ANS-in aparıcısı: “Olimpiada başlasın, efirdə hər gün şpaqat açacağam” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

ANS-in aparıcısı: “Olimpiada başlasın, efirdə hər gün şpaqat açacağam” – FOTOLAR

Dövlət Musiqili Teatrının aktrisası, “Günəbaxan” verilişinin ikinci aparıcısı Telli Hüseynovanın Publika.az-a müsahibəsi

- Telli xanım, teatrda işlər necə gedir, hansı yeniliklər var?

- Artıq 22-ci ildir ki, Dövlət Musiqili Teatrında xor artisti işləyirəm. Səsimlə, bacarığımla əlimdən gələni edirəm.

- Sizi aktrisa hesab etmək olar, yoxsa vokalçı?

- Mənim teatrdakı əsl işim aktrisa-vokalistdir. Çünki xor truppasındayam və orada da işim sırf oxumaqdır. Bəzən də epizodik rollar oynayıram, kütləvi səhnələrə çıxıram.

- Yaxşı səs imkanlarınız olsa da, əksər insanlar sizi aşpaz kimi tanıyırlar.

- Yox, deməzdim ki, hamı aşpaz kimi tanıyır. Çünki 2001-ci ildə məni xalq artisti Afaq Bəşirqızının “Afaq gülür, güldürür” layihəsindən aktrisa kimi tanıyıblar. Buna görə Afaq xanıma təşəkkür edirəm. Mən oradakı “indianka” obrazıyla tanındım deyə telekanallar məni dəvət etməyə başladılar. Əgər həmin rol olmasaydı, indi mətbəx rubrikasını aparmazdım.

- “Günəbaxan” verilişindəki işinizi sevirsiniz?

- Bəli, sevərək işləyirəm. Nəyisə sevmədən etsən, uğur qazana bilməzsən. Məsələn, bu tədbirdə özümü balaca bir ulduz saydım. Hamı mənimlə şəkil çəkdirir, dindirir, hörmət edir. Metroda, ictimai nəqliyyatda da eyni münasibəti görürəm.

- Mətanət Əliverdiyevadan sonra şpaqat açdınız. Bu, ona cavab idi?

- Yox, bu, ona dəstək idi.

- Yəni dəstək verirdiniz ki, efirdə şpaqat açmaq lazımdır?

- Axı o, şpaqatı elə-belə açmadı. Belə çıxır ki, camaat şpaqat açmağın mahiyyətini başa düşmür?

- Söhbət hansı mahiyyətdən gedir? Düşünürsünüz ki, qadın efirdə ayağını aralamalıdır?

- “Priçom tut” aralamaq? Bu gün-sabah olimpiada başlayır. Orada hamı ayaqlarını aralayacaq. Siz gedib deyəcəksiniz ki, gimnastlar ayaqlarını niyə aralayırlar?

- O olimpiadadır...

- Mətanətin verilişinə rəqs qrupu gəlmişdi. Orada da Mətanət xanım kişi kimi çıxıb dedi ki, siz bacarırsınızsa, mən ondan da artığını bacarıram. Bu, xaricilərə “otvet” idi.

- Bəs sizin şpaqat açmağınız kimə cavab idi?

- Bu, hamıya cavab idi. 2003-cü ildə AzTV-də “Tələbə klubu” adlı veriliş var idi, Telli Pənahqızı aparırdı. Novruz bayramı ərəfəsində restoranların birində çəkilişdəydik.

- Orada da şpaqat açmışdınız?

- Bəli, ilk dəfə şpaqatı 2003-cü ildə dövlət televiziyasında açmışdım.

- Özünüz neçənci ildənsiniz?

- 1969-cu ildənəm.

- Sizi gec parlayan aktrisa-vokalçı adlandırmaq olar?

- Gec parlasam da, şanslıyam. Mən səhnəyə gec gəlmişəm - 25 yaşımda.

- O vaxtadək nə işlə məşğul idiniz?

- Ticarətlə məşğul idim. Səkkiz il mağazada işləyəndən sonra bir günün içində “Muskomediya”da işə başladım.

- Bu necə oldu?

- Bir rus xanım məndən mal aldı. İşlədiyim mağaza “Azneft”də tanınmışların yaşadığı bina tərəfdəydi. Oxuya- oxuya malı rus xanıma büküb verdim. Qayıtdı ki, sənin səsin var.

- Nə satırdınız?

- Paltar. Qıtlıq vaxtı idi.

- O zaman ailəli idiniz?

- Yox, subay qız idim, indi ailəliyəm, on yaşında qızım var.

- Amma həm efirdə, həm ərdə olmaq bir az qəliz məsələdir...

- Mən şou-biznesdə deyiləm ki, vedrə bağlasınlar və bu da həyat yoldaşımı qısqandırsın. Mən uzun illər başımı aşağı salıb teatrda işləmişəm.

- Yoldaşınız hansı peşənin sahibidir?

- Fəhlədir, öz yaşıdımdır. Ailəm barədə çox danışmağı xoşlamıram.

- İşinizə münasibəti necədir?

- Əla. Çünki mənə inanır və bilir ki, hamıyla bacı-qardaşam.

- Sizi necə təqdim edəndə xoşunuza gəlir: şpaqat Telli, vokalçı Telli, alverçi Telli, yoxsa aşpaz Telli?

- Vokalçı Telli. Alverçi də deyə bilərsiniz. Nə istəyirsiniz, deyin, amma Telli deyin də, nə olar.

- Bəs Telli Borçalı olsa necə?

- O ayrı aləmdir. Şeir pərgarı, saz ustasıdır.

- Şəxsi tanışlığınız var?

- Bir dəfə ANS kanalında eyni verilişdə qonaq olduq. Orada oxudum. Dedi ki, yaxşı ki, saz ifa etmirsən, yoxsa çörəyimizi əlimizdən alardın. Mən hər yerdə canlı oxuyuram, bir fonoqramım belə yoxdur.

- Şpaqat açmağı kimdən öyrənmisiniz?

- Uşaqlıqdan gimnastikayla məşğul olmuşam.

- “Most” eliyə bilirsiniz?

- Bilirdim.

- Canlı yayımda bunu da gözləyək sizdən?

- Yox, artıq kökəlmişəm. Amma şpaqatı rahat edə bilirəm. Mən idmanı tərənnüm edirəm. Özü də “Günəbaxan” səhər verilişidir. Siyasət verilişi deyil ki.

- Onda verilişin istiqamətini dəyişib ancaq idmançıları çağırın da. Yeri gəlmişkən, verilişin aparıcısı barədə də soruşum. Kamran Həsənli ilə işləmək rahatdır?

- Çox rahatdır. Nə qədər çətin görünürsə, o qədər də sadə, prinsipial, səmimi adamdır.

- Çox komplekssiz qadına oxşayırsınız...

- Mənim o qədər kompleksim var ki. Hərdən deyirlər ki, çox gülürsən. Bəlkə də, komplekslərimi gülüşümün altında gizlədirəm. Əslində, çox utancağam.

- Məsələn?

- Həyamı saxlayan insanam.

- Efir sizə maddi baxımdan nə qazandırdı?

- Xınayaxdılara gedirəm.

- Neçəyə gedirsiniz?

- Nə verirlərsə, qəbul edirəm.

- Məsələn, 100 manat.

- Yox, yüz manat vermirlər də. Üç yüz də verən var, dörd yüz də. Beş yüz də desəm, verərlər. Amma bəziləri kimi sırtıqlıq edib o qiyməti deyə bilmərəm. Bu müsahibəni oxuyanlar da biləcəklər ki, yalan danışmıram. Üç saat təkbaşına xınayaxdı mərasimi aparıram, danışıram, güldürürəm, lətifə danışıram.

- 18+ lətifələr olur?

- Yox, mənim elə şeylərlə aram yoxdur. Bizdə hər şey səviyyəli keçir. İyirmi iki il teatrda hədər yerə işləməmişəm.

- Qayıdaq şpaqat mövzusuna. Sizi buna görə yetərincə tənqid etdilər. Yenə də şpaqat açacaqsınız?

- Olimpiada başlasın, hər gün açacağam. Hər gün də mətbəxə idmançıları çağıracağam. Yeyəcəyik, şpaqat açacağıq. Təbii ki, zarafat edirəm. Amma özüm səhərlər idmanla məşğul oluram. Bilirsiniz mənə ən pis təsir edən nə oldu? Mənim şpaqat açmağımla bağlı xəbərlərin altına nalayiq şərhlər yazırdılar.

- Amma camaatın ağzını bağlaya bilməzsiniz, tənqid olmalıdır.

- Yox, heç kimin işinə qarışmıram, tənqid etsinlər, təhqir yox. Hamının evində anası-bacısı var. Mənə normal adamlar baxır, amma şərh yazanlar anormallardır. Onlar qadının ləyaqətinə toxunurlar.

- Yoldaşınız həmin şərhləri oxumuşdu?

- Baxdı, dedi ki, bəyənmirlərsə, daha şpaqat açma. Axı məni şpaqatla tanımayıblar, gözəl aktrisa olduğum üçün tanıyıblar.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm