• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Fəxrəddin Manafov: “Hamı soruşur ki, niyə tapançanı verdin?”

Fəxrəddin Manafov: “Hamı soruşur ki, niyə tapançanı verdin?”

Kult.az Xalq artisti Fəxrəddin Manafovla müsahibəni təqdim edir.

– Kimdir axı Fəxrəddin Manafov? Qadınların sizi sevməsinə səbəb, bəlkə, elə sadəcə, yaraşıqlı kişi obrazınız və səsinizdir? Buna da aktyorcasına bir “aktyor donu” da geyindiriblər? Başqa yaxşı aktyorlar da var axı. Bəlkə, sizə olan sevgi, sadəcə, surətpərəstlikdir?

– Buna məni tanıyan, məni sevən adamlar daha yaxşı cavab verə bilər. Mən özüm haqda deyə bilərəm ki, səmimiyyətim çılpaqdı, heç nəyi gizlətmirəm. Əgər ekrandan gözə baxıramsa, çox səmimiyəm, danışıramsa, çox səmimiyəm. Bir səbəb bu ola bilər.

– “Təhminə” filmində “Zaur” obrazı üçün sizdən əvvəl nəzərdə tutulan aktyorun sizə məğlub olma səbəbi nə idi?

– Məğlub olması? Bu suala ən yaxşı cavabı rəhmətlik Rasim Ocaqov verə bilərdi. Operator Kənan Məmmədov, rəssamlar, aktyorlar və yaxud bəstəkar Emin Sabitoğlu da bu suala cavab verə bilməzdi. Bu, məğlubiyyət deyildi. Sadəcə, hər rejissorun öz məqsədi, konsepsiyası, istəyi var. Və ola bilsin ki, hardasa insan faktorudu, Rasim müəllim hansısa bir ana inanıb onu dəvət eləyib, amma vaxt keçəndən – 200-300 metraj çəkdikdən sonra görüb ki, yox, istədiyinə nail ola bilməyəcək, dəyişdirib, zənnimcə. Amma mən eşitmişəm ki, orda nələrsə baş verib ki, Rasim müəllim o aktyordan imtina edib. Bir də o dövrü yadımıza salaq: bu film o vaxt ilk filmlərdən idi ki, sponsorluq, messenatlıq filan var idi – nə dövlət tərəfindən maliyyələşdirilirdi, nə də hansısa bir studiya, şirkət tərəfindən. Titrlərə baxsanız, görəcəksiniz ki, həm Türkiyədən, həm də Azərbaycandan maliyyələşdirən, bunun arxasında dayanan insanlar var idi. Və bu adamlar deyə bilərdilər ki, “mən filan aktyorun, aktrisanın oynamasını istəyirəm”. Ola bilər ki, deyiblər, sonra da alınmayıb. Mən o vaxt Livanda – Beyrutda çəkilişdə idim. İki müştərək studiya var idi – Dovjenko (Ukrayna) və Same film (Beyrut). Bir də Fransanın “Channel 3” kanalı da film çəkirdi. Mən Beyrutda filmə çəkilirdim. “Təhminə” filminin çəkiliş müddətindən iki ay keçəndən sonra kinostudiyanın həndəvərində mənə çatdırdılar ki, “Rasim müəllim sizi gözləyir”. Ondan sonra bildim ki, aktyoru dəyişdiriblər. Məğlubiyyət və ya qələbə...

– Rasim Ocaqov sizi sınaq çəkilişlərində yoxlamaq istəyəndə demisiniz ki, “siz həmişə məni sınaq olmadan filmə çəkirsiniz”.

– Ola bilər, belə söhbət olsun, amma tam bu formada olmayıb. Rasim müəllim məni sınağa çağıranda hiss elədim ki, burda nəsə başqa şey var. Özüm dedim ki, “Rasim müəllim, əgər bu, sadəcə, “quş qoymaq” naminədirsə, olmasın”. O, çox həssas adam idi, məni də çox istəyirdi. Dedi ki, “pulu verənlər o aktyorun çəkilməsini istəyirlər. Mən onu çəkmək məcburiyyətindəyəm. Mənim nəyə qadir olduğumu Rasim müəllim məndən də yaxşı bilirdi. İlk dəfə “Park” filminə çəkiləndə gecələr saatlarla “Yaşıl qapı arxasında” filmində çəkilən Rodion Naxapetovla mənim şəklimə baxırmış. Zövcəsi ona deyirmiş ki, “neynirsən, bu şəklə belə çox baxırsan? Elə Naxapetovu çək də. Rasim müəllim isə deyib ki, “Yox, bu uşaqda nəsə var”. Mənim xoşbəxtliyim onda oldu ki, Rasim müəllim çox cəsarətli davrandı – cavan, təcrübəsiz bir aktyoru seçib ona baş rolları həvalə etdi. O həm inanırdı, həm öyrədirdi. Bilirdi ki, mən nəyə qadirəm, nəyə qadir deyiləm. Gördü ki, film alınmayacaq, hamını inandırdı ki, aktyoru dəyişmək lazımdı və dəyişdi.

– Deyirsiniz ki, peşənizlə bağlı verilən standart suallardan yorulursunuz. Hansı futbol komandasına azarkeşlik edirsiniz?

– Mən gözümü açandan “Neftçi” komandasının oyunlarını izləmişəm, azarkeşlik etmişəm. Bugünkü millimizə də uğurlar arzulayıram. Vaxt gələr milli komandamız da yaxşı oyun nümayiş etdirər. “Qarabağ” komandası da gözəl oyunları ilə sevindirir.

– Mütaliəli adamsınız. Bədii, fəlsəfi və ya başqa mövzularda hansı kitabları oxuyursunuz?

– Siz imtahana çəkirsiniz məni? Bu, sevmədiyim sualdı. Əgər bir adam bu sualı verirsə, qarşındakının İQ səviyyəsini – sevmirəm bu ifadəni – yoxlayır, hansı qatda olduğunu bilmək istəyir. Elə adamlar var ki, minlərlə kitab oxuyur, amma oturub söhbət eləmək olmur. Mən çox oxuyuram və əlimə keçəni oxuyuram. Bir şey ki, kağız üzərinə yazıldı, o artıq maraqlıdı.

– Bəlkə, heç İQ səviyyənizi yoxlamaq üçün deyil, sadəcə, tamaşaçınız üçün sizin nə oxuduğunuz maraqlıdır?!

– Mən bu gün əlifbanı da oxuyuram.

– Mənə maraqlı gəldi ki, çağdaş ədəbiyyatımızın nümayəndələrindən, bəlkə, kimisə oxumusunuz. Çünki adətən, onları oxumaq üçün elə bil, yaşlanmaqlarını gözləyirik. Hansısa aktyor, müğənni heç, hətta yazı-pozu adamlarının özləri də çox vaxt gəncləri oxumağa vaxt ayırmır. Məsələn, yazıçı Anar etiraf edir ki, mən gəncləri çox oxumuram.

– Xeyr, bu, səhv düşüncədi. Məni o insanlarla bir sıraya qoymayın. Təxminən, anladım söhbət hansı tərəfə gedir. Mən hər şeyi oxuyuram – çağdaşı da, əskini də. Mənim bir dostum var – Elman. Sənətə-filan aidiyyəti yoxdu, başqa bir sahənin adamıdı, sadəcə, kitabsevərdi. O, tez-tez Rusiyaya, Almaniyaya gedir, oradan mənə rus dilində olan, çətin tapılan kitablar gətirir. Bu yay mən elə kitablar oxumuşam ki, burda onların heç birini tapmaq mümkün deyil.

– Əksər vaxtlarda filmlər əsəri olduğu kimi canlandırmaqda çətinlik çəkir. Siz obrazların təbiiliyini qorumaq üçün çox canfəşanlıq eləmisiniz, yoxsa sadəcə, alınıb? Zəhmət, yoxsa istedad?

– Belə bir söz var: “Süpürgədən də güllə çıxa bilər”. Təbii ki, çalışmasan, heç nə alınmır. Ümumiyyətlə, “alınıb-alınmamaq” söhbəti təsadüfi xarakter daşıyır. Hərçənd ki, dünyada təsadüfi şey yoxdu, hər şey zərurətdən doğur. Hətta daşın damdan yerə düşməsi də təsadüfi deyil – vaxt keçir, yağış yağır, külək əsir və daşın düşməyi zəruriləşir. Elə deyil?

– Elədir.

– Rəhmətlik müəllimim Vaqif İbrahimoğlu bu sənətə gələndən məni teatrda peşəkarlığa sövq edib. Kinoda isə Rasim Ocaqov. Yəni mən hansısa bir işi götürəndə onlarla məsləhətləşmişəm. Bu gün Rasim müəllim yoxdu, Ramiz Həsənoğlu var, hansı ki, mən bu yaxınlarda onunla Anar müəllimin ssenarisi əsasında “Bakıxanov” rolunu oynadım. Fəxrəddin müəllim əgər hansısa işə başlayıbsa, onu eləməlidi. Aktyorluq bədahətən olan bir sənətdi – matematik cəhətdən zərrə-zərrə yığılma bir sənətdi. Bunu mən bilirəm – bunu mənə öyrədiblər. Başqa aktyorlar edir-etmir, bilmirəm, öz işləridi, amma mən əlimə aldığım işi axıra çatdırıram. Əvvəlcə rejissordan soruşuram ki, nə istəyir, hara yönəltmək lazımdır və s. (Mən istəmirəm terminlərlə danışım, çünki deyəcəklər, “başlayıb ağıllı-ağıllı danışmağa”. Amma heç olmasa, “konsepsiya” sözünü deyə bilərəm). Mən konsepsiyanı bilmədən işləyə bilmərəm. Mən canlandırdığım obrazın paradiqmasını bilməsəm, səhnəyə çıxmaram. Mən peşəkaram, bu da təsadüfi deyil, hər şeyi qura-qura, yoluna qoya-qoya gətirib bu səviyyəyə çıxarıram.

– Pafos yoxdu sizdə – nə oynadığınız rollarda, nə də danışığınızda. Belə olmasına çalışırsınız, yoxsa elə bu cürsünüz?

– Bu sual məni maraqlandırdı, çox gözəl sualdı. İlk növbədə bu, mənim öz təbiətimdən, mənə keçən tərbiyədən, ata-anamın mənə dediyi nağıllardan, mənim doğulduğum və uşaqlıqda olduğum mühitdən, yan-yörəmdə olan insanların mənə, mənim də onlara olan münasibətimdən, daxili mədəniyyətdən, sonradan isə Vaqif İbrahimoğlu kimi bir müəllimimin olmasından irəli gəlir. Yəni məndə pafosun olmaması çox təbiidi. Pafos olan yerdə mən özümü çox pis hiss edirəm, qaçıram o yerdən. Çünki qeyri-səmimiyyəti xoşlamıram. Mən çox səmimi insanam.

– Pafos qeyri-səmimiyyətdir?

– Bəli, pafos qeyri-səmimiyyətdir. Məsələn, bu, işıqdı, mən demirəm ki, bu, Günəşdir. Əlimdəki telefondursa, bu başqa bir cihaz deyil. Qarşımda olan insandırsa, onun gözləri ilə söhbət eləməliyəm, libası və yaxud başqa bir şeylə yox. Pafos nəyinsə arxasında gizlənməkdi. Məsələn, deyirlər, filankəs “xarizmatik” bir insandı. Mənim üçün xarizma insanın üzündə, gözündədir – əgər insanın daxili mədəniyyəti, düşüncəsi, ağlı, zəkası simasında cəmlənibsə, o, xarizmatik adamdır. Əgər bu şeyləri gizlədibsə, təbii ki, o, xarizmatik adam deyil. Səmimi adamlar çox xarizmatik olur. Çünki o, cəmiyyət arasında da, özü ilə tək qalanda da, eynidir, dəyişməyə ehtiyac görmür. Qısası, pafos və mən...

– Əks qütblərsiniz?

– Bəli, bəli...

– Təzadlı adamsınız.

– Yox.

– Axı bir dəfə özünüz etiraf eləmisiniz ki, bir gün kinostudiyada – dəhlizdə Rasim Balayevlə rastlaşmısınız və bir-birimizin yanından keçəndə Rasim bəy sizə ehtiyatla salam verib. Sonra da fikirləşmisiniz ki, “o mənimlə niyə belə ehtiyatla salamlaşdı?”

– Mən, sadəcə, onu deyə bilərəm ki, mənim daxilimdə nə varsa, üzümdədi.

– Maraqlıdır, materialist düşüncədəsiniz, yoxsa idealist?

– Mən rasional olsaydım, aktyor olmazdım. Aktyorlar çox emosional olurlar. Təbii ki, mən idealistəm. Dünyanın o biri üzünə də, bu biri üzünə də inanıram, materialist ola bilmərəm.

– Ən məşhur filminiz – “Təhminə” filmi...

– O, mənim üçün deyil, sizin üçün – tamaşaçılar üçün ən məşhur filmdi.

– Olsun. Bu filmin adını çəkəndə yazıçı Anardan, rejissor Rasim Ocaqovdan çox, filmin əsas qəhrəmanı olan “Təhminə”dən çox sizin adınız çəkilir.

– Siz öz məqalənizdə mənə vermək istədiyiniz bütün suallara cavab tapmısınız, ehtiyac yoxdur.

– Mən o məqalədə əsərdən danışmışam.

– Amma konsepsiyasını gətirib çıxarmısınız filmə. Məsələn, Rasim müəllimin başqa bir filmi var: “Ölsəm bağışla”. Orda da, qəhrəman tapançanı verir və ölür. Kim görür, soruşur ki, niyə tapançanı verdin? Deyirəm, tapançanı verməsəydim, məni öldürməsəydilər, sən heç o filmə baxmazdın, baxsan da, yadında qalmazdı. “Təhminə”də də elədi. İnsan oğlu nağılı çox sevir, çünki nağıldır, gerçəklik deyil. Bütün həyatımız boyu – gözümüzü açandan yumana qədər gerçəkliyi də çalışırıq nağıl eləyək. Yaşayışımızı da, davranışımızı da, hətta evdə mübahisə olandan sonra da çalışırıq onun sonunu nağıla çevirək ki, axırı yaxşı qurtarsın. Bu baxımdan “Təhminə” yaddaqalan bir film oldu. Hər kəs orda nağıl gözləyirdi və nağıl da oldu. Bəs nəyə görə nağıl oldu, baxmayaraq ki, Təhminə ölür, Zaur başqası ilə evlənir? Filmin sonunda Zaurun arvadının verdiyi siyahını oxumasında nağıl elementləri var idi.

– “Nağıl elementi” deyəndə nəyi nəzərdə tutursunuz orda? Məncə, o real, mental Azərbaycan ailəsi ilə bağlı kiçik bir epizod idi.

– İnanın ki, Azərbaycanda, Yeni Zelandiyada və yaxud Almaniyada olsun, sevgi, münasibət – hamısı eynidi, heç biri mentalitetə baxmır. Sadəcə, qadağa, tabu – olar-olmaz məsələsi var. Əsər elə bir dövrdə yazılıb ki, burda hansı mentalitetdən söhbət gedə bilər? Bu, sadəcə, Zaurun zəifliyi, cəmiyyətdən qorxması – ata-anasının nə deyəcəyindən çox “cəmiyyət nə deyər” düşüncəsi idi. Bu gün şəhər doludu elə uşaqlarla. Mən hərdən müşahidə edirəm. Bir də görürsən, şəhərdə qol-qola gəzirlər, amma hiss eləyirəm ki, bu oğlan sabah artıq “nəyisə” əldə etdikdən sonra, o qızdan ayrılıb gedəcək. Zaurlar çoxdu...

– “Kefli İsgəndər”, bir də “Otel otağı”ndakı “Kərim” kimi bir obraz... Həm çılğın, həm də xaraktercə sakit bir obrazı oynamaq...

– İndi mən desəm ki, “mən Kefli İsgəndəri oynamışam”, mənim üçün ayıb olar. Siz “Qəm pəncərəsi” filmini nəzərdə tutursunuzsa, mən orda Anar müəllimin yazdığı ssenari əsasında olan filmdə “İsgəndər” rolunu oynamışam. Ümumiyyətlə, Anar müəllimin bütün filmləri maarifçilik xarakteri daşıyır. Əgər fikir vermisinizsə, onun filmlərində aktyorlarla yanaşı qeyri peşə sahibləri də çəkiliblər – bəstəkarlar, rejissorlar, hətta jurnalistlər də. Anar müəllim bir dövrün, bir epoxanın parıldayan insanlarını yığıb film çəkir və bir müddət sonra bu film çox qiymətli olur. Hələ onun təkcə bədii tərəfini demirəm, Azərbaycan ədəbiyyatının parlaq simaları olan şəxsiyyətlərin xatırlanması baxımından deyirəm. Hər əsərdən parçalar verərək nə demək istədiyini çatdırır. Ona görə də Mən “Kefli İsgəndər”i oynamışam” deyə bilmərəm. O ki qaldı “Otel otağı”na, bu gün mənə desəydilər ki, “bu günə qədər oynadığın rollardan hansını bir daha oynayardın?” Mən məmnuniyyətlə, “Kərim” obrazını deyərdim. Əsas yaş etibarilə, deyirəm. Filmin çəkilişindən bir xeyli müddət keçib, indi mən o obraza tamam başqa cür yanaşardım. Bir də Rasim müəllimdən bir xahiş eləyərdim ki, türkoloq müəllimə olan münasibətini dəyişsin. Çünki orda yalnız Kərimin qızının xoşbəxtliyini istəməsi ön planda dayanır. Mən onda Rasim müəllimə dedim ki, bu obrazın peşəsinə aid olan bir an görmürük. Dedi, nə təklif eləyirsən? Dedim, İstanbulun hər addımı tarixdi. Gəlin gedək bir muzeyə, uçulmuş, dağılmış bir yer tapaq.

“Kərim orda hər şeyi unutmuş halda nəsə yazır-yazır. Birdən kimsə soruşur, “əfəndi, neyləyirsiniz burda?” Kərim deyir, “bir dəqiqə, mane olma”. O, yazdıqca da qulağına səslər gəlir, uşağının xoşbəxt olması üçün işləyib pul qazanmalı olduğunu unudur və öz dünyasına qapanır. Muzeyin işçisi pul verib, sonra muzeyə girə biləcəyini deyəndə, sanki, reallığa qayıdır”.

Belə bir şey təklif elədim, oturduq yazdıq da Rasim müəllimlə. Amma təəssüflər olsun ki, bələdiyyə gəlib dedi ki, “bu gün bazardı, burda çəkiliş edə bilməzsiniz”. O hissə filmdə olsaydı, Kərimin peşəsini daha da açardı. Onun türkoloq kimi çıxışları-filan verilir, amma təfərrüatı ilə deyil.

– Razıyam, məişət səpkisində olan məsələlər ön plana çıxıb. Təhminə qədər hansı qadını qısqanmısınız?

– Mən hətta sevmədiyim qadınları da qısqanıram. Belə çıxır ki, “Mən və mən”. Məndən başqa heç kim olmamalıdır!

– Eqo?

– Bəli, eqodur. Tam ürəkdən yaza bilərsiniz ki, “Mən çooox eqoist bir insanam”. Hətta özüm də fikirləşirəm ki, belə olmaz, bu dərəcədə eqoist olmaq olmaz.

– Adətən, tanınmış adamlara sual verəndə elə cavab verirlər ki, sanki, bunlar 50-60 illik həyatlarında bircə qadın və ya kişi seviblər, bu da onların həyat yoldaşlarıdır. Bəlkə, evdə olacaq davadan qorxurlar?

– Təbii ki, mümkün olmayan şeydi.

– 40-50 il eyni adamı, eyni templə necə sevmək olar axı?

– Bağlılıq başqa şeydi. Mən bu günə qədər yalnız öz zövcəmə bağlı olmuşam, onunla da yaşayıram. Bir dəfə olub, bununla da bitib gedə bilər. Deyim ki, belə də olacaq, bu da düzgün deyil, həyatdı, hər şey ola bilər. Elə bir şey baş verə bilər ki, onu yalnız Allah bilir. Bu, əlbəttə, düzgün deyil.

– Sizin azadlığınız sərhəd tanıyır? Məsələn, bəzən teatrda improvizələr edirsiniz, rollardan kənara çıxmalarınız olur. Bəzən hətta bunu “xuliqanlıq” adlandırırsınız. Roldan kənarda – xarakterinizdə də bu var?

– Əlbəttə. Əgər elə olmasaydım, teatrda “o qələt”i eləyə bilməzdim. (gülür) Teatrda tamaşa gedə-gedə – vacib bir anda bir də görürsən ki, kimsə telefonla danışır və ya əyilib yanındakı ilə söhbət eləyir. Düzdü, buna bəhanə gətirə bilərlər ki, “siz tamaşanı çox pis oynayırsınız”. Amma yox, o deyil. Çünki əgər mən mədəniyyət, mərifət adamıyamsa, görsəm ki, maraqsızdır, heç olmasa, baxanlara hörmət eləyərək susaram və yaxud tamaşaya gəlmərəm. Gəlmisənsə, dözüb baxmalısan. Mən bunu nəyə görə deyirəm? Çünki bu hadisələrlə qarşılaşdığım tamaşalar çox baxımlı tamaşalar olub. Elə olub ki, tamaşa vaxtı söhbət edən tamaşaçının yanında sakitcə gedib oturmuşam ki, qoy söhbət eləsin, sonra danışarıq. Hətta suallar da vermişəm, çaşıb qalıblar. Azadlıq sualına cavab verirəm. Azadlıqdan gözəl bir şey yoxdur. Mən, təxminən, 10-12 il bundan qabaq başa düşdüm ki, azadlıqdan şirin şey ola bilməz. Əgər sənin daxili azadlığın varsa, səndən xoşbəxt adam yoxdur. Əgər sən ondan qorxub, məhdudiyyət qoyursansa, çərçivəyə salırsansa, onda alınmır. Amma təbii ki, azadlığın da hüdudu var.

– Xaos deyil yəni.

– Bəli, hüdudu olmayanda anarxiyaya gedib çıxır. Mən, ümumiyyətlə, nə inqilabı, nə də inqilabçıları sevirəm. Çünki inqilabçılar dağıdıcı xarakterdədirlər. Yəni hər hansı bir qurumu dağıdıb yeni bir qurum yaratmaq geriyə düşməkdi, irəli getmək deyil – istər siyasi olsun, istərsə də sosial. Əgər inqilab olub Sovetlər qurulmasaydı, gör nə qədər irəli gedərdik. Quruldu və 70-80 il keçdi, təzədən dağıldı. Bir də uzun müddət lazımdır ki, zəka, fikir, anlayış, baxış yenidən dəyişsin. Buna 20-30-40 il lazımdı. Bu baxımdan mən o azadlıqdan danışmıram. O azadlığı da gördüm. Mən daxili azadlıqdan danışıram.

– Qrup yoldaşlarınız sizin haqqınızda danışanda deyiblər ki, “biz dərsdən qaçıb harasa gedəndə Fəxrəddin deyirdi ki, yox, mən dərsə gedirəm. Belə çıxır ki, siz gəncliyinizdə standart həyat yaşamısınız – ev-dərs, dərs-ev?

– Mən bildim siz onu hardan oxumusunuz. Onu oxuyanda mən çox təəccüb elədim.

– Elə mən də.

– Bəlkə də o, məni ideallaşdırmaq istəyib, ona görə elə deyib, amma elə olmayıb. Universitetdə oxuyanda mənim cəmi bir dəftərim var idi. Həmin dəftərdə bütün fənlər yazılmışdı. Əslində, dərsdən qaçmağın azadlığa heç bir dəxli yoxdu. Ümumiyyətlə, mən buna “dərsdən qaçmaq” da demirəm. “Qaçmaq” nə deməkdir?! Sadəcə, işim olanda dərsə getməmişəm.

– Hansı rolu oynamaq istəməzsiniz? Aktyorlar, adətən, deyir, bütün rolları sevə-sevə oynayıram.

– Artıq çəkilmiş filmlərdə?

– Fərqi yoxdur.

– Yəqin ki, mənəviyyatsızlığı, dağıdıcı xarakter daşıyan, psixikaya təsir edən, ümumiyyətlə, estetikadan uzaq olan rolları oynamaq istəmərəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR