Ölümqabağı müdhiş sirrini xalq artistinə açıqlayan məşhur bəstəkar - VİDEO
Bizi izləyin

Tabloid.az

Ölümqabağı müdhiş sirrini xalq artistinə açıqlayan məşhur bəstəkar - VİDEO

Sakit axan gecələr,

Bulaq nələr danışır,
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.

Sirlərlə doludur,
Gecələr bulaq başı,
Onun zümzüməsidir,
Gecələrin sirdaşı,
Gecələrin sirdaşı...

Mərhum sənətkarımız Hüseynağa Hadıyevin ifasında sevə-sevə dinlədiyimiz bu məşhur mahnını təsadüfən xatırlamadıq. Bu gün lirik-həzin musiqiləri ilə ürəklərə su çiləyən, ruhumuzu dincəldən bənzərsiz bəstəkar, xalq artisti Elza İbrahimovanın xatirə günüdür. Onun yoxluğu ilə bizi üç illik zaman kəsiyi ayırır. Amma musiqiləri hər zaman bizimlədir... Publika.az sevilən sənətkarımızı xalq artisti Flora Kərimovanın xatirələri ilə yad edəcək. Qeyd edək ki, Flora xanım Elza İbrahimovanın musiqilərinin mahir ifaçısı olmaqla yanaşı, eyni zamanda, xanım bəstəkarla yaxın rəfiqə olub.

Xalq artistinin xatirələrini bölüşməzdən öncə qeyd edim ki, bir jurnalist kimi, sevilən bəstəkarla həmsöhbət olmaq mənim də qismətimə düşüb. Hər kəs bilir ki, Elza xanım mətbuat üçün əlçatmaz insan olub. Elə mənimlə də görüşə asanlıqla razılıq verməmişdi. Dəfələrlə onunla əlaqə yaratmaq istəsəm də, müsahibə verməkdən imtina etmişdi. Görüşümüz qardaşı Çingiz müəllimin köməkliyi ilə baş tutdu. Qapalı insan olsa da, Elza İbrahimova özünə yaxın bildiyi insanlarla asanlıqla ünsiyyətə girməyi bacarırdı. Ona yaxın olduqca, həyatını vərəqlədikcə, anlayırdım ki, Elza İbrahimovanın musiqiləri də özünə, taleyinə bənzəyirdi: həzin, niskilli… Həyat yoldaşından çox erkən ayrılmışdı. Amma bu ayrılıq baş versə də, ömrünün sonuna qədər bu sevgiyə sadiq qalmışdı. Onun hər yeni gündə doğulan musiqiləri də elə bu sevginin illər boyu sönməyən alovunun nəticəsi idi. Mahnılarının hamısı onun üçün doğma idi, amma mənə verdiyi musahibələrinin birində ruhuna yaxın olan mahnısından danışmışdı. Çox israr etdiyimdən, sonra bu mahnını pianoda ifa edib, oxumuşdu da…

Sevgimiz elə bu qədərmiş,

Məhəbbət qürbətə gedərmiş,

Bilməzdim, biməzdim, bilməzdim…

Elza xanım sözün yaxşı mənasında kaprizli bəstəkar idi, hər müğənniyə mahnı verməzdi. Təsadüfi deyil ki, onun musiqilərinin hamısı məşhur müğənnilərin ifasında səslənib və hitə çevrilib. Bir həqiqəti də deyim ki, Elza xanım mahnılarını pula satmazdı. Bunu özünə və musiqilərinə yaraşdırmazdı. Bəlkə, elə bunun nəticəsidir ki, Elza İbrahimovanın musiqiləri bu gün qiymətsizdir.

Elza xanımın arzuları çox idi. O, yalnız mahnı bəstəkarı deyildi, həm də irihəcmli əsərlərin də müəllifi idi. Hətta opera da yazmışdı. Amma ömrünün sonuna qədər bu operasını səhnədə görmək arzusunu reallaşdıra bilmədi. Elza xanım həyatdan küskün idi, tədbirlərə, təqdimatlara getməyi xoşlamazdı. Bəlkə də, bu onun nakam taleyi ilə bağlıydı. Amma kim bilir, bəlkə də bu taleni yaşamasaydı, belə gözəl, həzin musiqilər də doğulmazdı.

Xalq artisti Flora Kərimova xatırlayır:

“Elza İbrahimova mənim taleyimdə sağalmaz yaradır. Onun varlığı da, yoxluğu da mənə o qədər çox təsir edib ki, bilmirəm varlığına sevinim, yoxsa yoxluğuna ağlayım.

Elza xanım tanıdığım, sevdiyim nadir insanlardan idi. Çox qapalı insan idi, amma sirlərini mənimlə bölüşürdü. Bütöv adam idi, ləyaqətli xanım idi. Adi azərbaycanlı qadın taleyini yaşamışdı. Heç mən də onun yanında öyünə bilməzdim ki, mən xoşbəxt qadınam. Mən onun mahnılarıyla ovunurdum.

Elza xanım sanki doğuluşdan küskün idi. Mən ona deyirdim ki, taleyinə milyon kərə şükür elə ki, belə bir istedada maliksən. Elza xanım elə böyük istedada malik qadın idi ki, ondan qat-qat bəxtəvər olan qadınlar ona səcdə edirdilər. O, büsbütün musiqiylə yaşayırdı. Nə nakam taleyini gözü önünə gətirirdi, nə tənhalığından narahat olurdu. Musiqiləri ilə nəfəs alırdı bu qadın. Taleyini musiqilərinə köçürmüşdü. İlk tanışlığımız indi də gözüm önündədir. Qızını da götürüb bizə gəlmişdi. “Şirin bir xatirəsən” adlı mahnısını oxudum. Həmin ərəfədə o mahnı bəzi insanların xoşuna gəlmədi, irad tutdular ki, insan necə xatirəyə dönə bilər. Hətta mənim bu mahnını oxumağıma qadağa da qoydular. O vaxtlar indiki kimi deyildi axı, sovetin dönəmində hər sözdə, hər şeirdə nəsə axtarırdılar. Bu mahnının lent yazısını yox elədilər, sildilər. Bir çox mahnıların aqibəti belə oldu. Amma Elza xanımın o musiqilərinə olan sevginin qarşısını almaq mümkün deyildi.

Elza xanım heç qalmaqal sevən insan deyildi. Onun üçün əhəmiyyəti yox idi, kimlər onun paxıllığını çəkir, kimlər ona zərbə vurmaq istəyir. Öz dünyasında yaşayan və bu dünyadan kənara çıxmaq istəməyən bir bəstəkar idi...

Ömrünün son günlərində ağır xəstə yatırdı. Tez-tez zəngləşirdik. Ona baş çəkirdim. Ev şəraitində müalicə olunurdu, ona dəyməyə getdim. Mənə elə gəlir ki, o, xərçəng xəstəsi idi, amma nədənsə bunu məndən gizlədirdi. Nəinki məndən, elə hamıdan. O qadın axı özü barədə danışmağı sevmirdi. Qızını çox sevirdi, yeganə balasının sonrakı taleyindən çox narahat idi. Son görüşümüzdə də mənə sirr açdı ki, qızımın taleyindən çox nigaranam. Bilmirəm məndən sonra onun taleyi necə olacaq. Zara çox ağıllı qızdır, bütün həyatını anasına qurban etdiyi üçün ailə də qurmadı. Onu da deyim ki, Elza xanım ölümünü qəbul etməyən insan idi. Söhbətlərində hər dəfə “məndən sonra” desə də, ölümünə inanmırdı. İnanmırdı, yox, sadəcə, qəbul etmirdi. Elə qızı barədə də danışanda öləcəyini düşünmürdü”...

Elza xanım xalq artisti adını ömrünün son illərində aldı. Heç vaxt fəxri ad arzusunda olmayan sevilən sənətkar sevincini də mənimlə bölüşmüşdü.

Gəlin Elza İbrahimovanın həyat və yaradıcılıq bioqrafiyasına da nəzər salaq:
Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o, musiqi məktəbinə yazılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə Bədii Şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun sovet ruhuna uyğun gəlmədiyi bildirilir.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub.

Uzun sürən xəstəlikdən sonra E. İbrahimova 2012-ci ildə 74 yaşında vəfat edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm