Əlibaba Məmmədov: “Mehriban Əliyeva mənə dedi ki...”
Bizi izləyin

Tabloid.az

Əlibaba Məmmədov: “Mehriban Əliyeva mənə dedi ki...”

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb. Həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında birbaşa yayımlanan müsabiqədə 20 gənc yarışır. Gənc ifaçıları xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovdan ibarət münsiflər heyəti qiymətləndirir. Həmin gün münsiflər heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış iştirakçı müsabiqəni tərk edəcək.

Xalq artisti, ustad sənətkar, münsiflər heyətinin sədri Əlibaba Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.

- Azərbaycanda keçirilən növbəti muğam müsabiqəsini necə qiymətləndirirsiniz?

- Bu müsabiqəni Azərbaycan mədəniyyətində təntənəli bir bayram kimi dəyərləndirirəm. Təkcə ölkəmizdə yaşayan on milyonluq xalq deyil, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı bu bayram təntənəsini yaşamaqdadır. Bu bayram əhvali-ruhiyyəsini Azərbaycan xalqına yaşatdığına görə ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdaram. Hesab edirəm ki, harada muğam adı çəkilirsə, orda mütləq Mehriban xanımın da adı çəkilməlidir. Milli sərvətimiz olan muğamı dünyada belə yüksək səviyyədə tanıdan, təbliğ edən, Azərbaycanda muğam sənətini inkişaf etdirən birinci xanıma borcluyuq. Təsəvvür edin, bu gün dünyanın gözü Azərbaycan Milli Televiziyasına dikilib, qəriblikdə yaşayan hər bir azərbaycanlı televiziyada yayımlanan müsabiqəni izləyir. Bunu özümdən uydurmuram, Azərbaycan Televiziyasına ünvanlanan minlərlə məktub bunu sübut edir.

- Artıq ilk seçim mərhələsinə start verilib. Müsabiqəyə qatılan gənclər, sizcə, ümidlərinizi doğruldacaqmı?

- Hələ ki yeni başlamışıq. Hesab edirəm ki, bu, bir müsabiqə olmaqla bərabər, həm də gənclər arasında rəqabətə meydan açır. Təbii ki, gözəl səs imkanlarına malik iştirakçılarımız çoxdur, amma hər şey yekunda bəlli olacaq. Bu müsabiqənin Azərbaycan xalqına, muğam sənətinə verdiyi töhfələr göz qabağındadır. Onların səsi yalnız ölkəmizdə deyil, xaricdən də eşidilməkdədir. Bu yaxınlarda telekanalların birində qonaq olan gənc xanəndə Babək Niftəliyevin söylədiyi bir fikir çox xoşuma gəldi. O dedi ki, biz muğamlarımızı İtaliyada, Amerikada, Fransada oxuyub, fəxarət hissi keçiririk, amma bizim dırnaqarası müğənnilərimizin ayağı Biləcəridən o tərəfə dəyməyib. Düz deyir. Muğam sənəti musiqilərin şahıdır. Muğam fəlsəfədir, onu zaman-zaman açmağa çalışıblar. Muğamın fəlsəfəsini öyrənən insan heç vaxt mənfi adam ola bilməz. Muğamatımızın qədrini bilməliyik, onu qorumalıyıq, gələcək nəsillərə ötürməliyik. Bu gün Mehriban xanımın sayəsində muğam sənətimiz YUNESKO səviyyəsində tanınırsa, təmsil olunursa, fəxr etməliyik. Bu müsabiqə də Azərbaycana istedadlı xanəndələr bəxş edəcək.

- Mən müsabiqə iştirakçılarını dinləyərkən xanımların səs və ifa tərzinə heyran qaldım. Məsələn, Sədəf Budaqovanın səhnədə sərbəstliyi, bulaq suyu kimi qaynayan məlahətli səsi, eləcə də oxu texnikasına valeh oldum. Sizcə, xanım iştirakçılar kişi iştirakçıları kölgədə qoymayacaq ki?

- Razıyam, güclü səs tembrinə malik xanım ifaçılarımız çoxdur. Amma kişi ifaçıları arasında da mükəmməl ifası və səsi ilə seçilənlər az deyil. Finalda hər şey bəlli olacaq, qabaqcadan deyə bilmərəm ki, hansı hansını üstələcəyək. Hər birini ayrı-ayrılıqda qiymətləndirirəm. Əslində, bu bir imtahandır, kim bu imtahandan üzüağ çıxacaqsa, qalib də o olacaq. Onları dəyərləndirənsə, bizim ustad sənətkarlarımızdır.

- Əlibaba müəllim, müsabiqə iştirakçıları arasında bəzi münsiflərin tələbələri də var… Bu məqam həmin iştirakçıların şansını artırmayacaq ki?

- Bəli, bu müsabiqədə də bəzi sənətkarların tələbələri var. Əvvəlki illərdə də belə olub. Amma bu o demək deyil ki, müəllimi münsif kürsüsündədirsə, ona gözün üstə qaşın var deyən olmayacaq. Mən heç vaxt bu məsələdə kiməsə güzəşt etmərəm. Hətta ən yaxın dostum olsa da belə. Sizə bir misal çəkim. Mənim, Elbrus adlı tələbəm də bu yarışmaya qatıldı. Amma onu müsabiqədən yarımçıq uzaqlaşdırdım. Dedim ki, oğul, incimə, bu müsabiqədə güclü səsi olan iştirakçılar var, sən onların qarşısında duruş gətirə bilməyəcəksən. Demirəm, səsi yox idi, yox, amma tükənmişdi. İndi o oğlan yenə də mənim yanıma gəlir, yenə də tələbəmdir. Demək istəyirəm ki, mən müsabiqədə qeyri-obyektivliyə yol verməyəcəyəm. Mehriban xanım mənə inanıb, etimad edib, dedi ki, Əlibaba müəllim, siz o müsabiqədə SMS-i əvəzləyirsiniz. Seçim ədalət çərçivəsində aparılacaq. Televiziyanı milyonlarla insan izləyir, onların gözü tərəzidir. Biz xalqı aldada bilmərik. Yaxşıların yaxşısı, ən layiqlisi qalib adını alacaq. Mən iki gözüm olsa da, güzəşt etməyəcəyəm. Münsiflər heyətində təmsil olunan həmkarlarım da xasiyyətimi bilirlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm