• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bakı sübhdən günbatanadək” - möhtəşəm layihənin təqdimatı oldu

“Bakı sübhdən günbatanadək” - möhtəşəm layihənin təqdimatı oldu

Nizami Kino Mərkəzində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanan “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.


Publika.az-ın məlumatına görə, təqdimat mərasimində Polşadan olan layihə müəllifləri və prodüserlər də iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov layihə barədə məlumat verib. Sektor müdiri “Dünya sübhdən günbatanadək” filminin Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihə olduğunu diqqətə çatdırıb.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib.


Qeyd edək ki, keçən il avqustun 21-dən sentyabrın 7-dək Bakıda layihənin master-klasları keçirilib. 25 gənc rejissorun qatıldığı bu ustad dərslərində iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. Tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Layihə çərçivəsində 18 qısa film çəkilib. Bu filmlər gənc rejissorların şəhər həyatından bir situasiya seçib, saatlarla çəkiliş apardığı materialdan müəllimlərin nəzarəti altında yaratdıqları 3-4 dəqiqəlik süjetdən ibarətdir. Bunun nəticəsində şəhərin canlı təsviri kimi 50 dəqiqəlik sənədli film meydana gəlib.


Beynəlxalq layihənin müəlliflərindən olan polşalı kino xadimi Maçyej Driqas Bakıya yenidən qayıtmağın onun üçün xoş olduğunu söyləyib. O, layihəni yüksək qiymətləndirərək, filmin 3 həftəlik master klasın nəticəsi olduğunu bildirib. Bu ustad dərslərində gənclərə dünyaya bir yaradıcı insan kimi baxmaq vərdişlərin aşılandığını deyən polşalı mütəxəssis gənc rejissorların Azərbaycan kinematoqrafiyasının gələcəyi olduğunu bildirib.


O, layihədə əməyi olan hər kəsə minnətdarlığını bildirib.


“Azanfilm” kinostudiyasının direktoru, layihənin Azərbaycan üzrə əlaqələndiricisi Fariz Əhmədov da layihə barədə danışıb: “Hər şəhərdə “Polşa Sənədli Film Məktəbi”nin filmlərinin təqdimatı, maarifləndirici kino seminarları, filmlərin ekranlaşdırılması nəzərdə tutulub”.


Rejissor layihənin bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, İrəvan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) reallaşdırıldığını diqqətə çatdırıb.


Layihə nəticəsində Bakının canlı təsvirini yaratmağa nail olduqlarını söyləyən F.Əhmədov layihənin ikinci hissəsinin planlaşdırıldığını qeyd edib.


Sonra layihədə iştirak edən gənc rejissorlar səhnəyə dəvət olunublar.


Daha sonra “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi təqdim edilib.


Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR