• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Toyunu oxuduğu bəylə oteldə gecələyən sənətçi, Xuraman nümunəsi və 4500-lük hədiyyə - HƏFTƏBECƏR

Toyunu oxuduğu bəylə oteldə gecələyən sənətçi,  Xuraman nümunəsi və 4500-lük hədiyyə - HƏFTƏBECƏR

Publika.az həftə ərzində baş verən şou və mədəniyyət xəbərlərinin toplusu olan “Həftəbecər”in növbəti - 19-cu sayını təqdim edir.

Başlayaq ağsaqqal xəbərindən. Xalq artisti Rəmiş efirə qısa pencəklə çıxan Röyaya qahmar çıxıb. Deyib ki, Röyanın sənəti böyükdür, özünü də ləzzətli aparır. “Tak çto”, onun canlı yayıma “kolqotka”yla çıxmağının başqa şeylərə dəlaləti yoxdur. Söhbət bağlıdır!..

Müğənni Zamiq Hüseynov isə şəxsən mənim ürəyimdən tikan çıxaran açıqlama verib. Hərçənd ki, mən Zamiqin nə pərəstişkarıyam, nə dostu, nə də tanışı. Hüseynov deyib ki, məni türkiyəli müğənni Murat Boza bənzətməyin, xətrimə dəyir, əsəbiləşirəm. Sonra əlavə edib ki, mən müğənni olanda Murat aşırmalı şalvarda gəzirdi, sonra bir az böyüdü, başladı ona-buna bek-vokal oxumağa. Doğrudan da, tamamilə haqlıdır. Ümumiyyətlə, Azərbaycanda xarici ulduzların, xüsusən türkiyəli ifaçıların bu qədər şişirdilməsinin əleyhinəyəm. Bu yaxınlarda aktyor Burak Özcivit Bakıya gəlmişdi. Həmin gün sosial şəbəkələrdə elə qız olmadı ki, Burakla fotosunu paylaşmasın. Düşünməyin ki, aktyor onların hamısıyla tək-tək şəkil çəkdirmişdi. “Fərasəti” olanlar aktyorun özüylə, bir az ləng tərpənənlər isə onun fotosu olan bannerin yanında poza verməklə təsəlli tapmışdılar. Elə bil bu boyda şəhərdə kişi qıtlığıdır...

Xalq artisti Məleykə Əsədovanın hamiləliyi ilə bağlı dedikləri də ötən həftənin yaddaqalan açıqlamaları sırasındadır. Aktrisa deyib ki, qızı dünyaya gələnə kimi bir neçə dəfə hamilə olub, hər dəfə də uşaq tələf olub:

“Qızım doğulmazdan əvvəl bir neçə dəfə hamilə qaldım. Amma hər dəfə uşaq tələf olurdu, yarımçıq doğulurdu. Hamısı da oğlan idi. Sonra qızım dünyaya gəldi. Mən həmişə qız arzulamışam. Bizim ailədə də oğlan yoxdur. Dörd bacıyıq. Qayınanası, baldızı anamı istəməyib ki, ancaq qız dünyaya gətirir. Evin üçüncü qızı mən olmuşam. Məndən sonra bir oğlan dünyaya gəlib, amma o da həyatda qalmayıb”.

Xalq artistinin bu açıqlamanı hansı şəraitdə və hansı sualın cavabı kimi verməsindən xəbərsizəm. Amma məncə, efirdə bu kimi söhbətlərin səslənməsi yaxşı deyil...

Xalq artisti Niyaməddin Musayev isə daha ciddi açıqlama verib. Deyib ki, eşidsüüz məii, milli estradanın banisi özüməm. Ay toba, özü deyib, elə bilirsüz məzələnib-yad eliyirəm? Məə inanmıyersuzsa, sitatı oxuyun:

“Milli estradanın banisi mənəm. Hamı bunu bilsin. Bəstəkarlar da, sənətkarlar da, gənclər də bunu eşitsin. Azərbaycanda məndən sonra milli estrada yarandı. Rusiyada da bir vaxtlar estrada bərbad idi. Alla Puqaçovanın mahnılarından sonra orada da estrada sənəti inkişaf etdi. Elə adamlar var ki, irad qəbul etmirlər. Nəsə məsləhət verəndə, peşman olursan ki, niyə ona bu sözü dedim. Sonra da yaşlı nəslin gənclərə yol göstərmədiyi deyilir”...

Xalq artisti İlhamə Quliyevanın qılıncının dalı da kəsir, qabağı da. Bu həftə də, özü demişkən, çaşanları yerinə oturtmaqla məşğul olub. Deyib, bir müğənni var ki, rəhmətə getmiş dünya ulduzlarının paltarlarını geyinir. Mən xatırlamadım, görəsən, kimi nəzərdə tuturmuş?! Sitatı oxuyaq:

“Onun-bunun paltarını, çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə demək istəyirəm ki, gərək hər kəsin öz yolu olsun. Müğənni var ki, toyda oxuyur, sonra bəylə gedib oteldə qalır. Bəy öz evinə getmir, sonra müğənni ilə görüşməyə başlayır. Zərgəri əlinə keçirən müğənni onun daş-qaşını, pulunu sağır. Sonra danışmağa dili də olur. Bir desələr, beş deyərəm. Görün bunlar özlərini kiminlə müqayisə edirlər. Adam gərək birinci güzgüyə baxa. Üzləri botoksdan partlayır, ağız-burun formasını itirib. Özünün 60 yaşı var, başqalarının yaşından danışır. Bakı balaca şəhərdir, hamı bir-birini tanıyır. Nə qədər səsim, görünüşüm yerindədirsə, səhnədə olacağam. Bu da, yəqin ki, 35-40 il çəkəcək”.

Toyunda oxuduğu bəylə yatıb-duran sənətçinin kimliyi barədə məlumatlı deyiləm. Amma çox tanınmış şou nümayəndəsi tanıyıram ki, sevgilisinə deyib, get, ailə qur, atanın-ananın yeganə övladısan. On-on beş gündən sonra qayıdıb gələrsən yanıma. Şou adamı olasan və bu qədər insafın ola. Gör bu qadın nə qədər humanistdir ha. Yəni deyir ki, valideynlərinin arzusu ürəyində qalmasın, heç olmasa, səni bəylik kostyumunda görsünlər. Halal olsun! Zarafat bir qırağa, amma indi həmin məşhur xanımın o gədədən bir uşağı da var...

Hüquqşünas Qurban Məmmədov da bekarçılıqdan əziyyət çəkir. Bu barədə özü heç nə deməsə də, ilin-günün bu vaxtı verdiyi açıqlamadan açıq-aşkar hiss olunur ki, Qurban müəllim sevimli peşəsi üçün qəribsəyib. Deməli, hüquqşünas məhbəsdə olanda Elnarə Abdullayevanı dinləyib təsəlli tapırmış. İndi də Abdullayevanın Heydər Əliyev Sarayında solo konsert verəcəyini eşidib və qərara alıb ki, ailəsi, nəvələriylə həmin konsertdə iştirak etsin. Necə deyərlər, Məmmədov konsertdə iştirakı özünə mənəvi borc bilib. Amma məlum olub ki, konsertin biletləri çox bahadır - 70-80 manat. Ona görə də qərara alıb ki, mənəvi borcunu başqa cür ödəsin. Yəni xanəndəni məhkəməyə verməklə. Sən kreativliyə bax e . Sonrasını Qurban Məmmədov özü danışır:

“Bu qiymətə millət necə bilet alır, anlamış deyiləm. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan...

İndi məni bir hüquqşünas kimi görün nə düşündürür! Mənim və ailə üzvlərimin Allahın Elnarə xanıma verdiyi səsdən feyziyab olmaq haqqımız var, ya yox?

Mənim və ailə üzvlərimin, xüsusilə də, nəvələrimin milli müsiqimizi Elnarə xanımın ifasında dinləmək, bu yolla da informasiya almaq hüququmuz var, ya yox? Bəs mənim kimi milyonlarla Azərbaycan vətəndaşlarının necə? Konsert musiqi haqqında informasiya mənbəyi hesab edilməlidir, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün mən Elnarə Abdullayevanı məhkəməyə verəcəyəm. Qoy məhkəmə qərar versin görək, Allahın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?!”...

Sənət adamlarının gec ailə qurmaları adət halını alıb. Neçə ildir camaat Samiraldonu tutub evləndirə bilmir. Gah qızın anası imkan vermir, gah özü “Alış, nəynən” məsələsini yadına salıb evlənməkdən vaz keçir. Müğənni Samir Cavadzadə isə öz xoşuyla ailə quracaq. Artıq bununla bağlı anasından xahiş də edib:

“Anama demişəm ki, qız axtarsın. Amma razı deyil. Deyir ki, qarışa bilmərəm. Sonra yola getməzsən, üstümə düşərsən. Çox vaxt zarafatyana anama deyirəm ki, sənə afrikalı qız alacam. Bir-birinizi başa düşməzsiniz. Dedi-qodular da az olar... Ailə qurmaq çətindir. Şəxsi həyatımda elə bir xanım yoxdur ki, fikirlərimi dəyişsin”...

Əməkdar artist Lalə Məmmədova dayısının ölümündə günahlandırılırdı. Daha doğrusu, dayısı qızı Lamiyə Novruzova belə hesab edirdi ki, atasının ölümünün baiskarı məhz Lalə Məmmədovadır. Əməkdar artist də susub, susub…və nəhayət, danışıb. Deyib ki, dayısı çox gözəl insan olub, həyatını ləyaqətlə yaşayıb, onun itkisi çox ağırdır. Amma:

“Anama görə, dayımın ruhunun xətrinə susdum. Amma bu o demək deyil ki, mən qorxuram. Bu, ağır cəfəngiyatdır. İnsanı ölümdə ittiham etmək çox ağırdır. Ata itkisi çox ağırdır. Onu başa düşmək olar. Amma tanınmış sənətçini günahlandırmaq olmaz. Mən birdən-birə Lalə Məmmədova olmamışam. Bu hörməti damla-damla yığmışam. Şəxsiyyətimə xələl gətirən daha bir açıqlama olsa, baxmayacağam qohumdur, ya yaddır. Həmin adam qanun qarşısında cavab verəcək. Hər kəs öz yolunda öz işi ilə məşğul olsun. Mənim başım övladlarıma qarışıb. Ona yazığım gəlir ki, hadisəni mediaya çıxarıb, şou düzəltmək istəyir”...

Müğənni Mənzurə Musayevanın fikirlərini diqqətinizə çatdırmazdan öncə bu sənətçi barədə bir neçə kəlmə şəxsi fikrimi bölüşmək istəyirəm. Musayeva, bəlkə də, vaxtında yetərincə mənimsədiyi və bildiyi muğam yolunu davam etdirsəydi, indi fəxri ad da alardı, heç səsinə və sənətinə layiq olmayan bu fikirləri də səsləndirməzdi. Amma nə yazıq ki, toy bir çox keyfiyyətli səslər kimi onu da “yedi”. İndi də keçək açıqlamaya. Sənətçi deyib ki, toylarda bayağı mahnıların səsləndirilməsini dəstəkləyir:

“Camaat nə oynasın bəs? Nə qədər Zeynəb Xanlarovanın, Tofiq Quliyevin mahnılarını oxumaq olar? Bəstəkarlar toy üçün ritmik mahnı bəstələmirlər. Məclislərdə oynamağa yeni musiqi yoxdur”...

Bir neçə həftədən sonra Günay İbrahimli yenidən “Həftəbecər”in siyahısındadır. Sənətçi bu dəfə geyim və əşyalarının qiymətini açıqlayıb:

“Üzüyümü prodüserim Toma bağışlayıb. Saç və makiyajımı stilist dostum Elnur təmənnasız edib. Ayaqqabımla libasım da hədiyyədir. Amma qiymətlərini bilirəm. İkisi birlikdə 4500 manatdır”.

Yeri gəlmişkən, o gün bir oxucu inboksda mənə 100 dolların şəklini çəkib göndərmişdi. Tez şəkli sildim. Dedim, birdən camaat pis başa düşər. Elnarə Abdullayeva demişkən, indiki zəmanədə təmənnasız kim kimə bir ətir alar ki? Əgər elə biri varsa, deməli, çox böyük ürək və sərvət sahibidir...

Röya Ayxanın canlı yayıma çıxarkən geydiklərinin müzakirəsi yenicə bitmişdi ki, bu dəfə şəxsi həyatı barədə danışdıqları müzakirəyə səbəb oldu. Açığı, bu etiraflar mənə çox səmimi göründü:

“Həyat mənə elə dərslər verdi ki, mən “heç vaxt etmərəm”, “bilmirəm” sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm. Anar... O, məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş...”.

Anar Cəlilov isə keçmiş həyat yoldaşı ilə heç bir probleminin olmadığını deyib:

“Bizdə nə problem ola bilər ki? O, oğlumla görüşməyə heç bir problem yaratmır. Mən istədiyim vaxt oğlumu görə bilirəm, onunla bacardığım qədər çox vaxt keçirməyə çalışıram. Sürücümlə dayə onu gedib götürür və bizə gətirirlər. Bunu da ona görə edirəm ki, Röya ilə rastlaşmaq və barışmaq fikrim yoxdur. Nə deyim? Belə bir fikrim olsaydı, boşanmazdım ki...”

Müğənni Xuraman Şuşalının bu həftə verdiyi açıqlama da diqqətçəkəndir. Hər şeydən əvvəl ona görə ki, Xuraman keçmiş günlərinə qayıtmaq istəmir. İkincisi, normal həyat tərzi yaşayıb, az qazanmağa razıdır:

“Fevralın 16-da hicaba keçməyimin iki ili tamam olur. Allah mənə o günü nəsib etməsin – hicabı atdığım gün Allah mənim canımı alsın. Arzulayıram ki, bu dünyadan hicabla köçüm. Çox adam elə bilir ki, hicaba keçdiyim üçün müğənnilik etmirəm. Ancaq bu, belə deyil. Sadəcə olaraq, mən kişi və içki olan tədbirlərdə iştirak etmirəm. Hərdən dostlarımızla görüşürük. Onlara deyirəm ki, hanı o Xuraman ki tədbirdən çıxırdıq, fikirləşirdik ki, görən indi hara gedək? Bu gün isə tədbirdən çıxdıqda yalnız uşaqlarımı və evimi düşünürəm. Uşaqlarımın yanında adam olsa belə, qaçaraq onların yanına gəlirəm. Onlara görə bütün işlərimi ikinci plana atıram. Artıq məni ailəmə bağlayan daha güclü qüvvələr var. Üzərimdə məsuliyyət daha böyükdür. Əvvəlki Xuraman olmağa, çılğınlıq etməyə vaxtım belə yoxdur. Mən övladlarıma ana sevgisi verməliyəm. Hesab edirəm ki, bu hər şeydən önəmlidir. O zamanlar elə cüzi problemləri özümə dərd edirdim ki, bu gün əvvəlki günlərim üçün darıxmıram. Düşündükcə deyirəm ki, indiki ağlım olsaydı, onları etməzdim. Nəyəsə görə kimləsə söz-söhbətim olurdu. İndi məndə əvvəlki Xuramandan əsər-əlamət belə qalmayıb”.

Sənətçi əvvəlki qədər qazanmadığına da heyifsilənmir. Deyir ki, əvvəllər gündəlik şou proqramlardan 500 manat qazanırmış, üstəlik də, toylar:

“Gündəlik pul qazanmayanda özümü narahat hiss edirdim. Bilirsiniz ki, mən 18 yaşımdan işləyirəm. 12 ildir ki, dayanmadan işləmişəm. İndi pul üçün darıxmıram. Mən işləməyə vərdiş etmişəm. Xınayaxdı məclislərinə getməsəm, çox pis olaram. Çünki oxumağa öyrəşmişəm”...

Şübhəsiz ki, həftənin ən böyük mədəniyyət hadisəsi xanəndə Elnarə Abdullayevanın “Zəfər çalacağıq” adlı solo konserti idi. Konsert barədə təəssüratlarımı başqa bir yazıda diqqətinizə çatdıracağam.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR