı uğurlu çıxışı onu yaşadığı bölgənin insanlarına tanıtdırır. Artıq əksər ailələr xeyir işlərinə bu yeniyetməni dəvət edirlər. Mahsun toylara gedir, çayxanadakından və rəngsazlıqdan qazandığından daha çox gəlir götürür.

Günlərin birində primitiv üsullarla yazdırdığı kaseti Diyarbəkirdəki turizm şirkətində işləyən Hacı Tahir adlı sürücüylə İstanbula göndərir. Elə bu da gələcəyin ulduzunun parlamasına kifayət edir.

İstanbul həyatı

1984-cü ildə “Güneş Plak” şirkəti Kırmızıgülü iş birliyi üçün İstanbula dəvət edir. Dəvəti qəbul edib İstanbula gələn qəhrəmanımız təhsilinə də laqeyd qalmır. İstanbul Texniki Universitetinin türk musiqisi bölümündə təhsil almağa başlayır.

Şəxsi həyatı

Bütün sənət adamları kimi, Mahsun Kırmızıgülün də özəl həyatı yetərincə maraqlıdır. Qəhrəmanımızın ilk evliliyi çox erkən yaşda baş tutur. O, 1989-cu ildə - 20 yaşında Fatih bölgəsindən olan Gölgem adlı xanımla ailə həyatı qurur. Ancaq bu evlilik 2-3 il davam edir. Bu nikahdan sənətçinin bir oğlu dünyaya gəlir və ona Mahmut adını verir. Qəribədir ki, sənətçi övladına onu atıb gedən atası Mahmut Bazencirin adını qoymuşdu. Ancaq Mahsun övladı Mahmuta ata babasının onlara çəkdirdiyini çəkdirməyi ağlına belə gətirmir. Xanımıyla boşansa da, hər zaman oğlunun qayğıları, problemləri ilə maraqlanır.

İlk evliliyi uğursuz alınan Mahsun Kırmızıgülün adı sonradan bir çox məşhur xanımlarla hallanmağa başlayır. Bu adlar arasında ən populyarı isə Seda Sayan olur. Özündən on yaş böyük xanıma aşiq olan Kırmızıgül Sedaya sənətdən uzaqlaşmasını və onunla rəsmi nikaha daxil olmasını təklif edir. Ancaq Seda bu təklifi rədd edir və bir müddət vətəndaş nikahıyla yaşayan cütlük sonradan ayrılır.

1998-ci il isə Mahsun Kırmızıgülün Bade İşçil ilə qurduğu münasibətlə yadda qalır. Yeddi il İşçillə birlikdə olan Kırmızıgül 2005-ci ildə ondan da ayrılır. Ardınca violonçel ifaçısı Mina Cangalla münasibətlər başlayır. İki il yarım birlikdə olan cütlük 2011-ci ildə nişanlanmağı qərara alır və elə həmin il də münasibətləri bitirir.

Sənətçinin şəxsi həyatıyla bağlı başqa bir maraqlı məqam da var. Belə ki, ondan ayrılan qadınlar nadir hallarda Kırmızıgüllə münasibətləri barədə danışıblar. Sənətçinin yeddi il birlikdə olduğu Bade İşçil onunla bağlı ilk və son dəfə danışarkən bunları demişdi:

“Mahsunla tanış olanda mənim 15, onun 30 yaşı vardı. O, mənim həyatıma daxil olan ilk kişiydi. Münasibətlərimiz düz yeddi il davam etdi. Onun işləri həddən artıq çox idi. Günlərin birində düşündüm ki, biz evli olsaq və hamiləykən sancılarım tutsa, kim məni xəstəxanaya çatdıracaq. Bunu düşünüb ayrıldım. Həm də bizdə Şərq və Qərb mədəniyyətinin fərqi var idi. Mahsunun Mina Cangalla birlikdə olduğunu eşidəndə təəccübləndim. Sonra o mənə bu barədə danışdı. Fikrimcə, onlar daha yaxşı cütlükdür. Hər ikisi musiqiylə məşğuldur. Mən qərb düşüncəli qız idim. Ancaq onunla böyüdüyüm üçün şərqli kimi düşünməyə başladım”.

Jurnalistin “Bəs ondan ayrılandan sonra nə dəyişdi” sualını isə Bade İşçil belə cavablandırır:

“Artıq lahmacun yemirəm. Çox da dəyişən şey olmadı. Sadəcə, özümə döndüm”.

Yaradıcılıq

1984-93-cü illərdə sənətçi primitiv üsullarla səkkiz albom buraxdıra bilir. Təbii, qeyd etdiyimiz kimi, bu albomlar peşəkarlıqdan uzaq idi. Ancaq onu türk dinləyicisinə yetərincə sevdirmək üçün kifayət edirdi. 1993-cü ildə isə “Alem buysa kral sensin” adlı albomuyla Mahsun Kırmızıgül adı Türkiyə mediasına bomba kimi düşür. Qısa müddət ərzində sənətçi bu albomla bütün reytinq cədvəllərinin zirvəsinə yüksəlir. 1994-cü ilin ikinci yarısında Kırmızıgül “Prestij müzik” şirkətiylə müqavilə imzalayır. O, Hilmi Topaloğlu və Burhan Aydemirdən sonra bu şirkətlə müqavilə bağlayan üçüncü sənətçiydi.

1998-ci ildə sənətçi karyerasının, demək olar ki, zirvəsindəydi. O, “Krat tv”nin təsis etdiyi “Video müzik” mükafatını xalqın verdiyi səslərlə üç fərqli nominasiyada qazanır. Təbii ki, bu, adi göstərici deyildi və belə nüfuzlu mükafatı üç nominasiyada qazanmaq istənilən sənətçi üçün böyük uğur idi.

Mahsun Kırmızıgülün aktyor, rejissor və ssenarist kimi yaradıcılığı da yetərincə uğurlu alınır. Onun Beren Saatla baş rollarını paylaşdığı “Aşka sürgün” serialı və “Güneşi gördüm” filmi daha böyük marağa səbəb olur.

Sənətçinin 2010-cu ildə həm ssenari müəllifi, həm də rejissoru olduğu “Nyu-Yorkda beş minarə” filmi də kifayət qədər uğur qazanır. Filmdə baş rolları Haluk Bilginer, Mustafa Sandal, Mahsun Kırmızıgül, Robert Patrik, Gina Gershon, Danni Glover kimi məşhurlar rol alırlar.

Sənətçinin adıyla bağlı olan sonucu film isə “Mucize” adlanır. Talat Bulutun baş rolunu oynadığı filmdə Mahsun Kırmızıgüldən başqa, Mert Turak, Erdem Yener, Büşra Pekin də rol alıblar. Qeyd edək ki, film bir neçə gün öncə Azərbaycan tamaşaçılarına da nümayiş etdirilib.

Tatlısəs və Alişanla “düşmənçilik”

Kırmızıgülün sənət həyatına nəzər salanda onun müxtəlif yaş qruplarına aid həmkarlarıyla rəqabət aparması da diqqətdən yayınmır. Məsələn, 90-cı illərin ortalarından etibarən Kırmızıgül “İmperator” ləqəbli İbrahim Tatlısəslə böyük sənət mübarizəsinə girir. Hətta bu rəqabət türk tamaşaçısını iki yerə parçalayır. Ancaq etiraf etmək lazımdır ki, Kırmızıgül nə qədər sevilən sənətçi olsa da, Tatlısəslə sənət rəqabəti aparmaq üçün bir qədər zəifdir. Xatırlayırsınızsa, təxminən 17-18 il əvvəl bu iki məşhur sənətçi arasında “musiqili rinq” də olmuşdu…

Kırmızıgülün yola getmədiyi digər sənətçi isə Alişandır. Əslində, bunu ilahi ədalət də adlandırmaq olar. Çünki Mahsunun bir zamanlar Tatlısəsə qarşı etdiyini Alişan da məhz ona etdi.

Azərbaycanlı sevgilisi

Qəhrəmanımız Azərbaycanda yetərincə böyük pərəstişkar ordusuna malikdir. Elə onun kliplərindən biri - “Ay aman” “Palmali” şirkətlər qrupunun sponsorluğu ilə Azərbaycanda çəkilib. Hətta bir müddət belə şayiələr dolaşırdı ki, həmin klipdə çəkilən azərbaycanlı xanımla Kırmızıgül eşq macərası yaşayır. Bu arada qeyd etmək yerinə düşər ki, klipdə çəkilən xanım, bəstəkarlar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğlunun yaratdığı məşhur “NM” qrupunun solistiydi.

Kırmızıgülün Azərbaycanla əlaqələri barədə danışarkən “Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı milyarder Mübariz Mənsimovun adını çəkməmək olmur. Türkiyədə böyük nüfuz sahibi olan həmyerlimiz uzun illərdir məşhur sənətçiylə dostluq edir.

Sonda sənətçinin ən məşhur kliplərini təqdim edirik

“Alem Buysa Kral Sensin”

“Bebeğim, Allah'ını Seveyim”

“Ağlama Sen”

“Maço Erkek”

“Ben de Sizdenim”

“Kardeşlik Türküsü”

“İnsan Hakları”

“Sevdalıyım”

“Bu Sevda Bitmez”

“Taşra Delikanlısı”

“Kızlar”

“Hemşerim”

“Belalım”

“Her Şeyim Sensin”

“Yıkılmadım”

“Yoruldum”

“Kardeşe Ağıt”

“Kahpe Felek”

“Göçmen Kızı”

“Garip”

“Vefasız”

“Sarı Sarı”

“Daye”

“Saygımdan”

“Hayat Ne Garip”

“Ay Aman”

“Bizden Değildir”

“Azar Azar”

“Dinle”

“Gül Senin Tenin”

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm