• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ssenari müəllifi: “Xərçəng diaqnozunu atama “hədiyyə” aparırdım” - FOTOLAR

Ssenari müəllifi: “Xərçəng diaqnozunu atama “hədiyyə” aparırdım” - FOTOLAR

Mart ayında rejissor Ramil Ağasıyevin Mehman Rəsulovun ssenarisi əsasında çəkdiyi “Arzuların ardınca” filminin təqdimatı olacaq.

Təqdimatına bir ay qalsa da, film indidən sosial şəbəkələrdə müzakirə mövzusudur. Təbii ki, ekran əsərini tənqid edənlər də var, təqdir edənlər də. Söhbət filmin özündən yox, mövzusundan gedir. Bu film Azərbaycan tamaşaçısına nə verəcək? Müəlliflər bununla nə demək istəyirlər?

Publika.az-ın bu və digər suallarını “Arzuların ardınca” filminin ssenari müəllifi Mehman Rəsulov cavablandırır.

- Mehman, bu filmin ideyası haradan yarandı?

- Bir az mücərrəd səslənəcək, amma bəzən mənə elə gəlir ki, ölümdən səmimi heç nə yoxdur. Çünki ölümün bir sifəti var. İdeyanı mənə filmin rejissoru dostum Ramil Ağasıyev verdi. Biz xərçəng kimi ictimai bəlanı ailəmizdə yaşamışıq. Həm o, həm də mən. Özüm bunu yaşadıqdan sonra ətrafa daha diqqətlə qulaq asmağa başladım. İnsanlar bu xəstəliyin adını çəkməkdən belə qorxurlar. Adını el arasında “zəhrimar” qoymuşuq. Bu mövzuda danışmaqla hər şeyi əhatə etmək olmur. Xərçəngin caynağındakı bir insanla sonuncu gecəni yaşamaq, onun gözlərindəki ifadəni görmək... Bunu heç kimə arzulamıram.

- Bu, ssenarist kimi neçənci işindir?

- Əslində, buna iş kimi baxmıram. Bəlkə, başqa janrda ssenari yazıb daha çox tamaşaçı qazanmaq olardı. Amma “qazanmaq” və “xərçəng” sözləri bir cümlədə işlənməməlidir. Biz onları itiririk. Onları qazanmaq istəyirik. Məsələ insan ömrünü uzatmaqda deyil. Ölüm şərbətini hamı dadacaq. Biz xəstəlik pessimizmini, depressiya dumanını az da olsa dağıtmağa çalışmışıq.

- Niyə məhz “Arzuların ardınca”?

- Bu, Ramilin təklif etdiyi və mənim də ikiəlli razılaşdığım bir addır. İnsan ölənədək arzuların ardınca getməlidir. Bir anda ən kiçik istəyimiz əlçatmaz arzuya çevrilə bilər. Məsələn, biz indi rahat söhbət edirik. Amma nitq qabiliyyətini itirmiş bir insan üçün bu, arzudur. Əsl arzular lap yanımızdadır. Evimizin hər küncündə, bax elə əllərimiz, ayaqlarımız – bunlar da kiminsə arzularıdır.

- Düşünmürsən ki, filmin adı bir qədər bəsit alınıb? Məsələn, daha uğurlu ad seçmək olardımı?

- Səncə, xəstəliyə qoyulan xərçəng adı özü də bəsit deyilmi? Ya da “ölüm” sözü. Dördhərfli bu kəlmə ilə hər şey bitir. Biz onun qarşısına beşhərfli “sevgi” sözünü qoyduq. İnanırıq ki, beş dörddən böyükdür.

- Bu, Ramil Ağasiyevin ilk tammetrajlı bədii filmidir. Yəni o da bu sahədə sənin kimi, demək olar ki, yenidir. Nəticədən gözləntilərin nədir?

- Ramil Ağasıyev güclü insandır. Mövzu ölümdürsə, bu, çox vacibdir. Baş rol ifaçıları – Ziya Ağa və Zarina Qurbanova xərçəng xəstəsinin iztirablarını əks etdirmək üçün hər şeyi etdilər. Əgər bir xəstə yatağından qalxıb kiçik bir arzusunun ardınca getsə, bu, bizim qələbəmiz olacaq. Filmin çəkilişində iştirak edən dostlarımızdan hər biri əsl fədakarlıq göstərdilər. Sənət vacibdir, amma insanlıq borcundan önəmli deyil.

- Çəkiliş prosesində iştirak etdinmi?

- Ramil ruhən mövzunun içində olduğu üçün ab-havanı tam şəkildə görürdü. Əgər desəydilər ki, bir aylıq xərçəngə tutul, bunu da edərdi. Amma bu, bizim iradəmiz xaricindədir və xərçəng də müvəqqəti mehman deyil. Mən bu səhnələrə çox baxa bilmirdim. “Xəstə ziyarəti uzun olmaz” bəhanəsi ilə uzaqlaşırdım. Öz yazdığından qorxmaq pis şeydir.

- Özün bu filmdə rol almışdınmı? Ümumiyyətlə, həmin obrazlar arasında özünü görürdünmü?

- Mən ən böyük rolumu atama xərçəng diaqnozu qoyulanda oynamışdım. Bu xəbəri mənə onun ad günündə vermişdilər. Mən xərçəng diaqnozunu atama “hədiyyə” aparırdım. Həmin gün yalandan güldüm, sevindim, hər şey bir dubla çəkildi. Aktyor sənəti çətin sənətdir. Bacarmaram. Həyat yetərincə rol verib mənə...

- İndi əksəriyyət serial çəkməyə can atır ki, ümumi büdcədən nəsə çırpışdırmaq daha asan olsun. Nə əcəb bu məbləğə serial çəkmədiniz? Onsuz da filmə indiyə qədər xərclənmiş 22 min manat vəsait özünüzə məxsusdur.

- Filmin bütün xərclərini, dediyin kimi, Ramil özü ödəyib. Hər saniyəsi qızıla bərabər olan xərçəng xəstəsinin əzablarını seriala salıb uzatmaq?! Nə bilim, ziddiyyətdir, düşünmək lazımdır.

- Ssenarist kimi bu film sənə həm maddiyyat, həm də uğur baxımından nə qazandıracaq?

- Əgər film nümayiş olunandan sonra həyat iştahı küsmüş bir xəstə yerindən qalxıb soyuducunu açmağa cəhd etsə, bu, bizim qələbəmiz olacaq. Sonra da mən növbəti siqaret qutusunu açacağam, nə yazacağımı isə hələ ki bilmirəm...

- “Arzuların ardınca”nın ssenarisi sırf təxəyyül məhsuludur, yoxsa filmdə baş verənlər reallıqdır?

- Filmin kökü, özülü reallıqdır. Amma o yerdə ki sevgi var, orda təxəyyül də var. Biz ölə-ölə sevməyi yox, sevə-sevə ölməyi seçdik.

P.S. “Arzuların ardınca” serialına informasiya dəstəyini Publika.az saytı verir.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR