Azərbaycanlı aktyor arvadından qorxdu: “Evimə dava salmaq istəyirsən?”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyor arvadından qorxdu: “Evimə dava salmaq istəyirsən?”

Həmsöhbətimiz sevilən aktyor, əməkdar artist Şamil Süleymanlıdır. Çoxdandır gözümüzə dəyməyən aktyorun, sən demə, başı qarışıqmış. O, ilk dəfə olaraq seriala çəkilir.

Başı yeni roluna qarışan aktyor Publika.az-a danışıb.

- Şamil müəllim, çoxdandır efirlərdə görünmürsünüz, haralardasınız?

- Başım film çəkilişlərinə qarışıb. Artıq bir neçə film tamamlanıb. “Bakı, mən səni sevirəm” layihəsində çəkilmişəm, Xoşbəxt Yusifzadə haqqında çəkilən filmdə rol almışam. Bu günlərdə də “Ay Brilliant” filmində oliqarx rolunda çəkilmişəm. Təsəvvür edin, Şamil oliqarx rolunda...

- Həyatda oliqarx olmaq arzunuz olmayıb ki?

- Bu film bir daha onu sübut etdi ki, yaxşı ki, Allah dəvəyə qanad verməyib. Bir dəfə filmdə şah roluna çəkilmişdim. Onda da başa düşmüşəm ki, məndən nəinki şah, heç adi müdir də çıxmaz.

- Nəhayət ki, sizi serialda da görə bildik. “Həyat, sən nə qəribəsən” serialında ağır yataq xəstəsisiniz. Düşər-düşməzdən qorxmursunuz ki?

- Mən düşünürəm ki, sənətdə “düşməz” yox, “düşər” ola bilər. Mən yeddi dəfə müxtəlif filmlərdə Şamil obrazında oynamışam, beş dəfə də məni filmdə öldürüblər. Amma hələ də yaşayıram və qarşınızdayam.

- Enerjisi ağır olan bir obrazdır, çəkiliş zamanı çətinlik çəkmirsiniz ki?

- Əksinə, bu rol məni sanki ayıldıb, həyat, axirət barədə düşünürəm. Rol məni silkələyib, həyata baxışımı yeniləyib. Filmdə həyat yoldaşımın əlini alnıma qoyması, diqqət-qayğısı sanki mənə əzizlərimi daha da çox sevməyi təlqin edir. Sən demə, həyatda dərmanlardan da təsiredici olan şeylər var, bu, insanın insana olan sevgisidir. Filmdə məni sağaldan, həyata, yaşamağa ruhlandıran da elə həyat yoldaşımın mənə olan sonsuz sevgisidir.

- Mənə çox maraqlıdır, Şamil Süleymanlının ən böyük fobiyası nəyədir?

- Kifir görünməkdən dəhşət qorxuram. Söhbət mənim zahiri görünüşümdən, üz-gözümün çirkinləşməsindən getmir. İndən belə yaraşığa minən vaxtım deyil. Özümün, sözümün kifir görünməsindən danışıram. Bir də görürsən sarsaqlayıram...

- Yəni öz-özünüzə nəzarəti itirirsiniz. Ümumiyyətlə, özünüz özünüzü nəzarətdə saxlamağı xoşlayırsınız?

- Əsas olan Allahın nəzarətidir. Amma bəzən insan nəzarət barədə düşünmür, necə varsa, elə də görünmək istəyir. Məsələn, unudursan ki, sən altmış yaşındasan, bəzən unudursan ki, artıq yaş baryeri var və s. Elə olanda dərhal özünü yığışdırırsan və özün ola bilmirsən.

- Özün olmağın nəyi pisdir ki?

- Bəzən olmur axı. İstər-istəməz dəyişməli, başqalaşmalı və yaşına uyğun davranmaq məcburiyyətində qalırsan.

- Nəyi özünüzə rəva görür, nəyi yasaq buyurursunuz?

- Mən namaz qılan insanam və Allahımla öz aramda olan söhbətlərdə günahlarımın bağışlanmasını istəyirəm.

- Yəni günahlarınız bu qədər çoxdur?

- Bu qədər ziyarətgahlarda, pirlərdə oluram. Hələ bir dəfə görmədim ki, kimsə desin: “Ay Allah, mənə ağıl ver”. İnsan xislətən belədir ki, özünü günahsız və ağıllı sayır.

- Bir çox həmkarlarınız serialları tənqid atəşinə tutur, hətta orada çəkildikləri üçün peşəkar aktyorlara, aktrisalara irad da tutur. Yəqin, siz də onların qara siyahısına daxil oldunuz…

- Sizə bir söz deyim də. Bu yaxınlarda məni “Çölçü” filmində kütləvi səhnəyə çəkdilər. Heç fərqinə də varmadım, getdim, çəkildim. Hətta tələbələrin kurs işinə də çəkildim, imtina etmədim. Demək istəyirəm ki, hansısa filmdən imtina etmək mənə düşmür. Bax düşər-düşməz deyirsiniz ha, bəzi məqamlarda mən buna inanıram. Filmdən imtina edirəm və uzun müddət filmə dəvət almıram.

- Yerli serialları bəyənirsinizmi?

- Ümumiyyətlə, həmişə serialın acı bağırsaq kimi uzanması məni yorub. Öz-özümə sual etmişəm ki, axı adi bir məişət hadisəsini 180 seriyalıq filmdə nə qədər uzatmaq olar? Tamaşaçı da bezir. Yəqin ki, bizdə də seriallar getdikcə inkişaf edəcək. Əsas odur ki, özümüzün yerli seriallarımız olsun. Mən gənclərlə işləməkdən zövq alıram. Mənim üçün bu, cavanlıq dərmanıdır. Bəzən mən də cavanlara yuxarıdan aşağı baxırdım, bəzi hallarda onları bəyənmirdim. Amma yaxınlaşdıqca, tərəf-müqabili olduqca görürəm ki, yox, bu uşaqlar heç də istedadsız deyillər. Deməyin ki, bu kişinin başı xarab olub, hətta mən, cavanlarla eyni filmə çəkiləndə uşaqlığıma qayıdıram, uşaqlaşıram. Bir neçə gün özümü uşaq kimi aparıram.

- Elə uşaqlığınızı da içinizdə qoruyub saxlamısınız. Belə olmasaydı, bu qədər saf, səmimi olmazdınız... Bir sualı verim, sizə çox yaraşır, amma nə əcəb saçınızı boyamırsınız?

- Sizə bir sirr açım. Bu yaxınlarda avtobusda gedirdim. Bir yaşlı nənə mənə qayıtdı ki, siz sənət adamları saçınızı boyayırsınız, sən nə əcəb saçını boyamırsan? Dalınca da dedi ki, səni ağ saçlarda görəndən sonra Baladadaşa baxa bilmirəm, ürəyim ağrıyır. Mən başqalarının işinə qarışmıram, heç onlara pis də baxmıram. Hegel deyib ki, dəbə qarşı mübarizə aparmaq ağılsızlıqdır. Sadəcə, özümə cavabdehəm və belə saçlarla gəzmək mənə daha rahat və xoşdur.

- Bilirəm ki, Həcc ziyarətində də olmusunuz. Mənə çox maraqlıdır, həyatınızda iz buraxan elə səhvləriniz varmı ki, Allah qarşısında o səhvlərə görə bağışlanmağınızı diləyəsiniz və özünüzə deyəsiniz ki, gərək bu səhvlərə yol verməyəydim?…

- Çox olub.

- Həyatda ən böyük səhviniz nə olub?

- Bunu mən sənə desəm, olaram o saçlarını rəngləyənlərdən biri. Bunu mən bilirəm və bir də Allah. Allahla özüm aramda olanları özümlə də onun dərgahına aparacağam.

- Bəzən bu səhvlər, bu günahlar içinizə ağırlıq verirmi? Axı danışanda insan yüngülləşir…

- Elə içimizdə bizə əzab verən o səhvlərin, o günahların ağırlığının nəticəsidir ki, onları heç kimə danışa bilmirik və qocalırıq.

- Paylaşmağı xoşlayırsınız?

- Əslində, mən xarakter etibarı ilə çoxdanışan insanam. Bir hadisəni də danışım, gül. Deməli, mən arvadla təzə nişanlanan vaxtlarda rəfiqələri ona dedilər ki, bəs deyirdin, çoxdanışan adama ərə getmərəm. Amma Şamili seçdin, o da çox danışandır. Xanımım rəfiqələrinə demişdi ki, Şamil səhərdən axşama qədər danışa bilər, amma eyni zamanda da səhərdən-axşama qədər susa bilər. Bu, xanımımın mənə sevgisinin birinci və sonuncu izharı idi.

- Bəs sizin ona sevgi etirafınız nə vaxt olub?

- Çox vaxt deyirlər ki, aktyorun həyat yoldaşı olmaq çətindir, ay nə bilim, rollar mənim balalarımdır və s… Bu, bəzi adamların uydurmasıdır. Rol nəmənə şeydir ki, mənim balam olsun? Yaxud da aktyorun xanımı olmaq niyə çətin olmalıdır ki? Mən inanmıram ki, həyat yoldaşım bu çətinliyi yaşayıb.

- Yəni xanımınıza olan sevginiz həmişə təravətini saxlayıb?

- Ay qız, qoy oturmuşuq, evimə dava salmaq istəyirsən?..

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm