Hollivudun ən seksual aktrisası: “Qızlar üstümə ketçup tökərdilər” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hollivudun ən seksual aktrisası: “Qızlar üstümə ketçup tökərdilər” – FOTOLAR

Model və aktrisa Meqan Foks “Dünyanın ən seksual qadını” adına layiq görülüb. Bununla belə, aktrisa yeniyetməlik çağlarında heç də zərif olmayıb. Məsələn, Meqan uşaqlıqda çox qorxulu geyimləri ilə diqqət çəkərdi: hərbçi çəkmələr, narıncı və pinti saçlar...

Hazırda dünyanın ən seksual qadını olan Meqanı yeniyetməlik yaşlarında görkəminə və pis davranışına görə kilsədən də qovublar.

Publika.az “Bizim tərcümə” layihəsində Hollivudun ən gözəl qadının müsahibəsini təqdim edir.

- Siz məktəbdə də “Transformer” filminin qəhrəmanı kimi məşhur olmusunuz?

- Xeyr. Sinifdəki qızlar məni lağa qoyardı. Yeməkxanadan qovub çıxarana qədər mənə hər bir pis sözü deyib, üstümə ketçup tökərdilər. Lakin bu, onlara baha başa gəldi!

- Onlardan intiqam aldınız?

- Əlbəttə. Onlar məşqdə olanda maşınlarını qaçırıb, gizlənirdim. Uşaqlıqdan üsyançı idim və bütün həyatım boyu da belə olub. Hər bir ağılsızlığı etmişəm. Məsələn, uşaqlıqda anamı ələ salıb gülərdim. Floridada yerləşən iri marketlərdən birində isə mənim orada görünməyimə qadağa qoymuşdular. Çünki marketdən dodaq boyası oğurlamışdım. Mağazada mənə dedilər ki, bir də ora gəlsəm, məni həbs edəcəklər.

- Nə zamansa filmdə birgə çəkildiyiniz iş yoldaşlarınızla mübahisə etmisinizmi?

- Mən hər zaman kino çəkilişlərində də, həyatda da qız rəfiqələrə inanmamışam. Bu, biznesin qanunudur. Qızların dostluğu çətin yaranır. Gözəl olduğun üçün kişilər səninlə dost olmağa can atdığı halda, qadınlar sənə yalnız nifrət edir. Məsələn, “Ulduz səhnəsi” filmindən Lindsi Lohanla yola getmirdim. Onda 16 yaşlı yeniyetmələr idik. O vaxtdan Lindsini görməmişəm. Yəqin o, böyüdükcə dəyişib. Mən də böyüdüm və dəyişdim.

- Sizi Hollivudda nə heyran qoydu?

- Reallıq. Məsələn, ən seksual hesab olunan qadınlar 3 burun əməliyyatı, liposaksiya əməliyyatı keçirib, yanaqlarını şişirdiblər. Bəli, indi onlar əvvəlkindən çox gözəldir... Bunu Amerikadan sirr kimi saxlamaq olar, lakin Hollivudda hamı sənin kim olduğunu bilir. Heç nəyi gizlədə bilməzsən.

- Narkoloji klinikaya nə üçün yerləşdirilmişdiniz?

- Bir ara narkotiklərdən istifadə edirdim. Kokain Hollividun bütün klublarında var və hamı iynəyə oturub. Məşhur insanlar bu həqiqəti gizlətmirlər də.

- Bəs siz nədən istifadə edirdiniz?

- Aralarında seçim etmək üçün bütün növ narkotik maddələrdən istifadə etmişəm. Lakin onlardan heç biri xoşuma gəlmədi. Deyə bilərəm ki, özüm də daxil olmaqla, 5 adam tanıyıram ki, narkotik maddələr istifadə etmir.

- Nəhayət ki! Həqiqəti deməyə utanmayan məşhur.

- Sözü birbaşa deyənəm, çox açıqfikirliyəm. Fikrimcə söhbət seksdən gedirsə, hər bir qadın öz düşüncələrini dilə gətirməlidir. Maraqlıdır ki, jurnalın üz qabığında yarıçılpaq çəkilən insanlar nəyə görəsə, seksdən danışmağa çəkinirlər. Bax, məni də qıcıqlandıran budur.

- Sizi nə qıcıqlandırır?

- Mən gəncəm və hormonlarım boldur. Lakin bununla belə yalnız bir insanla sekslə məşğul olmaq xoşuma gəlir. Kiminlə gəldi intim münasibətdə olmaq da mənim xarakterimə uyğun deyil.

- Sizin bədəninizdə 6 tatu var. Anjelina Colinin rekordunu vurmağa hazırlaşırsız?

- Hər dəfə döymədən sonra məni buna görə ittiham edən insanları özümdən uzaqlaşdırıram. Çox maraqlıdır ki, Hollivudda sənin hər bir işlərinə müdaxilə edib, saçının rəngindən tutmuş həyat tərzinə kimi hər şeyi müzakirəyə çıxarırlar. Mən tatuları sevirəm. Əhvalım olmayanda bədənimdəki ağrını çıxarmaq üçün tatu döydürməyə qaçıram. Mən ciddi deyirəm, tatuya görə mənə rol verməkdən imtina etsələr, Hollivuddan gedib yaxınlıqdakı mağazada satıcı işləyəcəm.

- Daha nəyin ağrısı sizə həzz verir?

- Əgər sən eyni tipli ağrını sevirsənsə, ona alternativ olan və sənə həzz verən başqa ağrıları da kəşf edəcəksən. Bu məsələni xırdalamaq istəmirəm, çünki anama yazığım gəlir.

- Asudə vaxtınızı necə keçirirsiniz? Yenə nəsə ekstremal işlərlə məşğulsunuz?

- Belə deməzdim. Siz inanmazsınız, lakin mən əyləncələri sevmirəm. İçkidən sonra bir-birinə girişən əyyaş insanlardan zəhləm gedir. Ona görə də evdə oturub kompüterdə nərd oynayıram. Vaxtaşırı da, dulusçuluqla məşğul olub gildən gülqabı düzəldirəm.

- Çox gözəl ailəniz var. İki uşağın qeydinə qalırsınız. Münasibətləri necə nizamlayırsınız?

- Bu suala cavab vermək çətindir. Şou proqramların birində iştirak edən bir kişi demişdi ki, evdə uşaqların əlindən “cəhənnəm həyatı” yaşayır. Bu fikirlərdən uçaqlaşdırmaq üçün o, arvadı ilə sekslə məşğul olurdu. Bunu eşidəndə çox gülmüşdüm. Çətin ki, ərim Brayanla mənim aramda isti münasibətə uşaqların yaratdığı “cəhənnəm həyatı” səbəb olsun.

- Hələ də, ərinizlə romantik görüşləriniz olur?

- Noa dünyaya gələndən bəri cəmisi 3 dəfə romantik görüş təşkil etmişik. 2 saatımı ayırıb evdə yemək bişirməyib, görüşə getməyim mənə ağır gəlir.

- Nə etmək lazımdır ki, sevdiyin insanla aranızda münasibətlərdə soyuqluq yaranmasın?

- Sən özünü yaxşı hiss etməsən, yaxşı görünməsən belə, sevdiyin insanla həmişə olduğun kimi olmalısan. Düzdür, bu, həmişə mümkün olmur.

- Sizin Brayanla münasibətlərinizin möhkəmliyinə nə təsir edir?

- Bir-birimizə valideynlərimizə yanaşdığımız kimi yanaşırıq. Uşaq dünyaya gətirdikdən ərindən dəstək görməyən qadınlara yazığım gəlir. Hamiləlik və doğuş ağır sınaqdır. Brayan bizim xoşbəxtliyimiz üçün bütün maraqlarını qurban verməyə belə hazırdır. O, mənim çətin günlər keçirdiyimi gördükdə deyir: “Mən hər iki uşağın qeydinə qalaram. Sən get dincəl”. Bax buna görə də, ömür boyu evli olmağa dəyər.

- Evlilik və hamiləlikdən sonra həyatınız dəyişdimi?

- Tamamilə və büsbütün. Əvvəllər düşünürdüm ki, uşağım olsa, onu dayənin yanında qoyub kinoya gedəcəm. Amma ana olduqdan sonra bu fikirlər beynimdən tamamilə çıxdı.

- Hamiləlik və analıq sizi seksual tərəfdən dəyişdirdimi?

- Əlbəttə! Analıqdan sonra döşlərim və baldırlarım kökəldi. Doğuşdan sonra özüm qəsdən artıq kiloları atmırdım. Brayan da mənim belə “ətli” olmağıma sevinirdi.

- Bəs dünyaya baxışınız dəyişdimi?

- Uşaq dünyaya gəldikdən sonra fikirlərin də dəyişir. Sən qəfildən heç bir kişinin bacarmadığı işi etdiyini düşünürsən. Bundan əlavə, uşağa görə özünə fikir verməyə vaxtın da olmur. Doğuşdan 7 ay sonra Ellen Deceneresin şou proqramına çağırıldım. Və o zaman anladım ki, mən düz 7 aydır ki, pedikür etmirəm. Dırnaqlarım Rihannanın dırnaqlarına oxşayırdı. Düzdür, təkcə ayaq dırnaqlarım bərbad idi.

- Analıq öhdəliyini necə yerinə yetirirsiniz?

- Hər dəfə işə çıxanda fikrim övladlarımın yanında qalır. “Bəlkə, uşağıma lazım idim, mən isə onun yanında olmadım” və ya “İndi körpəm ağlayıb məni çağırır” kimi fikirlər. Mən Bodhini dünyaya gətirdikdən 5 həftə sonra işə çıxdım. Deyə bilmərəm ki, işimə nifrət edirəm, lakin kino aləmi məni sevdiklərimdən ayırır.

- Daha çox hansı filmlərdə çəkilmək istərdiniz?

- Komediya ən yaxşı janrdır. Çünki onun çəkilməsi də asandır. Çəkiliş zamanı rejissordan tutmuş aktyor heyətinə kimi hamı gülür. Bilirsiniz, mən ambisiyalı insan deyiləm. Elə adam var ki, ildə 3 filmə çəkilir. Lakin mən 1 filmə güclə çəkilirəm.

- Bir dəfə demişdin ki, rəfiqələriniz azdır.

- Bəli, həqiqətən də, rəfiqələrimin sayı barmaqla sayılacaq qədərdir. Bəlkə də, deyərdim bir rəfiqəm var. Adı Mindidir. O, mənim kosmetoloqumdur. Oğlan dostlarım isə heç yoxdur. Nəyə görə onlarla ünsiyyət qurum? Mən adi qızam: içimdə nəyin bahasına olursa-olsun kiminləsə rəqabət aparmaq istəyi yoxdur. Həmçinin heç vaxt ünsiyyətcil də olmamışam. Bununla belə, özümü tənha hiss etmirəm. Bir rəfiqəm var, o da mənim üçün hər şeyə dəyər.

- Yeniyetməlik yaşlarında necə olmusan?

- Mən hər zaman seksual olmuşam. Yeniyetmə yaşlarımda mümkün qədər açıq geyimlərdən istifadə etməyə çalışmışam. Məsələn, supermarketə qısa ətək və hündür ayaqqabıda girərdim. Belə hərəkətlər balaca şəhərlərdə böyüyən qızlara xasdır.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm