Mənsum İbrahimov: “Prezidentlər rəsmi görüşdə...”
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimov: “Prezidentlər rəsmi görüşdə...”

Kult.az Xalq artisti Mənsum İbrahimovla müsahibəni təqdim edir.

– Fevralın 8-də nümayiş olunan “Leyli və Məcnun” operasında tərəf-müqabiliniz Gülyanaq Məmmədova oldu. Gülyanaq xanım ilk dəfə idi ki, “Leyli” rolunda çıxış edirdi. Biz kənardan tamaşaçı gözü ilə baxıb “bəh-bəh” dedik. Siz sənətkar gözü ilə baxıb hansı qüsurları deyə bilərsiniz? Gülyanaq xanım rolunun öhdəsindən tamamilə gələ bildimi?

– Hazırlıq prosesi uzun çəkdi. Birinci növbədə, Gülyanaq xanımın kriteriyaları – boy-buxunu, görünüşü Leyliyə uyğun idi. Təkcə ifaçılıqdan getmir söhbət, burda həm də komplekssizlik, aktyorluq qabiliyyəti də olmalıdır. Hələ rolunu oynamamışdan tamaşaçı onu Leyli kimi qəbul etməlidir. Təbii ki, səsi də yaxşıdır, ifaçı kimi özünü təsdiq etmiş bir sənətkardır, Xalq artistidir. Leylini oynamaq çox çətin bir prosesdir, obrazı yaşamaq lazımdır. Desəm ki, birinci tamaşa üçün hər şey ideal idi, yalan olar. Bu, elə bir əsərdir ki, tamaşadan tamaşaya püxtələşirsən. Amma bu insan həmin obrazı o qədər içində gəzdirmişdi, həsrətini çəkmişdi ki...

Mənə təklif olundu, mən də razılığımı verdim. Çünki onun xətrini çox istəyirəm. Birinci Leylim onun bacısı Gülyaz Məmmədova olub, səkkizinci Leyli də özü oldu. Biz onunla həm oxuma prosesində, həm səhnədə işlədik – Hafiz müəllimlə bir yerdə. Çox yaxşı xasiyyəti var, ona görə ki, nə deyirsən, onu qəbul eləyir. Məsələn, sənətkar var ki, elə bilir, bunun bildiyi hər şey əladı. Amma bu, özü istəyirdi ki, nə çatır-çatmır, bilsin. Təbii ki, ona işin yaxşı alınmasına görə lazım olan şeylər deyilirdi. Nəticədə səhnəmizə yeni bir Leyli gəldi. Mən ilk dəfə Məcnun kimi səhnəyə çıxanda hamı məni təriflədi, sevincimin həddi-hüdudu yox idi. Amma indi o diski gizlədirəm ki, heç kim görməsin. Niyə? Əslində, hər şey qaydasında idi – coğrafiya, gəzmək, geyim, oxumaq, sadəcə, obrazı, elə bil, əzbərləyib oxumuşdum, yaşamırdım. Sonradan dərk elədim ki, birinci tamaşamı yaxşı oynamamışam. Görkəmli alimimiz Azadcan Mirzəcanzadə operanı çox sevirdi, tez-tez tamaşalarımıza baxmağa gəlirdi. O, müsahibəsində demişdi ki, “Mən, elə bil, səhnədə Sarabskini gördüm”. Sonra mən onunla görüşdüm. Dedim, “Azad müəllim, siz mənim haqqımda çox böyük söz demisiniz, mən hara, Sarabski hara?” Dedi, “Sənin çatışmayan cəhətlərinin olması təbiidir. Mən səni bütün çatışmayan cəhətlərinlə bərabər Məcnun kimi qəbul elədim”. Əsas meyar tamaşaçıdır. Tamaşaçı Məcnunu, Leylini ya qəbul eləyir, ya da eləmir. Ola bilsin, sən lap əla oxuyasan, amma tamaşaçı səni qəbul eləməsin. Faktor tamaşaçıdır. Ona görə də mən həmişə deyirəm – Gülyanağa da demişəm ki, ola bilər ki, sən hazır olasan, amma tamaşaçının səni qəbul edib-etməməsi var. Tamaşaçı onu qəbul elədi. Çox zəhmətkeş qızdı. Çox çalışdı, rejissor Hafiz müəllimin dediklərinə əməl elədi. Mən də tərəf-müqabili kimi ona dəstək oldum. Tərəf müqabilindən çox şey asılıdır. Mən özüm üçün oynasaydım, o, ortada qalardı. Mən ona bir an boş qalmağa imkan vermədim. Fikri yayınmağa heç vaxtı olmadı. Hara baxsa, mən onun yanında idim.

Bəs elə Leyli olubmu ki, səhnədə onu nəzərə almadan, xilas etməyi düşünmədən özünüz üçün oynamısınız?

– Olub elə şey. Desəm ki, 100 faiz hamısı əladır, o da düzgün olmaz. Bir də görürsən, birinin səsi qaydasında olmur, tamaşa vaxtı təyin olunur, amma bu, həmin vaxt xəstələnir, ya ovqatı olmur, insandır da. Amma biz – leylilər, məcnunlar həmişə çalışırıq ki, tamaşa yaxşı alınsın, bu da Üzeyir bəyə olan sevgidəndir. Mən bu əsəri o qədər ideallaşdırmışam ki, gecə saat 3-də də oyansam, oynayaram. Hətta elə olub ki, 39 dərəcə qızdırma ilə bu tamaşanı oynamışam, heç kimin xəbəri olmayıb. Sifətim qırmızı olduğuna görə elə biliblər ki, qrimim çox olub. Çünki mənim bu əsərə o qədər məhəbbətim var ki, o obraza girəndə başqa heç kimi görmürəm. Amma tamaşadan sonra bütün həyəcanım keçib getdi.

Tamaşaların çoxunda Nəzakət xanım Teymurova ilə oxumuşam. Axırıncı 127-ci tamaşam idi, bunun 80 faizini Nəzakət xanım ilə oynamışam. Yeganə əsərdir ki, hər dəfə neçənci dəfə oynandığını qeyd edirəm. YUNESKO-nun səhnəsində, Qətərdə – Dohada, İstanbulda, Tacikistanda, Almaniyada – hamısında onunla oynamışam.

– Muğamı modern formada, məsələn, başqa musiqi janrları ilə sintez şəklində-filan oxumusunuz və ya belə bir fikriniz var?

– Bunu vaxtilə Üzeyir bəy “Leyli Məcnun”da eləyib – Avropa musiqisi ilə muğamı sintez eləyib, bir opera yaradıb. Ondan sonra Vaqif Mustafazadə bunu elədi. Bizim böyük bəstəkarlarımızdan olan Fikrət Əmirov “Şur” simfonik muğamını, Niyazi “Rast”ı, Vasif Adıgözəlov “Segah”ı, “Qarabağ şikəstəsi”ni, Süleyman Ələsgərov “Bayatı Şiraz”ı yazdı. Bunlar hamısı sintezdi. Bizim 2007-ci ildən başlayan “simfomuğam” layihəmiz var. Həmin o simfonik muğamları xarici ölkələrin simfonik orkestrlərinin müşayiəti ilə oxuyuruq. Bu, çox gözəl, qürurverici bir hadisədir. Sentyabr ayında İtaliyanın Verona şəhərində “Arena di Verona” deyilən böyük – 12000 nəfərlik, antik bir zalda Roma simfonik orkestrinin müşayiəti ilə böyük bir konsert verdik. Doqquz min tamaşaçı var idi zalda. Orda məşhur italyan müğənni Albano Karizi də bizlə çıxış elədi. Sonda biz Aygün xanım Bayramova ilə “Qarabağ şikəstəsi”ni oxuduq, bütün zal ayaq üstdə bizi dinlədi. Son vaxtlar professor Səyavuş Kərimi bu işlərlə məşğul olur. Latın Amerikası musiqiçiləri ilə layihə var, orda mən də iştirak eləmişəm. O, bizim xalq mahnılarımızı professional şəkildə sintez eləyir, biz də oxuyuruq. Muğam hər ifaçının səsi ilə, nəfəsi ilə inkişaf eləyir. Şükür ki, bu gün muğamımıza dünyada böyük diqqət və qayğı var. 2005-ci ildən bəri keçirilən muğam müsabiqələrinin, beynəlxalq muğam festivallarının bu işdə böyük rolu var. Bakı artıq ev sahibliyi eləyir. Dünyanın dörd tərəfindən gəlib burda yarışırlar.

Sizcə, maraqlı yaşayırsınız? Hər gün standart şeyləri etməkdən yorulmursunuz, bezmirsiniz? Konservatoriyada, Asəf Zeynallı adına musiqi kollecində dərs demək, tədbirlər, çəkilişlər, ev...

– Düzdü, düzdü. İnsan öz sevdiyi işlə məşğul olursa, yorulur, amma bezmir, çünki ondan zövq alır. Mən bir şeyi də deyim ki, mən təkcə musiqinin bir janrı ilə məşğul olmuram. Opera janrı, muğam ifaçılığı ilə məşğul olur, müəllimlik edirəm. Və eyni zamanda ictimai həyatdakı rolum var, məsələn, verilişlərdə münsifəm. Muğam müsabiqələrində gəncləri seçirəm, onlara dəstək oluram. Sonra qastrol səfərlərim olur. Mənə vaxt çatmır. Bəzən biri deyəndə ki, darıxıram, mənə təəccüblü gəlir. Necə ola bilər ki, insan saat 1-ə, 2-yə kimi yatsın? O vaxta qədər mən işlərimin çoxunu görmüş oluram. Gecə saat 2-də də yatsam, səhər saat 7-də ayaq üstdə oluram.

– Gənclik vaxtlarınızdan belə olmusunuz, yoxsa sonradan?

– Uşaq vaxtımdan. Adətdir məndə – yatmağı sevmirəm. İnsanın ömrü o qədər qısadır ki, bir ömür çatmır öz arzularını həyata keçirsin. Təbii ki, arzuların hamısını həyata keçirməyə heç vaxt zaman çatmır – arzudan arzu doğur. Əgər mən ifaçıyamsa, ən yaxşı ifamı göstərməliyəm, müəlliməmsə, mənim tələbələrim ən yaxşı ifaçılar olmalıdır, olurlar da. Onlar bir çox beynəlxalq müsabiqələrin laureatlarıdır. Mən girişdiyim işə “adım olsun deyə” yanaşmıram, mən işimə canımı qoyuram. Sevirəm mən bu işi. Öz yerimdən, işimdən razıyam. Mənim işim monoton deyil.

– Öz sahənizdə maksimum uğura nail olmusunuz. Professor elmi dərəcəsini də aldınız. Heç olur ki, arzularınıza əliniz çatandan sonra bezəsiniz? Bundan sonra nə gözləyirsiniz ki?

– Yox, bezmirəm, bilirsiniz niyə? Çünki “ad” üçün çalışmamışam. Elə olsaydı, çoxdan dayanmışdım. Mən bu yaşımda hər şeyi almışam. Başqalarının 60-70 yaşında aldıqlarının hamısını almışam. Təbii ki, bunları da elə-belə yox, zəhmətimin, uzun zülmlərin, əziyyətlərin hesabına almışam. Mənim beynimdə sənətimlə bağlı o qədər layihələrim, arzularım var ki, fikirləşirəm ki, bunların, heç olmasa, 1/3-ni həyata keçirə biləcəyəm?! Mən sənətimi sevirəm. Təbii ki, mənə xoşdur o fəxri adlar, çünki zəhmətimin nəticəsidir, amma mən bunun üçün çalışmamışam. Bunun üçün çalışsam, artıq dayanardım, gedib oturardım evdə ki, mən işimi görüb qurtarmışam, bizneslə məşğul olardım. Bu il mənim may ayına qədər üç səfərim var – beynəlxalq səviyyəli festivallar, mədəniyyət günləridir. Albomum yarımçıq qalıb, mahnıların yarısını yazmışam, yarısı qalıb. Biz arxivdən mahnıları çıxarıb bir az “müasirləşdiririk” deməzdim, onlara yeni nəfəs veririk – indiki gənclik də bunu çox gözəl qarşılayır.

– Gənclik demişkən, muğamın gənclər arasında dinləyiciləri azdır. Əvvəlki illərə baxanda dəyişiklik var? Gənclərin əksəriyyətinin muğam dinləməməsinə səbəb nədir, sizcə?

– Mən sizə deyim ki, 15-20 il bundan əvvəlkinə nisbətən indi çox yaxşıdır. Keçirilən muğam müsabiqələri, festivallar çox böyük iş gördü. Çünki bu musiqi onun qanında-canındadır, genindən gəlir, atasının-babasının musiqisidir, biz onu kənardan gətirməmişik, sadəcə, onu oyadırıq. Azərbaycan muğamı Azərbaycan xalqının keçdiyi tarixi özündə əks elətdirir – adət-ənənəsini, xarakterini özündə birləşdirir. Hər bir muğamın öz xarakteri var. Muğama qulaq asanda, elə bil, nurani bir insan bir nağıl, rəvayət danışır.

– Kökü gedib farslara dirənmir?

– Xeyr, xeyr. Muğam bizim özümüzünküdür. Onun yaranışı Adəmlə Həvvanın – insanın yaranışına gedib çıxır. Bu, bəşəri bir musiqidir. Mən sizə bir misal deyim: Biz Latviyada konsert verirdik. Latviyanın prezidenti də iştirak edirdi. Mən orda saat yarım oxudum. Sonra prezident bizi qəbul elədi. Soruşdu ki, “axırıncı oxuduğun nə idi?” Dedim, “Qarabağ şikəstəsi” (mən bütün tədbirlərin sonunda ənənəvi olaraq, “Qarabağ şikəstəsi”ni oxuyuram). Dedi, “mən onun sözlərini başa düşmədim, amma mənə elə gəldi ki, bu, səma musiqisidir, kosmik musiqidir”. Azərbaycanın muğamları, doğrudan, fəza musiqisidir. Ona görə bütün dünya sevir muğamı. Musiqinin dili yoxdur. Əgər təbiidirsə və ifaçı professionaldırsa, hamı qəbul eləyəcək. Sonra bizlə şəkillər çəkdirdilər. Səhəri gün səfir bizə dedi ki, “ondan bir gün sonra Özbəkistanın prezidenti ora rəsmi səfərə gəlib. Rəsmi görüşdə belə Latviyanın prezidenti ona bizim konsertdən danışıb”. Özbəkistan prezidenti də deyib ki, “kaş mən də orda olaydım, dinləyəydim. Mən də Azərbaycan muğamını çox sevirəm”. Budur bizim musiqimizin gücü. İkinci bir faktı deyim. Biz üç-dörd il bundan qabaq Danimarkada – Kopenhagendə “Womex The World Music Exno” festivalında iştirak etdik. 30 ölkə qatılmışdı. Bu, eyni zamanda, sərgi idi. Dünyanın bütün aparıcı kanalları hamısı orda iştirak edirdi. Bizə 45 dəqiqə vaxt vermişdilər. Emin Musəvi orda bizi təqdim elədi – beş dəqiqə ingilis dilində Azərbaycan, Qarabağ, muğamımız və bizim qrup haqda məlumat verdi və biz də çıxışımızı elədik. Bizim diasporumuzun hardasa 50-60 üzvü kiçik Azərbaycan bayraqları ilə bizi dəstəkləməyə gəlmişdilər. Orta yaşlı danimarkalı bir jurnalist səhnəyə çıxdı, bayrağın birini aldı, yuxarı qaldırdı, mikrofonu götürüb dedi ki, “mən belə musiqisi olan xalqın qarşısında baş əyirəm”. Qürur hissi keçirdik, gözlərimiz doldu ki, “Bizim musiqimizin gücü budur”. Belə şeylərin şahidi olanda adamın öz vətəninə, millətinə sevgisi daha da artır. Azərbaycan çox az yerlərdəndir ki, mədəniyyəti dövlətçiliyindən çox qədimdir. Məsələn, Amerikada elə deyil. Biz unikal xalqıq. Sovet vaxtında imkan verməyiblər ki, biz öz tariximizi bilək. Onların imkan verdiyi qədər, yəni bir epizod kimi keçmişik.

– Ancaq ziyan vurub Sovetlər bizə?

– Yox, deməzdim, təkcə ziyan vurub. Sadəcə, müəyyən şeylər var ki, çox ziyanını çəkmişik. Təhsildə, mədəniyyətdə isə uğurlarımız çox olub.

– Məhz elə təhsilin, mədəniyyətin inkişafına görə o quruluşun dağılmamasının tərəfdarı olmaq olar.

– Bir şeyə basqı olanda o şeyi qoruyub saxlayırsan. Məsələn, Novruz bayramını keçirməyə imkan vermirdilər, amma xalq öz arasında keçirirdi – öz mədəniyyətini, dilini, ənənəsini, milli paltarını, muğamını qoruyub saxlayırdı.

– Bax deyirsiniz ki, sadə adamam, heç kimlə işim yoxdu, hamı ilə yola getməyə çalışıram, sənətimlə məşğulam və s. Bir adam hamı ilə necə yola gedə bilər?

– Mən iddiasız adamam, heç kimlə işim yoxdur. Vaxtım da yoxdur, kiminsə söhbətini eləyim, təftiş eləyim, kiminsə həyatından, sənətindən danışım. Bu şeylərdən uzağam. Özüm gücüm çatan işləri bacardığım qədər görürəm. Bu, elə bir sahədir ki, burda iddialılar, rəqiblər çoxdur. Biri uğur qazanmayanda fikirləşir ki, “bəlkə də, sən bu yerdə olmasan, mən həmin yerdə olardım” və s. Amma başa düşmür ki, belə deyil. Hər kəsin öz yeri var. Uğur qazanmaq üçün çox çalışmalısan. Əlbəttə, təkcə çalışmaq məsələsi də deyil, sənin qəbul olunub-olunmamaq məsələn var. Sənətin, mədəniyyətin, dünyagörüşün, savadın olmalıdır. Bəzi adamlar elə bilir ki, bu, yaşla əlaqədardır. Yaşlısansa, hər yerdə gedib otura bilərsən. Amma belə deyil. İnsanın intellektual səviyyəsi və ədalət prinsipi olmalıdır. Mən necə yola gedirəm? O deyinənlərə gülüb, üzümü çevirib çıxıb gedirəm. Heç fikir də vermirəm. Həmin o deyingən adamların iddiaları imkanlarından çox yüksəkdir. Tələbələrimə də həmişə deyirəm ki, “kimsə sizin haqqınızda nəsə desə, cavab verməyin, sizin cavabınız ifanızdır. Onlardan danışmaq, sizdən ifa qalacaq”. Onların işi çayxanada oturub qeybət eləməkdi – əllərindən gələn budur. Mənim isə vaxtım yoxdur elələrinə baş qoşmağa. İnsanın paxıl və ya ürəyiaçıq olmağı anadangəlmə bir xarakterdir. Mənim elə insanlara yazığım gəlir. Bu, xəstəlikdir. Paxıl insan öz övladına da, dostuna da paxıllıq edir. Çünki içində eqo var. Məsələn, birinin uğurunu görür, gecə səhərə qədər yata bilmir, biri təzə maşın alır, bunu ürəyinə salır. Başa düşmür ki, allah hərəyə özünə görə ruzi verir. İnsanın gözünün-könlünün tox olması çox böyük xoşbəxtlikdir. Peyğəmbərimizin sözüdür: “Öz nəfsinə qalib gəlmək insanın ən böyük qələbəsidir”. Meydanda olan insanlar haqda danışacaqlar da, qeybət də edəcəklər, bu, normal bir şeydir. Əgər istəmirsənsə, sənin haqqında kimsə danışsın, onda get bir dağın başında – kənddə otur, səni heç kim görməsin. Əgər sən meydana çıxmısansa, sənin haqqında söhbət olacaq. Lap sizin sənətinizdə – jurnalistikada da belədir. Biri səni bəyənəcək, biri bəyənməyəcək, bu, təbii şeydir. Sənin haqqında danışırlarsa, deməli, sən varsan. Əksinə, buna sevinmək lazımdır. Onda pis olmaq olar ki, səni heç kim görməyə.

– Qadınlardan “ehtiyat etməyinizə” səbəb nədir? Yaratdığınız ciddi imicin korlanmasından qorxursunuz? Yoxsa bütün müsahibələrinizdə dediyiniz kimi bircə Leyliniz var – həyat yoldaşınız, ona sadiqsiniz?

– Bu, mənim xarakterimdir. Hər insanın başqaları ilə arasında məsafə mütləq olmalıdır. Mən həmişə demişəm ki, yaradanımızın yaratdığı yaxşı nə varsa, mən onun Məcnunuyam. Bunlara daxildir: təbiət, vətən, valideyn, övlad, dövlət, sənət, ailə, dostlar və s. Mən onların hamısına qarşı sadiqəm. Dəyişkən insanları sevmirəm. Yaşasam, 20 ildən sonra da belə olacağam. Xarakterimdə dəyişkənlik yoxdur. Bir adamı çox istədimsə, istədim...

– Bu sualı Fəxrəddin Manafova da vermişdim, bir kişi bir qadını 20-30 il və daha uzun illər necə eyni templə sevə bilər? Bəlkə, bu hissin adı başqa şeydir?

– Mən başqasını deyə bilmərəm, Nigar xanım. Öz yaşadığım hissləri bilirəm. Bu, belədir. Hər insanın formalaşmış xarakteri, hər şeyə qarşı bir münasibəti var. Mənim bir saat vaxtım olanda evdən bayıra çıxmıram. Adam var, gedir dostları ilə yeyib içməyə, mən heç yerə getmirəm. Mənim üçün ən rahat məkan öz ailəmin, övladlarımın yanıdır. Qazandığım hər şeyə sadiqəm – dövlətimə, vətənimə, torpağıma. Torpağımdan ötrü ürəyim gedir. Qarabağa tədbirə gedəndə, insanam da arada olub ki, səsimdə problem yaranıb, amma Yevlaxın körpüsünü keçən kimi səsim açılır. O qədər həsrətlə gedirəm ki ora, o torpaq mənə güc verir. Sadiq olmaqdan zövq alıram. Ailədəki münasibət necə yalnız hörmətə çevrilə bilər ki? Sənin ondan övladların var. Neçə tərəfli bağla bağlanırsan.

– Hər övladı olan valideynlər arasında sevgi olmur axı. Bu, güclü bağ deyil.

– Mən hər hansı valideyndən danışmıram.

– Hansısa bir işə başlayanda məqsədli şəkildə başlayırsınız, yoxsa ovqat adamısınız?

– Mən işimi görəndə məqsədli şəkildə, mükəmməl şəkildə görürəm. Operaya gələndə özümə söz vermişdim ki, “mən burda ən yaxşı “Məcnun”lardan biri olacağam”. Mənim iddiam yaxşı mənadadır. Məsələn, beş nəfər dayanır, biri deyir ki, “mən bunların hamısından yaxşıyam”. “Mən” sözünü heç vaxt demərəm. Tələbələrimə də demişəm ki, o sözü işlətməsinlər. Qoy sənə qiyməti xalq, sənətkarlar versin. Ağıl hər şeydən üstündür. Mənim bu il 55 yaşım olacaq. Müdrikliyə doğru gedən vaxtımdır. İnsanın ağlı varsa, yaşı artdıqca müdrikləşir, xarakteri təkmilləşir. İnsan ömrünün istənilən anında hansısa zəif cəhətini düzəldə bilər. Buna iradə lazımdır. Amma əlbəttə, mən musiqi adamıyam, ovqatım, hissiyyatım başqasınınkından beş dəfə çoxdur. Sadəcə, mən onu şüurlu şəkildə idarə edirəm. Tutaq ki, mənim bir həftədən sonra tamaşamdı, gedim özümü soyuğa verim, səsim batsın, gəlim deyim ki, “ay camaat, mən xəstəyəm?” Camaatın nəyinə lazımdır mənim xəstə olmağım? Gör nə qədər məsuliyyətsiz adam olasan ki, camaata bu qədər hörmətsizlik edəsən. Tamaşaçı gəlib tamaşaya baxmağa, olmasan, üzünü döndərib çıxıb gedəcək. Özü də indiki tamaşaçı əvvəlki tamaşaçı deyil, zorla saxlamaq da olmaz. Ağılla hərəkət etmək lazımdır.

– “Muğam” sözü ərəb sözüdür...

– Çünki məkanımız bir olub, sərhədlər olmayıb. Ünsiyyət dilimiz daha çox fars dili olub. Məsələn, Nizami niyə farsca yazıb? O demək deyil ki, farsın şairidir.

– Bu məsələ hələ də mübahisəlidir.

– Bəli. Bəyəm, Füzuli ərəbdir? Təmiz türkdür, təmiz azərbaycanlıdır.

– Axı Füzuli yenə türkcə də yazıb, Nizami isə ancaq farsca...

– Başa düşürəm, Füzulinin qəzəlləri başa düşülür ki? Füzulişünaslar açır mənalarını. Bunlar tədqiq olunmalıdır. Çoxu da İranda arxivlərdədir. Çox məqamın araşdırılmağa ehtiyacı var.

– Onu deyəcəkdim ki, muğamın ərəbcədən mənası “dayanacaq” deməkdir. Sizin son dayanacaq nöqtəniz haradır?

– ... Vətən... Qarabağ... Mən bir dəfə də demişdim ki, mən Qarabağın Məcnunuyam.

Dərdimin dərd yeri Qarabağdadır,

Dərdimin sərt yeri Qarabağdadır.

Bu gün Qarabağ bu millətin problemidir. Biz bu problemi həll etməsək, gələcəkdə başımıza daha böyük işlər gələ bilər. Vaxtilə Zəngəzuru, İrəvanı, Dərbəndi itirmişik, bu gün də Qarabağı. Qarabağsız Azərbaycanın gələcəyi yoxdur. Qarabağ adi bir torpaq deyil, görün kimləri yetişdirib? Azərbaycanın korifeylərini.

– Şimal-şərq bölgəmiz deyir, muğamın məktəbi bizdədir.

– Mən heç vaxt Azərbaycanı bölmürəm. Azərbaycanın bir klassik muğam məktəbi var.

– Azərbaycanda muğama aid elmi-nəzəri monoqrafiya, dərslik yazan müəllif var?

– Mənim dörd-beş elmi məqaləm var.

Kitab halında çıxmayıb?

– Hələ yazıram, kitab halında, inşallah, gələcəkdə çıxar.

– Elədiyiniz yaxşılığın cəza aldığı vaxtlar olub? Məsələn, tələbələrinizə ata qayğısı ilə yanaşırsınız və əvəzində, əksini görürsünüz.

– Heç o haqda düşünmürəm də. Çünki yaxşılığı təmənnalı eləmirəm. Bir də görürsən, bir tələbəm deyir ki, “müəllim, filan vaxt siz mənə bunu elədiniz”, deyirəm, yadımda deyil. Doğrudan, yadımda qalmır. Mən elədiyim yaxşılığı birinci özüm üçün edirəm – bundan zövq alıram, ikinci Allahım üçün. O gənclərdən, yetirmələrimdən də hələ ki, razıyam. Onların bilib-bilməməsindən də çəkinəcəyim yoxdur, “xalıq bilir”. Tələbələrim bütün dərdlərini valideynlərindən çox mənimlə məsləhətləşirlər. Mən onların danışıqlarına, oturuşlarına – hər şeylərinə nəzarət edirəm. Çünki mən ifaçı yetişdirirəm, istəyirəm ki, onlar mükəmməl olsunlar. Bir də görürsən, deyirlər, bu, özünü reklam üçün belə edir. Qoy desinlər. Sən də elə “reklam üçün” iki-üç adama da kömək et.

– Tamaşaçılar arasında sonradan münasibətlərinizin doğmalaşdığı, dostluğa çevrildiyi adamlar olub, yoxsa tamaşaçı ilə də müəyyən bir sərhəd saxlayırsınız?

– Mənim insanlarla çox rahat, səmimi münasibətim var. Bir də görürsən, küçədə bir uşaq saxlayır ki, şəkil çəkdirmək istəyirəm, deyirəm, çəkdir. Heç kimin xətrinə dəymirəm. Amma əlbəttə ki, bütün bu səmimiyyətin içində bir məsafə də var.

– Dostunuz var?

– Əlbəttə, dostsuz insan yaşaya bilməz ki.

– Yaşayanlar var.

– Yaşayar e, mən ona yaşamaq demərəm. Hər kəsin içindəkiləri bölüşəcəyi bir insan olmalıdır. İnsan öz-özünə nə qədər danışa bilər? Dostsuz mümkün deyil.

– Evdə zümzümə eləyəndə ən çox hansı mahnı yadınıza düşür?

– Ovqatıma baxır. Hər dəfə eyni mahnı olmur. Bir də görürsən, maşında gedə-gedə hansısa bir mahnını oxumağa başladım. Mən heç vaxt bir mahnını əzbərləyib oxumamışam. O mahnını içimdə bir müddət gəzdirirəm, “hazır olanda” oxuyuram. İfaçı ilə tamaşaçının zövqü də üst-üstə düşəndə lap yaxşı olur. İfaçının zövqü varsa, o, qəbul olunur. Hər kəs özünü oxuyur. Məsələn, mən öz daxili dünyamı oxuyuram, özümə uyğun olmasa, oxumaram.

– Hazırda çağdaş poeziyamızda, bildiyiniz kimi, sərbəst şeirə meyillilik çoxdur – nəinki qəzəl, heca vəznində də şeirlər az-az yazılır. Müasir şairlərdən kiminsə qəzəlini oxumaq fikriniz var və ya belə bir təklif olub sizə?

– Təklif çox olub. Saysız-hesabsız kitablar veriblər. Onun 99%-i söz yığınından başqa bir şey deyil, heç bir mənası da yoxdur, sadəcə, sözləri bir-birinin ardınca düzüblər. Bu saat hamı – müxtəlif peşə sahibləri yazır. Deyirlər ki, “müəllim, nə qədər Füzulidən, Seyid Əzimdən, Əliağa Vahiddən oxumaq olar? Bir bizdən də oxu da, gör nələr var e, ondan zəif yazanlar yoxdu”. Hamısı da mənasız-mənasız şeylər, atıram bir tərəfə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm