Abırsız film barədə abırlı 18+ YAZI – FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Abırsız film barədə abırlı 18+ YAZI – FOTO/VİDEO

Deməli, Britaniya yazıçısı Erika Leonardın“Bozun əlli çaları” adlı əsəri var. Dünyanın 40-a yaxın ölkəsində 70 milyondan artıq tirajla satılıb. Həmkarımız Əziz Rzazadə bu kitabı Azərbaycan dilinə tərcümə edib. Demək istədiyim odur ki, əsər ölkəmizdə də yetərincə populyardır.

Dünən həmin əsərə çəkilmiş film ilk dəfə nümayiş olunurdu, mən də Publika.az üçün yazı hazırlamağa getmişdim. And içməyin yeri deyil, amma əsəri oxumadığımdan, filmdən də xəbərsiz idim.

Əvvəlcə film barədə bir neçə kəlmə. Film erotik məzmunludur. İyirmi iki yaşlı universitet məzunu Anasteyşa Stil universitet qəzeti üçün 27 yaşlı xeyriyyəçi-biznesmen Kristian Qreydən müsahibə almağa gedir. Elə hər şey də bundan sonra başlayır. Qrey yaraşıqlı, eyni zamanda sadomazoxist biridir, qadınlarla intim münasibətdə hər zaman diktə edən tərəfdir. Anasteyşanın isə heç bir intim təcrübəsi yoxdur. Film boyu Anasteyşa Kristian Qreyi sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışsa da, mümkün olmur və o, biznesmenin seksual köləsinə çevrilir.

Rejissor Sem Teylor-Consonun ekranlaşdırdığı, dram və melodram janrlarının qarışığı olan filmin baş rollarını Dakota Conson, Ceymi Dornan, Cennifer İli, Maks Martini, Eloyza Mamford oynayırlar.

İndi də keçək nümayiş zamanı müşahidə elədiklərimə. Filmin nümayişinə yarım saat qalır. Kassaya yaxınlaşıb “Bozun əlli çaları”na baxmaq istədiyimi bildirirəm. Artıq yerim də hazırdı. Bir kənarda oturub, vaxtın keçməsini gözləyirəm. Hamı ikinci zalın qarşısına yığışıb. Sən demə, film bu zalda nümayiş etdiriləcək. Nəzarətçi isə mənə üçüncü zalı göstərmişdi. Elə buna görə də yarım saat əvvəl gəlsəm də, filmin nümayişinə beş dəqiqə gecikirəm.

Zala daxil oluram, zalı “pop korn” iyi bürüyüb. Hamı xırçıldadır. Hiss olunur ki, içəri bazarlıq edib keçənlər də var. Arabir burnuma təndir çörəyinin də qoxusu gəlir. İşdən sonra acqarına bu qoxunun başqa ləzzəti var, hər adam anlamaz.

Əlüstü zala nəzər salıram. Əksəriyyət cütlüklərdir.

Film +18 olsa da, ilk kadrlardan bunu hiss etmək olmur. Dəqiqələr keçir… Qreylə Stil zaldakıları əməlli-başlı həyəcanlandırırlar. Bu arada qısa bir qeyd edim. Deməli, filmdə bir yer var. Qrey Anasteyşanı gətirib özünün “iş otağı” ilə tanış edir. İlk baxışdan adama elə gəlir ki, burada ya at nallayırlar, ya da eşşək çullayırlar. Bax həmin bu otaq Qreyin qadınlara “beinsafçılıq” elədiyi otaqmış.

Elə bu epizoddan sonra 3-4 cütlük zalı tərk edir. Davam edirik… Filmin təxminən ortasıdır. Zaldan cəmi 3-4 cütlük çıxıb, amma bütün yerlər boş görünür. Nəysə, burasını təsvir edə bilməyəcəyəm…

Tərslikdən məndən arxadakı sırada oturanlar da cütlükdür. Deyəsən, onlar da çıxıb gediblər…Yox, buradadılar. Oturduğum kresloya iki nəfərin birdən çırpılmasından hiss elədim. Az qaldı ki, çənəm gedib məndən qabaqdakı cütlüyün arasına girsin. Yaxşı qurtardıq. Sonra gəl başa sal ki, pis məqsədim yox idi.

Film bitir. Foyedəyik. Qulağı qızaran kim, bic-bic gülən kim, xəyallara dalan kim, bozaran kim…

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm