Ülviranın üçüncü evliliyi, xalq artistinin qızının gecə həyatı, Elzanın əttökən şeiri - HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Ülviranın üçüncü evliliyi, xalq artistinin qızının gecə həyatı, Elzanın əttökən şeiri - HƏFTƏBECƏR

Publika.az “Həftəbecər” rubrikasının 18-ci sayını təqdim edir.

Fədayə Laçın müsahibəsində bildirib ki, Tacir Şahmalıoğluyla cəmi-cümlətanı altı il bir yerdə olublar, ər-arvad kimi yaşayıblar. Ancaq özü Şahmalıoğludan uşağının olmasını istəməyib. Tacir bəy də saytımıza Çingiz Abdullayevsayağı açıqlama verib. Deyib ki, xamusu boş-boş şeylərdü. Nöş mənim Fədayədən uşağım olmalıdır ki? Mənim öz ailəmə nə gəlib bəgəm?..

Şou-biznes adamlarının gündəmdə qalmaq üçün çıxmadığı hoqqa qalmayıb. Bir uşaq doğub “əkiz doğmuşam” deməklərini də görmüşük, ərə gedib səkkiz gündən sonra boşanmalarını da, səhnənin arxasında öpüşüb-görüşüb, efirə çıxan kimi saçyoldusuna çıxmalarını da. Ərə getmək demişkən, Telli Borçalının “nervinni” kişi axtarışları davam edir. Bəlkə də, ifadə bir qədər sərt səsləndi. Ancaq xanımın açıqlamasını olduğu kimi oxuyandan sonra niyə məhz “kişi axtarışı” ifadəsini yazdığımı başa düşəcəksiniz:

“Hələ ki evlənmirəm. Təbii, ailə qurmaq, xoşbəxt olmaq istəyirəm. Amma sevdiyim yoxdur. Mən ölürəm də kişi “nervinni”, acıqlı, olsun, döysün məni. Əslində, kişi arvadı döyməlidir. Kişi ciddi, tələbkar olmalıdır. Səhvim varsa, meyitimi sərsin yerə... Arvadı əri döyər, qonşunun kişisi döyməz ki... Elə arvad var ki, deyirsən, az, ərin işdən gəlib, dur da. Arvadın heç vecinə olmur. Ayağını ayağının üstə aşırıb oturur. Amma mən istəyirəm ki, ərimin ləpirlərinin səsini eşidəndə artıq qapı arxasında dayanım. Qısqanc olmasın. Arvadağız olmasın”.

Səhv etmirəmsə, “evlənmirəm” ifadəsi kişiyə aiddir. İkincisi, hazırda Telli xanımın 45-46 yaşı var və ailə quracağı şəxsin ondan 3-5 yaş da böyük olacağını nəzərə alsaq, bu edir 50 yaş. Əlli yaşlı kişinin də Telli xanım demişkən, “ləpirlərinin” səsi nəinki blokda, evin içində güclə eşidilir. Davam edək:

“Həyat yoldaşım qısqanc olsa, xarakterimiz uyğun gəlməz. Çünki bir də görürsən, gecə dostum zəng edir ki, bir şeir de, kefim yoxdu. O insanı çox istəyirəm, ona hörmətim var, götürüb ona bir şeir deyirəm. Amma ərim mənə deməsin ki, o, kim idi ki, gecəyarı zəng edib, sən də ona şeir deyirsən? Məni qısqanmasın”.

Təsəvvür edirsiniz? Gecə kiminsə arvadına bir dostu zəng vurub deyir ki, darıxıram, bir şeir söylə kefim açılsın. Arvad da açır şeir dəftərini, başlayır dostuna (hər halda, dost kişidən, rəfiqə qadından olur – İ. V.) şeir deməyə. Kişi də buna göz yummalıdır. Rəhmətliyin nəvəsi, Cabbar Musayev demişkən, elə xoşqeyrəti heç Fransada da tapmaq olmaz.

Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşovanın keçmiş həyat yoldaşı, türkiyəli Səlcuq Gökgöz yaman açıqlamalar verib. Deyib ki, Səidə gecə həyatı yaşayırmış:

“Səidənin gecə həyatına alışa bilməyib, ondan boşanmağı qərara aldım. Çünki Səidə evə gəlmirdi. Bir sözlə, ailə həyatı ona görə deyildi, azadlığı sevirdi. Əlimdən gələn maddi-mənəvi köməyi göstərdim. Amma dəyərimi bilmədi. Onun ürəyi təmizdir, amma ətrafı pis”.

Səsləndirilən ittihamlarla bağlı Səidə Dadaşovayla əlaqə saxladıq. Sənətçi Gökgözün ittihamlarını nə təsdiq, nə də təkzib elədi və biz də onun dediklərini olduğu kimi dərc elədik.

Əslində, bu məsələ haqda “Həftəbecər”də yazmaq fikrim yox idi. Amma… Nə baş verib? Heç nə, Rafael Dadaşov redaksiyamıza zəng vurub, məni soruşub. İş yoldaşlarım tədbirdə olduğumu deyiblər. Xalq artisti də nə yaşına, nə təcrübəsinə, nə tituluna, nə vid-fasonuna yaraşan sözlər işlədib, məni hədələyib. Ancaq mənim bu məsələ barədə nə Rafael Dadaşova, nə də başqa birinə hesabat vermək fikrim var. Əksinə, peşəkarlıq nümayiş etdirərək, qarşı tərəfin mövqeyini öyrənmişəm. Görünür, Rafael müəllimin Gökgözə gücü çatmayıb, düşünüb ki, cavan jurnalistdir də, hədə-qorxu gələcəm, götürüb yazacaq ki, Azərbaycanda Səidə Dadaşovadan pak adam yoxdur. Ancaq bir daha deyirəm ki, “Səidə gecə evə gəlmirdi” fikri mənə yox, keçmiş kürəkəninizə məxsusdur, cənab Dadaşov!

Teleaparıcı Ülvira Qarayeva üçüncü dəfə ailə həyatı qurmaq istəyir. Bunu da mən demirəm, tabloid.az-a müsahibəsində özü deyib. Ancaq Qarayevanın da Telli Borçalı kimi şərtləri var. Sadəcə, xanım teleaparıcı aşıqdan fərqli olaraq, “nervinni” kişi axtarmır. Sitat:
“Üçüncü dəfə ailə qurmaq istərdim. Amma belə namizədim yoxdur. Şərtlərimə gəlincə, yaşca məndən böyük olmalıdır. Həyatdan nə istədiyini bilməlidir, ulviraşünas olmalıdır. Məndən ağıllı və məndən səbirli olmalıdır. Məni cilovlamağı bacarmalıdır”.

Tanınmış musiqiçi Zahid Qubadlı isə teleaparıcı Mikayıl Güləddinoğluya keçmişini xatırladıb. Deyib ki, vaxtında mən ona sponsorluq etmişəm, hətta yanımda gəzməyi özünə fəxr bilib. Mikayıl da cavab verib ki, sponsorluq söhbəti olmayıb.

Yadınızdadırsa, “Bozbash Pictures” telelayihəsində bir müddət “Ünsiyyət” obrazı da peyda olmuşdu. Hamının “Dəstəli Səbuhi” kimi tanıdığı Səbuhi Xanlarovu nəzərdə tuturam. İlkin Həsəni bir mətbuat konfransında demişdi ki, həmin obraz verilişin reytinqini aşağı saldığından layihədən uzaqlaşdırılıb. Xanlarov da saytlara müsahibə verərək deyib ki, telelayihənin rəhbəri, “Şəmi” kimi tanıdığımız İlkin Həsəni paxıl insandır, hətta o qədər paxıldır ki, “Fəlakət”in (Elşən Orucovun) də paxıllığını çəkir. Hələlik tərəflər bir-birinə qarşılıqlı hücum etməklə məşğuldurlar. Əlavə nəsə olsa, mütləq gələn həftə diqqətinizə çatdıracağam…

Əməkdar artist Almaz Ələsgərova ilə indiyədək bir neçə müsahibəm olub və demək olar ki, hər dəfə bir şərti olub: “Qızlarım barədə sual verməyin”. Ancaq nə vaxt hansı sayta baxırsansa, ya qızlarından danışır, ya da öz şəxsi həyatından. Bu dəfə isə deyib ki, qızlarının işsiz oğlanla ailə qurmasına razılıq verəcək:

“Kasıb olmaq ayıb deyil. İşləməyə çalışmamaq ayıbdır. Oğlan kasıb olanda nə olar? Bəlkə, ailə qurandan sonra məsuliyyəti artacaq. Hamımız kasıb olmuşuq. Oğlan elçi gələndə ona deməyəcəyik ki, sən imkanlı deyilsən, get.

Qızım işsiz birinə ərə getsə, ona mane olmaram. Əksinə, kömək edərəm. Oğlanı işə düzəldərəm. Çalışıb övladımı dolandırsın. Burada ayıb heç nə yoxdur. Amma qudurmasın”.

Sitatın son cümləsi hər şeyi deyir. Gələcək kürəkənə olan humanist münasibət adamı lap məst edir…

İlahə İbadova şou-biznesin, demək olar ki, qalmaqalsız müğənnilərindəndir. Az hallarda kiminləsə sözü çəp gələr. Amma elə həftə olmaz ki, bu xanım keçmiş həyat yoldaşı barədə danışmasın. Bu həftə də “ənənə”sinə sadiq qalıb. Deyib ki, ailə qurandan sonra həyat yoldaşının görünməyən tərəfləri görünüb:

“Ailəsi istəyirdi ki, mən onu tanıtdırım. Bir neçə dəfə də maliyyə ayırıb efirlərə çıxardım. Belə də alışdılar. Məqsədləri məndən istifadə etməkmiş. Valideynlərim onunla ailə qurmağıma razı olmamışdılar. Ailə qurandan sonra da ayrılmağıma icazə vermirdilər. Gördülər ki, heç cür mümkün deyil. Valideynlərimin yanında ağızlarının danışığını bilmirdi. Səkkiz ay şans verdim. Yenə də gördüm ki, mümkün deyil. Necə gəldi, elə də getdi”.

Müğənnilər nadir hallarda keçmişləri barədə səmimi olurlar. Məsələn, 35 yaşlı sənətçi deyir ki, 20 ildir maşınım var. Halbuki cəmi 8 il əvvəl özüm şəxsən bu adamı marşrutda görmüşdüm. Vasif Məhərrəmlinin bu açıqlaması isə təqdirəlayiqdir:

“Mən 1995-ci ildə universitetdə oxuyurdum. O illərdə Türkiyə ilə sərhəd yeni açılmışdı. Avtobusla oraya gedib, mal gətirib satırdım. 1996-cı ildə isə Moskvada bazarda çalışmağa başladım. Satıcılıq edirdim. Gecə tez yatırdım ki, səhər oyanıb bazara vaxtında gedim. Amma indi gecə saat 3-4 arası yatıram. Həyatım 360 dərəcə dəyişib. Hər bir kişinin ailəsinə şərəfli çörək gətirməsi vacibdir. Pul qazanmaq üçün mən yer də qazaram, kanalizasiya da təmizləyərəm. Bilim ki, ailəm halal çörək yeyir”.

Monitora bir az da yaxın əyləşin, təzə söhbət var. Şəbnəm Tapdıq Sərxan Sərxanla münasibətlərindən danışıb. Deyib ki, həmkarıyla sevgili olması barədə deyilənlər ağappaq yalandır. Yalan da olsa, təmizdir – ağappaq:

“Mən indiyə qədər heç kimi sevməmişəm. Mənə vurulanlar çox olub. Amma onlara qarşılıq verə bilməmişəm. Kişidən nə qədər uzaq olsan, başına o qədər əzab gəlməz. Kişilər qadınların başına "hoqqa" açır. Mən çox qürurlu insanam. Hər sevgi etiraf edənə ürəyimi vermərəm. Qürurumu sındırıb, kimisə sevə bilmirəm”…

Müğənni Nadir Qafarzadənin Publika.az-a verdiyi müsahibədə işlətdiyi “Mən yoldaşıma xəyanət etsəm, onun da mənə xəyanət etməyə haqqı var” fikrinə görə neçə gündür mənə sual verməyən insan qalmayıb. Kimi qınayır, kimi tənqid edir, kimi ittiham edir… Dostlar, bəli, bu fikirlər Nadir Qafarzadəyə məxsusdur və səs yazısı da məndə var. Ancaq mən onun fikirlərinə cavabdehlik daşımıram…

Elza Seyidcahan Ermənistan prezidenti Serj Sarkisyana şeir həsr edib. “Ətin tökülsün” deməkdən başqa cür şərh etmək olmur bu məsələni…

Hər zaman maraqlı, bəzən də əndazəni aşan açıqlamalarıyla diqqət çəkən xanəndə Elnarə Abdullayeva konsert öncəsi yenidən “atəşkəsi pozub”. Xanəndə bu dəfə avtomobil hədiyyə aldığını deyən sənət yoldaşlarıyla, yüngülvari desək, məzələnib. Bitərəfliyi kənara qoyub, Abdullayevanın haqlı olduğunu söyləyə bilərəm. Sitat:

“Biz fəhləyik. Dəvət edirlər ki, gəl, oxu. Biz də oxuyuruq. Bu sənətdə olanlar başa düşməlidirlər ki, maşınlar da, evlər də, mal-mülk də xalqdan gəlir. Onlarla əlini-qolunu sallayıb danışmaq olmaz. Soruşanda da deyirlər ki, hədiyyədir. Mən illərdir oxuyuram. Niyə bir köpəyoğlu mənə ətir də almır, amma sənə maşın alırlar?”…

Ötən həftə müğənni Röya Ayxan verilişlərin birinə yetərincə açıq-saçıq geyimdə çıxmışdı. Bu xəbər saytlarda, sosial şəbəkələrdə bir əks-səda doğurdu ki, gəl görəsən. Bəziləri aparıcını qınadı, bəziləri Röyanı. Mən isə Röyanı qınayanları qınamaq istəyirəm. Niyə? İzah edirəm. Bu adam təxminən on il əvvəl çılpaq fotosessiya etdirib, hamınız da susmusunuz. İndi açıq-saçıq geyiminə görə onu tənqid edirsiniz? “Röyadan yandırıb-yaxan fotolar” başlığı ilə xəbər yayan dostlar, mən Röyanın lüt fotolarını görmüşəm. Onun yarıçılpaq fotoları bundan sonra yandırıb-yaxmaz, uzaqbaşı 5-10 dərəcə isidə bilər…

Sağollaşmazdan öncə sizə bir gözaydınlığı da verim. Deməli, bolqar əsilli müğənni Azis Bakıya gəlir. Buraların Azisi az idi, biri də Bolqarıstandan gəldi. Deyilənə görə, yayda Bakıda konsert verəcək. İndi gör o konsertdə kimlər olacaq e. Vur çatlasın, çal oynasın! Bir sözlə silikonlu gədələrin bayramıdır…

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm