Tanınmış musiqiçi: “Mikayıla sponsorluq edirdim, yanımda gəzməyi özünə fəxr bilirdi” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış musiqiçi: “Mikayıla sponsorluq edirdim, yanımda gəzməyi özünə fəxr bilirdi” – FOTOLAR

Publika.az daha bir tanınmış musiqiçi ilə müsahibəni təqdim edir. Budəfəki həmsöhbətimiz əksəriyyətinizin yaxşı tanıdığı klarnet ifaçısı Zahid Qubadlıdır.

- Zahid bəy, sizi efirdən musiqiçi kimi tanısaq da, haqqınızda o qədər də məlumatlı deyilik.

- 1976-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində musiqiçi ailəsində anadan olmuşam. Atam Qaroğlan Rəhimov Zəngəzur mahalının ən məşhur klarnet ifaçılarından olub. 1997-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Uşaqlıdan peşəkar musiqiylə məşğulam.

- Xeyli müddətdir efirlərdə görünmürsünüz. Səbəbi nədir?

- Efirdə görünməyimin əsas səbəbi son zamanlar telekanallara ayaq açan dırnaqarası teleaparıcılar və prodüserlərdir. Heç birinin də nə musiqidən, nə sənətdən anlayışı var. Ona görə də peşəkar sənətkarlar, istedadlar qalıb bir kənarda, lazım olmayan insanları efirlərə dəvət edirlər. Mən də bir kənara çəkilib gözləyirəm. Nə etməliyəm ki?

- Siz sırf qeyri-peşəkar musiqiçiləri nəzərdə tutursunuz, yoxsa bütünlüklə hamını?

- Söhbət musiqiçilərdən getmir, müğənniləri nəzərdə tuturam.

- Sizcə, teleməkanda instrumental ifaçılara nə qədər yer verilir?

- O müğənniləri məqsədli şəkildə dəvət edirlər. Çünki bəzi müğənnilər efirdə meymunluq edirlər. Özlərini ədəbsiz, tərbiyəsiz aparırlar, elə bilirsən ki, bazarda oturub danışırlar. Elə bilirlər ki, belə olanda verilişin reytinqi artır. Ancaq başa düşmürlər ki, həmin verilişə baxanların doxsan faizi onları söyür. Fikir verin, o cür verilişlərə ailə tərbiyəsi görməmiş insanları çıxarırlar. Ayda-ildə bir dəfə də sanballı sənətkarları, xanəndələri dəvət edirlər. Ancaq bu, çox azdır. Musiqiçiləri isə, ümumiyyətlə, dəvət etmirlər. Yaxud da verilişlərdə ansamblla oturub, gələn qonağa “tuş” çalırlar. Tutaq ki, aparıcı “bu gün filankəs qonağımızdır deyir” və həmin ansambl bir tuş çalır. Söhbət əsl musiqidən, Azərbaycan mədəniyyətinə xidmət edən insanlardan gedir. İndiyədək Türkiyənin müxtəlif şəhərlərində konsertlərdə iştirak etmişəm. Sonuncu dəfə TRT AVAZ, TRT Türk kanalları məni dəvət etmişdi. Onların heç biri məni şəxsən tanımır, ancaq sənətimə görə dəvət etmişdilər. İnanın ki, əsl sənətə o qədər həssas yanaşırlar. Bizi buradan Türkiyəyə dəvət etdikləri halda, yerli telekanallarımız sanki kordurlar.

- Bu barədə o aparıcılarla, prodüserlərlə söhbətiniz olub?

- Bir-iki nəfərin adını da çəkə bilərəm.

- Buyurun.

- Məsələn, Mikayıl Güləddinoğluna deyirəm ki, sən “Space”-ə dünən gəlmisən, amma illərdir mənim bu telekanalların müxtəlif verilişlərində, yaradıcılıq gecələrində çıxışlarım olub. Habil Əliyev, İlhamə Quliyeva kimi sənətkarların yaradıcılıq gecələrində başda oturmuşam. Deyirəm ki, sən srağagün gəlib bir “palatka” verilişi açmısan, daha doğrusu, o verilişi palatka toyuna oxşatmısan, niyə əsl sənətkarları çağırmırsan? Deyir ki, guya rəhbərlik icazə vermir. Yəni inandırıcı olmayan bir cavabdır. Deyirəm ki, vicdanın olsun... Mikayıl əvvəl bir verilişin aparıcısı idi. O zaman mən ona sponsorluq edib Türkiyəyə aparmışam. Sən Türkiyədə mənə edilən hörməti görə-görə, sənətimi bilə-bilə niyə efirə dəvət etmirsən?

- Sizcə, niyə dəvət etmir? Təmənna güdür?

- Belə başa düşürəm ki, dəvət etdiklərinin əksəriyyətindən təmənnası var. Məndən utandığı üçün gəlib, bu barədə nəsə deyə bilmir. Ancaq bir müddət əvvəl münasibətlərimiz çox yaxşıydı.

- Həm də eyni bölgədənsiniz.

- Bəli, elə ona görə Mikayılın adını çəkdim. Vaxt var idi, mənim yanımda gəzməyi özünə fəxr bilirdi. İndi də həmin Zahidəm, hələ ondan da artığam. O, sadəcə, şou-biznesin bicliklərini öyrənib.

- Yeri gəlmişkən, özünüzü şou-biznesdə görürsünüz?

- Xeyr. Əvvəla, Azərbaycanda şou-biznesdən danışmaq olmaz. Burada hər şey toy bazarının üzərində qurulub. Şou-biznes Türkiyədədir. Şou-biznes onda olardı ki, konsertdən, diskdən pul qazanaq.

- Müsahibədən öncə bildirdiniz ki, bir vaxtlar çox müğənnilərə əl tutmusunuz və hazırda onların əksəriyyəti populyardılar. Onlar necə, unutqanlıq edirlər, yoxsa yaxşılığı itirməyənlər də var?

- Vaxtında köməyim dəyən sənət adamlarının arasında xalq artistləri də var. Mənim mahnılarımı oxuyublar. Təbii ki, kömək etdiklərimin adını çəkməyəcəyəm. Amma mənimçün fəxrdir ki, Teymur Mustafayev kimi sənətkar Əliağa Vahidin sözlərinə bəstələdiyim “Ahəstə mən olsam” mahnısını ifa edib. Bir çox müğənnilərə də təmənnasız kömək etmişəm.

- Sənət aləmində dostunuz var?

- Sənətdə dostluq etdiyim kimsə yoxdur. Mənim düşüncə tərzim, fikirlərim tamam başqadır. Baxıram ki, çoxları özlərini yüngül aparırlar. Elə şeylərdən xoşum gəlmir.

- Uzun illərdir sizi eyni imicdə, stildə görürük. Bundan narahat olmursunuz? Dəyişiklik etməyi düşünürsünüzmü?

- Mənimlə günlərlə sənətdən danışa bilərsən. Geyimimin bura nə aidiyyatı var? Belə də ki mən əsl Azərbaycan kişisi kimi geyinirəm.

- Bəzi musiqiçilər deyirlər ki, toylarda dəfələrlə populyar müğənnilərin döyüldüyünün şahidi olublar. Yəqin ki, siz də belə şeyləri müşahidə etmişiniz.

- Kiminsə döyüldüyünü deyə bilmərəm. Bizim müğənnilərin doxsan faizi toyla fəxr edirlər. Səhnədə toydan danışmaq çox gülüncdür. Çox ölkələrdə oluram. Oradakı sənət dostlarımız deyir ki, Azərbaycan kanallarına baxanda sənət adamlarının toydan danışması çox eybəcər görünür. Sən denən ki, mən filan vaxt filan konserti verdim, filan layihəni gerçəkləşdirdim. Dəfələrlə şahidi olmuşam ki, ev sahibi gəlib fonoqram oxuyan müğənnini dayandırıb ki, daha bəsdir. İnsanları aldatmaq olmaz. Sonra da düşünürəm ki, yazıqdılar, qoy çalıb-oxusunlar. Gedib oğurluq etməkdənsə, qoy oxusun. Amma onların əksəriyyəti təsadüfi insanlardı. Bunlar Azərbaycanın mədəniyyətinə çox ağır zərbədir. İllər sonra belə şeylər öz təsirini göstərəcək. Ancaq mən 25 ildir bu sənətdə can qoyuram və belə danışmağa haqqım var. İndiyədək susmağa üstünlük vermişəm. Zəngəzur mahalına ilk dəfə klarnet alətini mənim atam Qaroğlan Rəhimov gətirib. O, nəfəs alətlərinin mahir ustası və mənim müəllimim olub. Muğamları bircə-bircə bilirəm.

- Digər populyar musiqiçilər bilmirlər ki?

- Doxsan faizi bilmir. Bir dəfə sorğu keçirin. Soruşun ki, “Rast” muğamının neçə şöbəsi var, gör hansı biləcək. İnanıram ki, çoxu bilməyəcək. Haradansa əzbərləyib, deyə bilər, amma ifa edə bilməyəcək.

- Bəs bu qədər bilgilərə sahibsinizsə, niyə pedaqoq kimi fəaliyyət göstərmirsiniz?

- Mənə bir neçə təhsil ocaqlarından təkliflər olub. Sadəcə, vaxt edib işləyə bilməmişəm. Ancaq bütün regionlarda tələbələrim var.

- Sizcə, son 5-6 ildə ortada olan perspektivli ifaçılardan kimlərin adını çəkmək olar?

- Klarnet alətinin Şəmsi İmanov, Əşrəf Əşrəfzadə kimi böyük sənətkarları olub. Ötən əsrin səksəninci illərinədək isə Vəli Qədimov, Qaroğlan Rəhimov kimi sənətkarlar bu yolu davam etdiriblər. Doxsanıncı illərdə Hakim Abdullayev klarnet alətinə yenilik gətirdi. Hakimdən sonra Zahid Sabirabadlı üzə çıxdı və deyim ki, o, çox gözəl klarnet ifaçısıdır. Ancaq 2000-ci illərdən bu tərəfə efir məkanında klarneti təbliğ edən məhz mən olmuşam. Bunu istənilən sənətkar da təsdiqləyə bilər. Bizdən sonra da gənclər gəlir və aralarında istedadlıları var. Ad çəkib kimisə arxayınlaşdırmaq istəmirəm. Gəlsinlər, Azərbaycan mədəniyyətinə yaraşan formada xidmət etsinlər, geyim-kecimlərinə fikir versinlər. Mən hansısa dövlətdə çıxış edəndə ən xırda detallara da fikir verirəm və buna məcburam. Çünki orada məndən öncə təmsil etdiyim dövlətin adı gedir.

- Və son olaraq: bildiyimə görə, “Qarabağ şikəstəsi”ni ifa etmisiniz və bu yaxınlarda həmin ifanız ekranlaşdırılacaq.

- Çoxdandır belə bir fikrim var idi. Qarabağ Azərbaycanın ən yaralı yeridir. Hər birimiz, heç olmasa, bu adın unudulmaması üçün nəsə etməliyik. Məsələn, mənim “Qubadlı” təxəllüsünü götürməkdə məqsədim budur. O ki qaldı sualınıza, bəli, ilk dəfə klarnetdə “Qarabağ şikəstəsi”ni ifa etmişəm. Bir çox sənətkarlar qulaq asıb bəyəniblər. İnşallah, yaxın zamanlarda həmin ifaya klip, yaxud qısametrajlı film çəkdirmək fikrim var.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm