• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qaydanı pozub” ilk dəfə bizə danışan Arif Babayev: “Arvad sarıdan bəxtim gətirib” – FOTOLAR

“Qaydanı pozub” ilk dəfə bizə danışan Arif Babayev: “Arvad sarıdan bəxtim gətirib” – FOTOLAR

Bu gün xalq artisti, ustad xanəndə Arif Babayevin doğum günüdür.

Ustadın yetirmələri Nəzakət Teymurova, Aygün Bayramova, Firuz Səxavət, Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Cabir Abdullayev və başqaları sənətkarı ad günündə musiqili hədiyyələrlə təbrik ediblər.

Elə biz də onu təbrik etdik, doğum günündə təəssüratlarını bölüşdük. Publika.az-a müsahibə verən sənətkar özü haqqında danışmağı sevmədiyini bildirdi. Arif Babayev sözünü musiqiləri, muğamlarımızla deyən sənətkarlardan olub. O, özünü də həmişə musiqi ilə ifadə edib. Dediyinə görə, bu dəfə qaydanı pozdu, oxumaq əvəzinə danışdı…

Sənətkar söhbətin sonunda zarafatından da qalmadı: “Məni yaman yordun ha! Heç bu qədər özümdən danışmamışdım!”.

Elə fotomüxbirimiz də şəkil çəkdirmək üçün onu asanlıqla yola gətirə bilmədi. Şəkil çəkdirməkdən boyun qaçırmaq istəyən Arif Babayev fotokameramıza candərdi poza verdi.

- Ad gününüzdür, necəsiniz, hansı əhvali-ruhiyyədəsiniz?

- Tələbələrim ad günümdə mənə rəngarəng bir konsert proqramı hədiyyə etdilər. Bu gün Beynəlxalq Muğam Mərkəzinə gələnlər də mənim adımı tutub gəlib. Bundan böyük xoşbəxtlik ola bilərmi? Sevincimdən gözüm dolur, həm sevənlərim başıma yığışıb, həm də tələbələrim mənim adımı göylərə qaldırıblar. Müəllim üçün onun yetirmələri həm də gələcək deməkdir. Ümidimiz gənclərədir, bu gün mən varam, amma sabah olmayacağam, məni yetirmələrim əvəz edəcək.

- Fikir veririk, hər zaman tələbələrinizə qayğı, diqqət göstərmisiniz, onlara yaşıl işıq yandırmısınız. Amma bu, hər ustadın da işi deyil. Bəzən tələbəsini qısqanan müəllimlər də olur axı...

- Yox, yox, mən hər zaman tələbələrimlə birgə addımlamışam, onlara diqqət ayırmışam. Onlara yalnız tələbəm kimi baxmamışam, gələcəyin ustad xanəndəsi kimi nəzər yetirmişəm. Mən bilirəm ki, sabah Arif Babayev olmayanda onun sənətini, muğamatı bu cavan xanəndələr yaşadacaq. Mən tələbələrimlə fəxr edirəm.

- Ad gününüzdə ilk hədiyyənizi kimdən aldınız?

- Yenə də tələbələrimdən. Bu gün onlar başıma yığışıb, məni musiqi ilə təbrik edirlərsə, bundan gözəl hədiyyə nə ola bilər? Başıma bu qədər insanlar yığışıb, hamısı məni təbrikə gəlib, sağ olsunlar, məni yaşadan da bu sevgidir.

- Heç 77 yaşı sizə yaraşdıra da bilmirəm. Sizi belə cavan saxlayan nədir?

- Doğrudan deyirsiniz? Vallah mən hiss eləmirəm ki, belə cavan qalmışam. Yəqin, sizin gözünüzdə cavanam.

- Xalqın gözündə həmişəcavan sənətkarsınız…

- Madam ki, belədir, qoyun sirrini açım də… Mən qayda qoymuşam, belə məsələlərlə bağlı danışmayım. Amma qaydanı pozub, bunu ilk dəfə sizə deyirəm. Həmişə evimdə xanımımla sülh şəraitində yaşamışıq. Evimdə həmişə mehriban dolanmışıq. Hələ bir dəfə də olsun xanımımdan dığ-dığ eşitməmişəm. Evdə deyingənlik, dava-şava olanda kişi də tez qocalır, arvad da. Az tapmışıq, az yemişik, çox tapmışıq, çox yemişik. Elə indi də beləyik. Az tapırıq deyəndə ki, şükür Allaha, hər şeyimiz var.

- Yəqin, ailədə əvvəl gündən öz hökmünüzü göstərmisiniz ki, xanımınız da o qayda-qanuna əməl etməli olub?

- Qətiyyən. Heç vaxt bizim evdə hökm, sərt söz olmayıb. Hər kəs öz işini bilib. Heç xanımıma da nəyisə başa salmamışam ki, ay belə ol, mən belə qayda qoyuram və sair. Yox, taleyimə beləsi çıxıb ki, qanan insan olub. Arvad sarıdan bəxtim gətirib. Həmişə ər-arvad bir-birimizə hörmət etmişik. Qarşılıqlı hörmət ailəmizi uzunömürlü edib. Bütün cavanlara məsləhət görərdim ki, bir-birlərinin qədrini bilsinlər.

- Arif müəllim bəzi adamlar var, onun üçün əhəmiyyəti yoxdur, yaşı 25 olsun, 50 olsun, ya 70… Əsas olan ömrünü necə yaşamasıdır. Sizin üçün yaş məsələsində rəqəmlərin əhəmiyyəti varmı?

- Mən hər zaman bu yaş məsələsinə həyatın qanunu kimi baxmışam. Zaman öz sözünü deyir, yaş özünü göstərir. Həyatın qanunu belədir. Biri qocalır, biri cavanlığını yaşayır, digər uşaqlığını. Biri həyatdan gedəcək, başqa biri həyata qədəm qoyacaq. Əsas odur ki, hər yaşı yaşayasan. Mən bu yaşıma görə də Allahıma şükür edirəm.

- Elə bir adam varmı ki, ad gününüzdə gözünüzü yolda qoysun?

- Yox, məni nigaran qoyan insan yoxdur. Qəriblikdə qalan elə bir adamım yoxdur, əzizlərimin hamısı yanımdadır. Bir nigarançılığım var, o da doğulduğum, mənə əziz olan Qarabağımdır. Hər dəfə ad günümdə dünyaya göz açdığım Qarabağı düşünürəm və fikirləşirəm ki, gör neçə illərdir doğma elimdən-obamdan ayrıyam. Ad günümü orda da qeyd edə bilərdim. Amma bu inam içimdə həmişə olub. Bir dəfə də olsa, kaş ki ad günümü Qarabağımda qeyd edəydim, onda dərdim olmazdı. Elə mənə Allahın ən böyük hədiyyəsi də bu olardı.

- Arif müəllim bir sevilən sənətkar kimi uğurun açarını nədə görürsünüz?

- İşləməkdə, çalışıb-vuruşmaqda və əziyyətin bəhrəsini dadmaqda. Bir də uğur qazanmaq istəyirsənsə, xalqın hörmətini qazanmalısan. Çünki mənim aləmimdə xalqın hörmətindən böyük var-dövlət yoxdur. Əgər mən bunu qazanmışamsa, deməli, çox böyük sərvət, mal-dövlət sahibiyəm.

- Hər zaman sənətinizlə şəxsiyyətiniz tən gəlib. Haqqınızda heç kəs mənfi fikir söyləməyib, ağayanalığınızı həmişə qorumusunuz… Təəsüf ki, bunu bütün xanəndələrə şamil etmək olmaz. Buna necə nail olmusunuz?

- Heç vaxt yalan danışmamışam, pis işlərlə məşğul olmamışam, adam aldatmamışam, namərd olmamışam, kiməsə badalaq vurmamışam, evini yıxmamışam… Xalq da hər şeyi görür axı, xalqı aldatmaq çətin məsələdir.

- İndiyə qədər sizə yaxşılıqlar çox olub, yoxsa pisliklər? Tərəziyə qoysaq, hansı ağır gələr?

- Balanslaşdırmışam. Bilirsiniz necə? Mənə pislik edən insanlara da yaxşılıq edirəm. Bu yaxşılığın qabağında o da mənə yaxşılığını əsirgəməyib.

- Ömrünüzü rənglərə bölsək, əlvan rənglər çox olub, yoxsa, boz-qara?

- Əlvan olub. Əlvan nə rəngdə olur?

- Rəngarəng…

- Hə, elə ondan olub (gülür). Boz həyat mənlik olmayıb. Həyatımı gözəl yaşamışam.

- Ad gününüzdə Allahdan özünüzə nə arzulayırsınız?

- Ölkəmizdə əmin-amanlıq olsun, müharibədən uzaq olaq, sağ-salamat yaşayaq, Qarabağımızı görək. Arif Babayevin arzuları ancaq Qarabağla bağlı ola bilər.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR