• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bozbaş”ın “ağsaqqal”ı: “Gərək tanış olduğun xanımla iki dəfə görüşəsən ki...” – FOTOLAR

“Bozbaş”ın “ağsaqqal”ı: “Gərək tanış olduğun xanımla iki dəfə görüşəsən ki...” – FOTOLAR

Publika.az-ın suallarını “Bozbaş pictures”in “maşennik”i, “gəzəyən ağsaqqal”ı Azər Baxşəliyev cavablandırır.

- Necəsən, "ağsaqqal"?

- Şükür Allaha, yaxşıyam.

- Bu cavanlardan narazılığın yoxdur ki?

- Baxır cavanlara. Özüm kimi cavanlardan narazı deyiləm.

- "Ağsaqqal" adamsan, amma bu yaşında da cavan qızların arxasınca düşürsən…

- (gülür) İnsan qocaldıqca cavanlığına qayıtmaq istəyir və qocalığı ilə heç cürə barışmaq istəmir. Buna görə də həmişə istəyir ki, yanında cavan, qəşəng qızlar, xanımlar olsun. Elə ağsaqqalın da fikri cavanlıqda Urusetdə gəzib-dolandığı qızların yanında qalıb. Buna görə həmişə yanında bir qız olur, amma Şəmiylə Şöşü ona imkan vermir.

- Bəs bir tamaşaçı kimi ağsaqqalı qınayırsan?

- Mən həyatda belə bir ağsaqqal görsəydim, onu özüm döyərdim. Yaşına uyğun olmayan hərəkətlər edir, qoşulub uşaq-muşağa, işi-gücü də ona-buna “atmaqdır”. Əslində, o, ağsaqqaldır, cavanlara ağıl öyrətməlidir. Bu obraz isə həyasızdır, öz xeyrini güdür.

- Obrazından razısan?

- Razıyam, amma getdikcə obraz tamamən dəyişir…

- Yəni tam həyasızlaşır?

- Həyasızlaşmağını deyə bilmərəm, amma dəyişib. Əvvəllər əlində benzin gəlirdi, gah özünü, gah da cavanları yandırmaq istəyirdi, artıq fikrini dəyişib. Qoşulub cavanlara, onlarla birgə biznes qurmaq istəyir. Amma yenə də məqsədi yanındakılara “atmaqdır”. Bunlarla bir yerdə, əlbir işləyir, amma imkan düşən kimi onlara “atır”.

- Doğrudan e, bu “maşenniklər” səndən nə vaxt əl çəkəcək?

- (gülür) Biz rayonlara çox tez-tez gedirik, orada qabağımıza çıxan hər adam mənə bu sualları ünvanlayır. Soruşurlar ki, “bu maşenniklər” səndən nə istəyir, onlar səndən nə vaxt əl çəkəcək? Əslində, orada bütün personajlar ayrı-ayrılıqda maraqlıdır. Bu ağsaqqal onlardan fərqlənməlidir, amma özünü qoyub uşaq yerinə...

- Yəqin, rayonlarda başınıza maraqlı hadisələr də gəlib...

- O qədər maraqlı əhvalatlar olub ki, hansını danışım? Bir dəfə Fəlakət obrazını yaradan Elşənlə Gəncədə idik. Çəkiliş qrupundan ayrılıb, öz geyimimizdə şəhərdə gəzirdik. Üç-dörd nəfər qaça-qaça bizə yaxınlaşıb Elşənin özündən soruşdular ki, Fəlakət hanı, Fəlakət hanı? Elşən dedi ki, bəs Fəlakət maşındadır, indi gələcək. Heç kəs başa düşmədi ki, Elşən elə Fəlakətin özüdür. Sonradan bunu biləndə bizdən incidilər ki, niyə deməmisiniz ki, Fəlakətlə Ağsaqqal elə özünüzsünüz? Qrimsiz, başqa paltarda bizi heç kim tanımır.

- Çəkiliş zamanı heç ekstrim vəziyyətlərə düşmüsünüz?

- O qədər... Demək olar ki, biz yüz faiz ssenari ilə işləmirik. İmprovizələrə çox yer veririk. Mətndə bir şey yazılıbsa, biz tamam başqa söz deyə bilərik. Baxıb görürük ki, obrazdan çıxmışıq və çox da maraqlı, gülməli alınıb.

- Yəqin ki, səni “ağsaqqal” deyə çağıranlar olur. Bu, sənin xoşuna gəlir, yoxsa qıcıq yaradır?

- Əslində, məni hamı "ağsaqqal" kimi tanıyır və əsl adımı bilən də yoxdur. Xoşuma gəlir. “Ağsaqqal” əslində yaxşı müraciətdir.

- Filmdəki ağsaqqalla həyatdakı Azər arasında hansı fərqlər var?

- Həyatdakı Azər filmdəki ağsaqqaldan 180 dərəcə fərqlənən bir insandır. Heç bir ailədə, heç bir məhəllədə belə bir “ağsaqqal”ın olmasını arzulamıram.

- İnanıram ki, Azərin ətrafında olan qızların sayı, ağsaqqalın ətrafında olan xanımların sayından heç də az deyil…

- Çoxdur, amma mən heç vaxt onların sevgisindən sui-istifadə etmirəm. İnanırsınız, heç buna vaxtımız da olmur. Çünki həftənin üç-dörd günü rayonlarda çəkilişlərdə oluruq. Gərək tanış olduğun xanımla, heç olmasa, iki dəfə görüşəsən. Buna da vaxtımız yoxdur. Elə sosial şəbəkələrdə şərhlər yazıb, minnətdarlığımızı bildiririk. Biz əslində tamaşaçılarımızı cinslərinə görə seçmirik ki, bu, xanımdır, ya kişi. Hamısına eyni cür minnətdarlıq edirik.

- "Ağsaqqal", subaylığın daşını nə vaxt atmaq fikrindəsən?

- Bu yaxınlarda planlaşdırıram, çünki artıq 30 yaşım var, daha vaxtdır.

- Yəqin, xanım seçimində şərtlərin də olacaq?

- Əlbəttə, çünki aktyorluq çətin peşədir. İnsan özü də başa düşməlidir ki, işim budur. Mən sənətimlə bağlı üç gün burada ola bilərəm, üç gün rayonda çəkilişdə. Yaxud da, mənə xanımlar tərəfdən də çoxlu zənglər də ola bilər və sair. Bununla razılaşmalıdır. Düşünürəm ki, əsas olan qarşılıqlı anlaşma və istəkdir. İnsanlar arasında sevgi olanda bir-birlərinə güzəşt etməyi də bacarırlar.

- Qısqancsan?

- Müəyyən həddə qədər qısqanclıq olmalıdır. Amma belə götürəndə qısqanclıq özünə güvənin olmamasıdır. Mən sevdiyim qadını kiməsə qısqanıramsa, deməli, həm də özümə güvənmirəm. Mən özümə güvənirəmsə, niyə qısqanmalıyam?

- Bəzi oğlanlar evlənərkən xarici gözəlliyə deyil, daxili aləmə üstünlük verir. Bəs sən?

- Mənim üçün hər ikisi önəmlidir. Durub desəm ki, mənə zahiri gözəllik lazım deyil, əsas olan gözəl xasiyyətdir, yalan olar. Hər halda, yanındakı xanıma baxanda ürəyin açılmalıdır. Yəni həm gözəl olmalıdır, həm də ağıllı. Amma xasiyyət də böyük rol oynayır: 60-ın 40-adır.

- Hansı mənfi xüsusiyyətin var ki, səni bezdirib?

- Dırnaqlarımı yeyirəm və bunu tərgidə bilmirəm.

- Bu, əsəbilik əlamətidir?

- Gərgin iş rejimi ilə də bağlıdır, çünki gecə-gündüz çalışırıq.

- Bəs ən yaxşı xasiyyətin hansıdır?

- Yəqin ki, bunu dostlarım deyə bilər.

- Sən də hesab edirsən ki, pul əl çirkidir?

- Pul çox şeyin həlli deməkdir.

- Pulun çoxdur?

- Kifayət qədərdir, mənə bəs edir.

- Ən çox nəyə pul xərcləməyi xoşlayırsan?

- Dostlarımla harasa getməyi, gəzməyi, səyahəti xoşlayıram. Konkret pul xərclədiyim yer yoxdur.

- Bəs geyimə necə?

- Yox, geyimə qətiyyən fikir verən adam deyiləm. Hətta dostum Elşən də məni danlayır ki, sən heç vaxt geyiminə fikir vermirsən. Xasiyyətim belədir, əlimə nə keçdi, geyinib evdən çıxıram. Yoxsa ki, zövqlə geyinim, kostyumların rənginə, formasına fikir verim – belə şeylər mənlik deyil.

- Sürprizləri sevirsən?

- Həm sürpriz etməyi, həm də sürpriz almağı xoşlayıram.

- Bu günlərdə ən yaddaqalan sürprizi sənə kim edib?

- Ailə içində olub, buna görə də demək istəmirəm. Amma rayonlara gedəndə maraqlı sürprizlər olur. Bir də görürsən kimsə aş dəmləiyr və bizi evinə qonaq aparır. Qəbələdə bir dəfə tanımadığımız bir nəfər bütün komandanı yığıb evinə qonaq apardı.

- Komanda arasında heç fikir ayrılığı yaşanır?

- O qədər…

- Heç qapını çırpıb getdiyin məqamlar olub?

- O həddə çatmayıb. Çalışırıq bir-birimizi başa düşək. Elə bu komandanın da uğuru bundadır. Komandanı idarə etmək də çox çətindir, bu məsuliyyət də İlkinin üzərinə düşür. İlkin olmasaydı, bəlkə də, komanda bir yerdə qalmazdı.

- Bədxahlarınız var?

- Varsa da, onlara fikir vermirik. Biz heç kimlə rəqabət də aparmırıq, sadəcə, öz işimizi görürük. Əgər kimsə də bizimlə rəqabət aparmaq istəyirsə, bu, onun öz işidir. Əslində bu, onları geri salır. Çünki rəqabət aparmaq olar, kiməsə baxıb öyrənmək olar. Biz özümüzdən yaşda böyüklərə baxıb həvəslənirik. Amma paxıllıq insanı inkişaf etməyə, qabağa getməyə qoymur.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR