Türkiyəli millət vəkili: “Ərim görüşdüyüm yeganə kişidir”
Bizi izləyin

Tabloid.az

Türkiyəli millət vəkili: “Ərim görüşdüyüm yeganə kişidir”

O, Türkiyənin tanınmış siyasətçi qadınlarındandır. Ölkəsində hüquqşünas kimi də məşhurdur. Söhbət bir vaxtlar qalmaqallı açıqlamaları ilə gündəmə gələn, Cumhiriyyət Halk Partisinin sədri Kamal Kılıçdaroğlunun tutduğu siyasi yola etiraz edərək, istefa verən Əminə Ülkər Tarhandan gedir. Hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü olan Əminə Tarhan yerli mətbuata müsahibə verib .

Publika.az həmin müsahibəni təqdim edir:

– Bir müddət öncə partiyanızdan istefa verərək yeni partiya qurdunuz. İndiki həyatınızdan razısınız?
Əlbəttə, razıyam. Siyasi gərginlik, təmsil etdiyim insanların ümidsizliyi, müxalifətin acizliyi və yeni bir üfüq açma istəyi bu qərarın verilməsində təsirli oldu. Dostlarımla birlikdə yeni bir başlanğıc üçün yola çıxdıq.


– Yeni siyasi hərəkata başlamaq asan olmamalıdır...
Deyil. Üstəgəl, hamının şikayət edərək, klaviatura qəhrəmanlığı etdiyi dövrdəyik. Hamı danışır, ancaq bir şey etmirlər. Belə bir zamanda yeni siyasi hərəkat başlatmaq, təmsil edilməyən böyük kütlənin səsi olmağa çalışmaq çox da asan deyil. Amma Anadolu partiyasına olan marağı gördükcə həyəcanım və təbii ki, məsuliyyətim artır.


– Partiyaya münasibət necədir?
İki ay əvvəl qurulmuş partiyanın 62 rayonda təşkilatlanması partiyaya üzvlük və dəstək problemimizin olmadığını göstərir. Xüsusilə qadınların və gənclərin marağı ölkədəki gələcəklə bağlı narahatlığın hansı səviyyədə olmasına dəlalət edir. Zənglərə və mesajlara cavab verməyə çalışırıq. Türkiyənin hər yerindən zəng edirlər, yazırlar. Tekirdağ və Vanda təşkilatlanmaq - həm də bu qədər qısa vaxtda asan iş deyil. Quruluş prosesi gənc xalq hərəkatıdır. 20 yaşında rayon və qəsəbə sədrlərimiz var. Birdən-birə böyük bir ailə olduq. Ortaq dərdlərimiz var. Seçkilərdə görəcəksiniz, Türkiyəni çox təəccübləndirəcəyik...

CHP-dən ayrıldığım üçün peşman deyiləm

– Sizcə, partiyanız parlamentə düşmək üçün lazım olan səsi toplaya biləcəkmi?

Bəli, buna inanırıq.


– Siyasi arenada özünüzü sübut edə biləcəksiniz?
Özümüzə və hədəflərimizə inanırıq.


– CHP-dən ayrıldığınız üçün peşmanlıq olmusunuzmu?
Əsla! Prezident seçkilərində Ərdoğanın qarşısına çıxmaqda aciz, hər məğlubiyyəti zəfər kimi göstərib kresloya yapışan, Atatürkün partiyasına onu təhqir edənləri dəvət edən partiyadan ayrılmaq çətin olmadı. Həmçinin hamının bir-birinin gözünü oymağa çalışdığı çürümüş bir idarəçilik anlayışına daha çox dözə bilməzdim...


– “Səvhləri bölüşdünüz” ittihamına qarşı özünüzü necə müdafiə edirsiniz?
Özümü müdafiə etməyə ehtiyac duymuram. Çünki elə bir səhv yoxdur. Sizə bir şey deyim? Harada olmasından asılı olmayaraq, bizə aid olanı alacağıq. Buna görə də özlərinə aid olmayanları əllərində saxlayanlar bizdən qorxmaqda haqlıdırlar. Qorxsunlar bizdən! Yaxşı, təmiz, ölkəsini sevən, iqtidardan da, müxalifətdən ümidini üzənlər, qütbləşmədən narahat olanlar, uşaqlarının gələcəyi üçün narahat olanlar bizə səs verəcək. Baxın, çox sadə riyazi hesab var. Bu gün parlamentdə 3 partiya mövcuddur. Əgər iyunun 7-də də hər üç partiya parlamentdə say çoxluğu qazanacaqsa, keçmiş olsun, bu sistem davam edəcək. Anadolu partiyası 10.01% səs alsa belə, AKP iqtidarının sonu çatar. Yəni partiya hakimiyyətini ləğv etmək üçün, xalqın rifahı naminə, vətəndaşların dövləti idarəetməsi ənənəsinin silinməməsi üçün “Anadolu”ya tərəf keçmək lazımdır. Bu qədər sadədir.

– Sanki CHP-də olarkən müsahibələriniz daha çox yayımlanırdı. İndi sizə əvvəlki diqqətin olmamasını nə ilə əlaqələndirirsiniz? Sizə düşmənçilik edirlər?
Məncə, yanılırsınız. O vaxt da müsahibələrim hər gün yayımlanmırdı. Heç vaxt çox danışan biri olmamışam. Hətta məncə, sözləriniz səssizlikdən daha dəyərlidirsə, danışmalı, əks təqdirdə, susmalısınız. Mən də həmişə həlledici məsələlərdə danışmağa üstünlük verdim. Bəlkə də, indiki düşmənçilik deyil, yalnız müdafiədir…


– Niyə müdafiə olsun?
Çünki mediada tərəflər müəyyənləşib. İqtidarın, müxalifətin və camaatın mediası var. Mən də heç vaxt hamıya gülümsəyən adam olmamışam, ola bilmərəm. Ümumiyyətlə, bunlar bizim üçün maneə deyil, dünyanın pulu da, media gücü də olmadan uğur qazanmış çox sayda siyasi hərəkat var. Biz də o siyahıya daxil olacağıq.

– Siz Türk siyasi həyatına nə yenilik gətirməyi düşünürsünüz?
Xüsusən də belə köhnəlmiş siyasət anlayışından bezib bu ölkə. İstismar siyasəti ürək bulandırır. Bəzisi dindən, bəzisi millətçilikdən, bəzisi Atatürkdən, bəzisi də etnik kimliyindən istifadə edir. Anadolu partiyası ilə bu problemdən qurtulmaq istəyirik. İkincisi, siyasət də, siyasətçi də artıq xalqın nəzərində yaxşı bir şey deyil. Halbuki biz ölkənin bacarıqlı, təmiz, sadə və səmimi insanlar tərəfindən də idarə oluna biləcəyini, bu dəyərlərin də yüksələcəyini göstərmək istəyirik. “Yesələr də, işləyirlər!” düşüncəsi artıq aradan qalxmalıdır. Gənclər və qadınlar daha çox söz sahibi olmalıdır. Rekord sayda qadın təsisçi, idarəçi və rayon təşkilatlarına sədrlər çıxarmaqla bu iddiamızı sübut etdik. Siyasətin cavanlaşması, kadrların yenilənməsi lazımdır. Mən vəzifəmi tamamladıqdan sonra yerimi dərhal gənc birinə verməyi düşünürəm…

Bəsirətsiz müxalifət bizdən qorxur


– Yeri gəlmişkən, keçmiş olsun, keçən həftə xəstəxanaya düşdünüz. Nə olmuşdu? Göz dəydi?
İllər boyu həkimə getməməyin hesabını üç-dörd gün həkim nəzarətində keçirərək ödədim. Çox gərgin bir zaman keçirirəm. Partiyanın qurulması, ardından təşkilatlanma, gecə saatlarına qədər sürən görüşmələr, yuxusuz gecələr nəticəsində xəstələndim. Həmin vaxt yaşananlar üçün də üzüldüm. Rəsmən linç kampaniyası aparıldı. Şəxsi həyata hörmət göstərmədiklərini açıq büruzə verərək, xəstəliyimlə bağlı ağlasığmaz ssenarilər hazırladılar. Onsuz da artıq müxalifətin işi-gücü buraxıb, başqalarının səhhətini siyasi materiala çevirmələrini təəccüblə qarşılamıram. Çünki hamı bəsirətsiz siyasətlə məşğul olan idarəçilik anlayışına alışıb.

Gülmək lazımdırsa gülürəm...


– Partiyanızın saytının açılış şəklində gülümsəyən halınız var. Biz daha ciddi şəkillərinizə alışmışıq. Bundan sonra təbəssümlü simanızla qarşılaşacağıq?

Mən nəyəmsə, oyam! Müxtəlif anlara şahidlik edən çox sayda şəkillərim var. Gülən halda olanı da var, ağlayan halda olanı da. Heç kimə hansını istifadə edəcəyi ilə bağlı təlimat vermirəm. Heç vaxt həmişə gülümsəyən biri də deyiləm. Gülmək lazım olan yerdə gülürəm, sərt olmaq lazım olanda da sərt oluram. Bundan sonra da necəyəmsə, nə hiss edərəmsə, elə olacağam.


– Müsahibələrinizin birində həyat yoldaşınızın ilk görüşdüyünüz kişi olduğunu demişiniz. Bəzən heç düşünürsünüzmü, başqa insanla tanış olsaydınız, həyatınız necə olardı?
Nəinki düşünmək, heç xəyalımdan bir anlıq da elə fikir keçməyib. Düzdür, ilk anlarda çox çətin günlərimiz oldu. Yoxsulluğu birlikdə bölüşdük. Elə gün oldu, evimizdə yeməyə çörək tapmadıq. Uşaqlarımızı şəhər-şəhər gəzdirdik. Onlara düzgün gələcək qurmaq üçün çox işlədik. Çox erkən ailə qurdum. Tələbəykən ana oldum. Daha sonra yoldaşım əsgər getdi. O halımla bir də əsgər yolu gözlədim. Bütün bunlara rəğmən, xoşbəxt oldum. Bəzən gecələr öz-özümə düşünürəm ki, mən bu qədər xoşbəxt olmaq üçün nə etmişəm ki?


– Ailə qurduqdan sonra heç vaxt gözəllik salonuna getmədiyinizi bilirəm. Bəs alış-veriş, baxımlı olmaq, idman?..
Baxımlı olmaqla və ya makiyajla heç aram yaxşı deyil. Məncə, onlar vaxt itkisidir. Məncə, bir vəkilin, deputatın öz masasında sadə və bilgili olması daha vacibdir. Sağlam olmaq əsasdır. Müntəzəm olmasa da, idmanla məşğul oluram. İmkan olan kimi velosiped sürürəm. Alış-verişi isə bazardan etməyi sevirəm. Mənim ev işlərimdə heç köməyim olmadı. Bütün işlərimi özüm görmüşəm.

Ədalət artıq yalnız onların mülkünün təməlidir


– Anadolu partiyası deyincə insanların ağlına nə gəlsin?
Unudulmuş həmrəylik yenidən xatırlansın. Qızıl mədənləri yerinə torpaqlarımız, heyvandarlıq qorunsun. Nədən yoxsulluq tamamilə aradan qaldırılmasın? Kənd təsərrüfatı planlanması, sadəcə pulun olmasını deyil, insanların azad olmasını istəyirəm. Bunun üçün yaxşı bir kollektiv ruhu yaratmaq, siyasətə təmiz hava və stabillik daşımaq istəyirəm. Xüsusən maraqlandığım ədalət və hüquq məsələlərində ölkəmə töhfə vermək istəyirəm. Ədalət bizə öyrədilən və yaşamaq istədiyimiz şey olmaqdan çoxdan uzaqlaşıb. Təəssüf ki, artıq ədalət yalnız onların xüsusi mülkünün təməlidir. Biz isə ədalət xalqın güvənə biləcəyi ümid qapısı olsun istəyirik.

Vətənpərvər, mühafizəkar və demokratam


– Siz beynəlmiləlçisiniz?
Bu qavram AKP siyasətinə qarşı olanlara qarşı istifadə olunan bir məfhum halına gəldikdən sonra vətənpərvərlik barədə hamının düşüncəsi qarışıq görünür. Mənim düşüncələrim çox açıqdır. Ağıl, elm və insan sevgisi ilə yoğrulmuş vətənpərvərlikdən kimə nə zərər gələr ki? Vətənpərvərlik dəyərlərə bağlılıqdırsa, gücünü bu torpaqlardan almaqdırsa, sosial dövlətin güclənməsi, səhiyyə və təhsildən hamının bərabər istifadə etməsi, insanların təməl ehtiyaclarının ön plana alınması, beton yerinə ağacı seçmək, ölkənin istehsal modellərini dəyişdirərək, öz sərvətləri ilə texnologiya istehsal etməsini, xaricdən asılılıqdan qurtulmağı istəmək, bölünməni istəməmək vətənpərvərlikdirsə, bəli! Qadın haqları və qadın-kişi bərabərliyinə gəlincə, orada da, misal üçün, mən bir mühafizəkaram. Çünki bu bərabərliyi və haqların qorunmasını istəyirəm. Mədəniyyətə, hörmətə gəlincə, tam bir demokratam. Yenə davam etməyimi istəyirsinizmi?


Bəzən “Dəliyəm! Niyə bunlarla məşğulam?” deyirsinizmi?
Deyirəm. Siyasətlə ucundan-qulağından maraqlanmış bir çox insan zaman-zaman bunu düşünür. Bəzən haqqımda elə ağlasığmaz şeylər söylənir, yazılır ki, “bu insan mənəm?” deyə təəccüblənirəm. Ancaq çətinliklərdən usanmaq kimi xüsusiyyətim yoxdur.

– Zərif qadın üçün siyasətlə məşğul olmaq mümkündür?
Siyasət kişi işi olaraq qəbul olunduğu üçün bu sualı verirsiniz. O sahəyə hakim olanlara bənzəməkdən bəhs edirsiniz. Mən əslində qadın və ya kişi deyil, “insan” kimi siyasətlə məşğul olmağı seçirəm. İnsan kimi yəni, şəfqətini, zərifliyini,

mərhəmətini, qərarlılığını və yaradıcılığını itirmədən. Bunlar əslində sadəcə qadında deyil, insanda olan fəzilətlərdir. Artıq bəlkə də, qadınların “Siyasət kişi işi deyil” fikrini sübut etmək zamanıdır. Çünki siyasət əslində həyatın elə özüdür və bunu da qadınlar yaxşı bilir. Bizim sədr müavinimiz gənc anadır. Altıaylıq körpəsi ilə partiya binasına gəlir, çox gözəl işləyir. Mühüm olan siyasəti təbii sahəniz kimi görə bilmək və qərarlı olmaqdır. Qadınların onları ilk fürsətdə ram edərək evə göndərməyə çalışan sistemə qarşı mübarizə aparmaq lazımdır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm